Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:29

Babək Yusifoğlu. O bir sübh çağı ölümü seçdi...


Babək Yusifoğlu
Babək Yusifoğlu
-
...Şahidlər 23 iyul gecəsi səhərədək onun otağından işığın gəldiyini deyirlər. Həqiqətən də sabahı yapon nəsrinin klassiki Akutagawa-nı yazı masasının arxasında ölmüş görmüşdülər. Və nə həmin vaxt, nə də sonralar onun intiharının səbəbi bilinmədi...


BABƏK YUSİFOĞLU


O, BİR SÜBH ÇAĞI ÖLÜMÜ SEÇDİ...


Adını unutduğum bir mütəfəkkirin çox-çox bundan əvvəl belə bir fikrini oxumuşdum:

"İnkişafın müəllimi ziddiyyətdir. Daxilində ziddiyyət olanlar dahiliyə yüksələ bilər".

O dövrlərdə bu iddiaya haqq qazandırmışdım. Ona görə yox ki, məhz bu sıraya misal ola biləcək dahi insanlardan tanıdıqlarım vardı. Xeyr. Heç fəlsəfədə "Əksliklərin vəhdədi qanunu"nun da məndə belə fikrin yaranmasına təsiri yox idi.

Sadəcə düşünürdüm ki, mübarizə, müsabiqə olmayan mühitdə hərəkətlilikdən çox sabitlik hökm sürər.

Amma sonradan belə qərara gəldim ki, zirvəyə yüksəlməyin, dahi olmağın əslində heç bir düsturu, heç bir qaydası yoxdur. Bunlar, sadəcə, Tanrının münasib bildiyi bəndəsinə verdiyi istedaddır, vəssalam.

Əgər belə olmasaydı daxilində ziddiyyətlər olan hər bir ağıllı şəxs dahiyə çevrilərdi. Əslində dahi anlayışının özü də konkret bir mahiyyəti özündə ehtiva etmir. Bunun üçün heç bir norma və dərəcə müəyyən edilməyib. Sadəcə söhbət fitri istedaddan gedir.

Amma etiraf etmək lazımdır ki, belə fitri istedada malik insanların xarakterindəki ziddiyyətlər onların öz şəxsi həyatlarını digərlərininkindən həmişə fərqləndirib. Onlar başqaları kimi həyat tərzi sürdürə bilməyiblər, onlar başqalarının problemlərinə bənzəməyən fərqli çətinliklər, fərqli əzablar yaşayıblar.

Böyük fransız mütəfəkkiri Jan Jak Russonun məşhur etirafları, Stefan Sveyqin həyat fəlsəfəsi... eləcə də bir sıra məşhurların həyat haqqında mühakimələri haqda düşünəndə heyrətlənməyə bilmirsən. Amma həm də əmin olursan ki, elə istedadın özündə normala uyğun gəlməyən nədənlər vardır.

O da hamı kimi həyatı sevmişdi, amma sən demə, elə ölmü də o qədər sevirmiş. Bu qəribə əkslik olmasaydı həyatını yarıda üç nöqtələrlə nöqtələməzdi...

Söhbət yapon nəsrinin böyüklərindən hesab edilən məşhur yazıçı RİUNOSKE AKUTAQAVAdan gedir.

O, BƏNZƏRSİZ ADAM İDİ...

O nə yazmışdı? Əsərlərini hansı səviyyədə yazmışdı? Bunu özü də sağlığında dəqiq bilməmişdi. Çünki bilsəydi belə deməzdi:

"Mən gələcəkdə məşhurluq qazanacağımı gözləmirəm. Oxucuların fikirləri (!) daim hədəfdən kənara yönəlir... Xüsusilə də mənim kimi adi ədəbiyyatçı...

Hərdən özüm üçün təsəvvür edirəm ki, on beş, iyirmi, lap elə yüz il sonra mənim mövcudluğum haqqında artıq heç kim bilməyəcək. Bax, həmin vaxt Kandakı (Tokioda həmin dövrlərdə kitab mağazalarının yerləşdiyi rayon) bukinistin bir küncündə toz içində dəfn olan əsərlərim hey əbəs yerə oxucusunu gözləyəcək..."


Qəribə idi, fitri istedada sahib olmasına baxmayaraq nasir Riunoske Akutaqava ölümündən sonra bir yazıçı taleyini məhz belə görürdü. Özünütənqidin parlaq nümunəsiydi...

Əslində isə o, yaradıcı şəxs kimi insan psixoloqu olsa da, hətta bəzən peyğəmbərcəsinə çox şeyi görməyi bacarsa da, bu mülahizələrində böyük səhvə yol vermişdi.

Ryunosuke Akutagawa
Ryunosuke Akutagawa
Çünki Akutaqava bu həyatla vidalaşandan sonra nəinki 10, 20, elə təxminən yüz il keçəndən sonra da, yəni bu gün də oxunur, sevilir, xatırlanır. Onun adı hazırda bir çox xalqların "Dünya ədəbiyyatı" kitabxanalarının baş tərəfində yazılır. Niyə? Səbəbləri çoxdur...

RİUNOSKE – ƏJDAHA

O, 1892-ci ildə martın 1-də səhər tezdən dünyaya gözlərini açanda bu, qədim Şərq təqviminə görə Əjdaha ili olduğundan adını Riunoske qoydular. Çünki "Riu"nun heroqlifi əjdaha mənasını verirdi.

Bu adı ona verənlər arzu etmişdilər ki, bu körpə həyatında əjdaha kimi güclü, əjdaha kimi möhtəşəm olsun.

Əlbəttə, bu, sadəcə, bir arzu idi. Amma bunların biri özünü doğrultdu, təəssüf ki, digəri yox. Riunoske Akutaqava yaradıcılıqda əjdaha kimi möhtəşəm oldu, lakin insan kimi güclü ola bilmədi... Bu haqda isə indi yox, sonda bəhs edəcəyəm...

"Əjdaha körpə" ilk zərbələri elə həyatının başlanğıcında almağa başladı. Sarsıdıcı, uzun sürən zərbələri...

Riunoskenin heç bir yaşı tamam olmamış anası psixi xəstəliyə məruz qaldığından onu həmin dövrün qanunları və hökm sürən ənənələrinə uyğun olaraq (Riunoske doğulanda atasının 42, ansınınsa 30 yaşı vardı. Qədim yapon adətinə görə, dünyaya gələn körpənin valideynlərinin yaşının 30-dan yuxarı olması yaxşı əlamət sayılmırdı) nəslin sonsuz ailəsinə - ansının böyük qardaşı Akutaqava Mitiakiyə övladlığa verdilər.

Beləliklə, balaca Riunoske doğma valideyn qayğısından məhrum oldu.

Xüsusilə, anasının xəstəliyi, sonrasa ölümü onun uşaq qəlbində çox dərin izlər buraxdı. Bu ağrılar elə dərinlikdə idi ki, o, Akutaqavanı bütün həyatı boyu sakit buraxmadı. Onun üçün cavabını tapa bilməyəcəyi suallar buraxdı.

YENİ AİLƏDƏ VƏ ...

Amma yeni ailəyə rəğmən Riunoskeni o qədər də şanssız hesab etmək olmazdı. Belə ki, Tokio prefekturasının inşaat rəisi işləyən Mitiaki maddi cəhətdən imkanlı şəxs olmaqla yanaşı, həm də çox savadlı, yapon mədəniyyətini gözəl bilən adam idı.

O, oğulluğa götürdüyü Riunoskenin Ni-ixara familyasını dəyişib ona öz Akutaqava soyadını verməklə yanaşı onda elmə, yapon-Çin klassikasına sevgi aşılamağı bacardı.

Uşağa yaxşı təhsil verdi. Bəlkə də elə evdəki bu mühitdən idi, Akutaqava məktəbdə əla oxuyur, elmlərə səylə yiyələnməyə çalışırdı.

Lakin bunların sırasında onun ən çox sevdiyi - ədəbiyyat idi. Bu sevgi onda o qədər böyüdü ki, 11 yaşındaykən məktəblərində əl yazısı ilə jurnal da buraxdı. 14 yaşında isə Riunoske artıq A. Fransı, H. İbseni və digər Avropa nəhənglərini oxumağa başlamışdı.

Tokio bələdiyyəsinin orta məktəbini əla bitirən şagirdlər sırasında olan Akutaqava 1910-cu ildə Birinci kollecin ədəbiyyat şöbəsinə daxil olaraq orada ingilis ədəbiyyatını öyrənməyə başladı.

Lakin təhsilini davam etdirmək istəyən gənc 1913-cü ildə Tokio imperator universitetinin filologiya fakültəsinə daxil olur.

Qeyd edim ki, məhz onun kurs yoldaşlarının bir neçəsi də gələcəkdə Yaponiyanın tanınmış yazıçılarına çevriləcəkdilər: Kume Masao, Kikuti Xirosi, Yamamoto Yudzi... və başqaları. Lakin elə uşaqlıqdan da qəribə xarakterə malik olan Riunoske universitetdə dinlədiyi mühazirələrin yeknəsəqliyini görüb bundan bezdi. Və artıq dərslərdə oturmaq istəmirdi.
İndi onu başqa məşğuliyyət daha çox maraqlandırırdı. O, yazmağa can atırdı.

NƏSRİN YENİ İSTEDADI

O dövrdə yaradıcı gənclər arasında daha çox maraq kəsb edən jurnallardan biri "Sinsitye" ilə əməkdaşlıq etməyə girişdi. Söyləyim ki, elə ilk hekayələri məhz həmin dərgidə də dərc edildi. Əslində universitet dostları, digər yaradıcı gənclər də bu jurnala cəm olmuşdular. Hətta çox keçmədi ki, onların yaratdığı ədəbi qrup öz yaradıcılıq üslubları ilə "neorealizm"çilik yaradaraq eyni zamanda yeni bir ədəbi "antinaturalistlər" hərəkatında birləşdilər. Və naturalizm ədəbi məktəbin üzvlərini qızğın tənqid etməyə başladılar.

Onun yaradıcılığını tədqiq edənlərə görə, Akutaqava ədəbi yaradıcılığa 1915-ci ildən başlayıb. Həqiqətən də həmin illər çap edilən "Rasyemon qapısı""Burun" hekayələri çox maraqla qarşılandı və bu yazılar ədəbiyyata artıq yeni istedadın gəlişindən xəbər verirdi. Artıq Riunoskenin oxucuları da meydana gəlmişdi.

Lakin bu heç də o demək deyildi ki, Akutaqava üçün maneəsiz yaradıcılıq yolu açılmışdı. Xeyr. Həmin illərin bir sıra tənqidçiləri onun əsərlərinə başqa cür qiymət verirdilər. Onlar belə deyirdilər ki, həmin hekayələr yazıçılığa başlayan bu gəncin sevgi depressiyalarından yaranan duyğulardan başqa bir şey deyil.

Amma gənc bunlarla barışa bilmirdi. O, sevdiyi, müəllimi hesab etdiyi və parlaq yaradıcılığı ilə ötən əsrin başlanğıcındakı dövrə möhürünü vuran məşhur yapon yazıçısı Natsume Sosekinin yanına - ədəbi məclisinə gəlməyə qərar verdi.

Bu həmin Natsume Soseki idi ki, yapon və Avropa poetikasını birləşdirən və böyük mənada ədəbi realizmə nail olmağı bacaran çox nadir yazıçılardan biriydi.

Və onların söhbətləri baş tutdu. Yəqin ki, Natsume artıq Riunoske Akutaqavanın qeyri-adi istedadını hiss etmişdi. Həqiqətən də belə idi.

soldan ikinci Akutaqava
soldan ikinci Akutaqava
1916-cı ildə Akutaqava, nəhayət, universiteti bitirdi və bundan sonra hərbi-dəniz məktəbində ingilis dilindən müəllimliyə başladı. Və eyni zamanda yaradıcılığını davam etdirdi.

Ciddi şəkildə qələmə əl atan gənc yazıçı həmin dövrdə "Xyettoko maskası", "Burun dəsmalı", "Tənbəki və şeytan", "Ata", "Noromanın gəlincikləri", "Meymun", "Ölümsüz müdrik" və bir çox gözəl hekayələrini yazaraq aydan-aya, hekayədən-hekayəyə oxucuların diqqətini qazandı.

Amma onun müəllimlik karyerasının parlaq şəkildə davam etdiyini söyləmək mümkün deyil. Çünki o özünü əsl pedaqoq kimi görə bilmirdi.

Bunu Riunoskenin çox yaxın münasibətlərdə olduğu qıza göndərdiyi məktubda da görmək mümkündü. O, sonradan ailə quracağı həmin xanıma yazmışdı:

"Şagirdlərin üzünü görmək kifayət edir ki, məni ağır sıxıntı bürüsün. Bu zaman artıq bir şey etmək mümkün deyil. Lakin qarşımda kağız, kitab, qələm və yaxşı tənbəki görən kimi tez özümə gəlirəm".

Əslində, həmin dövrləri onun yaradıcılığının ən məhsuldar mərhələsi də hesab etmək olar. Baxmayaraq ki, məhz həmin vaxt Riunoske artıq evlənmişdi də. Tədqiqatlar göstərir ki, o, doqquz ay ərzində 20 novella, bir sıra esselər və çoxlu sayda məqalələr yazmışdı.

Riunoske iş yerini dəyişmək üçün də çox çalışırdı. Bundan ötrü yaxın dostlarına da müraciət eləmişdi. O vaxt istəyirdi ki, Keyo universitetinə müəllim düzəlsin. Hətta ona işə düzələcəyi ilə əlaqədar ümid də vermişdilər. Lakin məmurlarla aparılan uzun sürən danışıqlar bitmək bilmirdi. Və məsələ uzandıqca uzanırdı. Bəlkə də bu, yaradıcı bir adam üçün taleyin bir qisməti idi. Belə ki, elə həmin ərəfədə Akutaqava üçün başqa bir şans yarandı. O, "Osaka mayniti simbun" qəzetində xüsusi müxbir işləmək təklifini tərəddüdsüz qəbul etdi.

Riunoske burada həvəslə çalışırdı. Həmin vaxtlar artıq adını tanıdan bir neçə əsərə də artıq öz imzasını həkk edə bilmişdi. O, "Cəhənnəm əzabı", "Xristianın ölümü", "Cadugər qarı", "Mandarinlər", "Yolda", "Payız", "Bal", "Magiyanın möcüzəsi", "Kölgə", "Ox", "Qadın", "Qara paltarlı Madonna", "Atılmış uşaq", "Bir intiqam haqda hekayət", "Ana", "General" və onlarla digər dəyərli nəsr nümunələri yaratdı.

ÇİNƏ SƏYAHƏT VƏ...

Lakin bir müddət sonra, yəni 1921-ci ildə rəhbərlik onu dörd ay müddətinə Çinə göndərdi. Əslində lap başlanğıcda bu səyahətə məmnun idi, düşünürdü ki, yaşam şəraitinin dəyişməsi son dövrlər pozulmuş ruhi tarazlığının düzəlməsinə təsir göstərər.

Lakin o, səhv eləmişdi. Çünki Çin səyahəti həm əlavə psixoloji gərginlikdən, həm də fiziki yorğunluqdan, əsəbilikdən, yuxusuzluqdan savayı ona heç nə vermədi.

Amma qəribə idi, bütün bunlara rəğmən çox qısa dövrdən sonra Akutaqavanın ərsəyə gətirdiyi hekayələr, povestlər, esselər onun yaradıcılığının ən dəyərli əsərləri sırasına yazıldı. Ardınca qələmə aldığı "Genaral", "Bağ", "Müqəddəs", "Balıq bazarı" və s. əsərləri ona məşhurluq gətirdi.

Akutaqavanı yapon nəsrində, eləcə də şərq ədəbiyyatında novatorluğuna görə öz həmkarlarından fərqləndirmək mümkündü.

Yazıçı bir sıra əsərlərində uzaq keçmişlə yaşadığı dövrü, eləcə də gələcəklə bağlı elementləri elə üslubda yaxınlaşdıraraq sintezini təqdim edə bilirdi ki, oxucu onları son dərəcə maraqla qarşılayırdı.

Akutaqava cəmiyyətdəki naqislikləri, insan psixologiyasındakı nifrəti və sevgini özünəməxsus orijinallıqla təsvir etmək bacarığına malik idi.

Təbii ki, bu böyük yapon yazıçısının daxili ziddiyyətləri onun yaradıcılığından da yan keçməmişdi.

Lakin qeyd edim ki, bu ziddiyyətlərin özü də oxucunu yormur, mən deyərdim ki, yazıçının bədii üslubuna bənzərsiz elementlər gətirirdi.

AKUTAQAVA ALOGİZMİ...

Akutaqavanın 1918-ci ildə bədii cəhətdən böyük ədəbi ustalıqla qələmə aldığı "Cəhənnəm əzabı" əsəri yalnız bir neçə ildən sonra qəzet səhifələrində - "Odaka mayniti"də dərc edildi və o dövrün ədəbi mühitində böyük səs-küy yaratdı. Haqqında çox danışılan bu əsər barəsində çox sonralar mütəxəssislər etiraf edirdilər ki, bu qəribə yazıçı "Cəhənnəm əzabı"nda məhz öz gələcək taleyindən xəbər verib.

Ryunosuke Akutagawa
Ryunosuke Akutagawa
Bu, təəccüblü də olsa belə görünürdü. Ümumiyyətlə, onun bir sıra hekayələrində bu cür öncəgörmə elementlərinə rast gəlmək mümkündü.

Amma məsuliyyətlə deyə bilərəm ki, bu cür elementlərin heç birinin onun gənc yaşlarından yapon ədəbiyyatında ustad adına sahiblənməsində rol oynamayıb.

Bu adı Riunoske Akutaqavaya sadəcə qeyri-adi istedadı, bədii üslubu... qazandırıb. Bu həqiqətən də belə idi.

Akutaqavanın bir sıra əsərlərini tərcümə edən məşhur rus tənqidçisi və tərcüməçisi Arkadi Struqatskiy yazıçının valeh olduğu bir sıra hekayələri haqıqnda belə yazmışdı:

"Bu hekayələr heyrətamiz bədii dəyəri olan əsərlərdi. Onun tərəfindən açıq alogizmin (məntiqsizliyi) ən yüksək bədii səviyyəyə qaldırılması ədəbiyyatda tamamilə nadir hadisədir".

Bəli, Akutaqavanın fitri istedadı ona imkan verirdi ki, daxilindəki ziddiyyətlərə ən üst səviyyədə bədii don geydirə bilsin. Və tədqiqatçılara görə, onun yazıçı, yaradıcı şəxsiyyət kimi ziddiyyəti təkcə bununla bitmirdi.

Bu, onun məişətində, həyat tərzində, düşüncələrində, naşirlərlə qonorar mübahisələrində, eyni zamanda qeyri-adi laqeydliyində də özünü çılpaq şəkildə göstərirdi. Və onları sadalamaqla bitirmək mümkün deyil.

QƏRİBƏLİKLƏRLƏ DOLU HƏYAT

Fransız və dünya ədəbiyyatının klassiki hesab edilən məşhur tənqidçi, nasir, şair Şarl Pyer Bodlerin yaradıcılığını yüksək qiymətləndirən Akutaqava daxilindəki narahatlıqlar baxımından onunla özü arasında müəyyən oxşarlıqlar görürdü.

İnsanlardan, onların daxili aləmlərindən dönə-dönə bəhs edən, insan istedadının böyüklüyündən danışan Riunoske deyirdi:

"İnsan həyatı Bodlerin bir sətrinə belə dəyməz".

Akutaqavanın şəxsi həyatında da hər kəsi heyrət içərisində buraxacaq məqamlar çox idi. Doğmalarına, anasının ruhuna, hətta övladlarına qarşı ziddiyyətli münasibətlər hamını çaşdıra bilirdi. O, yazıları ilə cəmiyyətdəki eybəcərliklərə qarşı çıxsa da həyatda heç nə ilə mübarizə aparmağı düşünmür, heç bir ictimai proseslərə qoşulmur, hətta öz doğma övladlarının tərbiyəsi, onların hansı ruhda böyüməsi ilə qətiyyən maraqlanmırdı.

Anasının ölümü onu uzun müddət daxilən incitsə də, Akutaqava 1923-cü ildə Tokio da daxil olmaqla Yaponiyanın beş perefekturasını altını-üstünə çevirən qorxunc zəlzələni belə diqqətə almamışdı. Bu böyük qələm adamı yalnız yazırdı, yorulmadan, dəlicəsinə yazırdı. Və malik olduğu parlaq istedad tükənmək bilmirdı.

Elə bu məziyyətlərinə görə idi ki, onu uzun illər yapon ədəbiyyatında tutduğu birincilikdən salmaq heç kimə müəssər olmadı.

Akutaqava yaradıcılığı haqqında çox qısaca belə demək olar: novellalar, hekayələr, pyeslər, povestlər, şeirlər... Fantastik və real, tarixi və müasir bədii əsərlərin sadə təhkiyəsi və təkmilləşmiş üslub...

Əsasən 1923-cü ildən başlayaraq əsərləri kitablar, cildlər şəklində bir-birinin ardınca çıxırdı və çox qısa zamanda satılırdı da. Hətta 1925-ci ildə Yaponiyada Akutaqavanın kitablarından ibarət çoxcildli "Müasir yaradıcılıq toplusu" seriyası açıldı.

Artıq belə demək mümkünsə, onun şöhrətinin hədsiz-hüdudsuz dövrü başlamışdı. Oxucular onun əsərlərini, kitablarını səbirsizliklə gözləməkdəydilər. Heç o da qələminə fasilə vermək niyyətində deyildi. Amma...

SƏHHƏTİNDƏKİ PROBLEMLƏR…

Amma həmin dövrlərdə Akutaqavanın səhhətində problemlər özünü göstərməyə başlamışdı. Belə ki, həyat enerjisi sanki getdikcə onu tərk edirdi.

Gərgin işləməsi, həyatda keçirdiyi mənəvi-psixoloji streslər və bir qədər də anasından ona miras qalmış qeyri-stabil psixi durum vəziyyətini daha da təhlükəli edirdi.

Gecələr onu qara basır, həyatdan çox-çox əvvələr köçmüş bacısı ərinin, eləcə də başqalarının qorxunc kabusları onu boğurdu.

Və belə psixoloji durum günlərlə davam edir, getdikcə daha da kəskinləşirdi. Amma demək olmaz ki, o, həyatının bu mərhələsində yaradıcılığı bir kənara buraxmışdı. Əksinə, son dövrlərində Akutaqava daha çox yazırdı.

Həmin zamanların məhsulu olan iki cildlik esselər kitabını, avtobioqrafik hekayə-qeydləri, "Dişli çarx", "Sarsağın həyatı" və digər əsərlərini sadalamaq olar. Və bu yazdıqları daha çox onun psixoloji vəziyyətini özündə əks etdirirdi. "Dişli çarx"ı oxuyarkən belə hiss etmək olur ki, müəllif son dərəcə depressiv vəziyyətdədir və gözünə görünən xəyalətlər vaxtaşırı onun yanında olurlar.

Maraqlıdır ki, bu xəyalətlər tez-tez yazıçının və yaxınlarının ölümündən ona xəbər verirdilər. Ölümündən bir qədər əvvəl - 1927-ci ildə "Kaydzo" adlı aylıq jurnal onun digər yazıları ilə müqayisədə ən iri həcmli əsərini - "Sulu ölkədə"ni çap etdi.

Müəllif burada orijinal bir ədəbi variant seçmişdi: satirik parodiya. Böyük rəğbətlə qarşılanan bu əsərdə oxucular burjua Yaponiyasındakı həyatın təqlidinin şahidi oldular. Ölümündən cəmi bir ay qabaq bitirdiyi "Sarsağın həyatı" əsərini isə modernist xarakterli əsəri saymaq olar.

BİR SÜBH ÇAĞI İNTİHAR

Akutaqava həm bir yazıçı, həm də bir insan kimi həyat eşqini tükətmişdi. İndi o daha çox ölüm, kabuslar... haqqında düşünürdü. Və ən qəribəsi, bəlkə də yalnız Akutaqavaya məxsus bir xarakter hakim idi ki, o, ölümünə dəqiqələr qalanadək qələmdən əl çəkməmişdi. Belə ki, 1927-ci il iyul ayının 24-də, sübh çağı o, həyatı, yaşamağı yox, ölümü seçdi. Riunoske Akutaqava yüksək miqdarda veronal qəbul edərək cəmi 35 il əvvəl gəldiyi həyata əlvida dedi. Və həmin sübhün qürub çağını görmədi...

Şahidlər 23 iyul gecəsi səhərədək onun otağından işığın gəldiyini deyirlər. Həqiqətən də sabahı yapon nəsrinin klassiki Akutaqavanı yazı masasının arxasında ölmüş görmüşdülər. Və nə həmin vaxt, nə də sonralar onun intiharının səbəbi bilinmədi...

Ölümündən 8 il sonra Yaponiyada onun adına ədəbi mükafat təsis etdilər. Çox sonralarsa Akutaqavanın "Rasyemon", "Dəmir labrint", "Cadugər qarı" və bir sıra əsərləri ekranlaşdırıldı.
XS
SM
MD
LG