Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 10:28

İnsan alveri qurbanlarının 27 faizi uşaqlardır


Foto: Arxiv
Foto: Arxiv
-
Küçədə şüşə silən, dilənən, təkər qaraldan az yaşlı uşaqlar... Onların bəzilərini - beynəlxalq qanunvericilik insan alveri qurbanları sayır. Təbii ki, bu işə ata-anaları, ya da başqa yaşlılar-yetkinlər məcbur edirlərsə... Uşaqların işləməyə məcbur edilib-edilməməsini araşdırmaq hüquq-mühafizə orqanlarının birbaşa vəzifəsidir. Amma bir təzad var: Məcburiyyət üzə çıxarsa, bənzər əməllərə yol verənlər, buna şərait yaradanlar Cinayət Məcəlləsinə görə deyil, İnzibati Xətalar Məcəlləsinə görə məsuliyyət daşıyırlar.

«AZƏRBAYCANDA POTENSİAL UŞAQ ALVERİ QURBANLARI...»

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin fikrincə, yerli və beynəlxalq qanundakı bu fərq özünü uşaq alveri qurbanlarının sayında da göstərir -- yəni rəsmi statistikada:

«Üzə çıxardığımız faktlar azyaşlıların fahişəliyə cəlb olunması, qanunsuz əmək, xüsusən, ailələrin uşaqlarını dilənçiliyə öyrətməsidir. Bu hallar niyə rəsmi statistikada öz əksini tapmır? Məsələn, qanunsuz əmək, uşaqların dilənçiliyə sövq edilməsi insan alveri sayılmır. Ölkə qanunvericiliyinə görə, uşaqlar yalnız xarici ölkəyə çıxarılıb, orada güclə işlədiləndə insan alveri qurbanı sayılırlar».

Kəmalə Ağazadə bildirir ki, körpələr evindən çıxan, qanundankənar doğulan, küçədə yaşayan uşaqlar potensial insan alveri qurbanlarıdır. Onun fikrincə, belə uşaqlar Azərbaycanda yetərsiz dövlət qayğısı gördüyü üçün asanlıqla alver qurbanına çevrilə bilərlər.

«İNSAN ALVERİ QURBANI KİMDİR?»

İnsan alveri -- güc işlətmə və ya güc işlədiləcəyi ilə hədələmə, məcburiyyət, oğurlama, aldatma, köməksizlikdən sui-istifadə yolu ilə insanların istismar edilməsidir. Başqa sözlə, uşaqlara cinsi təcavüzdən, onları zorla işlətməkdən, hətta onların bədən orqanlarını satmaqdan söhbət gedir.

Orxan Mansurzadə
Orxan Mansurzadə
Birləşmiş Millətlər Təşkilatının Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı konvensiyasında güc işlətmə, məcburetmə, aldatma kimi vasitələrlə maddi, ya da digər çıxarlar güdməklə istismar insan alveri sayılır.

39 QURBANDAN BİRİ UŞAQDIR...

Daxili İşlər Nazirliyi 2012-ci ilin ilk 10 ayında Azərbaycanda 85 insan alveri halı aşkarlayıb. 53 nəfər qurban müəyyənləşdirilib ki, onlardan bir nəfəri azyaşlıdır. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Orxan Mansurzadə deyir ki, bu halda uşağın qanunsuz satılmasından söhbət gedir. O, əlavə edir ki, 2011-ci ildə də yalnız bir uşaq insan alveri qurbanı sayılıb:

«Son iki ilin statistikası Azərbaycanda hər il cəmi bir azyaşlının insan alveri qurbanı olmasını göstərir. Ümumilikdə statistikaya görə, ölkədə insan alveri qurbanlarının aşkarlanma əmsalı artıb. Bu, daxili işlər orqanlarının, xüsusən, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin belə hallara qarşı ciddi mübarizəsinin nəticəsi kimi də qiymətləndirilə bilər».

DÜNYADA QURBAN UŞAQLARIN SAYI ARTIR...

BMT-nin 2012-ci il üçün Qlobal İnsan Alveri hesabatında bildirilir ki, 2007-2010-cu illərdə dünyada aşkarlanan insan alveri qurbanlarının hər 100 nəfərindən 27-si uşaqlardır. 2003-2006-cı illərdə söhbət 20 uşaqdan gedirdi. Hesabatı BMT-nin Narkotik Maddələr və Cinayətkarlıq İdarəsi hazırlayıb.

BMT bildirir ki, narahatlıq yaradan məqam qurbanlar arasında qızların sayca artımıdır. Onlar uşaq qurbanlarının üçdə ikisi, ümumi qurbanların təxminən beşdə biridir. Ümumi qurbanların 10 faizi oğlan uşaqlarıdır.

Müzəffər Baxışov
Müzəffər Baxışov
Hesabat 132 ölkənin rəsmi faktları əsasında hazırlanıb.

ÖLKƏDAXİLİ CİNAYƏT NƏ VAXT İNSAN ALVERİ SAYILACAQ?

Vəkil Müzəffər Baxışovun fikrincə, BMT-nin bu hesabatında Azərbaycanla bağlı məlumatlar reallığı əks etdirmir. Əsas səbəb -- beynəlxalq və yerli qanunlardakı fərqlərdir:

«Azərbaycanda insan alveri cinayəti kateqoriyasına daxil olan əməllər yalnız ölkə hüdudlarından kənar baş verdikdə insan alveri cinayəti hesab olunur. Qanunlardakı bu ziddiyyətli məqamlar ciddi problemlər yaradır. Görünür, problemlər aktuallaşandan sonra bu məsələyə diqqət yetiriləcək və «insan alveri cinayəti» anlayışına dəyişiklik ediləcək».

Müzəffər Baxışov deyir ki, müxtəlif yerli və beynəlxalq tədbirlərdə yerli qanuna dəyişiklik edilməsi ilə bağlı təkliflər verilib. Hələlik, bu təkliflərin nə vaxt reallığa çevriləcəyi gün məlum deyil.
XS
SM
MD
LG