Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:58

Qollar avronun xilası üçün çırmanıb


Arxiv foto
Arxiv foto

Avropa Komissiyasının sədri Jose Manuel Barroso Avropa Birliyi liderlərini avro pul vahidinin xilası üçün əllərindən gələn hər şeyi etməyə çağırır. Dekabrın 8-də Brüsseldə Birlik ölkələri liderlərinin sammiti keçirilir. Barroso bildirir ki, indi dünyanın gözü Brüsselə zillənib ki, 17 ölkənin daxil olduğu avrozona dövlətləri üzləşdikləri borc böhranına nə çarə tapacaqlar.

SARKOZY-MERKEL PLANI

AzadlıqRadiosunun Brüsseldəki müxbiri Rikard Jozwiak yazır ki, Fransa prezidenti Nicolas Sarkozy və Almaniya kansleri Angela Merkelin daha sıx iqtisadi inteqrasiya, büdcə intizamına dair daha sərt nəzarət nəzərdə tutan Avropa Birliyinin yeni razılaşmasının imzalanmasını təklif edəcəkləri gözlənir. Amma hələlik Almaniya və Fransanın təklif etdiyi yeni qaydalara hamının razı olub-olmayacağı məlum deyil.

Heç o da bəlli deyil ki, onların nəzərdə tutduqları yeni qaydalar təkcə avro pul vahidini işlədən 17 ölkəyə aid olacaq, yoxsa, Avropa Birliyinin üzvü olan 27 dövlətin hamısına.

Gərginlik yaradan məsələlərdən biri də beynəlxalq reytinq agentliklərinin hətta bəzi lider avrozona ölkələrinin kredit reytinqlərinin aşağı düşə biləcəyi barədə məlumatlarıdır. Brüsselin bu məsələyə necə əncam çəkəcəyi də maraqla izlənir.

TƏHLİLÇİ HƏLLEDİCİ QƏRARI İNDİ GÖZLƏMİR

Amma Brüsseldəki təhlilçilərdən biri olan Nicolas Veron hesab edir ki, Avropa liderləri dekabrın 8-də həlledici qərarlar qəbul edə bilməyəcəklər:

- Ola bilər liderlər konkret qərarların qəbulu üçün bir neçə həftə, ya da ay vaxt alacaqlar. Amma bu ay yekun qərar olmayacaq. Heç gələn ay da məsələnin tam həlli olmayacaq. Amma yəqin ki, bəzi irəliləyişlər əldə ediləcək.

BORCU ÇOX OLANA CƏZA... AMMA CƏZANI KİM VERSİN?

Fransa ilə Almaniyanın birgə təklifində büdcə kəsirini 3 faizdən yuxarı saxlayan Avropa Birliyi ölkəsinə qarşı avtomatik sanksiyalar, borclanmaya qarşı “qızıl qaydalar” adlandırılan sərt nəzarət mexanizmlərinin tətbiq edilməsi nəzərdə tutulur.

Amma aydın deyil ki, belə sanksiyaları hansı qurum həyata keçirəcək və ona kim nəzarət edəcək. Hələlik Fransa özü də ayrı-ayrı dövlətlərin büdcəsi üzərində nəzarətin Avropa Komissiyası kimi dövlətlərüstü bir quruma verilməsinə o qədər də həvəsli deyil. Paris artıq bir neçə dəfə bəyan edib ki, hansısa dövlətin milli büdcəsini Avropa Ədalət Məhkəməsi ləğv edə bilməz. Ancaq həmin məhkəmə qərar verə bilər ki, hansısa ölkə təsdiq edilmiş “qızıl qaydaları” pozub, yoxsa, yox.

“QIZIL QAYDALAR”IN TƏSDİQİNƏ 18 AY LAZIM OLAR

Fransa və Almaniya liderləri Avropa Birliyinin yeni büdcə qaydalarını bütün üzv ölkələrin qəbul etməsini arzulayırlar. Avro pul vahidini işlədən 17 dövlətin isə hamısının “qızıl qaydaları” qəbul etməsini zəruri sayırlar.

Təhlilçilər avro işlətməyən ölkələrdən Polşanın buna razı ola biləcəyini, amma Britaniya və Çex Respublikasının qarşı çıxacağını gözləyirlər.

Britaniya parlamentində Mühafizəkarla Partiyasından bir qrup ümumiyyətlə Avropa Birliyi ilə münasibətlərə yenidən baxılmasına dair referendum keçirilməsini təklif edirlər. Hələlik Baş nazir David Cameron referendum fikrinə o qədər də isti yanaşmır.
Almaniya və Fransanın birgə təklifinin reallaşmasına əngəl olan məqamlardan biri də onun bütün dövlətlər tərəfindən təsdiqinə lazım olan uzun müddətə dözə bilib-bilməyəcəyidir.

Avropa Siyasəti Araşdırmaları Mərkəzinin təhlilçisi Marco Incerti bildirir ki, yeni razılaşmanın təsdiqi ilyarıma qədər vaxt ala bilər.

- Əvvəlki illərin təcrübəsi əsasında deyə bilərik ki, 27 ölkənin yeni sənədi təsdiqləməsi 18 aya qədər vaxt ala bilər. Amma əlbəttə, onu təkcə avro pul vahidini işlədən 17 ölkə qəbul edəcəksə, ratifikasiyasına da bir qədər az zaman lazım olacaq.

Dekabrın 9-da Avropa Birliyi liderləri həmçinin Serbiyanın bu Birliyə üzvlüyə namizəd statusunun verilib-verilməməsi barədə də qərar qəbul etməlidirlər.

Azərbaycan da valyuta ehtiyatlarının bir qismini avro ilə saxlayır. Bugünlər Milli Bankın sədri bildirib ki, hökumət hələlik avrodan imtina etmək fikrində deyil. Elman Rüstəmov deyir ki, avro-nun taleyi ilə bağlı proqnozlar da Bakıya avro ilə saxlanan valyuta ehtiyatlarını başqa pula dəyişməyə sövq etmir.

Sən necə düşünürsən, avrodan yaxa qurtarmağın vaxtıdırmı? Pulun olsaydı, onu avroda saxlayardınmı? Səncə, Azərbaycan valyuta ehtiyatlarının bir hissəsini avroda saxlamaqla risk etmirmi?

Düşündüklərini yaz, fikirlərimizi bölüşək!
XS
SM
MD
LG