Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:49

Babək Yusifoğlu. Mühacirətdə bitən ömür


Babək Yusifoğlu
Babək Yusifoğlu
Oğlunun aktyor olduğunu eşidən atası bərk qəzəbləndi. Hətta onu övladlıqdan belə sildi...

Deyirlər ki, yad ölkədəki ölüm ayağı qürbət elin 40 illik acılarından da betər olur... Fahri Erdinç bu acını da daddı...


Babək Yusifoğlu



MÜHACİRƏTDƏ BİTƏN ÖMÜR...

Nə üçünsə mənə elə gəlir ki, şairlər, yazıçılar, yaradıcı adamlar bizim dünyamıza başqa bir aləmdən gəliblər və burada onlar sürgün həyatı yaşayırlar.

Bir qədər başqa cür ifadə etsəm, yəni onlar bizim gerçək sandığımız bu dünyada qəribdilər.

Sanki onlar hamı kimi doğulduqları, yaxud özlərinin seçdikləri bir yerdə deyil, Böyük bir hökmün iradəsi ilə göndərilmiş məkanda narahat bir həyatı sürdürürlər. Və, məncə, yaratdıqları nə varsa bu narahatlıqlardan süzülüb gəlir.

Əlbəttə, bunları boş iddiaçılar üçün deyil, sözün əsl mənasında gerçək istedad sahibləri haqqında düşünürəm.

Nə bilmək olar, bəlkə mən düşüncələrimdə haqlıyam, onlar doğrudan da mövcud olduqları yerdə ruhən qəribdirlər. Amma elələri də var ki, bu hesabla onların taleyinə ikiqat qəriblik düşüb bu həyatda.

Yəni dost-doğma yerlərdə yaşamaq onlara yasaq edilib və bu şəxslər sürgünlük ömrü yaşayıblar. Buna dözməkmi olar?!.. Amma onlar dözüblər. Öz əsərləri ilə birgə dözüblər... Məşhur türk yazarı Fahri Erdinc kimi.

Bəlkə də elə bu üzdən idi, onun bir çox yazılarında həmin qəriblik duyğusu, mühacirətin açı qoxusu duyulur. Fahri bəy Vətənindən getdi... Özü ilə bərabər ana dilini, Vətəninin özü boyda bir parçasını, türk ovqatını, bir də yalnız özünə məxsus istedadını apardı...

QÜRBƏT ELİN GÜNÜ SOYUQ...

..."Ana qalxıb uşağı sakitcə oradan çəkmək üçün ona yaxınlaşaraq qolundan tutdu. Bu zaman onun nəzərləri qonşu dolabın üzərində olan kitabın cildindəki şəklə sataşdı. Dodaqlarından acı bir təbəssüm keçdi. Uşağı babasının yatağına doğru çəkdi. Və böyük bir sirri açırmış kimi söylədi:

- Elə bil oradakı kitabın üzərində onun öz portretidir.

General başı ilə təsdiqlədi. Əlini qonşusuna tərəf maneə edib pıçıldadı:

- Yazıçıdır.

Qadın dodağını büzüb, sanki inanmaq istəmədi.

- Demək bu onun kitabıdır. Rus dilində.

- Onun altındakı, bax o mavi, bolqarcadır. Bu onun başqa romanıdır - "Acı loxma". Bax, qızdırmam düşən kimi oxuyacağam. Deyirlər ki, xəstəxananın kitabxanasında da var.

Qəmli gözləri yenidən yatan adama dikildi, bir də şişkin dodaqlarını büzüb dedi:

- Qəti türkə oxşamır.

-Osmanlıya oxşamır. Bizlərdəndi. Deyirlər ki, kommunistdi. İyirmi ildir bizdə yaşayır. Mühacirətdə".


Bəli, bu dialoq ömrünü mühacirətdə yaşayan, doğulduğu torpağa həsrətlə boylanan, belə ağır yükü illərlə içində daşıyan məşhur türk yazıçısı Fahri Erdinçin "Qardaş evi" romanındandı.

Yazıçı çox böyük ustalıqla elə bu kiçik parçada da özünün mühacirət həyatını təqdim etməklə yanaşı mühacirətin acı üzünü göstərir, bir romanında digər əsərinin təqdimatını verir. "Acı loxma"da "Qardaş evi"nin...

Bu səhnədə - xəstəxana palatasında çarpayılardakı insanların acıları, onların daxili aləmləri, obrazların xarakterləri müəllif tərəfindən sətirbəsətir oxucuya çatdırılır, həyatın iç üzü çılpaqlığı ilə göstərilir.

Əslində mühacirət həyatı yaşayan Fahri Erdinçin "Acı loxma" əsəri avtobioqrafiq dioloq üzərində qurularaq insanların çətin həyatından, yaşamaq uğrunda mübarizəyə necə atılmalarından bəhs edir. "Qardaş evi" romanında da obrazlar eləcə həyatlarını öz məqsədləri üçün maneələri aşmağa sərf edənlərdi.

Hətta bu çarpışma, siyasi mübarizə səviyyəsinədək yüksəlir, mühacirətdə yaşayan türklərin vətənsevərliyinin təzahürünə çevrilir.

FAHRİ

Əslində onun həyatı elə əsərləri kimi çox maraqlı, maraqlı olduğu qədər çətin, elə çətin olduğu qədər də qeyri-adi keçib. Düşünürəm ki, bəlkə də Fahri Erdinçin əsərlərinin cəzbedici olmasının bir səbəbi də yazıçının şəxsi həyatının qəribəliyi ilə bağlıdır. Fahri Qərbi Anadoluda Akhisarda anadan olub.

Və onun burada qeyd etdiyim - 1917-ci il 1 ocaq doğum tarixi heç də dəqiq deyil. Çünki müsəlman məktəbində müəllimlik edən atası bu cür əlamətdar günləri mühasibat kitabında qeyd edərdi və həmin kitabsa 1919-22-ci illərdə Türkiyədə Mustafa Kamal Atatürkün başçılığı ilə milli-azadlıq müharibəsi zamanı gedən döyüşlərin birində evləri ilə birlikdə yanmışdı. Və bir-birinin ardınca olan çoxuşaqlı ailədə bu cür tarixlərin hamısını yadda saxlamaqsa o qədər də asan məsələ deyildi.

Çətin həyat sürdürən ailədə dünyaya göz açan yazıçı elə özü də sonralar yazırdı ki, anadan olduğu vaxtı dəqiqliklə bilmir. "Mən ailədə sağ qalan üçüncü uşaq idim. Anam məni dünyaya gətirəndən sonra yataqdan qalxmadı". Belə ki, doğumdam sonra halı
Fahri Erdinç
Fahri Erdinç
daha da pisləşən qadın bir müddət sonra dünyasını dəyişdi.

Həyata anasının itkisi ilə başlayan Fahrinin onda cəmi bir yaşı ya olar, ya da olmazdı. Onun uşaqlığı çox çətin keçdi. O, kiçik yaşlarında ailənin işlərinə kömək etməyə başladı. İbtidai təhsil ala-ala həm tütünçülük işlərində çalışır, həm də pinəçi yanında işləyirdi. Amma görünür həyat özü onun üçün fərqli bir yol seçmişdi. Əslində doğuluşu kimi, üzünə açılan yol da faciə ilə başaldı. Böyük qardaşının ölümündən sonra.

Fahri xatirələrində o zamanı belə xatırlayırdı. "...O (atasını nəzərdə tutur - B.Y.), evdə hər kəsə qəzəblənirdi. Və bizi gördüyümüz və görmədiyimiz işlərə görə döyürdü. Heç vaxt yadımdan çıxarmaram, bir dəfə atam qardaşımın cibində bir qutu siqaret tapdığına görə, analığımızla birlikdə onu bərk kötəklədilər. Qardaşım başa düşdü ki, bundan sonra ona burada həyat yoxdur və bunun üçün evdən getdi. Sonra müəllimlik məktəbinə daxil olaraq orada pulsuz qalmaq üçün yataq da qazandı. O canını qurtardı, amma ondan sonra mənə əzabların üç qatı düşdü".

ƏYALƏTDƏN ANKARAYA

Lakin sən demə, belə deyilmiş. Fahrinin böyük qardaşı məktəbi bitirməmiş vərəm xəstəliyinə tutuldu və qısa müddətdən sonra öldü. Bu zaman oxumağı çox istəyən Fahri qardaşının yerini tuta bildi. Məhz buradakı təhsili ona imkan verdi ki, bir sıra kitabları oxusun, türk poeziyasının nəhəng siması Nazim Hikmətin yaradıcılığı ilə tanış olsun. Həmin vaxtlar bu şeirləri tam mənası ilə qavraya bilməsə də o, hiss edirdi ki, bu sətirlərdə dünyanın ən gözəl duyğuları gizlənib.

Və o bu şeirlərin əsirinə çevrildi. Nazim Hikmətə vuruldu. Amma hələ xəbərsizdi ki, sevə-sevə oxuduğu bu şeirlərin müəllifinin mühacirlik qisməti, bir azacıq fərqi ilə onu gözləyir. Hələ həmin günlərə xeyli vardı.

1926-cı ildə həmin Balıkəsir müəllimlik məktəbini bitirən Fahri Erdinç Afyonun Sandıklı ilçəsi Ülküt kəndində müəllimliyə başladı. O, işini sevə-sevə yerinə yetirsə də anlayırdı ki, daxilən buralarda rahatlıq tapa bilmir. Amma səbr etməliydi. Çünki başını alıb hara gəldi gedə bilməzdi...

1938-ci ildə Ankarada dövlət konservatoriyası açıldı. Bu haqda qəzetlərin birindən elanı oxuyan Fahri Erdinç tələbə qəbulunun keçiriləcəyini öyrəndi. Bu şansı buraxmamağa qərar verdi və beləliklə Ankaraya gəldi. Belə demək mümkünsə, bu addımı Fahrinin həyatında əsaslı dəyişikliklərin başlanğıcı hesab etmək olar. Sənədlərini konservatoriyanın aktyorluq fakültəsinə verdi. Və burada o daha kimlərlə tanış olmadı ki?.. Neçə-neçə tanınmış ziyalılarla.

Dövrünün ən tanınmış və istedadlı aktyoru və rejissorlarından biri, "türk teatrının atası" sayılan Ərtoğrul Möhsün onun heç vaxt unuda bilməyəcəyi müəlliminə çevrildi. Yeri gəlmişkən, onu da qeyd edim ki, həmin illərdə Fahri Sovetlər Birliyinə də səyahət etdi.

Böyük teatr adamından sonra Fahrinin formalaşmasında böyük rol oynamış məşhur yazıçı Səbahəddin Ali ilə də dostlaşdı. Belə demək mümkünsə, Ali Erdinçin nəsrdə və poeziyada ilk müəllimi oldu. Yaradıcılığa son dərəcə tələbkar olan Səbahəddin Aliyə yazdıqlarından nəyisə bəyəndirmək üçün aylar sərf etdi. Müəllimi Fahrinin yazdığı və ona təqdim etdiyi hekayələri bir-birinin ardınca geri qaytarmaqda, o isə inadkarcasına özü üzərində çalışmaqdaydı. İlin sonunda nəhayət müəllimi Erdinçin iki hekayəsini çox bəyəndi. Və bunlar sanki onun üçün yazıçılığa aldığı bir sənəd oldu. Artıq onun özünə inamı yaranmışdı.

HƏYATININ NÖVBƏTİ CƏZASI...

Lakin bu təsvirlərlə heç də elə fikir yaranmasın ki, Fahrinin işləri tamam yoluna düşmüşdü. Xeyr. Belə deyildi. Hər şeydən əvvəl atası ilə problemlər yaşadı. Belə ki,
oğlunun aktyor olduğunu eşidən atası bərk qəzəbləndi. Hətta onu övladlıqdan belə sildi. Atasından aldığı həmin məktub onu çox üzmüşdü. Övladlıqdan silinmək elə asan udulacaq bir cəza deyildi ki.

Və bu qarmaqarışıqlığın içərisindən baş tapmaq üçün atasının məktubunu müəlliminə - Səbahəddin Aliyə göstərdi. Səbahəddin bəy ona ürək-dirək verib məsləhət gördü ki, Anadoludakı bu vəziyyət haqqında yazsın. Elə Fahri özü də daxilən üsyan edirdi. O, içində ölkənin problemlərini, insanların ağır güzəranını, həyatın gerçək üzünü... yazmaq istəyi duyurdu. Doğulduğu kənd, oradakı çətin həyat onun düşüncələrini uzun illərdi tərk etmirdi... Onlardan bəhs etmək istəyirdi. Onsuz da son illər Fahri Erdinçi ən çox özünə çəkən yaradıcılıq idi. Bu istək getdikcə qəlbinə elə hakim kəsilməkdəydi ki, o hətta oxuduğu dövlət konservatoriyasını tərk etmək qərarına gəlmişdi... Və müəllimi gəncə dur demədi və söylədi:

- Çaba göstər! Və bataqlıqdan qorxma!

Əslində bu, Fahri Erdinçin Səbahəddin Ali ilə son görüşü idi. Çünki onlar beləcə ayrıldılar və tale onları bir daha üz-üzə gətirmədi.

Amma qəribə də olsa o, yenidən kəndə qayıdaraq müəllimliyini sürdürdü. Bildiklərini kənd uşaqlarına öyrətmək üçün nəyi vardısa ortaya qoydu. Ümumiyyətlə, Fahrinin bu illərdəki həyatının yalnız müəllimliyə həsr olunduğunu söyləmək mümkün deyil. Dörd il sürən hərbi xidmətə də elə həmin dövrlərdə yollanmışdı. O, kənddə yaşamağa davam edə bilməyəcəkdi. Doğrudan da bir müddət sonra Fahri kəndi tərk etdi və yenidən Ankaraya döndü. Və bu dəfə onun şəhərdəki həyat mücadiləsi daha da sərtləşdi.

Yaşamaq üçün ilk növbədə özünə iş tapmalıydı və bu, o vaxtın Türkiyəsində elə də asan məsələ deyildi. Lakin Faxri Erdinç bütün bunların öhdəsindən gəlməyi bacardı: tikintidə çalışdı, Ankaranın, eləcə də İstanbulun ən müxtəlif qəzet və nəşrlərində repartyor, radiolarda diktor, aktyor kimi fəaliyyət göstərdi və eyni zamanda yaradıcılığından da geri durmadı. Reportajlar, radiopyeslər, hekayələr, şeirlər yazdı.

Onun ilk şeirlər kitabı çapdan çıxanda Fahrinin 28 yaşı vardı. Və bununla da gənc yazar artıq arzusunda olduğu ilk addımını atmışdı. İnsanlar onun bədii təxəyyülündən süzülüb gələn şeirləri ilə tanışlığa başlamışdılar. Və belə demək mümkünsə, Fahrinin kitabını uğurlu hesab etmək olardı. Buradakı şeirləri hətta o dövrün ədəbi tənqidinin də diqqətini cəlb edə bilmişdi. Həmin vaxtın tanınmış tənqidçilərindən biri Fahrinin kitabını oxuyandan sonra onun şeirlərini özünə axar arayan bir çayla müqayisə etmişdi.

HƏBS VƏ...

Əslində Erdinç bu kitabındakı yazılarında demək istədiklərinin çox cüzi bir hissəsini oxuculara söyləyə bilmişdi. Çünki ictimai-siyasi durum çox şeyin qarşısına ağır sədlər çəkmişdi. Yəni Fahri Erdinç və onun mənsub olduğu ədəbi nəslin nümayəndələri ədəbiyyata arzularıyla mövcud həyat gerçəkliyinin daban-dabana zidd olan bir zamanda gəlmişdilər. Bir çoxları daha irəli getdikləri üçün hətta dəmir barmaqlıqlar ardından dünyaya baxmaq məcburiyyətində qalmışdılar. Nazim Hikmət kimi poeziya nəhəngi təqiblərdən qurtula bilmirdi. Elə Fahri Erdinç də bu cür qismətdən uzaq görünmürdü...

Belə də oldu. Günlərin birində Fahri Erdinç reportyor kimi Ankaradakı rus Ağ qvardiyaçılarına aid - "Karpıç" adlandırılan bahalı bir restoranda vacib bir şəxslə görüşməyə getsə də onu içəriyə buraxmadılar. Məlum oldu ki, restoranda amerikalıların şərəfinə banket verilir. Bu cür münasibəti həzm edə bilməyən Fahri Erdinç qəzəblənərək restoranın qarşısındaca amerikalıları, onları ölkəyə buraxanları, buraxıb da belə üst müamilə yapanları bərkdən söyməyə başladı.

Amma tezliklə iki mülki geyimli şəxs ona yaxınlaşaraq qollarını burub özləri ilə götürdülər. Sonra gənc ədibin evində də axtarış aparıldı və Nazim Hikmətin, Rifat İlqazın, Səbahəddin Alinin... kitabları aşkarlandı. Əslində bunlar leqal nəşrlər olsa da qorxulu kitablar sayılırdı. Polislə davranışlarına, bəyan etdiyi fikirlərə görə ona üç aylıq həbs verdilər. Və Fahri burada kommunistlərlə yaxından tanış oldu.

Lakin həbsi onun iş yerinin də itirilməsinə səbəb olmuşdu. Bu da o demək idi ki, həyatda yalnız var olmaq, təzə qurduğu ailəni ayaqda tutmaq üçün çox zorluqlarla qarşı-qarşıya qalmalı olacaqdı. Məcburiyyət üzündən səyyar aktyor truppası yaradıb nəsə eləməyə çalışdı, amma bu elə də asan məsələ deyildi. Bundan sonra Fahri hansı tikinti olursa-olsun imkan verilən yerdə çalışıb çörəkpulu qazanmağa cəhd etdi. Lakin ağır güzəran, çətin yaşam şərtlər heç bitmədi. Hətta bu vəziyyət üzündən həyat yoldaşı belə onunla birlikdə yaşaya bilmədi.

Bu məşəqqətli günləri haqqında yazacaqdı: "Necə çaba göstərsəm də, necə çalışsam da heç nə alınmırdı və mən getdikcə bataqlıqda daha çox dərinə batırdım. Nələrdən yapışırdımsa, hamısı əlimin altında parçalanırdı. Yazdıqlarımdansa çox nadir hallarda nəyisə çap etdirə bilirdim. Və aldığım qonorar hətta üç içalat supuna belə çatmırdı". Hələliksə o bu keşməkeşli həyatın içərisindəydi...

GERİ DÖNÜŞ

1948-ci ildə Fahri Erdinç təsadüfən qəzetdən öyrəndi ki, onun müəllimi Səbahəddin Ali Türkiyə-Bolqarıstan sərhəddini keçməyə cəhd edərkən öldürülüb. Bu artıq onun üçün
olduqca ciddi siqnal idi. Çünki onun kimi düşünənlərin aqibəti heç də parlaq görünmürdü. Bu hadisədən sonra Fahri Erdinç də ölkəsini tərk etmək haqqında düşünməyə başladı.

Hətta özünün jurnalist vəsiqəsindən yararlanıb sərhəddə qədər gəldi. Və hiss edirdi ki, Bolqarıstana keçməyi də bacaracaq. Lakin son məqamda qərarından vaz keçdi. "Nə idi məni saxlayan? Vətənmi? Anamın qəbiri? Atamın evimi? Oğlum? Yoxsa son aylar ən acı tikəmi bölüşdüyüm qadınmı? Ya bəlkə otağımda stolumun üzərində yarımçıq qalmış əsərim? Yaxud məni saxlayan vicdansızların ən vicdansızı, naxələflərin ən naxələfi, satqın adlandırılmağımın qorxusuydumu? Ya bəlkə bu, bir daha geriyə qayıda bilməyəcəyimin və qərib yerlərdə ölməyimin nigarançılığı idi? Bilmirəm. Mən İstanbula qayıtdım".

Bəli, o zaman Fahri Erdinç heç özünün də baş açmadığı səbəblər üzündən ölkəsindən gedə bilməmişdi. Amma bu tərəddüd heç də uzun çəkmədi. Bir il sonra Fransada türk gənclər komitəsinin yaradıldığını eşitdi. Xoşbəxlikdənmi, ya bədbəxtlikdənmi komitədə onun tanıdığı insanlar, bir kursada oxuduğu dostları da vardı. Xaricdə təhsil alan türk gənclərinin bəziləri də bu təşkilatın sıralarına qatılmışdı. Və onlar həmin zamanlar həbsdə yatan Nazim Hikmətin azad edilməsi üçün mücadilə aparırdılar. Yazıçı dostlarından Ziya Yamaç və jurnalist Turqul Dəliormanla belə qərara gəldilər ki, onlar da buralardan baş götürüb getməlidirlər. Çox gözləmədilər, elə ilk münasib fürsət düşən kimi sərhəddi keçərək Bolqarıstandan siyasi sığınacaq istədilər. Və bununla da Fahri Erdinçin mühacirət həyatı başladı.

MÜHACİRƏT...

Burada o, ilk dövrlər bir sıra sahələrdə çalışdı, daha sonra Bolqarıstan Kommunist Partiyası Yayın evində türkcə populyar siyasət yayınları redaktoru vəzifəsində çalışmağa başladı. Bir qədər sonra isə Fahri kommunist partiyası namizədliyinə qəbul edildi. Məlumat üçün bildirim ki, vətəndən uzaqlarda bolqarca, rusca və almanca öyrənən Fahri 1953-58-ci illərdə Yayın evində işlədi. Həm də ciddi surətdə yaradıcılıqla məşğul oldu. Əslində yazının əvvəlində xatırlatdığım kimi, onun keşməkeşlərlə, acılarla dolu olan həyatının özü də bir romana bənzəyir.

Yəqin o zamanlar bunu yazıçının özü də hiss edibmiş. Çünki belə olmasaydı o bir növ özünün Türkiyədəki həyatını əks etdirən "Acı loxma" əsərini bəlkə də belə maraqlı, canlı detallarla təsvir etməkdə çətinlik çəkərdi. Yazıçı sanki bu mövzudan ayrılmaq istəmədiyindən onu digər bir əsərində də davam etdirmişdi. Əvvəldə adını çəkdiyim "Qardaş evi" avtobioqrafik dioloq üzərində qurulan əsəri də məhz keçdiyi yollardan, bəlkə də çəkdiklərinin hesabatından bəhs edir.

Ümumiyyətlə, yaradıcılığından da hiss edilir ki, Vətəndən uzaqlarda yaşamağa məcbur qalan ədib yad yerlərin acısını qələmi ilə ovutmağa çox çalışıb. O qərib ellərdə nə yazıbsa, ancaq Türkiyədən bəhs edib. Onu da qeyd edim ki, Fahri Erdinçin həyat şərtlərini nəzərə alsaq, onun qələmini həqiqətən məhsuldar saymaq lazımdır. Yazıçılar İttifaqının üzvülüyünə də qəbul edilən ədibin Bolqarıstanda "Əlilərdən biri" (1958), "Acı loxma" (1959), "Koreya haradadı?" (1966), "Qardaş evi" (1979) romanları, "Əqrəblər" adlı altı cildlik novellarlar kitabı (1952), "Asi" (1955), "Məmləkətimi tanıdıram" (1960), "Dirilərin məzarlığı" (1964), "Canlı barrikada" (1973), "Yük maşını TİR" (1980) kitabları, iki cildlik şeirlər kitabı...

Fahri Erdinç yazdı-yaratdı, lakin türk oxucusu uzun illər onun əsərlərindən xəbərsiz qaldı. Heç bu da ədibi ruhdan düşməyə məcbur buraxmadı. Çünki bu söz adamı özünü ifadə etməyə gəlmişdi həyata. Fahri Erdinç yaradıcılığı üçün ən xarakterik xüsusiyyətlərdən biri hadisələrə daha gerçəkçi yanaşması, hər şeyi daha səmimi ifadə edə bilməsi idi. Bundan başqa, oxucu yazıçının hər bir əsərində kəskin ironiyanı, bədii satiranı hiss etməyə bilmir.

Obrazlarındakı həyatilik, hadisələrin təqdimatındakı reallıq, əsərlərinin dili ilk baxışda oxucunu özünə cəlb etməyi bacarır. Əslində onu yeni türk nəsrinin ən seçilən nümayəndələrindən biri hesab etmək olar. Həyatını Vətən həsrəti ilə keçirən böyük türk şairi Nazim Hikmət vaxtıyla Fahri Erdinç haqqında yazmışdı. "...Mən Fahri Erdincin bir sıra hekayələrini oxuyanda gözlərim yaşla doldu... Fahri Erdinçin dili mənim türk ədəbiyyatında rast gəldiyim ən yaxşı nümunələrdən biridir".

BU DA SON

Şüurlu həyatının təxminən 37 ilini mühacirətdə yaşamağa məcbur qalan böyük türk yazıçısı Fahri Erdinç ayağını Vətən torpağına basmadan 1986-cı il noyabrın 11-də Sofyada haqqa qovuşdu. Və bir nisgilli, yaradıcı ürək də qərib yerlərdə torpağa qarışdı. Deyirlər ki, yad ölkədəki ölüm ayağı qürbət elin 40 illik acılarından da betər olur... Fahri Erdinç bu acını da daddı...

Amma onun üçün bir təsəlli qalmamış deyildi. Belə ki, ədibin əsərləri hələ 1968-ci ildən özünün ayaq basa bilmədiyi Türkiyədə işıq üzü görməyə başlamışdı. Bir sıra nəşrlər mütəmadi olaraq Fahri Erdinçi çap edirdilər. Və belə demək mümkünsə, məhz bu əsərləriylə Fahri Erdinç ruhu, Fahri Erdinç nisgili doğma Türkiyəsinə qovuşmuş oldu...
XS
SM
MD
LG