Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 18:10

Şahbaz Xuduoğlu: "Azərbaycan dili zəngin deyil. Bu yalandır" (Debat)


Fəxrəddin Veysəlli və Şahbaz Xuduoğlu
Fəxrəddin Veysəlli və Şahbaz Xuduoğlu
-

Xalid Kazımlı: "Bizim bütün əlifbamız rusların “T” hərfi ilə başlayan sözləri qədər deyil"

Fəxrəddin Veysəlli: "Bütün dillərlə bizi müqayisə etməyin. Biz 20 ildir müstəqilik".

Şahbaz Xuduoğlu: "Azərbaycan xalqı öz dilindən imtina edib!"



Azərbaycan dili naqisdir, yoxsa bu, dili korlayanların bəhanəsidir?
“Penklub”da bu sual ətrafında gedən debata Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlli, "Qanun" nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu və "Yeni Müsavat" qəzetinin redaktoru Xalid Kazımlı qatıldılar.


Dinlə


“BİR ŞEYİ İSTEHSAL ETMİRİKSƏ, ONA AD DA QOYA BİLMƏRİK”

Şahnaz Bəylərqızı:

- Azərbaycan dili yazıçı Əli Əkbərin dediyi kimi naqis dildirmi? Azərbaycan dilinin imkanları hara qədərdir?

Fəxrəddin Veysəlli:

- Naqis dil yoxdur. Naqis düşüncə ola bilər, naqis hərəkət ola bilər. Azərbaycan dili çox zəngin, imkanları geniş olan dildir. Sadəcə, onu öyrənmək, ondan istifadəni bilmək lazımdır. Azərbaycan dilini nəyinsə xatirinə aşağılamaq, naqis adlandırmaqla razı deyiləm. (ardı aşağıda)

Şahnaz B:

- Şahbaz bəy, Azərbaycan dilinin imkanlarını siz necə dəyərləndirirsiz?

Şahbaz Xuduoğlu:

Xalid Kazımlı
Xalid Kazımlı
- Azərbaycan dili digər dillərlə yarışa girməlidir. Dil canlıdır və daim qapıları açıqdır.

Ora müxtəlif dillərdən alınma sözlər gəlir, qatılır. Sadəcə, müvafiq strukturlar bu sözləri düzgün işlətməklə bağlı təlimatlar verməlidirlər.

Bir şeyi biz istehsal etmiriksə, yaratmırıqsa, təbii ki, onun adını da qoya bilmərik. O halda yeni sözlərin gəlməsi mütləqdir.

Bunun qarşısını almaq laızm deyil. Çox zaman bizdə dili qorumaqla bağlı təşkilatlar yaranır. Dilin qorunması barədə narahat olmaq lazım deyil. Dilin inkişafı barədə narahat olımaq lazımdır.

Fəxrəddin V:

- Dilin inkişafı elmi baxımdan bir az mübahisəlidir. Şahbaz bəyin söylədiyi fikir – “dil canlı orqanizmdir” XIX əsrdə deyilib və artıq dövriyyədən çıxıb. Dilə orqanizm kimi baxmaq olmaz. Dil özünü idarə edən sistemdir. Mən Şahbaz bəylə onda razıyam ki, əgər nəyisə istehsal etmiriksə, düzəltmiriksə, yəni bu əşyalar, yeniliklər başqa ölkədən gəlirsə, məcburən ona qarşılıq tapmamalıyıq.

Şahbaz B:

- Amma kompüteri Türkiyə icad etməsə də, onu bilgisayar adlandırdılar...

Fəxrəddin V:

- Düzdür. Bəzən kalka yolu ilə yeni söz yaratmaq mümkündür. Bugünlərdə Türkiyədən bura nümayəndə gəlmişdi. Onların məramı odur ki, bizimlə birgə türkdilli ölkələr üçün informatika lüğəti hazırlasınlar.

Türklər kompüter virusuna soxulcan deyirlər. Ancaq müzakirə zamanı məlum oldu ki, soxulcan termin kimi qəbul edilə bilməz. Türklər çalışırlar ki, öz sözlərini yaratsınlar. Bu cərəyan purizm adlanır. Purizm heç də bütün hallarda özünü doğrultmur.

Fəxrəddin Veysəlli
Fəxrəddin Veysəlli
“NƏ QƏDƏR DESƏNİZ DƏ AZƏRBAYCAN DİLİ ZƏNGİNDİR, BU YALANDIR”

Şahnaz B:

- “Qanun” nəşrlər evi həm də tərcümə əsərləri çap edir. Şahbaz bəy, tərcüməçilər hansı problemlərlə üzləşirlər?

Şahbaz X:

- Biz həqiqətən də dildəki çatışmazlıqlarla bağlı bir sıra problemlərlə üzləşirik. Elmlər Akademiyası, dilçilik institutları-filan var, düzdür. Mən 2004-cü ildə nəşr edilən orfoqrafik lüğətə baxdım. Bu lüğətdə yalnız 80 min söz var idi. Bu gün nəşrə gedən orfoqrafik lüğətdəsə 100 minə qədər söz var. Amma Türkiyədə çap olunan sözlüyə 1 milyon 300 min söz salınıb. Yəni siz nə qədər desəniz də, Azərbaycan dili zəngin dildir, bu yalandır. Bu yalanla nə özünüzü, nə bizi aldatmaq lazım deyil. Mən o mənada dilə canlı deyirəm ki, sən hər gün onun inkişafı ilə məşğulsan, hər gün bunu qidalandırırsan. Dil yeni sözlə qidalanmasa, məhv olar. Bir də, bizdə çoxlu sözlər var ki, bu günə qədər həllini tapmayıb. İngilislərin “right” sözü hüquq kimi tərcümə edilir. Ancaq birbaşa mənası düz deməkdir. Bəlkə də düz sözünü işlətsəydik, bu gün hüquq daha inandırıcı görünərdi, düz sözü daha energetikdir çünki. Məsələn, “карательные меры”, “уголовное преступление” və ya “доступ” sözünü necə tərcümə etmək olar? Biz hər gün bu cür sözlərlə, terminlərlə üzləşirik. Buna görə də düşünürəm ki, institutlar dil üzərində xüsusi işləməlidirlər.

“JURNALİSTLƏR CƏMİ 60 SÖZDƏN İSTİFADƏ EDİRLƏR”

Şahnaz B:

- Şahbaz Xuduoğlu naşir kimi tərcüməçilərin üzləşdiyi problemlərdən danışdı. Bəs, qəzetçilər hansı çətinliklərlə üzləşirlər? Bu suala Xalid Kazımlı cavab verəcək.

Xalid Kazımlı:

- Problem dilin kasadlığıdır. Bizim hörmətli professorlardan biri demişdi ki, Azərbaycanda jurnalistlər cəmi 60 sözdən istifadə edilər. Məsələn, "bəyanat verdi", "açıqlama verdi", "fikir bildirdi" və bu kimi məşhur ifadələrdən istifadə edilir. Yerdə qalan sözlər isə unudulub gedir. Mən təcrübəmdə çox rastlaşmışam ki, nadir işlənən sözdən istifadə edəndə soruşublar ki, bu nə dilindədir? Qarabağ dilindədir, bəlkə Sabirabad? Biz bu sözləri öyrənməliyik, bilməliyik, yaddaşımızda saxlamalıyıq. Dilin zənginliyi bundan asılıdır. Minlərlə söz ola bilər, biz onun 600-ündən istifadə ediriksə, təbii ki, dil getdikcə kasadlaşacaq. Azərbaycanda dil məsələsinə çox mühafizəkar yanaşma var. Mən tez-tez nə vaxtsa eşitdiyim, oxuduğum sözlərdən də yazılarımda yararlanıram. Məsələn, yazıçı Əbülhəsənin 1930-cu illərdə yazdığı “Dünya qopur” romanından bir ifadəni - “asimana bülənd oldu” istifadə etmişəm. Gənclər soruşur ki, bu nə deməkdir? Köhnə nəsil üçün bu sirri-xuda deyil. Amma yeni nəsil “bəyanat verdi, açıqlama yaydı”dan başqa heç nə bilmir. Ona görə də dil kasadlaşır.

“100 MİN SÖZÜN OLMASI O DEMƏK DEYİL Kİ, DİL KASIBDIR”

Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı
Şahnaz B:

- Xalid bəy dilin kasadlaşmasını yazarların günahı sayır. Ancaq Şahbaz Xuduoğlu bunu Azərbaycan dilinin zəngin olmaması ilə izah edir.

Xalid K:

- Şahbaz Xuduoğlu xeyli haqlıdır. Bizim bütün əlifbamız rusların “T” hərfi ilə başlayan sözləri qədər deyil.

Fəxrəddin V:

- Ona görə ki, ruslar mühafizəkar deyil. Gəlmə sözlərin qabağına çəpər çəkmirlər. Əgər sizin o redaktorlar, yazarlar klassik ədəbiyyatı oxumayıbsa, əlbəttə sizin dediyiniz “asimana bülənd oldu» sözünü bilməyəcəklər. Bir də mən, Şahbaz bəyin dediyi məsələyə toxunmaq istəyirəm. 100 min sözün olması o demək deyil ki, Azərbaycan dili kasıbdır. Son tədqiqatlar göstərir ki, maksimum 4 min söz bilən adam istənilən mühitdə öz fikrini ifadə edə bilər. Bu baxımdan, sözün ucundan tutub qaçmaq məsələsi deyil. Sözü mövzuya uyğun seçmək lazımdır. Bilirsiz, Azərbaycan dilində niyə 100 min söz var? Bir sözün onlarla mənası var.

“AZƏRBAYCANDA DİL BÖHRANI VAR"

Şahbaz X:

- Doğrusu, Azərbaycan ədəbi dili nə qədər ki, maraqlı mətn ortaya qoymayıb, bu dilə ciddi münasibət olmayacaq. Bir ara Naxçıvan ləhcəsi az qala rəsmi dilə çevrilmişdi. Əlbəttə ki, bu, ədəbi dil qurumlarının yaxşı işləməməsi ilə bağlıdır. Ədəbiyyat adamı 4 min kəlmə ilə yaza bilməz, 4 min kəlmə ilə danışa bilməz. Türkiyəyə diqqəti yönəldən Orxan Pamukun maraqlı mətnləridir. Vahid alman dilini Martin Lüter “Bibliya”nı çevirərək yaratdı. Yəni maraqlı mətn dilin ruhudur. Azərbaycanda doğrudan da dil böhranı var. Bu böhran da nəylə bağlıdır? Öz dilimizdə səslənən filmlər çox qaba, kobud, biabırçı formadadır. Öz dilimizdə nəşr etdiyimiz kitabları oxumuruq. Öz müəlliflərimizin yazdıqlarını oxumuruq. Öz televiziyalarımıza baxmırıq. Öz qəzetlərimizdən də faktiki olaraq imtina etmişik. Faktiki olaraq Azərbaycan öz dilindən imtina etmiş haldadır. Bir kitabı 500 nüsxə buraxırsan və bu satılmırsa, deməli, bu millət öz dilindən imtina edib. Yaxud sən 9 milyonluq əhali üçün 7 min tirajla qəzet buraxırsansa, deməli, rəsmi dilin ölmüş vəziyyətdədir. Rəsmi dili rəsmilər, yazarlar diriltməlidir. Yoxsa qəzetçilərdən nə asıldır ki?

Fəxrəddin V:

- İş burasındadır ki, xarici dildə də kitab oxuyan yoxdur.

Şahbaz X:

- Azərbaycanda kitab dükanına girənlərin 80 faizi rusca oxuyanlardır. Azərbaycandillilər türkcə, yerdə qalan 5 faiz də ingiliscə-filan alır. Adam bu dildə özünü təsdiq edə bilmir. Rus və ya türk dili vasitəsilə adam daha böyük məkana çıxa bilər və onu eşidərlər. Azərbaycan dili insanın yardımına çatmır. Azərbaycan dili yalan dili statusunu qazanıb. (ardı aşağıda)

soldan sağa: proqramın operatoru Cavanşir Ağamalıyev, Şahbaz Xuduoğlu, proqramın aparıcısı Şahnaz Bəylərqızı və Fəxrəddin Veysəlli
soldan sağa: proqramın operatoru Cavanşir Ağamalıyev, Şahbaz Xuduoğlu, proqramın aparıcısı Şahnaz Bəylərqızı və Fəxrəddin Veysəlli


“XULİQAN - XƏTAKAR DEMƏKDİR”

Xalid K:

- Bizdə bir sıra alınma sözlər var ki, öz dilimizdə olan köhnə sözləri sıxışdırıb çıxarır. Məsələn, xuliqan sözü var, adi oxucu yazıb ki, bu xətakar deməkdir. Və ya "lotos", türklər ona nilufər deyirlər, ancaq bu bizim dildə lilpardır. Lilpar sözünü demək olar işlətmirik. Başqa dillərdən, lap elə türkdilli xalqlardan söz götürəndə özümüzdə də onun qarşılığını unutmamalıyıq. Vaxtaşırı istifadə etməliyik. Bu mənada yazarların boynuna çox böyük yük düşür.

“20 İL AZ DEYİL”

Şahbaz X:

- Bütün dillərdə orfoqrafik lüğətlər elektron variantda var. Özü də 5-6 cür. Amma Azərbaycan dilində niyə yoxdur?

Fəxrəddin V:

- Bütün dillərlə bizi müqayisə etməyin. Biz 20 ildir müstəqilik.

Şahbaz X:

- İyirmi il az müddət deyil. Bir dənə elektron lüğət yoxdur. Bir-iki “poliqlot”-filan var, o da neçənci ildə təzələnib bilinmir. Bu, dövlətin işidir.

Fəxrəddin V:

- Prezidentin sərəncamı var və dövlət proqramı hazırlanır. Orda elektron lüğətlər, monoqrafik tədqiqatlarla bağlı işlər gedir. Dilin təmizliyini qorumaq da bir adamın və ya institutun işi deyil.

Şahbaz X:

- Dilə hörmət lazımdır. Sənin dilin sənin xilaskarın olmayacaqsa, sən ona inanmayacaqsan, sən onu sevməyəcəksən...

PROQRAMI TAM İZLƏ
XS
SM
MD
LG