Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:16

"Ədəbi Azadlıq-2012": Alpay Azərdən təkliflər


Alpay Azər Azadlıq Radiosunun studiyasında
Alpay Azər Azadlıq Radiosunun studiyasında
-
"Fikrimcə, oxucu online səsverməsi praktikası aradan qaldırılmalıdır, istənilən halda münsiflərin 1, 2 və 3-cü səbəti formalaşdıran yazarlara verilən oxucu səslərinə bal verməmək hüququ olsa belə"


Alpay Azər

("Ədəbi Azadlıq-2012"nin
hekayə nominasiyasında finalçısı)


“ƏDƏBİ AZADLIQ-2012" MÜSABİQƏSİNƏ QISA BAXIŞ


Artıq üçüncü ildir Azərbaycanda və ölkəmizdən kənarda yaşayan azərbaycanlı yazarlar həvəslə “Ədəbi - azadlıq” hekayə, bu ilsə ilk dəfə olaraq şeir müsabiqəsində iştirak etmək imkanı əldə edirlər.

Yazım hekayə müsabiqəsinə həsr edildiyindən qeyd edim ki, bu tipli müsabiqənin müsbət cəhətlərindən biri onun oxucular arasında nəsrin bu janrına marağın artmasına xidmət etməsindədir.

Çox az adama rast gəlmək olar ki, bu müsabiqənin səviyyəsini və obyektivliyini şübhə altına almış olsun. Hər il müsabiqəyə təqdim olunan hekayələrin səviyyəsi get-gedə artmaqdadır bu da məhz yazıçılar arasında rəqabətin güclənməsiylə bağlıdır.

Mən Rusiyanın tanınmış “Novıy mir” jurnalının hər il keçirdiyi Yuri Kazakov adına hekayə müsabiqəsinin 10-luğa düşən və 3-lüyü qazanmış hekayələri imkanım daxilində oxuyuram.

Qeyd edim ki, mənzərəyə diqqət yetirəndə, - məlum səbəblərdən nəsrimiz rus nəsrindən geri qalsa belə, - bu il “Ədəbi azadlıq” müsabiqəsində bir neçə mətn istisna olmaqla 20-liyə düşən hekayələr belə öz səviyyəsi etibarilə Rusiyadakı adı çəkilən müsabiqənin istər qısa siyahısı, istərsə də 3-lüyə düşən hekayələrindən heç də geri qalmırdı.

Müsabiqə elə bir yarış meydanıdır ki, orda peşəkar, səviyyəli, ya həvəskar yazıçı, bir sözlə, yazıçılıq iddiasında olan hər kəs əvvəlcədən rəqabət ovqatında olurlar.

“Ədəbi azadlıq” - 2012, eləcə də əvvəlki illərdə keçirilən analoji müsabiqələrin elanlarına yazılan şərhlər göstərir ki, yazıçılarımızın əksəriyyəti noutbuk və ya netbuk qazanmaqdan çox, finalçılar sırasına düşmək istəyində, ehtirasında olublar.

Bəllidir ki, hər bir iştirakçı öncədən bu müsabiqəyə üzərində uzun müddət işləyib hazırladığı hekayəsini təqdim edir və ümid edir ki, məhz onun əsəri 20-lik, 10-luq və ya 3-lüyə düşəcək. Amma, yuxarıda qeyd etdiyim kimi, bu dəfə iddiaçılar arasında müsabiqənin nəticələrindən narazı qalanlar demək olar ki, çox az oldu.

Müsabiqənin şərtləri barədə

Məlum olduğu kimi, bu il müsabiqəyə 180-ə yaxın hekayə təqdim olundu bu, keçən ilki müsabiqəylə müqayisədə böyük göstərici oldu. Düşünürəm ki, bu sayda mətnin oxunması üçün bir aylıq müddətin ayrılması, - nəzərə alsaq ki, bu il hekayələr üçün
"Ədəbi Azadlıq" mükafatının büllur prizləri
"Ədəbi Azadlıq" mükafatının büllur prizləri
işarə sayı məhdudiyyəti (haqlı olaraq) aradan qaldırılmışdı, - kifayət deyil. Münsiflərin hekayələr arasında müqayisə aparmaları və yekun bal vermələri üçün mətnləri təkrar oxumasına ehtiyac duyulduğundan, bu məqsədlə onlar üçün iki ayın ayrılması daha məqbul sayıla bilər.

Bir məsələyə də diqqəti ayırmaq istərdim. Artıq ikinci dəfədir Anar Fərəcov müsabiqəyə hekayələrini rus dilində göndərir. Anar Fərəcov peşəkar yazıçıdır, hekayələri maraqlı və oxunaqlıdır. Fikrimcə, müəllif müsabiqəyə əsərlərini Azərbaycan türkcəsinə tərcümə etdirib göndərsəydi, daha məqbul olardı. Müsabiqə şərtlərində isə ancaq doğma dilimizdə əsərlərin göndərilməsi şərt kimi göstərilməlidir.

Bir də şərhçilərdən birinin haqlı olaraq qeyd etdiyi kimi Anar bəy artıq ikinci dəfə müsabiqəyə rus dilində əsərini göndərməklə müəllifin adının ekspertlər üçün anonim olması şərtini pozmuş olur. Anlayıram, biz uzun müddət rus ədəbi mühitinin içində olmuşuq, bundan (elə mən özüm) bu və ya digər dərəcədə təsirlənmişik və ekspertlərimiz də bu dili bilirlər. Söhbət mənim rus dilinə olan soyuq, ya isti münasibətimdən getmir. Sadəcə, müsabiqə məhz bizim dildə yazılan hekayələrin qiymətləndirilməsi üçün keçirildiyindən adıçəkilən prinsip də qorunmalıdır.

Oxucu səsverməsi məsələsi

Fikrimcə, oxucu online səsverməsi praktikası aradan qaldırılmalıdır, istənilən halda münsiflərin 1, 2 və 3-cü səbəti formalaşdıran yazarlara verilən oxucu səslərinə bal verməmək hüququ olsa belə. Amma məsələ burasındadır, biz internet oxucularının həqiqətən mətnləri oxuyub səs vermələrinə əmin deyilik, üstəlik, hansısa yazarın feysbuk, tanışa zəng, xahiş vasitəsilə özü üçün süni səs qazanmaq imkanları var. Bu baxımdan oxucu online səsverməsini obyektiv qiymətləndirmə çoxlarında şübhə doğurur.

Belə bir təklif edirəm: 10-luq siyahı müəyyən olunandan sonra Oxu zalı müvafiq hekayələrə əlavə balın verilməsi üçün onları obyektivliyinə inandığı, ədəbiyyatı bilən 5 və ya 10 oxucuya (adları anonim saxlanılmaqla) təqdim etsinlər. Bununla, ədəbi mətnə daha peşəkar dəyər verilmiş olardı, nəinki hekayəni, ya şeiri oxuyub-oxumadığını
"Ədəbi Azadlıq-2012"nin mükafatlandırma mərasimində - təşkilatçılar, qaliblər və iştirakçılar...
"Ədəbi Azadlıq-2012"nin mükafatlandırma mərasimində - təşkilatçılar, qaliblər və iştirakçılar...
bilmədiymiz internet istifadəçilərinin verdikləri qiymət. Məni qınaya bilərsiniz, oxucular obyektivlik yox, tərəfkeşlik mövqeyindən çıxış edə bilər, ona qalsa, eyni şeyi 10-luq və 3-lüyü müəyyənləşdirən ekspertlər haqqında da söyləmək olar.

Qiymətləndirmədə obyektivlik məsələsi

O ki, qaldı mətnlərə balvermədə obyektivlik məsələsinə, - bu bütün müsabiqələrdə münsiflərin üzləşdiyi ən çətin vəzifədir. Ədəbi müsabiqə boks, güləş yarışması deyil ki, münsiflər heyəti konkret yarışanın uğurla həyata keçirdiyi döyüş priyomlarlarını xal kimi hesablayıb yekun qələbəni rəqiblərdən birinə versin.

Ədəbi yarışmada münsif mətnin bədii, süjet qurma, dramaturji, psixoloji və digər xüsusiyyətlərin hansı səviyyədə işləməsinə diqqət yetirir, bunlardan çıxış edərək öz yekun xallarını verir.

Bir də seçimdə zövq məsələsini nəzərə almaq lazımdır.

Aydın məsələdir, ekspert hekayə, ya şeirə qiymət verərkən öz zövqündən yox, peşəkar bilik və oxu təcrübəsindən çıxış etməlidir. Bəs əgər ekspert təxminən eyni səviyyədə yazılmış bir neçə hekayə oxuyursa, bu halda biz eksperti hansısa mətnə daha çox bal verərkən onu öz zövqündən çıxış etməsinə görə günahlandıra bilərikmi? Məncə yox. Belə halda müəllif bəxtindən küssün, yox küsməsin, öz məğlubiyyətinə, necə deyərlər, müdrikcəsinə yanaşsa, daha doğru olar.

Iyun, 2012,
Ankara
XS
SM
MD
LG