Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 03:28

Eyvaz Zeynalov. Azərbaycan dilinə naqis deyənlərə


Eyvaz Zeynalov
Eyvaz Zeynalov
-

Hörmətli Şahbaz bəyin dediyi kimi, dünya miqyasında məşhur olan yazıçıların dilimizə çevrilən, nəşr edilən əsərlərinin oxunmaması, yaxud pis oxunmasının günahı təkcə dilimizin naqisliyi ilə bağlı deyil.

Çox səbəbləri var. Elə biri onların əksər hallarda naşılar tərəfindən tərcümə edilməsindədi.



Eyvaz Zeynalov


AZƏRBAYCAN DİLİNƏ NAQİS DEYƏNLƏRƏ...


“Pen klub”da “Azərbaycan dili naqisdir, yoxsa bu, dili korlayanların bəhanəsidir?” sualı ətrafında gedən debatın mətnini oxudum, fikrimi bildirmək ehtiyacı duydum.

Debat iştirakçılarının səsləndirdikləri fikirlərlə razılaşdıqlarım da var, razılaşmadıqlarım da.

Amma ümumilikdə dilimizin naqisliyi fikri ilə qətiyyən razı deyiləm. Çox da debatda iştirak edən hörmətli dilçi alimimiz Fəxrəddin Veysəlli “Bütün dillərlə bizi müqayisə etməyin. Biz 20 ildir müstəqilik.” deməklə qalan iki debat iştirakçısına haqq qazandırır.

Hörmətli alimimiz məni bağışlasın, bu, bəzi siyasətçilərimizin, məmurlarımızın bir balaca çətinə düşən kimi özlərini suğortaladıqları bəhanədən başqa bir şey deyil.

Deyirsən, filan ölkədə xalq üçün filan işlər görülsə də, hələ bizdə bu sahədə heç nə edilməyib, deyir, sən bizi filan ölkələrlə müqayisə etmə, bizim müstəqilliyimiz neçə ildi.

Belə çıxır ki, insan övladına verilmiş şüur, yaddaş və onların nəticəsində illər uzunu qazanılmış ümumi insani təcrübələr hamısı boşunadı, bizə heç bir aidiyyatı yoxdu. Hazırkı sivil dövlətlərin səviyyəsinə çatmağın bir şərti, yolu var - biz də azından onlar qədər, 100-150 il müstəqil yaşamalıyıq.

Nə qədər ziyanlı bir düşüncə! Demək, əlimimizi-qolumuzu yanımıza salıb bu illərin keşməsini gözləməliyik. Elə də, belə də, çalışıb-vuruşmağın mənası yoxdu.

Görəsən biz bu dildə 20 ildi danışırıq? Bəlkə bizim dilçi alimlərimiz, doğrudan da, iş görmək əvəzinə gözləməyi, tələsməməyi daha məqbul sayırlar?

Yaxud təkmilləşdirilmiş bir orfoqrafiya lüğətinin elektron variantını yaratmaq üçün prezidentimizin xüsusi sərəncamını gözləyirlər?

Belə getsə, 25-30 ildən sonra da dilimizin problemlərini ortaya qoyanda eyni bəhanəni eşidəcəyik!

Bağışlayacaqsınız, bu sırf müsəlman düşüncəsidi! 20 il indiki əsrdə dəhşətli dərəcədə böyük zaman kəsiyidi.

Məncə, əcnəbi sözləri qarşılığı ola-ola süni şəkildə, dəb kimi dilimizə gətirməyin, özümüzü, bir növ, savadlı və s. kimi göstərməyin xeyirindən çox ziyanı var.

Dilimizi qəlizləşdirir, anlaşmanı çətinləşdirir. Bəzən hətta əlavə lüğətə ehtiyac yaradır. Kaş hamımız dilimizdəki 80-100 min sözə canlı kimi, ən qiymətli milli sərvətimiz kimi yanaşaydıq. Olandan daha səmərəli, daha bacarıqlı istifadə edəydik. Dilə hörmətimizi, ehtiramımızı, qayğımızı işimiz, əməlimizlə hər addımbaşı bildirəydik.

Yalnız bu zaman dilimiz inkişaf edər, zənginləşərdi. Yoxsa hansısa sərəncam, yaxud süni şəkildə əlavə sözlər gətirməklə onu inkişaf etdirmək absurd məsələdi.

Hörmətli Şahbaz bəyin dediyi kimi, kitabların satılmamağı, oxunmamağı hələ millətin dilinə sahib çıxmamağı anlamına gəlmir. Ayrıca hətta dünya miqyasında məşhur olan yazıçıların dilimizə çevrilən, nəşr edilən əsərlərinin oxunmaması, yaxud pis oxunmasının da günahı təkcə dilimizin naqisliyi ilə bağlı deyil. Çox səbəbləri var.

Elə biri onların əksər hallarda naşılar tərəfindən tərcümə edilməsindədi. Dili bilmək başqa, tərcümə işini bilmək tamam başqa bir şeydi. Tərcümə işini peşəkarlara tapşırmaq lazımdı. Yoxdusa, onları yetişdirmək lazımdı. Əlbəttə, səbəb tək bu olsaydı, dərd yarıydı. Xəyalən 30 il geriyə nəzər salsaq, tam fərqli bir mənzərəni görərik.

Həmin elə bu dildi. Amma hamı kitab acı, oxumaq acıydı. Son dönəmdə ümumilikdə xalqımızın kitaba, elmə, oxumağa soyuq, küskün münasibətinin kökündə daha dərin səbəblər dayanır...

Dilimizə sayğısızlıqda çox zaman televiziya və mətbuatı günahlandırırıq. Ancaq bu sayğı hər birimizə aiddi. Danışarkən nitqin səlistliyinə nəzarət etmək nə qədər çətindisə, yazarkən bu bir o qədər asan, eyni zamanda vacibdi. Çünki düşünüb-daşınmağa kifayət qədər vaxtımız olur.

Sadəcə, dilimizin qarşısında məsuliyyət hissini itirməmək lazımdı.

Uzağa getməyəcəm, bu debatın mətninin altındakı şərhlərə baxın. Cümlələrin quruluşu da, o cümlələrdəki sözlər də bərbad vəziyyətdəydi. Adi orfoqrafiya qaydalarına belə əməl olunmayıb. Amma bu bərbad cümlələrin, şərhlərin sahibləri hamısı dilimizin naqisliyindən gileylidi.

Halbuki dilimizi korlayan, ona sayğı ilə yanaşmayan elə özləridi.

Sözlə əməl tərs mütənasibdi.

Həm də təəssüf, çox təəssüf ki, tanınmış ziyalımızın, alimimizin şərhləri də adi oxucuların şərhlərindən o qədər fərqlənmir.

Bu, yazılan şərhlərə barmaqarası, məsuliyyətsiz münasibətdən qaynaqlanır. Ancaq nahaq.

Yaxşı olar ki, ciddi bir yazı üzərində işləyərkən dilə necə hörmətlə yanaşırıqsa, adi şərhlərə də o cür ciddi yanaşaq. Axı şərhlər də oxunmaq üçün yazılır. Şərh yazarkən komputerdəki dilimizin tələblərinə cavab verməyən şriftlərdən istifadə etmək də dolaşıqlığa gətirib çıxardır.

Bu özü də dilimizə hörmətsizlikdi. Uyğun şrifti tapmaq, yükləmək və şərhləri onunla yazmaq nə çətin işdi!

Bilmirəm oxucular buna necə münasibət bəsləyəcəklər, məndən olsa, şərhlərə nəzarət edənlər imkan daxilində şərhlərdəki kobud səhvlərlə dolu sözləri, qarmaqarışıq cümlələri nəzərə çarpdırmaq üçün qırmızıya boyayardılar. İnanıram ki, şərhlərin keyfiyyəti sürətlə yüksələrdi. Qazanan yalnız o şərhlərə nəzarət edənlər yox (işləri asanlaşardı), eyni zamanda həm dilimiz, həm də elə o şərhləri yazanlar özləri olardılar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG