Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:44

Pulun üzərinə əksini həkk edən yazıçı...


Babək Yusifoğlu
Babək Yusifoğlu

...Selma o vaxt gedən Finlandiya-Sovet İttifaqı müharibəsində fin xalqına yardım məqsədi ilə özünün Nobel medalını İsveç Milli Fonduna göndərdi...

...Selma o vaxt gedən Finlandiya-Sovet İttifaqı müharibəsində fin xalqına yardım məqsədi ilə özünün Nobel medalını İsveç Milli Fonduna göndərdi...


Babək Yusifoğlu


PULUN ÜZƏRİNƏ ƏKSİNİ HƏKK EDƏN YAZIÇI...


Çoxlarına görə bədii təfəkkürün formalaşması üçün insanda yalnız istedadın olması yetərlidir.

Lakin bu fikirlə razılaşmayıb müəllifin münasib mühitdə olmasını daha önəmli hesab edənlər də az deyil. Onlara görə, lazımi mühit olmadan böyük əsərlər yarana bilməz.

Bu məsələ ilə bağlı digər bir mülahizə də var ki, deyilənlərin ikisindən də mahiyyətinə görə fərqlənir. Yəni bu fikir sahibləri belə hesab edirlər ki, istənilən sahədə ən böyük faktor şansdır.

Heç bu da bütövlükdə sadəlövh yanaşma sayıla bilməz. Əslində bu fikirlərin hər birini özü-özlüyündə doğru hesab etmək mümkündü. Çünki onların hər birinə aid ayrı-ayrılıqda çoxlu misallar göstərmək olar.

Amma böyük əsərlərin, ədəbi hadisələrin yaranması üçün, məncə, düstur cızmaq, müəyyən ehkamlar tətbiq etmək, nəyin daha əsas olduğuna hökm vermək doğru deyil. Və məncə, əsl ədəbiyyatın, əsl sənətin yaranması üçün, sadəcə, üç şərt deyil, bütün gərəkli nədənlərin olması vacibdir.

Sənət əsərlərinin meydana gəlməsi təbiətin özü kimi doğal bir prosesdir və onların yaranışında kiçikliyindən-böyüklüyündən asılı olmayaraq bütün komponentlər iştirak edir. Çünki əsl yaradıcılığın özü, əvvəl qeyd etdiyimiz kimi, ehkamları, düsturları qəbul etməyən bir prosesdir. Məhz belə olduğu üçün də kimin hansı şəraitdə, hansı mühitdə, hansı istedad "dərəcəsinə" malik olduqda, necə savad müqabilində, nə vaxt... böyük əsər, şedevr yaradacağı bəlli deyil.

Necə ki onun bir zamanlar çox məşhur bir yazıçı olacağını heç kim deyə bilməzdi. Həyatının ilk illərində qarşılaşdığı dərin stressi də nəzərə alsaq belə qənaətə gəlmək olardı ki, artıq arzular, istəklər bitdi, o, ömrünü tərk-dünyalıqda keçirməyə məhkum oldu. Axı, çoxları məhz taleyini beləcə başa vurub.

BALACA QIZCIĞAZ VƏ ONUN İZTİRABLARI...

Onu tanıyırsınızmı? Tam adı belədi: Selma Ottilya Luiza Laqerlöf. O, 1858-ci il, 20 noyabrda İsveçin mərkəzi vilayəti sayılan Vermlandda, Morbakkada dünyaya gəldi. Valideynlərindən heç
Selma 1881-ci ildə
Selma 1881-ci ildə
biri bədii yaradıcılıqla məşğul olmamışdı - atası ehtiyata çıxmış bir hərbçi, anası isə müəllimə idi. Onu tanıyanların bəziləri isə Selmanın yaradıcılığa qapılmasını onun çox gözəl bir təbiətə malik bir yerdə dünyaya gəlməsi, yaşaması ilə bağlayırlar. Mən bu fikirləri bölüşməsəm də, onu deyim ki, həqiqətən də Tanrı Orta İsveçdən, əsrarəngiz gözəlliyə malik Vermlanddan, Morbakkadan öz iltifatiıni əsirgəməmişdi. Hətta yazıçı sonralar dəfələrlə öz əsərlərində - "Morbakka"da (1922), "Uşağın Memuarları"nda (1930), "Gündəlik"ində (1932)o təbiətin əsrarəngiz gözəlliyini təsvir etmişdi.

Selma Laqerlöf hələ uşaqkən, yəni üç yaşında olarkən çox ağır xəstəliyə mübtəla oldu. Belə ki, həmin xəstəlik nəticəsində iflic keçirdi. Hərəkət edə bilmədiyi üçün qızcığac yatağa məhkum qaldı. Lakin nənəsi nəvəsini inanılmaz bir məhəbbətlə sevdiyi üçün onu heç vaxt tək buraxmadı və xalası Nane də anası ilə birgə bu sevimli qızcığazın qayğılarını üzərinə götürdülər. Nənəsi gecə-gündüz Selmanın yanından ayrılmır, qulluğunda durur, ona nağıllar, rəvayətlər danışır, maraqlı hadisələrdən bəhs edərdi. Yəqin ki, elə buna görə idi, Selma elə uşaq yaşlarındanca nənəsinə, eləcə də xalası Naneyə ürəkdən bağlanmışdı. Selma üçün bu, özəl bir dünya idi. Və bura onun xəstəlik əzablarından, qayğılarından uzaq bir məkan idi. Amma sən demə, taleyin bu balaca qızcığazla daha böyük imtahanları da varmış. 1863-cü ildə onun sevimli nənəsi vəfat etdi və Selmaya elə gəldi ki, onun dünyasının qapıları üzünə çırpılaraq bağlandı. Yatağa məhkum olan həyatının ağrıları artdı.

İLK ƏSƏRLƏRİ

İllər biri-birini əvəz edirdi. Selma Lagerlöf 9 yaşına çatar-çatmaz, 1867-ci ildə daha yaxşı müalicə almaq məqsədi ilə ailəsi ilə birlikdə Stokholma gəldi və burada xüsusi bir klinikada yerləşdi. Belə demək mümkünsə, məhz bu dövrlərdən başlayaraq Laqerlöf hekayələr yazmağa başladı. Avtobioqrafik əsər sayılan "Nağıl haqqında nağıl"ı onun ilk bədii nümunəsi hesab etmək olar. Bu dövrlər üçün Selma Laqerlöfün müalicəsi effekt verir, səhhəti yaxşılığa doğru dəyişməkdəydi. Bir müddətdən sonra artıq o, sərbəst şəkildə hərəkət edir, öz işlərini özü görə bilirdi. Lakin insan üçün həyatın yaratdığı çətinliklər bitirmi heç? Gənc qızı başqa çətinliklər gözləyirdi. Belə ki, bütün bu dövr ərzində onun valideynləri kifayət qədər kasıblamışdı. Hətta elə vəziyyət yaranmışdı ki, Selma özünü təmin etmək üçün işləmək, pul qazanmaq məcburiyyətində qalmışdı. Bundan başqa Laqerlöf işləməklə yanaşı həm də təhsili haqqında da düşünmək zorundaydı.

O, 1881-ci ildə litseyə, sonra isə ali müəllimlik seminariyasına daxil oldu, 1884-cü ildə oranı bitirdi. Və bundan sonra Selma Laqerlöf qızlar məktəbində müəllimə kimi fəaliyyətə başladı. Bundan bir il
Selmanın evi
Selmanın evi
sonra isə gənc yazıçının atası dünyasını dəyişdi, onun onsuz da çətin olan maddi durumu daha da ağırlaşdı. İrəlidə isə heç bir maddi perspektiv görünmürdü. Əksinə vəziyyət getdikcə daha da mürəkkəbləşdiyindən, ailənin borcları üst-üstə qalaqlandığından Selmanın böyüyüb boya-başa çatdığı ev belə satışa çıxarılaraq satıldı, onun uşaqlıq xatirələri ilə dolu olan evlərində tamam yad adamlar yerləşdi.

Qəlbən doğmalarına bağlı olan Selma Lovisa bütün bu sarsıntıları üzərindən uzun müddət ata bilmədi. Hətta belə deyirlər ki, bu üzücü hadisələrdən sonra o nəinki yaradıcılıqla məşğul ola, hətta işlədiyi məktəbdə dərs də keçə bilmirdi. Bu üzücü psixoloji hal bir müddət davam etsə də sonradan toparlanan Selma Lovisa daha böyük həcmli ilk əsərini yazmağa girişdi. "Yyeste Berlinq üçün Saqa" romanı Avropa nəsrində neoromantik istiqamətdə başlanmış ənənələrin nümunəsi sayıla bilər. Romanın oxucular tərəfindən maraqla qarşılanması gənc yazıçını yeni əsərlər üçün həvəsləndirdi.

İLK MÜKAFAT

1890-cı idə "İdun" qəzetində bədii yazı konkursunun keçirilməsi ilə bağlı elan dərc edilmişdi. Selma Lovisa da öz bacarığını sınamağa qərar verdi və qəribədi ki, o həmin vaxt hələ tamamlamadığı "Yyeste Berlinq üçün Saqa" əsərinin bir hissəsini konkursa göndərdi və yarışın qalibi olaraq birincilik mükafatına layiq görüldü. Əsər o vaxt geniş oxucu kütləsinin diqqətini, marağını qazanmışdı. Hətta 1891-ci ildə kitab tam şəkildə çap olunandan sonra bir neçə dilə tərcümə edildi. Ümumiyyətlə, şifahi xalq ədəbiyyatından bəhrələnən yazıçının əsərləri məhz bu xüsusiyyətlərinə görə çox fərqlənir. Və əsər həmin dövrdə Danimarkanın tanınmış tənqidçisi Qeorq Brandesin də marağına səbəb olmuşdu.

Yazıçı bundan sonrakı- "Görünməyən tellər" (1894), "Kunqaxelldən olan kraliçalar" (1899) kitablarında və "Köhnə
Selma Laqerlöfə Nobel mükafatı təqdim edilir (illüstrasiya)
Selma Laqerlöfə Nobel mükafatı təqdim edilir (illüstrasiya)
malikanə haqqında əfsanə" (1899), "Cənab Arnenin pulları" (1904) romanlarında da folklor materialları, xalq əfsanələri əsasında nağılvari üslubu davam etdirmişdir. Bu da əslində Selma üçün göydəndüşmə deyildi. Belə ki bu onun uşaqlıq illərində nənəsindən, xalasından dönə-dönə eşitdiyi nağıllar, əfsanələr, xalq yaradıcılığı... ilə bağlı hal idi. Çünki həmin sehirli dünya elə o zamanlardan Selmanın qəlbində özünə yuva qurmuşdu. Selma Laqerlöfün qəhrəmanları xeyirxahlıqları, məhəbbətləri ilə oxucuların qəlbinə girməyi, insanlara Fövqəlgücün xeyirxahlığa daim yol açdığını, bu yolda hətta möcüzələr yaratdığını aşılamağı bacarmışdır. Bəlkə də məhz bu məziyyətlər Selma Lovisanın əsərlərinin tez bir zamanda oxucu rəğbətini qazanmasına səbəb olmaqdaydı. Onun 1904-cü ildə yazdığı "Isa Məsih haqqında əfsanələr" novellalar kitabında da oxucular müəllifin bu motivdə yazdığı mükəmməl bədii nümunənin şahidi oldular.

Bu artıq o illər idi ki, Selma Laqerlöf artıq geniş oxucu kütləsi arasında kifayət qədər məşhurlaşmışdı, tənqidçilər məmnuniyyətlə onun əsərlərinə diqqət ayırırdılar. Yazıçının yetərincə sadə təhkiyəsi, hadisələri maraqlı dillə təqdim etməsi, yaratdığı əsərlərdə təsvir olunan bütün hadisələrin çox inandırıcı şəkildə bir süjet ətrafında birləşdirməsi həqiqətən də böyük bir istedadın məhsulu idi. Məhz həmin istedad və yazıçının böyük həvəslə sərf etdiyi zəhmət yavaş-yavaş onun adını təkcə öz ölkəsində deyil, dünyada məşhurlaşdırmağa başlamışdı. Çünki kitabları digər dillərə də tərcümə olunurdu.

DAHA BÖYÜK YOL


Əslində onun yaradıcılığına yalnız bir rakursdan baxmaq doğru deyil. Çünki çox geniş dünyagörüşünə malik istedadlı yazıçının toxunduğu mövzular, hadisələrə yanaşması, həyat fəlsəfəsi onun digər əsərlərində özünü yüksək səviyyədə göstərirdi. Belə demək mümkünsə, Selma Laqerlöfün yaradıcılığı çoxşaxəli, rəngarəng idi. Əsərlərini oxuduqca oxucu gerçəkdən hiss edir ki, onun bəhs etdikləri ucuz uydurmalar deyil, həyat gerçəkləridi. Çünki onun obrazları, hətta nağılvari dillə yazdığı əsərlərindəki qəhrəmanlar belə həyatın insanlarıdı.

YALNIZ QƏLƏM...

Onun yaşam haqqında düşüncələri, yaxud həyat fəlsəfəsi bədii əsərlərində mükəmməl şəkildə öz əksini tapmışdır. Oxucu bütün bunlarla yanaşı yazıçının bir sıra əsərlərində təsvir etdiyi hadisələrin dini və mənəvi problemlərin, yaxud həyat fəlsəfəsinin hər dəfə böyük ustalıqla bədii həllinin şahidi olur. Özünü bədii
Selma Laqerlöf
Selma Laqerlöf
ədəbiyyatın ayrılmaz bir hissəsi kimi hiss edən Selma Laqerlöf enerjisini bütövlükdə yaradıcılığa həsr etmək məqsədiylə işdən belə ayrılmağa qərar verdi. Və 1895-ci ildən başlayaraq yalnız qələmə bağlandı. Lakin bu bağlılıq heç də masa arxasında oturub yazmaq anlamına gəlməməlidir. O həm də müxtəlif ölkələrə səyahətlər edir və bu da yeni mövzuların yaranmasına səbəb olurdu.

Selma Laqerlöf 1895-1896-cı illərdə, belə demək mümkünsə, yaradıcılıq səfərinə - İtaliyaya getdi. Və səfərdən qayıtdıqdan bir az sonra - 1897-ci ildə hadisələri məhz İtaliyada cərəyan edən romanını - "Dəccalın möcüzələri"ni ərsəyə gətirdi. Adından göründüyü kimi, mövzusu da dinlə bağlı olan bu əsərini yazıçının heç də teoloji süjetlər üzərində qurulmuş yeganə ədəbi nümunəsi hesab etmək olmaz. Belə ki, Selma Ottiliya Luizanın dini mövzuda, təriqətlərin, teist dünyagörüşlərin... toqquşması ilə müşayət edilən bir sıra əsərləri vardır. Elə " Dəccalın möcüzələri"ndən bir-iki il sonra - 1901-1902-ci illərdə onun qələmə aldığı "Yerusəlim" nəsrini də da bu qəbil romanlardan hesab etmək mümkündü. Əsasən sadə, sadə olduqları qədər də konservativ dini ənənələrə sadiq olan kəndli düşüncələri ilə dini sekta arsında baş verən mübarizədən bəhs edən bu romanında da yazıçı həmin motivlərdən bəhs edir. Sadə kəndli ailələrinin sekta rəhbərlərinin təzyiqi nəticəsində öz doğma torpaqlarından necə didərgin düşərək uzaq Yerusəlimə köcmələri və orada çəkdikləri əzablara rəğmən dünyanın sonunu gözləmələri yazıçının maraqlı, səmimi üslubu ilə oxucunun ürəyinə yol tapır, hər kəs müəllifin təsvir etdiyi obrazlara onun necə sevgi ilə yanaşdığını görür.

BÖYÜK ŞÖHRƏT VƏ BÖYÜK MÜKAFAT


Əlbəttə, Selma Laqerlöfün yaradıcılığına bütövlükdə nəzər salanda onun 1900-cü ildən sonrakı əsərlərini yaradıcılığında yeni bir mərhələ də hesab etmək mümkündü. Məhz onun həmin dövrlərdə yazdıqları bütün dünyanı fəth edə bildi. "Nils Holqerssonun möcüzəli İsveç səyahəti" (1906-1907) oxucular tərəfindən inanılmaz bir rəğbətlə qarşılandı. Demokratik pedoqoji ruhda yazılan bu ədəbi nümunə, həm də İsveçin tarixini, coğrafiyasını, mədəni ənənələrini, əfsanələrini şox cəzbedici üslubda uşaqlara nəql etdiyindən yazıçı əvvəlcə onu dərslik kimi istifadəsini də nəzərdə tutmuşdu. Nağılvari fabulası olan əsərdə Nils qazın belində uçub bütövlükdə ölkəni səyahət edərək müxtəlif macəralar yaşayır, getdikcə yüksək mənəvi-əxlaqi dəyərləri əxz edərək tamam müsbət bir insan kimi geri qayıdır.

Çox maraqlı dillə yazılan bu əsər təxminən bütün böyük dillərə tərcümə olunaraq nəinki İsveçdə, eləcə də bütün dünyada məşhurlaşdı. Əslində bu, Selma Laqerlöfün bu cür səpkili ilk kitabı deyildi. Məhz belə fəaliyyətinə görə ədib 1907-ci ildə Uppsala Universitetinin fəxri doktoru seçildi. Bir vaxtlar, yəni uşaqlıq illərində iflic vəziyyətinə görə yatağa məhkum olan, nənəsinin və xalasının nağılları ilə təsəlli tapan o qızcığaz artıq dünyanın tanıdığı, bəyəndiyi, yüzminlərin rəğbətini qazanan məşhur yazıçı olmuşdu.

Əsərlərindəki yüksək idealların, mənəvi dəyərlərin parlaq təsvirinə, təbliğinə... görə Selma Laqerlöf 1909-cu ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. Təvazökar xarakterə malik yazıçı bu mükafatı alarkən çoxları kimi özünü qeyri-adi istedadlı insan kimi gözə soxmaq əvəzinə heyrətamiz sadəliyini bir daha ortaya
Selma Lagerlofs
Selma Lagerlofs
qoymuşdu: "Mən bilmirəm, bu mükafata layiqəmmi. Yazmaq mənim üçün möhtəşəm bir zövq və bütövlükdə mənim həyatımın məqsədi olmuşdur". Yeri gəlmişkən, Selma Laqerlöf Nobel mükafatı alan üçüncü qadın olsa da, ədəbiyyat üzrə ilk mükafatçı idi. Adi həyat tərzi sürən ədib Nobel mükafatını alandan sonra ürəyində ağrıya, nisgilə çevrilmiş arzusunu həyata keçirmək üçün maddi imkanlar qazanmış oldu. Belə ki yazıçı ilk növbədə pulsuzluq üzündən başqalarına satılmış doğma Morbakku evini geri satın aldı. Yazıçının həyatını öyrənən tədqiqatçılar yazırlar ki, Selma Laqrelöf uşaqlıqda yaddaşına köçmüş evlərinə daşınaraq ömrünün sonunadək məhz orada yaşadı. Və doğma yurda qayıdan yazıçının burada yeni kitabları dünyaya gəlidi.

Ədib 1911-ci ildə "Lilekkurnun evi" romanını, 1912-ci ildə nağıl-fantastik povest "Arabaçı"nı, yeni hekayələr, nağıllar, əfsanələrdən ibarət toplunu (1915, 1921), 1918-ci ildə isə antimilitarist roman olan "Sürgün edilmiş"i yazdı. Belə demək mümkünsə, çox məhsuldar yaradıcılığa malik yazıçı bunlardan başqa, həmin dövrlərdə, daha dəqiq desəm, nağıllar, əfsanələr toplusundan bir qədər əvvəl - 1914-cü ildə həqiqətən ədəbi hadisə sayıla biləcək "Portuqal İmperatoru" romanını qələmə aldı. Və elə həmin ildə də İsveç Akademiyasının üzvü seçildi.

FƏXR EDİLƏSİ YAZIÇI

Əlbəttə, onun ölkədəki ən hörmətli elm mərkəzlərinə üzv qəbul olunması yazıçının xalq üçün, insanların mənəvi-əxlaqi dəyərlərinin inkişaf etdirilməsi naminə göstərdiyi xidmətlərlə yanaşı, həm də çox dəyərli bədii nümunələr müəllifi olması ilə əlaqədar idi. Ədibin əsərlərinin təhqiqatçılarından biri uzun illər bundan əvvəl demişdi: "Selma Laqerlöf isveçlilərin fəxridir". Yəqin ki, onun haqqında söylənən bu və ya digər qiymətli sözlərin yalnız pafos xətrinə deyilmədiyini bir daha təsdiqləmək üçün elə 1908-ci ildə yazıçının 50 illik yubleyinin ölkədə bayram kimi qeyd edilməsini xatırlatmaq kifayətdir. Selma Ottilya Luiza Laqerlöf həqiqətən də özünü, istedadını, bacarığını, həyatını... bədii yaradıcılığa sevərək həsr etmişdi. O sevərək həsr etdikcə də yaratdığı obrazlarla birgə yaşamağı bacaran bir yazıçı idi.

Selma Laqerlöfün ədəbi xronikasına nəzər salanda heç də onun yaradıcılığının hansısa mərhələsini intensiv, yaxud nisbətən passiv dövr kimi fərqləndirmək olmur. Onu qeyd edirlər ki, Laqerlöf yalnız ömrünün son dövrlərində, fiziki gücü zəiflədiyi üçün qələminə "istirahət" verib. Pərəstişkarları Selma Ottiliyanın ömrünün 60-65-dən sonrakı dövrlərində belə iri həcmli əsərlər qələmə aldığının şahididir. Lyevenşyeldlər haqqında yazdığı trilogiya - "Lyevenşyeldlərin üzüyü" (1925), "Şarlotta Lyevenşyeld" (1925) və "Anna Sverd" romanı məhz bu qəbildəndir. Həmin iri həcmli əsər bir ailənin beş nəslinin tarixindən bəhs edir. 1730-cu ildən başlayan və 1860-cı ilədək sürən hadisələrin təsvirində Selma Laqerlöf heç də o dövrlər üçün Avropada ənənəvi olan hansısa ailənin xronikasını yazmamış, həmin çərçivələrdən uzaq bir süjet üzərində maraqlı bir əsər yaratmışdır. Buradakı tarix əslində müəllif üçün bir fon rolunu oynayıb. Romandakı hadisələr, oradakı obrazlar məhz öz dinamikliyi ilə istər-istəməz oxucuların diqqətini çəkdiyindən trilogiya da demək olar ki, qısa müddət ərzində geniş oxucu kütləsi tərəfindən çox maraqla qarşılandı.

Faşist Almaniyası II Dünya Müharibəsinə başladığı vaxt yazıçı artıq ömrünün qürub çağını yaşayırdı. Avropanın, xüsusilə Şərqi Avropanın ağır günləri başlamışdı. Finlandiya daha təhlükəli dövrünü keçirirdi. Böyük yazıçı bu ərəfədə yenə öz hərəkəti ilə hər kəsi heyrət içərisində buraxdı. Selma Laqerlöf o vaxt gedən Finlandiya-Sovet İttifaqı müharibəsində fin xalqına yardım məqsədi ilə özünün Nobel medalını İsveç Milli Fonduna göndərdi. Amma hökumət bu xeyirxah ürəkli yazıçısının belə səxavətinə qıymayıb medalı geri qaytardı.

O DA HƏYATA ƏLVİDA DEDİ

Selma Ottilya Luiza Laqerlöfün səhhətində ciddi problemlər yaranmışdı. O, bir neçə xəstəlikdən əziyyət çəkirdi. Həyatın heç vaxt dəyişməyən əzəli və əbədi qanununa uyğun bütün yaradılmışlar kimi Selma Luiza da 82 il əvvəl gəldiyi bu dünyaya əlvida dedi. Və çox sevdiyi öz evində əbədiyyətə qovuşdu. Təhqiqatçılar bildirir ki, yazıçı peritonitdən dünyasını dəyişib. O öldü, (1940-cı il 16 mart) amma ondan nəinki İsveç xalqına, eləcə də bütün dünyaya zəngin ədəbi irs, maraqlı romanlar, ev-muzey qaldı. Və bir də çox nadir yazıçılara nəsib olan daha bir xatirə qaldı. Əslində buna heç xatirə də demək olmaz. Belə ki, 20 kronluq İsveç əskinasının üzərində yazıçının əksi həkk edildi.
XS
SM
MD
LG