Keçid linkləri

Təcili xəbərlər
2022, 07 Oktyabr, Cümə, Bakı vaxtı 20:23

Azərbaycan xəbərləri

Gülər Əhmədovanın oğlu hərbi hospitala yerləşdirilib

-
Sabiq deputat Gülər Əhmədovanın oğlu Toğrul Əhmədov martın 23-də hərbi hospitala yerləşdirilib.
Gülər Əhmədova hazırda dələduzluq ittihamı ilə həbsdədir. Keçmiş universitet rektoru Elşad Abdullayev onu deputat seçilməsi əvəzində 1 milyon dollar tələb etməkdə təqsirləndirir. Buna dair video yayılandan sonra Gülər Əhmədova deputat mandatından imtina edib.
Bu il fevralın 13-də məhkəmə onun barəsində həbs qərarı seçib.
Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, general-mayor Məhəmməd Abbasquliyevin APA-ya verdiyi məlumata görə, DSX-nin Yevlaxdakı hərbi hissəsində xidmət edən T. Əhmədovun qolu idman zamanı sınıb:
«Əsgərlər arasında qol güləşi zamanı əsgər Əhmədovun sağ qolu dirsəkdən yuxarıdan sınıb. Əsgər dərhal Yevlax Mərkəzi Şəhər Xəstəxanasına aparılıb. Orada rentgen aparatına salınıb və əsgərin sınan qoluna gips qoyulub. Bundan sonra o, DSX-nın Mərkəzi Hərbi Hospitalına gətirilib».
M. Abbasquliyev əsgərin bəzi internet saytlarında yer almış məlumatlarda deyildiyi kimi döyülmədiyini, vəziyyətinin yaxşı olduğunu bildirib:
«Bəzi KİV dəqiqləşdirilməmiş məlumat yayır. Əsgərin atasına da vəziyyəti başa salacağıq. Əsgər özü də heç nədən şikayətçi deyil, heç bir problemi yoxdur».
T. Əhmədovun atası Fikrət Əhmədov isə bildirib ki, martın 23-də gündüz saatlarında oğluna zəng edərək, yanına getmək istədiklərini bildirib:
«Toğrul bildirdi ki, qarovula çıxacaq, hələlik yanına getməyək. Saat 18 radələrində isə hərbi hissədən mənə zəng edərək bildirdilər ki, Toğrulun qolu sınıb, Dövlət Sərhəd Xidmətinin Bakıdakı hospitalına gətirilib».
Fikrət Əhmədov deyib ki, oğlu da hospitala gətirilmə səbəbi kimi idman edəndə, qolunun burxularaq sınmasını göstərib.

Bütün xəbərləri izləyin

İnzibati məsuliyyətə alma müddəti artırılır

Milli Məclis

Azərbaycanda inzibati məsuliyyətə cəlbetmə müddəti 3 aydan 4 aya artırıla bilər.

"Turan"ın xəbərinə görə, bu təklif İnzibati Xətalar Məcəlləsinə dəyişikliklə bağlı layihədə yer alıb.

Layihəyə görə, müvafiq protokollardan, qərarlardan şikayət vermə və müvafiq şikayətlərə baxma ilə əlaqədar bəzi hallarda hazırda qanunla nəzərdə tutulan 3 aylıq müddət yetərli olmur. Bununla əlaqədar sənəddə inzibati məsuliyyətə cəlbetmə müddətinin 3 aydan 4 ayadək artırılması təklif olunur.

Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin oktyabrın 7-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Bakıda Rusiya ordusu əleyhinə etiraz olub [Video]

Bakıda etirazçılar Rusiya qüvvələrinin Qarabağdan çıxarılmasını tələb ediblər
Gözlə

No media source currently available

0:00 0:02:27 0:00

Saxlananlar buraxılıb

Aksiya zamanı saxlanılan Azərbaycan Demokratiya və Rifah Partiyasının üzvləri Hüseyn MəlikNizami Haqverdiyev sərbəst buraxılıb.

Partiyadan verilən məlumata görə, onlar saxlanıb polis maşınına mindiriləndən sonra fiziki təzyiqə məruz qalıblar.

Amma bu açıqlamaya, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

+++

Oktyabrın 7-də müxalifətdə olan Azərbaycan Demokratiya və Rifah Partiyası Rusiya hərbçilərinin Azərbaycan ərazisindən çıxarılması tələbi ilə Bakıda piket keçirib. Onlar Rusiya ordusunun Qarabağdan çıxarılmasını tələb edən sözlər yazılmış plakatları, Azərbaycan və Ukrayna bayraqlarını qaldıraraq "Rədd olsun işğalçı Rusiya ordusu" şüarı səsləndiriblər. (Bu il fevralın 24-də Rusiya Ukraynaya təcavüz edib)

Aksiya iştirakçıları bildirib ki, bu gün Ukraynada kütləvi qətllər törədən hərbçilər Azərbaycanda sülhməramlı ola bilməz. Onların demələrinə görə, Rusiya Azərbaycanda da çoxsaylı faciələr törədib: "Bu ordunu bura dəvət edənlər də cavab verməlidir ki, nəyə görə onlar Azərbaycana Rusiya ordusunu dəvət etdilər? Bu, Azərbaycan xalqına ən böyük xəyanət idi. Rus ordusu burada olunca, burada işğal olacaq".

Zorge parkında toplaşan və Rusiya səfirliyinin önünə doğru hərəkət edən aksiya iştirakçılarının qarşısını polis əməkdaşları alıb. Ona görə də aksiya iştirakçıları piket qətnaməsini parkda oxuyublar.

Aksiya iştirakçıları Azərbaycan hökuməti ilə bağlı "istefa" və başqa siyasi şüarları səsləndirməyə başlayandan sonra onlardan iki nəfər - Nizami HaqverdiyevHüseyn Məliki polis saxlayıb. Digər iştirakçılar isə parkdan çıxarılıb.

Aksiya ilə bağlı Azərbaycan Daxili İşlər Nazirliyi və Rusiya səfirliyindən münasibət öyrənmək mümkün olmayıb. Amma Rusiya rəsmiləri, bir qayda olaraq, Ukraynada dinc mülki insanların kütləvi şəkildə qətli ilə bağlı deyilənləri qəbul etmirlər. Onların iddialarına görə, Ukraynada bu ölkənin neytrallığına nail olmaq üçün xüsusi əməliyyat keçirilir.

Amma müharibə başlayandan orada on minlərcə insanın həlak olduğu, milyonlarla insanın isə didərgin düşməsi ilə bağlı çoxsaylı rəsmi, qeyri-rəsmi məlumatlar yayılır.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Onların fəaliyyət müddətinin 5 il olduğu açıqlanıb. Amma bu müddətin artırılacağı da istisna edilmir.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Azərbaycan prezidenti Rusiyaya gedib

İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də Rusiya Federasiyasına səfər edib.

AZƏRTAC-ın xəbərinə görə, səfər Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə gerçəkləşib. Onun Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçılarının Sankt-Peterburq şəhərində keçiriləcək qeyri-rəsmi görüşündə iştirak edəcəyi gözlənir.

MDB 1991-ci ildə SSRİ-nin dağılması ilə yaradılıb. Bu quruma Gürcüstan və Baltikyanı ölkələrdən başqa qalan keçmiş SSRİ respublikaları daxildir.

Lənkəranın baş memarı tutulub

Bu barədə oktyabrın 6-da Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb

Lənkəran rayonunda vəzifəli şəxslərlə bağlı cinayət işi açılıb.

Bu barədə oktyabrın 6-da Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb.

Onlar Lənkəran Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri – baş memar Elgün Abdullayev və Lənkəran Şəhər Rayonlararası Psixiatriya Xəstəxanasının şöbə müdiri Nəsrəddin Nuriyevdir.

Qurumdan bildirilib ki, iş üzrə toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb:

"Elgün Abdullayevə Məcəllənin 311.3.2 (rüşvətalma - təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.”

Nəsrəddin Nuriyevə isə 311.1 (rüşvət alma) və 313-cü maddə (vəzifə saxtakarlığı) ilə ittiham elan edilib.

Cinayət başındaykən 'Şərəf' ordeni alan məmurlar...
Gözlə

No media source currently available

0:00 0:04:28 0:00

Azərbaycan hökuməti müxalifətçilərə görə təzminat ödəyəcək

AİHM

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) oktyabrın 6-da Azərbaycanla bağlı iki yeni qərarını elan edib.

Hüquqşünas Xaliq Ağalıyevin sözlərinə görə, "Xural" qəzeti və onun redaktoru Əvəz Zeynallının şikayətləri AİHM-də baxılıb, amma təmin edilməyib: "Məhkəmə qəzetin şikayətini qəbuledilən sayıb, baş redaktorun şikayətlərini qəbuledilməz. Qəbuledilən hesab etdiyi şikayəti araşdırdı və belə qərara gəldi ki, qəzetin ifadə azadlığı hüququna müdaxilə baş verməyib".

Həmin işdə şikayət predmeti "Xural" qəzetinin yerli məhkəmələrin qərarı ilə 10 min manat cərimələnməsi idi. Qəzet həmçinin təkzib dərc etməli idi. Məqalələrdə yüksək rütbəli dövlət məmuru olan şəxslərdən birinin parlament seçkilərinə müdaxilə etdiyi iddia olunurdu. Adı keçən şəxs qəzeti, onun redaktorunu məhkəməyə verib, məlumatın yalan olduğunu, onun nüfuzuna xələl gətirdiyini iddia etmiş və təzminat istəmişdi. Yerli məhkəmələr iddianı təmin etmişdi.

Müxalifətçilər…

Digər qərar "Mustafa Hacılı və başqaları Azərbaycana qarşı" işi üzrə olub. Bu işdə İctimai Palatanın üzvləri olan altı ərizəçi Bakı şəhərində üç dəfə kütləvi aksiya keçirmək üçün müraciət etmiş, ancaq hər dəfə rədd cavabı almışdılar. (İctimai Palata 2011-ci ildə yaradılıb və bir neçə il fəaliyyət göstərib. Orada Müsavat, AXCP və başqa müxalif partiyalar bir araya gəlmişdi)

AİHM bu işdə ərizəçilərin sərbəst toplaşmaq azadlığı hüququna (Maddə 11) müdaxilə olunduğuna qərar verib. Qərara əsasən, hökumət hər ərizə üzrə 4 min 500 avro mənəvi zərər əvəzi ödəyəcək. "Bu qərar üç ərizə üzrə çıxarılıb: "Mustafa Hacıbəyli, Hüseyn Malikov və Rafiq Daşdəmirov Azərbaycana qarşı", "Tofiq Yaqublu və Rafiq Manaflı Azərbaycana qarşı", "Gülağa Aslanlı Azərbaycana qarşı". Hökumət üç ərizə üzrə altı ərizəçiyə ümumilikdə 13 min 500 avro ödəyəcək", - hüquqşünas bildirib.

Qərar hüquqi xidmətlərə görə hər ərizə üzrə 1 min 500 avro ödənilməsini də nəzərdə tutur. Bundan başqa, hüquqi məsrəflərə görə T.Yaqublu işi üzrə 55, G.Aslanlı işi üzrə 70 avro da ödənilməlidir.

Qərarlara, hələlik, Azərbaycan hökuməti təmsilçiləri və maraqlı tərəflərdən münasibət almaq mümkün olmayıb.

Ərizəçilərdən "Xural" saytının rəhbəri Əvəz Zeynallı hazırda həbsdədir. O bu ilin sentyabrında rüşvət iddiası ilə həbs edilib. Jurnalist iddianı qurama sayır.

İşgəncə videoları araşdırılıb, həbs olunanlar var

Əsirlərlə davranış: Azərbaycanla Ermənistan bir-birlərini hərbi cinayətdə günahlandırırlar
Gözlə

No media source currently available

0:00 0:03:01 0:00

Azərbaycan Baş Prokurorluğu Ermənistan hərbçilərinin güllələndiyi bildirilən və işgəncə görüntülərinin yer aldığı videoları araşdırdığını deyir.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov oktyabrın 6-da keçirilən brifinqdə bildirib ki, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində yayılmış həmin videolar təhlil edilib: "Bəzi videoçarxların saxta olması müəyyən edilsə də, bəzilərinin doğru olmasına və reallığı əks etdirməsinə ciddi şübhələr yaranıb".

Dörd hərbçi mühakimə edilib

Onun sözlərinə görə, iki Azərbaycan hərbiçisinin Zəngilanda öldürülmüş erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətləri ilə bağlı istintaqı aparılıb. Habelə, iki hərbçinin Xocavəndin Mədətli kəndində ermənilərə məxsus qəbir daşlarını dağıtmaqla üzərilərində təhqiredici hərəkətlər etmələri də istintaqın diqqətində olub: "Dörd nəfər şəxs barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Həmin şəxslər barədə istintaq tamamlanaraq baxılması üçün hərbi məhkəmələrə göndərilib, həmin şəxslər məhkəmə hökmləri ilə məhkum ediliblər".

Tədbirdə habelə deyilib ki, sentyabr hadisələrində Ermənistan hərbçilərinin işgəncələrlə öldürdüyü və görüntüləri yayılan altı nəfər Azərbaycan vətəndaşının meyiti onlara təhvil verilib.

Videoların yayılması

Oktyabrın 2-də sosial şəbəkələrdə Azərbaycan və Ermənistan əsgərlərinin güllələndiyi, meyitlərin təhqir olunduğu iddia edilən görüntülərin yer aldığı videolar yayılıb.

Digər bir videoda isə bir qrup hərbçi, mülki şəxs hərbi və mülki forma olan meyitləri təhqir edir. İddia olunurdu ki, ölmüş hərbçi və mülkilər azərbaycanlılardır, onları təhqir edənlər isə Ermənistan hərbçiləridir.

Beynəlxalq qurumlar və onların təmsilçiləri bu videoların araşdırılması ilə bağlı çoxsaylı müraciətlər yayıblar.

Sentyabrın 12-13-də Azərbaycan və Ermənistan sərhədində vəziyyət yenidən gərginləşmişdi. Tərəflər atəşkəsin pozulmasına görə bir-birlərini günahlandırırlar.

Ermənistan Azərbaycan hərbçilərinin onların ərazisinə daxil olduğunu, Azərbaycan isə qarşı tərəfin təxribatı ilə üzləşdiyini vurğulayıb.

Sentyabrın14-dən tərəflər arasında yenidən atəşkəs əldə edildiyi bildirilib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Qubadlının keçmiş başçısı Polşada saxlanıb

Elxan Nuriyev

Qubadlı rayon İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyev Azərbaycan tərəfinin İnterpola verilən müraciətinə əsasən saxlanıb.

Baş Prokurorluğun məlumatına görə, o, 1993-cü ildə baş verən bir sıra xüsusilə ağır cinayətlərin törədilməsində təşkilatçı kimi şübhəli sayılır.

Qubadlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.10, (Qəsdən təkrar adam öldürmə) 29 ( Cinayət etməyə cəhd), 120.2.11, 309.2 (vəzifə səlahiyyətini aşma) və digər maddələri ilə cinayət işi başlanıb: "Elxan Nuriyev qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan olunub. Oktyabrın 2-də o, Polşa Respublikasının ərazisində saxlanıb".

Qeyd olunub ki, hazırda E.Nuriyevin Azərbaycan Respublikasına ekstradisiya edilməsi məqsədilə Baş Prokurorluq aidiyyəti qurumlara sorğu göndərib.

Bu açıqlamaya, hələlik, E.Nuriyev və ya onun vəkilindən münasibət almaq mümkün olmayıb. Lakin onun yaxınları bu ittihamları qurama sayır.

Elxan Nuriyev uzun müddətdir Ukraynada yaşayıb. Onun yaxınlarının verdiyi məlumata görə, o, Ukrayna vətəndaşıdır və dəfələrlə xaricə çıxsa da, heç bir problem yaranmamışdı.

Elxan Nuriyev kimdir

E.Nuriyev 1992-1993-cü illərdə (Əbülfəz Elçibəyin hakimiyyəti dönəmində) Qubadlı rayon İcra Hakimiyyəti başçısı işləyib.

Ondan əvvəl isə onun Azərbaycan ərazilərinin müdafiəsində yaxından iştirak etdiyi deyilir.

O, Gəncədə hakimiyyətə qarşı silahlı itaətsizlikdən və hakimiyyət dəyişikliyindən sonra Azərbaycandan gedib.

Yaxınlarının bildirməsinə görə, o, Ukrayna vətəndaşı, Ali Radanın Hüquq komitəsinin əməkdaşı, Ukrayna Zabitlər Birliyinin Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədridir.

Son vaxtlar onun tez-tez internet televiziyaları ilə müsahibələri yayılırdı. Həmin müsahibələrdə o, Rusiya əleyhinə davamlı fikirlər səsləndirirdi.

Milli Məclisin önündə aksiya olub

Hərbi xidmət zamanı övladları həlak olan, amma status ala bilməyənlərin valideynləri bu gün, oktyabrın 5-də Milli Məclisin qarşısında etiraz aksiyası keçirib.

Valideynlər iddia edir ki, övladları müxtəlif vaxtlarda döyüş şəraitində həyatlarını itirsə də, onlara illərdir status verilmir. "Oğlum cəbhə xəttində gecə postda olub, səhər gəlib meyitini tapıblar. Gülləni kürəyindən vurublar, ürəyindən çıxıb, yazıblar ki, ürək çatışmazlığından ölüb. Əlimdə bütün sübutlar var, Tərtər məhkəməsi isə işi ört-basdır edib", - analardan biri iddia edib.

Aksiya iştirakçıları deyib ki, dəfələrlə dövlət qurumlarına, o cümlədən Milli Məclis deputatlarına müraciət etsələr də, nəticə yoxdur.

"Seçki zamanı qapı-qapı düşüb vədlər verirlər"

"Seçki zamanı qapı-qapı düşüb vədlər verirlər. Mən sizdən pul istəmirəm. Kağız vermək istəmirlər, onda balamı qaytarsınlar. Balam xəstə-xəstə 7 il Tovuz, Gədəbəy çöllərində olub, onların balaları isə xaricdə", - başqa bir valideyn deyib.

Aksiya iştirakçılarının qarşısına çıxan Milli Məclisin vitse-spikeri Adil Əliyev bildirib ki, status ala bilməyənlərin hər birinin məsələsi ayrı-ayrılıqda müstəqil formada həll olunmalıdır: "Hər bir vətəndaş fərqli şəraitdə övladını itirib. Ona görə də hər vətəndaşımız fərdi müraciət etməlidir. Bu müraciət əsasında da biz sorğular göndərməliyik, araşdırmalıyıq ki, doğrudan da, bu insanların övladları şəhidlik statusuna aiddirlər, yoxsa yox".

Onun sözlərinə görə, bir neçə müraciət artıq öz həllini tapıb: "Valideynlər də bununla razılaşıb".

Xatırlatma

Eyni şikayətlə bundan əvvəl də Bakıda müxtəlif dövlət qurumları qarşısında bir neçə dəfə aksiya keçirilib. Aksiya iştirakçılarına şikayətlərin araşdırılacağı bildirilib.

Bakıda heyvansevərlərin aksiyası olub

Heyvansevərlərin aksiyası

Bu gün, oktyabrın 4-də Bakının mərkəzi Fəvvarələr meydanında heyvansevər fəallar aksiya keçiriblər. Onlar itlərin qanunsuz güllələnməsinə etiraz etdiklərini bildiriblər.

Aksiya iştirakçıları "İtlər yanımızda, itlər yuvamızda", "Belə yaşamaq çətin, bizə bunu çox görməyin" şüarları səsləndiriblər.

Habelə "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzi əleyhinə və başqa plakatlar da qaldırılıb.

Polis əməkdaşları aksiya iştirakçılarını saxlayaraq naməlum istiqamətə aparıb. Onlar bunu aksiyanin Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmaması ilə izah ediblər.

Heyvansevərlərin aksiyası
Heyvansevərlərin aksiyası

Məsələ ilə bağlı "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzindən münasibət öyrənmək mümkün olmayıb. Amma bundan əvvəl mərkəzdən bu məsələlərlə bağlı onların ünvanlarına səslənən ittihamları rədd etmişdilər.

Aksiyadan bir qədər sonra bütün saxlananların sərbəst buraxıldığı bildirilib.

Şəkidə məktəbdə boykot (Video)

Müəllimlərin etirazı

Şəkinin Cəfərabad kənd tam orta məktəbinin bir çox müəllimlərinin oktyabrın 4-də dərsləri boykot etdikləri deyilir. Üstəlik, həmin məktəbdə oxuyan bəzi şagirdlərin valideynlərinin də həmin aksiyaya qoşulduğu bildirilir.

Valideynlərin birinin "Turan"a verdiyi məlumata görə, boykotun səbəbi məktəbin direktoru Rahim Salamovdur. Onun vurğulamasına görə, R.Salamovla müəllimlər arasında dərs saatlarının verilməsinə görə narazılıq var.

Şikayətçi əlavə edir ki, bu səbəbdən müəllimlər dərsi normal keçmir: "Bəzi valideynlər buna görə öz uşaqlarını "dörd yol" deyilən yerdə yerləşən məktəbə verməyə məcburdurlar. Bu da əlavə yol pulu və xərc deməkdir. Üstəlik də, məktəb uzaqdadır deyə, valideynlər uşaqlardan narahat qalır. Kənddə məktəb varkən biz niyə uşaqları başqa məktəbə göndərməliyik?".

Valideyn deyir ki, ötən tədris ilinin sonunda direktor R.Salamov bu məktəbdən uzaqlaşdırılıb: "Tədris ilinin əvvəlində də deyilib ki, direktor əvəzi olacaq. Amma oktyabrın 3-də Rahim Salamov yenə məktəbə gəlib deyib ki, direktor mənəm".

Elm və Təhsil Nazirliyinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəhbəri Mahal Məmmədov isə agentliyə bildirilib ki, deyilən məsələ ilə bağlı araşdırma aparılır və ictimaiyyətlə əlavə məlumat veriləcək.

Agentliyin xəbərinə görə, R.Salamovun özü isə şikayətlər ilə bağlı açıqlama vermək istəməyib.

Almaniyadan gələn Anar Əliyevin həbsdə aclıq aksiyası keçirdiyi deyilir

Almaniyanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00

İyulun əvvəlində xəstə atasına baş çəkmək üçün Almaniyadan Bakıya gəldiyi deyilən və həmin ayın 25-də həbs olunan Anar Əliyevin oktyabrın 3-dən quru aclığa başladığı bildirilir.

Bu barədə vəkil Elçin Sadıqov məlumat verib. Onun sözlərinə görə, Nizami rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində tutulan A.Əliyev aclığa səbəb kimi qurama ittihamla üzləşməsini, ailəsinin ölkədən çıxışına məhdudiyyət qoyulmasını və 6-yaşlı qızının şəxsiyyət sənədlərinin düzəldilməməsini göstərib.

Vəkil qeyd edib ki, A.Əliyev hazırkı vaxtadək həkim müayinəsindən keçirilməyib.

Bu deyilənlər ilə bağlı, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

A.Əliyev barəsində Cinayət Məcəlləsinin 234.4.1 (Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq narkotik vasitələri,... hazırlama,... göndərmə və ya satma) və 234.4.3 (küllü miqdarda) maddələri ilə cinayət işi qaldırılıb. Bu maddələrlə şəxsə 12 ilə qədər həbs cəzası verilə bilər.

A.Əliyev özü bu ittihamları rədd edir və şərləndiyini deyir. Daxili İşlər Nazirliyindən isə A.Əliyevin konkret cinayət əməlində şübhəli bilindiyi üçün istintaqa cəlb olunduğu bildirilib.

Anar Əliyev haqqında

A.Əliyevin xanımı Anarə Əliyeva AzadlıqRadiosuna demişdi ki, ailəlikcə 2016-cı ildə Almaniyaya köçüblər: "Biz siyasi oturum, yəni, yaşayış izni almamışıq. Mən, həyat yoldaşım işlədiyimizə və peşə təhsili aldığımıza görə iş oturumu almışıq. Düzdür, yoldaşım bir müddət orada siyasi fəaliyyətlə məşğul olub, aksiyalarda iştirak edib, amma təhqirə yol verməyib, normal şəkildə etirazını bildirib…".

Xatırlatma

Son illər readmissiya sazişinə əsasən, Almaniyadan yüzlərcə mühacir Azərbaycana qaytarılıb. Sonradan onların beşi narkotik və başqa qanunsuz əməllərdə günahlandırılaraq həbs edilib.

Həmin şəxslərin yaxınları həbsləri siyasi sifariş kimi təqdim edirlər. Amma Azərbaycan rəsmiləri ölkədə siyasi həbslərin olması ilə bağlı fikirləri qəbul etmirlər.

Readmissiya dedikdə, saziş üzrə razılığa gələn dövlətlərdən birinin ərazisində qeyri qanuni yaşadığı aşkarlanan şəxslərin mənşə dövlət tərəfindən qəbulu nəzərdə tutulur.

İlham Əliyev İsrailin müdafiə nazirini qəbul edib

Benyamin Qantz

İsrailin müdafiə naziri Qantz oktyabrın 3-də prezident İlham Əliyevdən başqa Azərbaycan müdafiə naziri Zakir Həsənovla  da görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də İsrailin müdafiə naziri Benyamin Qantzı qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə iki ölkə arasında uzun illər davam edən hərbi-texniki əməkdaşlıq və bu sahədə perspektivlər barədə fikir mübadiləsi aparılıb.

İsrailin müdafiə naziri Qantz oktyabrın 3-də prezident İlham Əliyevdən başqa Azərbaycan müdafiə naziri Zakir Həsənovla da görüşüb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri və müxtəlif ixtisaslı hərbi mütəxəssislər səviyyəsində işçi görüşlərin təşkili müzakirə olunub.

Azərbaycan son onilliklərdə İsraildən ümumilikdə dəyəri milyardlarla dollar olan müxtəlif silahlar alıb.

Arakel Martikyan: Cermukda itirilən mövqelər taktiki yox, strateji baxımdan önəmlidir

Arakel Martikyan 29 sentyabr 2022

AzadlıqRadiosunun erməni xidməti yazır ki, "iki həftə sonra Azərbaycan bölmələrinin Cermukdan geri çəkildimi və ya qovuldumu-sualına Ermənistan Müdafiə Nazirliyinin sözçüsü birbaşa cavab verməsə də, deyib vəziyyət dəyişərsə, bu barədə məlumat verəcəklər.

Radio yazır ki, bu arada Cermuk sakinləri bildiriblər ki, azərbaycanlılar nəinki getməyib, əksinə mövqelərini möhkəmləndirirlər. Şirak Buniatyanın sözlərinə görə, azərbaycanlıları şəhərdən adi gözlə görmək olur.

“Cermukun bir az yuxarısında dayandığınız zaman onları görə bilərsiniz, onlar mühəndis işləri ilə fəal məşğul olurlar. Hətta işləyən traktorları da gördük. Hərbi bilgim yoxdur, onların mühasirəyə alıb-almadığını deyə bilmərəm, amma adamların onların olduğu yerdən gəlib-getdiyini gördüm... Bunu mühasirə hesab etmək olarsa, mən belə bir mühitin nə olduğunu bilmirəm”, - Buniatyan bildirib.

Yazıda qeyd olunur ki, Cermuk istiqamətində irəliləyən 10-12 nəfərlik azərbaycanlı qruplaşma barədə daha əvvəl Baş Qərargah rəisi Eduard Asryan məlumat verib. O, hərbçilərin təpənin üstündə yerləşdiyini göstərərək əlavə edib ki, dəstəyə su və yemək verilməsə, bir neçə günə ehtiyatları tükənəcək və onlar oranı tərk etməli olacaqlar.

“Qrup cinahlardan bölmələrimiz tərəfindən mühasirəyə alınıb, yəni taktiki vəziyyəti stabil qiymətləndirirəm, bizim məharətli hərəkətlərimiz nəticəsində bu dəstə oradan ayrılacaq”, - deyə o bildirib.

O da qeyd olunur ki, hökumətin son iclasında baş nazir Nikol Paşinyan yerini dəqiqləşdirmədən bildirib ki, iki gün əvvəl Azərbaycan tərəfi Ermənistan ərazisindən mühəndis işləri aparan erməni bölməsi istiqamətində zərbələr endirib. O, Cermuku nəzərdə tutub-tutmadığını dəqiqləşdirməyib.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının yüksək rütbəli nümayəndəsi isə Cermukda itirilən mövqelərin az taktiki əhəmiyyət daşıdığını iddia edib, digər tərəfdən isə etiraf edib ki, Azərbaycan tərəfi həmin mövqelərdən erməni yaşayış məntəqələrini izləyir.

“Son hallara gəlincə, Cermuk bölgəsində ən böyük ərazi itkilərimiz oldu. Deməzdim ki, onların burada ciddi ərazi irəliləyişi var. Onlar bir neçə döyüş mövqeyini ələ keçirə bildilər, lakin bu döyüş mövqeləri taktiki baxımdan o qədər də vacib deyil. Strateji nöqteyi-nəzərdən onlar vacibdir, çünki onlar bilavasitə bizim yaşayış məntəqələrimizin üstündədir”, - deyə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Arakel Martikyan bildirib.

Ter-Petrosyan: 'Azərbaycanla sülhə getməsək, yenidən dövlət qurmalı olacağıq'
Gözlə

No media source currently available

0:00 0:04:23 0:00

Lakin o, 13 sentyabr sərhəd toqquşmasından sonra Ermənistanın neçə mövqe itirdiyini dəqiqləşdirməyib.

Martikyan həmçinin Azərbaycan tərəfindən atılan mərmilərin təmizlənməsi ilə bağlı məsələlərdən danışıb. O həmin mərmilərin yaşayış məntəqələrindən uzaq olduğunu deyib:

“Bəzi ərazilərdə hələ də mərmilər var, onlar yaşayış məntəqələrindən uzaqda yerləşdiyi üçün yaxın iki gün ərzində yerindəcə məhv ediləcək”-Martikyan bildirib.

Yazıda o da iddia olunur ki, bir il əvvəl əgər 41 kvadrat kilometr ərazi Azərbaycanın nəzarətinə keçibsə son hadisələrdə bunun üzərinə daha 10 kvadrat kilomet əlavə olub.

Azərbaycan prezidenti İlham Əliyev isə Laçına səfəri zamanı Azərbaycan ordusunun Ermənistan ərazilərinə girməsi ilə bağlı qarşı tərəfin iddialarını əsassız adlandırıb.

“Əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur,” - deyən Əliyev əlavə edib ki, “əgər sərhəd onların dediyi yerdədidisə sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar”. Prezidentin sözlərinə görə, sərhədlər delimitasiya olunmadan heç kəs sərhədin haradan keçdiyini deyə bilməz. O, Azərbaycanın müzakirələrə hazır olduğunu, delimitasiya komissiyalarının - Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşdığını vurğulayıb.

Sentyabrın 12-13-də Azərbaycanın Kəlbəcər rayonu istiqamətində Ermənistanla Azərbaycan arasında silahlı toqquşma olub. Azərbaycan 77 əsgərin həlak olduğunu bildirb və onların siyahısını açıqlayıb. Bundan başqa rəsmi məlumatlarda 282 hərbçinin və iki mülki şəxsin yaralandığı qeyd olunub. Ermənistan tərəfi isə azı 207 hərbçi itirdiyini açıqlayıb. Amma Yerevan həmin hərbçilərin adbad siyahısını açıqlamayıb.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Sözü gedən dəhliz Laçın şəhərindən keçdiyinə görə, 2 il əvvəl rayon Azərbaycana təhvil verilsə də, şəhərə yaxın günlərə qədər Rusiya silahlı qüvvələri nəzərət edib.

Azərbaycan Laçın şəhərindən yan keçən alternativ yolu sentyabrın əvvəllərində başa çatdırıb.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Ermənistanda valideynlər oğullarının meyitini özləri tapıb basdırır
Gözlə

No media source currently available

0:00 0:14:55 0:00

Füzulidə 2 nəfərin minaya düşərək həlak olduğu bildirilir

İllüstrativ foto

Məlumata görə, prokurorluq əməkdaşları hadisə yerinə və meyitlərə baxış keçirib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib

Sentyabrın 30-da Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 1986-cı il təvəllüdlü Amid Əsədov və 2007-ci il təvəllüdlü Çərkəz Quluzadənin minaya düşərək həlak olduqları deyilir.

Füzuli Rayon Prokurorluğundan AZƏRTAC-a bildirilib ki, hadisənin rayonun Yuxarı Dilağarda kəndində baş verdiyi müəyyən edilib.

Məlumata görə, prokurorluq əməkdaşları hadisə yerinə və meyitlərə baxış keçirib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib:

“Faktla bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.Hazırda iş üzrə istintaq davam edir.”

Məsələyə, hələlik, həlak olanların yaxınlarından münasibət almaq mümkün olmayıb.

Azərbaycan rəsmiləri deyirlər ki, 2020-ci ildə üçtərəfli bəyanatın imzalanmasından sonra işğaldan azad edilən ərazilərdə 250 civarında şəxs minaya düşüb. Onların 40-a yaxının həlak olduğu bildirilir.

Üçtərəfli bəyanatın imzalanmasından bir müddət sonra, Azərbaycan rəsmiləri Ermənistan tərəfini minalanmış ərazilərin xəritələrini onlara verməməkdə günahlandırırdı.

Lakin 10 noyabr razılaşmasından sonra Azərbaycanda tutulan Ermənistan hərbçilərindən bir neçə qrupunun təhvil verilməsi əvəzi azad olunan bir sıra rayonlara (Füzuli daxil) aid mina xəritələrinin alındığı açıqlanmışdı. Amma sonradan da Azərbaycan rrezidenti həmin xəritələrin reallığı böyük ölçüdə əks etdirməməsi ilə bağlı narazılığını ifadə etdi.

Buna cavab olaraq Ermənistan Baş naziri N.Paşinyan bu il deyib ki, “Biz əlimizdə olan xəritələri Azərbaycana verdik”

Nikol Paşinyan əlavə edib ki, onlar “yaxşısını siyirtmədə saxlayıb, pis keyfiyyətdə olanı verməyiblər”.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Füzuli rayonu daxil) nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində ( Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Bolqarıstan və Azərbaycan prezidentləri görüşüb

İlham Əliyev və Rumen Radev

Sentyabrın 30-da Sofiyada Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə əvvəl təkbətək, daha sonra isə geniş tərkibdə görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, R.Radev deyib ki, "biz Yunanıstan-Bolqarıstan qaz İnterkonnektorunun açılışını edəcəyik".

Onun fikrincə, bu, həm Bolqarıstan, həm də Avropa qitəsi üçün strateji əhəmiyyətə malik bir layihədir: "Çünki bununla Avropanın enerji xəritəsini yenidən cızırıq. Biz artıq Azərbaycandan real olaraq təbii qaz alacağıq. Bu da, təbii ki, bizim təminatı və təchizatı şaxələndirəcək".

İ.Əliyev də, öz növbəsində, bildirib ki, Bolqarıstan-Azərbaycan əlaqələri çoxşaxəlidir: "Azərbaycan etibarlı qaz təchizatçısı kimi Avropa ölkələri üçün önəm daşıyan ölkədir. Bizim üçün də Avropa bazarı, o cümlədən Bolqarıstan və sizin qonşu ölkələrin bazarları böyük maraq kəsb edir".

+++

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 30-da Bolqarıstana rəsmi səfər edib.

İ.Əliyevin bu səfər çərçivəsində Bolqarıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri ilə görüşü nəzərdə tutulur.

Bu görüşlərdə həm ikitərəfli, həm də regional məsələlərin müzakirəsi gözlənir.

İran səfirliyi qarşısında 'azadlıq' şüarı səsləndirilib

İranın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib
Gözlə

No media source currently available

0:00 0:02:31 0:00

Sentyabrın 29-da bir qrup şəxs Bakıda İranın Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər. Hadisə yerində olan polis əməkdaşları onları səfirliyə bir elə yaxın buraxmayıb. Aksiyaçılar "Azadlıq, ədalət, milli hökumət" və başqa şüarlar səsləndiriblər.

Aksiya iştirakçıları bildirib ki, onlar son günlər İranda baş verən hadisələrlə bağlı toplaşıblar.

Həmin şəxslər əlavə ediblər ki, İranın indiki dini rejimi bu ölkədə yaşayan bütün xalqlar, o cümlədən türklər üçün təhlükə daşıyır: "İranın totalitar molla rejimi insanların dini etiqad azadlığına, ifadə azadlığına, şəxsi həyatın toxunulmazlığına hörmət etmir və insanlara qarşı ən amansız üsullardan istifadə edir. Hətta aksiya iştirakçılarını öldürməyə belə çəkinmirlər…".

Aksiya iştirakçıları deyiblər ki, onlar İranda yaşayan bütün insanların, millətlərin qurtulmasını istəyirlər.

Aksiya insidentsiz başa çatıb. Orada səslənən fikirlərlə bağlı İran səfirliyindən münasibət öyrənmək mümkün olmayıb. Amma bu ölkənin rəsmiləri orada xalqların hüquqlarının pozulması ilə bağlı fikirləri qəbul etmirlər.

Xatırlatma

Sentyabrın 16-da İranda 22-yaşlı gənc Məhsa Amini soyadlı xanımı əxlaq polisinin saxlaması və daha sonra onun ölümü kütləvi etirazlara səbəb olub.

İranın bir çox əyalətlərini bürüyən etiraz aksiyalarında indiyə kimi onlarca şəxsin həlak olduğu bildirilir.

2023-cü il 'Heydər Əliyev İli' elan edilib

Bakıda Heydər Əliyevin posteri

Azərbaycan Respublikasında 2023-cü il "Heydər Əliyev İli" elan edilib.

Bu barədə bu gün, sentyabrın 23-də Prezident İlham Əliyev sərəncam imzalayıb.

H.Əliyev hazırkı Prezident İlham Əliyevin atasıdır. O, 1993-cü ildən 2003-cü il, ölümünə qədər Azərbaycan Respublikasına rəhbərlik edib.

H.Əliyevin Azərbaycana ilk rəhbərlik dönəmi isə SSRİ dövrünə təsadüf edir. O, 1969-1982-cü illər arası Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi postunu tutub. Daha sonra Kremlə, Sovet İttifaqı Kommunist Partiyasinin (Sov.İKP) Siyasi Bürosuna aparılıb. Eyni zamanda, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini postunu tutub.

1987-ci ildə həmin postlardan kənarlaşıb. 1990-ci ildə Azərbaycana gələn H.Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəhbəri seçilib.

1993-cü ildə Gəncədə hakimiyyətə polkovnik Sürət Hüseynovun başçılığı ilə silahlı itaətsizlikdən sonra ovaxtkı Prezident Əbülfəz Elçibəyin dəvəti ilə Bakıya gəlib. Əvvəlcə Azərbaycan Milli Məclisinin sədri seçilib, sonra isə elə həmin il keçirilən prezident seçkisindən qalib çıxıb.

Gələn il H.Əliyevin doğulmasının 100 ili tamam olacaq.

Ondan sonra Azərbaycana 19 ildir onun oğlu, hazırkı Prezident İlham Əliyev rəhbərlik edir. Heydər Əliyev ölümündən az öncə o vaxt Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti postunu tutan İ.Əliyevi baş nazir təyin etmişdi. Azərbaycanda baş nazir postu həmin vaxt prezidentdən sonra hakimiyyətdə, konstitusiyaya görə, ikinci mühüm vəzifə sayılırdı. İndi isə, konstitusiyaya görə, ölkədə ikinci post birinci vitse-prezident vəzifəsi sayılır. Həmin vəzifəni isə Prezident İ.Əliyevin xanımı Mehriban Əliyeva tutur.

2022-ci il Azərbaycanda Şuşa, 2021-ci il isə "Nizami Gəncəvi ili" elan edilmişdi.

Hikmət Hacıyev Ceyk Sallivan və Armen Qriqoryanla görüşüb

Armen Qriqoryan və Hikmət Hacıyev

Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 27-i ABŞ-da bu ölkə prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan və Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

Bu barədə C.Sallivan bildirib: "Bu gün birbaşa, konstruktiv danışıqlar üçün Hikmət Hacıyev və Armen Qriqoryanla müzakirələr apardıq. Biz növbəti şiddətin qarşısının alınmasının, vaxta bağlı və diqqət mərkəzində olan danışıqların aparılmasının vacibliyini müzakirə etdik. Biz sabit və dayanıqlı sülhə dəstək olaraq irəliyə doğru konkret addımlar da müəyyənləşdirdik".

Bundan öncə Azərbaycan və Ermənistan xarici işlər nazirləri sentyabrın 20-də Nyu-Yorkda görüşmüşdülər. Ondan sonra ABŞ-dan tərəflərə bir ay ərzində yenidən görüşməklə bağlı çağırış səslənmişdi.

Amma iki həftə öncə Azərbaycan və Ermənistan sərhədində vəziyyət yenidən gərginləşdi. Tərəflər atəşkəsin pozulmasına görə bir-birlərini günahlandırırlar. Ermənistan Azərbaycan hərbçilərinin onun ərazisinə daxil olduğunu, Azərbaycan isə qarşı tərəfin təxribatı ilə üzləşdiyini vurğulayıb. Sentyabrın 14-dən tərəflər arasında yenidən atəşkəs əldə edildiyi bildirilib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Bakıda İran səfirliyi qarşısında aksiya olub

Aksiyaçılardan bir qrupu

Sentyabrın 27-də bəzi fəallar Bakıda İran səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər

Sentyabrın 27-də bəzi fəallar Bakıda İran səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər.

Aksiya iştirakçıları "Qadınlardan əlini çək", "Rədd olsun əxlaq gözətçiləri" sözləri yazılmış köynəklər geyiniblər.

Onlar əllərində tutduqları qara parçanı yandırmağa çalışıb, lakin polis əməkdaşları buna imkan verməyib.

Aksiya iştirakçılarının sözlərinə görə, İranda qadınlar öz azadlıqları uğrunda mübarizə aparırlar:

"Onların azadlıqlarını məhdudlaşdırmağa çalışırlar.”

Fəallar qeyd ediblər ki, İranda xanımlardan birini geyimi ilə bağlı əxlaq polisi saxlayıb və sonradan o vəfat edib.

Aksiya iştirakçıları vurğulayıblar ki, bu da etirazlara səbəb olub.

Aksiya insidentsiz başa çatıb, saxlanan olmayıb.

Məsələ ilə bağlı İranın Azərbaycandakı səfirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

Verilən məlumatlara görə, təqribən 10 gün əvvəl, sentyabrın 16-da İranda 22-yaşlı gənc Məhsa Amini soyadlı xanımı əxlaq polisinin saxlaması və daha sonra onun ölümü kütləvi etirazlara səbəb olub.

İranın bir çox əyalətlərini bürüyən etiraz aksiyalarında indiyə kimi onlarca şəxsin həlak olduğu bildirilir.

Azərbaycan Ermənistana məxsus PUA endirdiyini deyir

Amma bu məlumata, hələlik, Ermənistan Müdafiə Nazirliyinin münasibəti bəlli deyil

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı qüvvələrinə məxsus “UL-350” tipli pilotsuz uçuş aparatı (PUA) endirilib.

Nazirliyin açıqlamasına görə, həmin PUA-a Laçın rayonu istiqamətində Azərbaycan ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib:

Ermənistan silahlı qüvvələrinə məxsus “UL-350” tipli pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib.”

Amma bu məlumata, hələlik, Ermənistan Müdafiə Nazirliyinin münasibəti bəlli deyil.

İki həftə oncə Azərbaycan və Ermənistan sərhəddində vəziyyət yenidən gərginləşib. Hər iki tərəfdən hərbi qullqçunun həlak olduğu bildirilib.

Tərəflər atəşkəsin pozulmasına görə, bir-birlərini günahlandırırlar.

Ermənistan Azərbaycan hərbi quluqçularının onların ərazisinə daxil olduğunu, Azərbaycan isə öz növbəsində qarşı tərəfin təxribatıyla üzləşdiyini vurğulayıb.

Sentyabrın14-dən tərəflər arasında yenidən atəşkəs əldə edildiyi bildirilib.

İlqar Məmmədov: 'Bizim Qərbi Zəngəzurda gözümüz yoxdur, amma...'
Gözlə

No media source currently available

0:00 0:08:43 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Azərbaycanda Anım Günüdür

Müharibənin ildönümü anılır
Gözlə

No media source currently available

0:00 0:02:05 0:00

Bu gün, sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd edilir. İki il öncə, 2020-ci il sentyabrın 27-də 44 günlük İkinci Qarabağ müharibəsi başlayıb. Bu müharibənin başlamasına görə tərəflər bir-birlərini günahlandırıb.

44 günlük müharibədə Azərbaycan işğal altında olan ərazilərinin bir hissəsini geri qaytarıb. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli bəyanata əsasən, döyüşlər dayandırılıb. Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Razılaşmaya uyğun, az sonra işğalda qalan ərazilərdən Kəlbəcər, Laçın və Ağdam rayonu da Azərbaycanın nəzarətinə keçib. Amma dəhliz Laçın şəhərindən keçdiyindən iki il o, Rusiya sülhməramlı qüvvələrinin nəzarətində qalıb. Yalnız bu il Laçın şəhərindən yan keçən alternativ yolun çəkilişi ilə bağlı şəhər Azərbaycanın nəzarətinə qaytarılıb. Ermənistanla Dağlıq Qarabağı birləşdirən həmin alternativ yolun, hələlik, yalnız Azərbaycana düşən hissəsi hazırdır.

Beləliklə, Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu müharibə nəticəsində Azərbaycanın 3 min civarında hərbi qulluqçusunun həlak olduğu, 6-sının isə itkin düşdüyü bildirilir.

Ermənistanın isə həmin döyüşlərdə 3 min 770-dən çox hərbi qulluqçusunun həlak olduğu, 240-dan çoxunun isə itkin düşdüyü açıqlanıb.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Bakı və Yerevan nümayəndələrinin görüşü açıq qalır

Ned Prays

"Ötən həftə (sentyabrın 20-də) Nyu-Yorkda Dövlət katibi Entoni Blinken tərəflərə sülh prosesini necə irəli aparmaq barədə fikir mübadiləsi aparmağı təklif edib".

Bunu sentyabrın 26-da ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays mətbuat üçün gündəlik brifinqdə bildirib.

"Turan" agentliyinin Vaşinqtondakı müxbirinin "Tərəflər həqiqətən sülh prosesində maraqlıdırlarmı" sualına Prays belə cavab verib: "Qoy, tərəflər özləri fikir söyləsinlər, bizim üçün iki tərəfi yaxınlaşdırmaq vacib idi".

"ABŞ ayın sonunda xarici işlər nazirlərinin növbəti görüşü üçün tarix və yer təklif edirmi" sualının cavabında Prays deyib: "Bunu iki ölkə həll edəcək, Ermənistanla Azərbaycan arasında birbaşa qarşılıqlı fəaliyyət təkcə onların maraqlarına yox, həm də regionun və onun hüdudlarından kənarda maraqlara uyğundur".

N.Prays sonra da deyib: "Güc tətbiqi qəbuledilməzdir və biz bunu açıq şəkildə bəyan etmişik. Şadıq ki, bizim iştirakımız hərbi əməliyyatların dayandırılmasına kömək etdi, çünki bu münaqişənin hərbi yolla həlli yoxdur".

Bu açıqlamaya, hələlik, tərəflərdən hər hansı münasibət bildirilməyib.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri sentyabrın 20-də Nyu-Yorkda görüşmüşdülər. Ondan sonra ABŞ-dan tərəflərə bir ay ərzində yenidən görüşməklə bağlı çağırış səslənmişdi.

Ötən ilin dekabrından bəri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüs və iştirakı ilə Azərbaycanla Ermənistan liderlərinin dörd görüşü keçirilib. Sonuncu görüş avqustun sonunda olub. Görüşdə iki ölkə arasında sülh sazişi layihəsi üzərində iş aparmaq üçün xarici işlər nazirlərinə tapşırıq verilməsinə dair razılıq əldə edildiyi açıqlanmışdı. Amma iki həftə öncə Azərbaycan və Ermənistan sərhədində vəziyyət yenidən gərginləşdi. Tərəflər atəşkəsin pozulmasına görə bir-birlərini günahlandırırlar. Ermənistan Azərbaycan hərbçilərinin onun ərazisinə daxil olduğunu, Azərbaycan isə qarşı tərəfin təxribatı ilə üzləşdiyini vurğulayıb.

Sentyabrın 14-dən tərəflər arasında yenidən atəşkəs əldə edildiyi bildirilib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Ailəsi Əvəz Zeynallı ilə nə görüşə, nə də danışa bilir

Əvəz Zeynallı

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanan Əvəz Zeynallıya ailəsi ilə görüşə icazə verilmədiyi bildirilir.

Bu barədə jurnalistin həyat yoldaşı Məlahət Zeynallı bildirib: "Hətta telefon danışıqlarına da icazə verilmir. Mən artıq 15 gündən çoxdur onunla danışmıram. Bu da bir daha sübut edir ki, iş siyasidir və Əvəz Zeynallını susdurmaq məqsədini güdür".

O qeyd edib ki, axtarış zamanı Ə.Zeynallının evindən maddi vəsait götürülüb: "Bu, bizim ailə büdcəmizdir, o təkcə Əvəz Zeynallıya aid deyil ki… Görünür ki, burada məqsəd Əvəz Zeynallıya bacardıqca təsir, təzyiq etməkdir".

"Jurnalistin səhhəti yaxşı deyil"

M.Zeynallının sözlərinə görə, jurnalistin səhhəti yaxşı deyil: "Mənə dərman adını yazıb veriblər ki, bunu alım, vəkil vasitəsilə çatdırım. Bu, göz üçün dərmandır. Əvəz Zeynallı şəkər xəstəliyindən müalicə alırdı, indi müalicəni davam etdirib-etdirmədiyini bilmirəm. Həm də görünür ki, gözü zəifləməyə başlayıb. Gözündə təzyiq olduğu üçün çox güclü baş ağrıları olur onda".

Bu deyilənlərlə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən "Turan"a bildirilib ki cinayət-prosessual tələblərinə uyğun olaraq, istintaq orqanından görüş üçün hər hansı məhdudiyyət tətbiq olunmayıb. Məsələyə, hələlik, Dövlət Təhlükəsizlik Xidmətindən isə münasibət almaq mümkün olmayıb.

Azərbaycan rəsmiləri, bir qayda olaraq, ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

Xatırlatma

"Xural TV" internet televiziyasının rəhbəri Əvəz Zeynallı vəkil Elçin Sadiqovla birgə sentyabrın 10-da saxlanıb və onlar bir gün sonra həbs ediliblər. O, rüşvətdə, vəkil isə buna vasitəçilik etməkdə ittiham olunur.

Zeynallı "Baku Steel Company"nin keçmiş rəhbəri, həbsdə olan Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət almada ittiham olunur. Sadıqov işadamı Məmmədovun vəkili idi. Lakin onların heç biri özlərini təqsirli bilmir.

Sentyabrın 17-də vəkil E.Sadiqovun apellyasiya şikayətinə baxılıb və o, ev dustaqlığına buraxılıb.

MN: Kəlbəcərdə üç Azərbaycan əsgəri yaralanıb

Azərbaycan Müdafiə nazirlyinin binası

Nazirlik hərbçilərin Ermənistan tərəfinin açdığı atəş nəticəsində yaralandığını, qarşı tərəf isə Azərbaycan hərbçilərinin döyüş mövqelərindən birinin arxa cəbhəsinə daxil olmağa cəhd etdiyini bildirir

Azərbaycanın Müdafiə Nazirliyi sentyabrın 23-də Ermənistan ərazisindən Kəlbəcərdəki mövqelərinin atəşə tutulduğunu və üç hərbçinin yaralandığını bildirir.

Sentyabrın 24-də yayılan məlumatda qeyd olunur ki, Azərbaycan ordusunun Kəlbəcərin İstisu və Zəylik yaşayış məntəqələrindəki mövqelərinin atəşə tutulması axşam saat 19:30-dan gecə 23:40-a qədər davam edib.

"Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əmənullayev Rəşad Ağacan oğlu, Rəhimzadə Ruhid Oktay oğlu və Cavadov Rəvan Şəmsəddin oğlu yaralanıb.
Yaralı hərbi qulluqçularımıza dərhal ilkin tibbi yardım göstərilib. Onların həyatı üçün heç bir təhlükə yoxdur"-Nazirlik bildirir.

Məlumatda Azərbaycan ordusunun cavab tədbirləri gördüyü bildirilir və hadisəyə görə məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanır.

Ermənistan Müdafiə Nazirliyi isə atəşkəs pozuntusuna görə Azərbaycanı ittiham edir.

Nazirliyin sentyabrın 24-də yaydığı məlumatda qeyd olunur ki, sentyabrın 23-ü saat 19:30 radələrində Azərbaycan ordusunun bölmələrindən biri Ermənistan silahlı qüvvələrinin döyüş mövqelərindən birinin arxa cəbhəsinə daxil olmağa cəhd edib.

Qeyd olunur ki, Ermənistan silahlı qüvvələrinin cavab tədbirləri nəticəsində Azərbaycan hərbçiləri öz ilkin mövqelərinə geri atılıb.

"Sentyabrın 24-ü saat 10:00-a olan məlumata görə, vəziyyət nisbətən sabitdir”, - Ermənistan Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Ermənistan dronlara qarşı yeni imkanları nəzərdən keçirir
Gözlə

No media source currently available

0:00 0:06:07 0:00

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Azərbaycan -Ermənistan sərhəd bölgəsində silahlı toqquşma olub. Azərbaycan Müdafiə Nazirliyininin yaydığı ilkin məlumata görə, Ermənistan silahlı qüvvələri Azərbaycan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatlar törədib və nəticədə Azərbaycan Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu həlak olub.

Amma sonrakı rəsmi açıqlamalarda həlak olan hərbçilərinin sayınin 77-yə çatdığı bildirilib və həmin hərçilərin siyahısı dərc edilib.

Öz növbəsində Ermənistan rəsmiləri də baş verənlərə görə, Azərbaycanı günahlandırıblar və atəşkəsin ilk olaraq Azərbaycan tərəfdən pozulduğunu bəyan ediblər. Hətta iddia olunub ki, bu döyüşlər nəticəsində Azərbaycan ordusu Ermənistan ərazisinə daxil olub.

Ermənistanın baş naziri sərhəd toqquşmasında 105 hərbçi itirdiklərini bildirib. Amma indiyə qədər bununla bağlı hər hansı siyahı açıqlanmayıb. Sentyabrın 14-də Azərbaycan birtərfəli qaydada qarşı tərəfə 100-ə qədər hərbçinin cəsədini verməyə hazır olduğunu bildirb. Rəsmi məlumatla görə, indiyə qədər Azərbaycan Ermənistana 133 hərbçinin cəsədini qaytarıb.

Sentyabrın 21-də Laçın rayonunda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan ordusunun sərhədləri pozması ilə bağlı Ermənistan rəsmilərinin səsləndirdiyi fikirlərə belə reaksiya verib.

"...bizim sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir. Mən yenə də deyirəm, biz müzakirələrə hazırıq və delimitasiya komissiyalarının - Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşırıq. Bütün xəritələri toplamışıq. Bir daha demək istəyirəm ki, bütün xəritələr, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir. Ona görə delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz"-İlham Əliyev bildirib.

BMT arxivindəki xəritələrdə Zəngəzur necə göstərilir?
Gözlə

No media source currently available

0:00 0:04:18 0:00

Xatırlatma

Azərbaycan 2020-ci ildə 44 günlük savaş nəticəsində Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb. Amma, hələlik, tərəflər arasında sülh sazişi imzalanmayıb.

Azərbaycan və Ermənistan liderləri bu il Şarl Mişelin vasitəçiliyi ilə üç görüş keçiriblər. 31 avqust görüşündə iki ölkənin xarici işlər nazirlərinə sülh sazişinin mətni üzərində işləmək tapşırılıb.

Qorbaçov 1988-ci ildə Ermənistanda Qarabağ haqqında bunları demişdi
Gözlə

No media source currently available

0:00 0:05:06 0:00

'Kanal 13'ün rəhbərinə xəbərdarlıq edilib

Əziz Orucov

"Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucova Baş Prokurorluqdan xəbərdarlıq verilib. Bu barədə Ə.Orucov özü məlumat verib. Onun sözlərinə görə, dünən, sentyabrın 22-də Baş Prokurorluğa dəvət olunub: ""Kanal 13"ün fəaliyyətinə görə dəvət olunmuşam. Orada izahat vermişəm. Arqumentli və əsaslı şəkildə əsaslandırmışam ki, gördüyümüz iş cəmiyyətin informasiya ilə təmin olunmasına xidmət edir və işimizin başqa bir məqsədi yoxdur".

Ə.Orucov deyir ki, buna baxmayaraq, ona xəbərdarlıq edilib: "Mənə bildirilib ki, "Kanal 13"də olan fəaliyyət ölkə mənafeyinə zərər vurur. Mən xəbərdarlığı imzalamaqdan imtina etdim".

Həmin videolar kanaldan götürülüb

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Turan"a Ə.Orucovun dediklərini təsdiqləyiblər.

Qurumdan bildirilib ki, "Kanal 13" adlı YouTube kanalının təsisçisi Ə.Orucova xəbərdarlıq verilib: ""İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Milli Təhlükəsizlik haqqında" haqqında qanunların tələbləri pozularaq "Kanal 13" kanalında sentyabrın 13-də Azərbaycan ordusunun işgüzar nüfuzuna xələl gətirən, dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salan videolar yerləşdirilib".

Açıqlamaya görə, xəbərdarlıqdan sonra həmin informasiyalar kanaldan götürülüb.

Xatırlatma

Ə.Orucov 2017-ci il mayın 2-də həbs edilmişdi. Əvvəlcə o, polisə müqavimətdə təqsirli bilinərək 30 sutka inzibati həbs cəzası alıb. İnzibati həbsin sona çatmasına az qalmış Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ona cinayət işi başlanıb, haqqında həbs-qətimkan tədbiri seçilib.

Həmin ilin dekabrında Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalisti qeydiyyatsız qrant vəsaitlərindən qanunsuz gəlir əldə etməkdə təqsirli bilərək 6 il azadlıqdan məhrum edib. O, ittihamı qəbul etməyib.

2018-ci ilin aprelində Ali Məhkəmədə onun kassasiya şikayətinə baxılıb. Məhkəmə jurnalist barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsini tətbiq edərək onu azadlığa buraxıb. Cəzası isə 6 ildən 3 ilə endirilib.

Davamı

XS
SM
MD
LG