Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:17

Əli Əkbər. Dil


Azadlıq Radiosunun Pen Klubunda başlayan “dil” polemikası radio sərhədlərini aşıb mətbuata çıxdı.

İndi bu mövzu müxtəlif qəzet və saytlarda müzakirə olunur. Dartışmaların mərkəzində isə mənim radioda səsləndirdiyim “Azərbaycan dili naqis dildir” ifadəsi dayanıb.

Gözlənilən oldu. Ortalıqda quyruq bulayan, şüuru yumurtalığa çata bilməmiş məğlub spermatozoidin səviyyəsində olan provokatorlara girəvə düşdü.

“Luser” çuşkalar, Azərbaycan dili haqqında işlətdiyim “naqis” sözündən yapışıb kef eləyirlər.

Guya bunlar Azərbaycan dilinin qeydinə qalır, Azərbaycan dilini məndən qoruyurlar. Allah qoymasa, mənə dil dərsi keçəcəklər. Dilə naqis deməyim, Azərbaycan dilini bilməməyimdən imiş.

Nə gözəl.

Azərbaycan dilinin daşıyıcısı, bu dildə yazıb-yaradan, evində bu dildə danışan, uşaqlarını bu dildə tərbiyə edən adama “dil bilmir” demək, böyük həyasızlıqdır. Əvvəl gedin diksiyanızı düzəldin, intonasiyanıza əl gəzdirin, ləhcədən qurtulun, Azərbaycan dilində səlis danışmağı öyrənin sonra dil dərsi keçin. Yaxşımı?

Bu məsələdə heç kəsə cavab verməyi düşünmürdüm. Mənası yoxdur. Zatən mənim nə demək istədiyim; niyyətimin dilimizi daha işlək, funksional, dinamik və qıvraq görmək olduğu gün kimi aydındır.

Azərbaycan türkcəsinin ən azı Türkiyə türkcəsi səviyyəsinə yüksəlməsini arzulamağım da təbii haqqımdır.

Hesab edirəm ki, dilimizə tonlarla yeni söz daxil olmalı, özü də bu proses tədricən yox, dərhal getməlidir. Dilimiz zənginləşməli, müasir çağın tələblərinə cavab verməlidir.

Rafiq Tağının “quru”luğu

“Dil” tənqidçilərinin arasında hörmətli Rafiq Tağının adına rast gəlməsəydim, məqsədinin də “luser” fürsətçiliyi olmadığına əmin olmasaydım, bu yazını yazmazdım.

Zaman-zaman aramızda atışmalar, hətta sataşmalar yaşansa da, Rafiq Tağı qədər alicənab və mərd insan məmləkətdə çətin tapılar.

Həkim kimi professionallığı, peşəsinə vurğunluğu və kimliyindən asılı olmayaraq, bütün pasientlərinə eyni məsafədə dayanması, peşəsini vicdan və ləyaqətlə icra etməsi hər kəsə bəllidir.

Mənim də ən çətin anımda, gecə yarısında pristupum tutanda zəng etdiyim, kömək istədiyim insandır Rafiq Tağı. Gecənin bir aləmində işini-gücünü atıb yardımıma gələn geniş qəlbli dostumdur.

Hörmətli Rafiq bəyin, dünən haqqımda işlətdiyi “dili qurudur” ittihamı məni təəccübləndirsə də, hekayə ustası kimi məni tənqid etməsinə normal və dözümlü yanaşıram.

Həmkarımdan tənqid eşitmək məni üzməz, əksinə düşündürər. Sağ olsun.

Bəs Rafiq Tağının nəzərində “quru” olmayan Türkcə hansıdır? Rafiq bəy bunun da cavabını verir - əyalət dili. Sonra əlavə edir – Əli Əkbər qoşma, gəraylı, dodaqdəyməz, muğam, bayatı, qəzəl bilmir.

Düz deyir, bilmirəm. Bilmək də istəmirəm. Qoşmadan, qəzəldən, muğamdan zindeyi-zəhləm gedir.

Bütün bunları Azərbaycan xalqını XXI əsrdə folklor təfəkküründə saxlayan, millətin inkişafına mane olan parazitlər hesab edirəm.

İnanıram ki, folklor müasirliklə ayaqlaşa bilmir və bizdə olduğu kimi dominanta çevriləndə, çağdaşlığın antipodu olur.

Mənim dilim urbanistik dildir, çağdaş dildir, axıcıdır, anlaşıqlıdır, səmimidir. Təvazökarlıqdan bir qədər uzaq olsa da, bunları deməliyəm.

Mənim qəhrəmanlarım heç vaxt (əgər əsərdə debil obrazı yaratmıramsa) “ayə”, “əəə”, “məə” tipli səslər çıxarmayacaq.

Azərbaycan ədəbiyyatı – çağdaşı və köhnəsi ilə - parlaq çuşkarizm nümunəsidir. Çuşkarizm isə, mənə yaxın dura bilməz.

Avropa və biz

Rafiq bəy, siz illərdir bizə avropaçılıqdan danışırsınız. Həbsinizə də səbəb “Avropa və biz” adlı esseniz olmuşdu.

Mən o dövrdə essenizi, ümumiyyətlə məsələyə yanaşmanızı sərt tənqid edənlərdən biri olmuşam. Fəqət bu gün, həbsinizə səbəb olan o məşhur cümlənizin altına imzamı atmağa hazıram.

Bu sözlər, o illərdə yanıldığımın səmimi etirafıdır. Bu etirafdan utanmıram, əksinə qürur duyuram. Amma siz də etiraf edin ki, haqlı olaraq heyranlığınızı gizlətmədiyiniz Avropa ölkələrinin də folkloru var (öz layiqli yerini tapmış folkloru). Onların da rəqsləri, zurna-nağaraları, qəzəlləri, qoşmaları var.

Kökləri də qədimdir, tarixi də əskidir (Skandinavya saqalarını xatırlayın).

Lakin bu gün Avropaya getsəniz - səfərinizin məqsədi xüsusi təşkil olunmuş folklor festivalında iştirak etmək deyilsə - folklorun izinə də rast gələ bilməzsiniz.

Sizcə Avropa folklordan arınmaqla, folkloru etnoqrafiya muzeylərinə həbs etməklə nəsə itiribmi?

Bizim də folklora münasibətimiz avropasayaq olsa, nəsə itirəcəyikmi? Əmin ola bilərsiniz ki, heç nə. Folklorun dominanta çevrilməsini istəmək Avropada kimsənin ağlına gəlməz. İstərdim sizin də ağlınıza gəlməsin.

Yazıçı həmkarım kimi, mətnlərimi tənqid etməyə haqqınız var. Lakin mənim üçün əsas olan, yazdığım əsərlərə oxucu münasibətidir. Bu münasibət isə göz qabağındadır - ötən ilin noyabr ayının 27-dən bu günə kimi kitab mağazalarında Amneziya romanını tapmaq müşkül məsələyə çevrilib.

Kitabsevərlər arasında Amneziya ajiotajı yaşanır. Mətbəə Amneziya romanını mağazalara çatdıra bilmir. İkinci nəşr məsələsi gündəmdədir.

Fürsətdən istifadə edib, dəyərli oxucularıma da dərin minnətdarlıq edirəm.

Demokrat qəzeti

Həmçinin oxu
Интервью с писателем Алекпером Алиевым

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG