Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:42

Əhalinin gəlirləri və hakimiyyətin orta təbəqə xofu


Nazirlər Kabinetinin iclası
Nazirlər Kabinetinin iclası
-
«Dolana bilmirəm. 44 manat ünvanlı sosial yardım alıram. Ailəm 6 nəfərdən ibarətdir. Qaz, işıq, su pullarını çatdıra bilmirəm. 20 manat işıqpulu, 30 manat qazpulu... Necə çatdırım? Bizə qidalanmaq da lazımdır, axı».

Bunu Xaçmaz rayon sakini Baba Vüsalov deyirdi. Aprelin 10-da Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovun qəbulundan öncə.

Bu ay hökumət üzvlərinin bölgə qəbullarında oxşar gileylər çox eşidilir. Bütün bunların fonunda prezident İlham Əliyevin «Əhalinin pul gəlirləri təxminən 6 faiz artıb» sözləri təzad yaradır. O, həmin sözləri aprelin 14-də Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dilə gətirib.

Prezident inflyasiyanın cəmi 1.2 faiz, ötən il bu rəqəmin 1.1 faiz olduğunu deyib.

GƏLİRLƏR NECƏ HESABLANIR

Əhalinin gəlirləri məşğulluqdan gələn (əməkhaqqı, qonorar) və qeyri-məşğulluq (əmanətlər, depozitdən faizlər, qiymətli kağızlardan dividentlər, kənardan göndərilən pul) gəlirləri ilə ölçülür. Ancaq iqtisadçılar əhalinin gəlir artımının necə hesablandığını bilmədiklərindən, prezidentin söylədiyi 6 faizlik artımı şərh etməkdə çətinlik çəkirlər.

İqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycanda statistik göstəricilərin indikatoru-göstəricisi barədə miflər-uydurmalar dolaşır. O, bu rəqəmlərin necə hesablanması barədə dəqiq məlumat ala bilmədiklərini vurğulayır. İqtisadçı işqabiliyyətli əhalinin təxminən 25-30 faizinin - 970 min insanın büdcədən maliyyələşən qurumlarda çalışdığına diqqət çəkir. Yəni, bu insanların toplam illik maaşı avtomatik olaraq inflyasiyanın qarşılanması üçün indeksasiya olunur. Bu, pul gəlirlərinin artmasına ciddi təsir göstərir. Yəni, 6 faizlik artımın 1.2 faizi inflyasiya hesabına alınır. Daha bir faktor açılan iş yerləri barədə məlumatlardır:

«Yəni, yeni iş yerlərinin açılması, kağız üzərində olsa da, yeni əhali qrupunun gəlirlərə çatması deməkdir. Dünənədək iş yeri və gəliri olmayan şəxslərin gəlirə çatması onların maaşla təmin olunması deməkdir ki, bu da həmin statistikaya təsir göstərir».

Rövşən Ağayev
Rövşən Ağayev
Statistika Komitəsinin saytında əhalinin yalnız 2011-ci il üzrə gəlirləri göstərilib.

Ötən ilin 3-cü rübündən sonra açılmış yeni iş yerlərinin sayı bəlli deyil.

RƏQƏMLƏRİN ƏLƏÇATIMLILIĞI

İqtisadçı Rövşən Ağayev də müvafiq statistik rəqəmlərin qeyri-şəffaflığına və yayğınlığına diqqət çəkir:

«Gərək aylıq və rüblük statistika açıqlansın və baxaq görək, gəlirlər nəyin hesabına artıb. Desələr əmək gəlirləri hesabına artıb, dərhal orta aylıq əməkhaqqına baxa, sahələr üzrə müqayisə apara bilərik. Hələ statistikanın etibarlı olub-olmadığını bir kənara qoyuram, söhbət ələçatımlıqdan gedir. Depozitlərlə bağlıdırsa, depozitlərin həcmi ilə müqayisə etmək olar».

İqtisadçı yoxsulluq göstəricisinin də regionlar üzrə hər rüb açıqlanmalı olduğunu bildirir. Prezident İlham Əliyev isə son 10 ildə yoxsulluğun 50 faizdən 6 faizə düşdüyünü vurğulayıb:

«Bu da neft-qazla zəngin olan ölkələr üçün, deyə bilərəm ki, çox əlamətdar bir göstəricidir. Çünki neftlə, qazla zəngin ölkələrdə bir çox hallarda təbəqələşmə prosesi gedir - varlılar daha da varlanır, kasıblar daha da kasıblaşır. Deyə bilərəm ki, bizim sosial və iqtisadi siyasətimizin uğurla aparılması bu fəsadların da qarşısını alıbdır».

Natiq Cəfərli
Natiq Cəfərli
ORTA TƏBƏQƏNİN OYUNÇUYA ÇEVRİLMƏSİ

İqtisadçı Natiq Cəfərli bu fikirləri sovet ritorikası adlandırır, çünki təbəqələşmə, orta təbəqənin çəkisinin artması ölkədə pul sabitliyinin göstəricisidir. Demokratiya, sağlam rəqabət və sabitlik olan ölkələrdə orta təbəqənin formalaşması ölkədə dinamik inkişaf doğurur. Ekspertin fikrincə, hakimiyyətin qorxusu da budur ki, bütün ölkələrdə məhz orta təbəqənin sözü seçkilərin nəticələrini, ölkənin inkişafını formalaşdırır:

«Hakimiyyətdən asılı olmayaraq, pul qazanan, maliyyə müstəqilliyini təmin etmiş insanlar sonradan ictimai-siyasi tələblərinin formalaşması, yerinə yetirilməsi üçün də mübarizə aparırlar. Azərbaycan hakimiyyəti də bundan qorxur. Rusiyada da yeni müxalifət dalğasının orta təbəqə ilə birbaşa əlaqəsi var. Azərbaycan hakimiyyəti bunu anlayır və orta təbəqənin bir oyunçuya çevrilməsinə imkan vermək istəmir».

İqtisadçı ekspertin fikrincə, əslində, ölkədə çox ciddi təbəqələşmə gedir, çünki dövlət məmurları, onlara yaxın oliqarxlar, holdinqlər dövlətin yaratdığı imkanlar, vergidən yayınma, inhisarçılıq hesabına varlanır. Ancaq o, sadəcə, bir qrupun varlandığını, yoxsulluq həddininsə rəqəmlərlə aşağı çəkildiyini vurğulayır.
XS
SM
MD
LG