Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:35

Təzəxan Mirələmli: «Həbsxanadan məni sürüyüb çıxardılar»


Təzəxan Mirələmli
Təzəxan Mirələmli
-
AXCP Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmli 17 yaşlı oğlu Vasifin cəza çəkdiyi Penitensiar Xidmətin Tərbiyə Müəssisəsində döyüldüyünü deyir. Xətai rayon prokurorluğu məsələnin araşdırıldığını bildirir.

Təzəxan Mirələmli bildirir ki, mayın 9-da tərbiyə müəssisəsində valideynlərin iştirakı ilə Açıq Qapı günü keçirilirmiş. Daha sonra Penitensiar Xidmət İdarəsinin rəhbərliyi valideynlərlə görüşüb:

«Tədbirdə Penitensiar Xidmətin rəis müavini çıxış etdi. Çıxışdan sonra soruşdu ki, valideynlərdən kiminsə sözü var? Mən danışdım. Dedim ki, burda yetkinlik yaşına çatmayanlardır. Onlara qayğıdan danışmaq lazımdır, axı bəzən, işgəncə verirlər, kiçik bir səhvə görə karsa salırlar. Bunları danışmışdım ki, 3-4 nəfər qolumdan tutdu. Məni klubdan çölə çıxartdılar, sonra bir otaq vardı, ora salmaq istədilər. Vasif gördü ki, məni o otağa salmaq istəyirlər, narahatlığını sezdirdi. Məni buraxıb Vasifi vurmağa başladılar. Vasifi vuranda, Vahid də dilləndi. Onu da vurdular. Sonra Vahidi saldılar otağa, Vahidlə məni sürüyüb çıxardılar. Boğazımdan tutmuşdular, sürüyə-sürüyə sifətimi, boğazımın altını yumruqlayırdılar. Arxadan da təpik vururdular. Söyüş də söyürdülər. Deyirdilər ki, sən bizim tədbirimizi pozursan, başına gör nə oyun açacağıq».

«DEDİLƏR, DÖVLƏTÇİLİK ƏLEYHİNƏ DANIŞMISAN»

Təzəxan Mirələmli deyir ki, bundan sonra kiçik oğlu ilə onu Xətai rayonu 37-ci polis bölməsinə aparıblar:

«İddia edirdilər ki, dövlət tədbirini pozmuşam, dövlətçilik əleyhinə nələrsə demişəm, xuliqanlıq eləmişəm. Dedim, əslində, biz şikayətçi olmalıyıq. İzahatımızı alandan sonra dedilər ki, prokurorluğa göndərəcəyik. Dedim ki, xəsarətlərimiz var, məhkəmə-tibbi ekspertizadan keçmək istəyirik. Sənəd verdilər. Ancaq nə dünən, nə də bu gün işləmirdi. Məndə də, vahiddə də xəsarətlər qalır».

PENİTENSİAR XİDMƏT İDARƏSİ: «VALİDEYN DƏVƏT OLUNURSA, NƏYƏ GÖRƏ DÖYÜLMƏLİDİR?»

Penitensiar Xidmət İdarəsindən Təzəxan Mirələmlinin dediklərini yalanladılar. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsindən bunları bildirdilər:
Müzəffər Baxışov
Müzəffər Baxışov
«Tədbirdə belə bir insident olmayıb. Bu, onun birinci açıqlaması deyil. Çıxışları, tutduğu mövqeyi, oğlunun törətdiyi cinayət əməlinə, valideyn kimi, münasibətini bilirsiniz. Qərəzli mövqedən çıxış edir və ola bilər, tədbirə hansısa məqsədlə qara yaxmaq istəyir. Təkcə o deyil ki, valideyn. Tədbirdə neçə valideyn iştirak edib. Çıxışçıların hamısı minnətdarlığını bildirib. Açıq Qapı keçirilirsə, valideyn dəvət olunursa, nəyə görə döyülməlidir?».

Xətai rayon Prokurorluğunun dəftərxanasından bildirdilər ki, işlə bağlı 37-ci bölmədən onlara məlumat daxil olub və hələ araşdırma gedir.

«Hüquqi Dövlət» Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxışov deyir ki, qanunla Təzəxan Mirələmli ədliyyə işçilərinin ona qarşı əməllərindən prokurorluq orqanlarına şikayət etməli və prokurorluq da istintaqa başlamalıdır:

«Yəqin ki, ədliyyə işçiləri sənəd tərtib ediblər ki, o burda xuliqanlıq əməllərinə yol verib. Sənəd də aidiyyəti üzrə prokurorluq orqanlarına göndərilib. Həmin akta qol çəkənlər Mirələmlinin xuliqanlıq etməsi haqda üzünə duracaqlar».

AXCP-nin Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmli müxalifətin icazəsiz aksiyalarına qatıldığına görə bir neçə dəfə inzibati həbs cəzası alıb.

O, 2011-ci ilin aprelin 2-də İctimai Palatanın mitinqinə qatılandan az sonra işdən çıxarılıb. Azyaşlı oğlu məktəb yoldaşını bıçaqlayıb öldürməkdə ittiham olunub və 8 il azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG