Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:13

Bakılı «Qavroş»lar...


14 yaşlı Nazim
- Məni çox aparıblar, polis də düşdü dalımca, yıxıldım əlim qırıldı.

- Nə vaxt qırılıb əlin?

- Üç gün əvvəl.

- Adın nədir?

- Bəkirov Nazim Adil oğlu.

- Neçə yaşın var?

- 14

Qırılmış qolunu çirkli əski parçası ilə boynuna bağlayan 14 yaşlı Nazimlə İqtisad Universitetinin qarşısında rastlaşdım. Soyuqdan büzüşmüş halda, cırıq gödəkcəsindən bədəni görünən əlində tütək, qarşısında da balaca bir qutu var idi. Adamların yaxınlaşdığını görüb tez nə isə çalmağa çalışırdı ki, keçənlər qutuya pul atsınlar.

Səhər tezdən iş başında olsa da, qutuda cəmi 30 qəpik var idi. İki dostu isə bir qədər kənarda oturub ona nəzarət edirmiş kimi söhbət edirdilər. Harda qaldıqlarını, necə yaşadıqlarını və nə yeyib-içdiklərini bilmək üçün onlarla qaldıqları ünvana yollandım.

PARILTININ İKİ ADDIMLIĞINDA UŞAQLARIN ZÜLMƏT DÜNYASI

Təxminən 300-400 metr yol gedəndən sonra «Fəvvarələr» meydanının iki addımlığında, Natəvan küçəsində, Milli Təhlükəsizlik Nazirliyinin Səbail rayon şöbəsi ilə üzbəüz uçub-dağılmış binanın zirzəmisində uşaqlar qapını açıb məni içəri dəvət etdilər. Qaranlıq, üfunətli, nəm torpaq üzərinə salınmış bir-iki yorğan-döşək, divardan asılmış paltarlar, bir də otağın ortasında stolu əvəz edən iri bir karton yeşik.

Dörd-beş uşağın hamısının var-dövləti bu gördüklərimdən ibarət idi. Biz qaranlıq otağa girəndə məlum oldu ki, uşaqlar tək deyillər, burda bir nəfər də var. Bu, Bərdə rayonundan olduğunu bildirən 28 yaşlı Vüqar Kərimovdur. Dediyinə görə, 2006-cı ildən küçələrdə yaşayır. Burdakı uşaqlarla da xeyli vaxtdır
Vüqar Kərimov
dostlaşıb:

- Nə vaxtdan burda qalırsız?

- Çoxdan qalıram.

- Necə qalırsız burda, soyuq deyilmi sizə, nə yeyirsiz, nə içirsiz?

- Tanış uşaqlar var, onlar pul verir, bir də bu uşaqların (onunla bir yerdə qalan balaca uşaqları göstərir) Allah canını sağ eləsin, gedirlər işləyirlər, çörək alırlar, bir yerdə yeyirik.

Zirzəmidə görüşdüyüm uşaqların hamısı səhhətindən şikayətlənir, «görəsən bizi pulsuz müalicə edərlərmi?» sualını verirdilər. Balaca Nazimin dediyinə görə, qolunun sızıltısından gecələr normal yata bilmir.

BU DƏFƏ POLİSİNKİ GƏTİRMƏDİ

Onu da deyim ki, mən uşaqlarla birgə onların Natəvan küçəsindəki sığınacağına gedəndə Səbail polislərindən biri, serjant Mais Əliyev uşaqlardan birini tutub aparmaq istədi. Jurnalist olduğumu bildirib həmin uşaqlarla bağlı reportaj hazırlamaq istədiyimi deyəndə fikrindən daşındı. Amma o, sona qədər bizi müşayiət etdi. Hətta uşaqların aparılması üçün bölmədən kömək də istədi.

Mais Əliyevin dediyinə görə, onlar indiyə qədər həmin uşaqları dəfələrlə Xətai rayonundakı müvəqqəti saxlanma məntəqəsinə aparıblar, amma buraxılan kimi onlar yenə «doğma» ocaqlarına dönüblər:

Uçub-dağılmış binanın zirzəmisində uşaqlar qapını açıb məni içəri dəvət etdilər
«Yüz dəfələrlə aparmışıq Xətaidəki müvəqqəti saxlanma yerinə. Orda da bir-iki saat saxlayandan sonra buraxırlar, yenidən gəlirlər bura. Hər gün burdan onları qovuruq. Bax indi də aparacağıq Xətaidəki məntəqəyə. Artıq mən demişəm, maşın gəlir».

«POLİSLƏR BİZİ HƏM DÖYÜR, HƏM DƏ PULUMUZU ƏLİMİZDƏN ALIRLAR»

Uşaqlar polis tərəfindən tez-tez zorakılığa məruz qaldıqlarını da iddia etdilər. Elə polisin yanında uşaqlar bildirdilər ki, dilənib yığdıqları pulların çoxunu da polislər əllərindən alır:

«Bizi tutanda döyürlər. Polislər pullarımızı alırlar».

POLİS SERJANTI: CƏFƏNGİYYATDIR, UŞAQLAR ADAMLARIN ƏLİNDƏN DÖNƏR OĞURLAYIRLAR

Serjant Mais Əliyev isə deyilənlərin yalan olduğunu bildirdi. O, əksinə uşaqları oğurluqda, adamlara hücum edib pullarını əllərindən almaqda ittiham etdi:

«Deyilənlərin hamısı cəfəngiyyatdır. Xarici vətəndaşlara, qadınlara hücum edir, onların pullarını əllərindən alırlar. Elə olub ki, adamlar dönər yeyərkən onların əlindən dönərlərini alıb qaçıblar. Polislər buna imkan vermir, ona görə də belə sözlər demələri təbiidir. Onlar kimdir ki, polislər onlardan pul istəsinlər».

Polis serjantı Bakıda belə uşaqların az olmadığını deyir.

UŞAQLARI KÜÇƏLƏRƏ SALAN NƏDİR?

Paytaxtda küçədə yaşayan uşaqların son vaxtlar çoxalmasını Azərbaycan Uşaqlar Birliyinin nəzdindəki Küçə Uşaqlarının Reinteqrasiya Mərkəzi də təsdiqləyir. Mərkəzin rəhbəri Kəmalə Ağazadə uşaqların küçələrə üz tutmasının ən ciddi səbəbini ailədaxili münaqişələrdə görür.
Polisin məntəqəyə təhvil verdiyi uşaqlar bir-iki saatdan artıq saxlanıla bilmir
Onun deməsinə görə, uşaqlar ailədə zorakılıq görür və ailələrdəki sosial problemlər uşaqlarda öz əksini tapır:

- Ona görə, küçələrdə uşaqlara çox rast gəlirik.

Kəmalə Ağazadəyə görə, uşaqların inzibati xəta törədənlərin saxlandığı məntəqələrə aparılması da qanun pozuntusudur. O hesab edir ki, elə bu səbəbdən də polisin həmin məntəqəyə təhvil verdiyi uşaqlar bir-iki saatdan artıq saxlanıla bilmir.

ZORAKILIQ ONLAR ÜÇÜN ADI BİR HALA ÇEVRİLİB

Mərkəz rəhbərinə görə, cəmiyyətdə küçə uşaqlarına qarşı bir qınaq var, bu sahədə maarifləndirmə işi çox zəifdir:

«Heç kim məsələnin kökü ilə maraqlanmır ki, səbəb nədir ki, uşaq küçəyə düşüb. Küçədədir vəssalam, cəzalandırmaq lazımdır. Uşaqlar o qədər zorakılığa məruz qalırlar ki, zorakılıq onlar üçün adi bir hala çevrilib».

Kəmalə Ağazadə bildirir ki, ölkədə uşaqlarla bağlı müxtəlif bərpa mərkəzləri olsa da, küçə uşaqlarına sığınacaq verən yeganə yer onların mərkəzində fəaliyyət göstərir. Kəmalə Ağazadənin deməsinə görə, hazırda mərkəzdə ailədaxili münaqişəyə görə küçəyə atılmış üç uşaq saxlanılır.

DÖVLƏT KOMİTƏSİ BU SAHƏDƏ İŞ APARILDIĞINI BİLDİRİR

2010-cu ildən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Daxili İşlər Nazirliyi və UNİSEF-lə birgə küçə uşaqları
Bu dəfə həmin ünvanda heç kimi tapmadım. Otaqda divarda asılmış paltarlardan başqa heç bir şey yox idi
ilə bağlı layihə həyata keçirir. Komitənin sektor müdiri Vəsilə Mövsümovanın dediyinə görə, əsas məqsəd küçə uşaqlarının aşkarlanması və onların hansı səbəbdən küçələrə düşməsini araşdırmaqdır. Sektor müdiri də hesab edir ki, uşaqların küçələrə düşməsinin ən ciddi səbəbi ailədaxili münaqişələrdir:

«Qadın başqasına ərə gedir, ata başqası ilə evlənir. Uşaqlar nənə-baba ilə qalır onlar da öləndən sonra kimsəsizlik, yiyəsizlik ucbatından küçələrə düşür».

Vəsilə Mövsümova deyir ki, küçə uşaqları ilə bağlı məlumatlar ümumi olduğundan və tez-tez dəyişdiyindən statistika aparmaq mümkün deyil.

Aşkarlanan uşaqlarla bağlı görülən işlərə gəldikdə, sektor müdiri deyir ki, əgər uşaqlar kimsəsizdirsə, onlar uşaq evlərinə verilir, ailədən qaçan uşaqlar isə geri qaytarılır. Amma Vəsilə Mövsümovanın sözlərinə görə, ailələrdəki uşaqlarla bağlı həmişə ciddi problemlər olur. Yəni ailəyə qaytarılan uşaq yenidən müxtəlif səbəblər üzündən küçələrə düşür.

TƏKRAR BAŞ TUTMAYAN GÖRÜŞ


Günün sonunda bir də zirzəmidə yaşayan uşaqlarla görüşmək istədim. Amma bu dəfə həmin ünvanda heç kimi tapmadım. Otaqda divarda asılmış paltarlardan başqa heç bir şey yox idi. Yatdıqları nəm yorğan-döşək isə yığışdırılıb yaxınlıqdakı zibilliyə atılmışdı. Qonşuların dediyinə görə, lap səhər tezdən həmin uşaqları polislər maşına mindirərək aparıblar. Hara aparıblar, bu suala heç kimdən cavab ala bilmədim...
XS
SM
MD
LG