Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:20

Lujkovun arvadı bir neçə aya 1.5 milyard dollar itirib


Y.Lujkov və xanımı Y. Baturina, 5 fevral 2009
Y.Lujkov və xanımı Y. Baturina, 5 fevral 2009
2.9 MİLYARD DOLLARLIQ SƏRVƏTİ 1.1 MİLYARD DOLLARA ENİB

Rusiyada ən varlı qadın olan Yelena Baturina üçün sonuncu bir neçə ay ən ağır zaman olub. “Finans” jurnalı onun sərvətindən cəmi 1.1 milyard dollar qaldığını yazır.

Halbuki, keçən il “Forbes” jurnalı bu xanımın sərvətinin 2.9 milyard dollar olduğunu yazırdı.

Az əvvəl əri Yuri Lujkov Moskva meri kürsüsünü itirəndən bu yana onun arvadı Baturina da pullarını itirməyə başlayıb.

LUJKOV MOSKVA BANKININ PULUNU ARVADININ HESABINA KÖÇÜRÜB?
"Forbes" jurnalının merin arvadının sərvətindən yazdığına görə Moskvada yayımı dayandırılmışdı, 30 noyabr 2006


Keçən həftə prokurorlar Baturinanın Moskvadakı tikinti şirkəti olan İntekonun ofisində axtarış aparıblar.

Prokurorlar bildirirlər ki, Bank of Moscow 2009-cu ildə Moskva ətrafında bir torpaq sahəsini olduqca böyük məbləğə İntekodan alıb. Prokurorlar həm qiymətin ağlasığmaz dərəcədə böyük olmasından, həm də Bankın torpağa ödədiyi 440 milyon dollar pulun niyə Baturinanın şəxsi hesabına köçürülməsindən şübhələndiklərini deyirlər.

Məsələ burasındadır ki, Moskva şəhəri Bank of Moscow bankında 46.5 faiz paya sahibdir.

Bu bank İntekodan torpaq alanda Moskva meri Luzkov idi. Yəni, belə çıxırdı ki, Moskva meri şəhərin nəzarətində olan bankdan öz arvadının hesabına torpaq alqı-satqısı adı ilə 440 milyon dollar pul köçürtdürüb.

18 İLDƏ 7.3 MİLYARD DOLLARLIQ "YEYİNTİ"

Bu ayın əvvəlində Auditorlar Palatası da bəyan edib ki, Lujkovun Moskva meri olduğu 18 il ərzində təkcə nəqliyyat sektoruna xərclərdə 7.3 milyard dollarlıq qanun pozuntusu olub.

Yeni mer Sergey Sobyanin də bəyan edib ki, Lujkovun zamanında imzalanmış 100 000-dən çox müqaviləni təzədən nəzərdən keçirirlər.

Auditorlar Palatası Bank of Moscow-nun bağladığı müqavilələri, o cümlədən də İnteko şirkəti ilə razılaşmalara yenidən baxır. Keçən ilin sentyabrında “prezidentin etimadını itirmək” iddiası ilə 18 illik mer vəzifəsindən qovulan Yuri Lujkov və arvadı Baturinanın harada olduğu məlum deyil. Onların Avstriyaya qaçmaları haqqında söz-söhbət var.
Yelena Baturina, 25 dekabr 2007


LUJKOVLA ARVADININ HƏR ŞEYİNİ ƏLLƏRİNDƏN ALIRLAR?


Hökumət onların əleyhinə korrupsiya ittihamları ilə araşdırmalar getdiyini bildirsə də, müşahidəçilər əslində onların başqa məqsədlə gözümçıxdıya salındıqlarını bildirirlər.

Müxalifətin təmsilçilərindən olan Vladimir Milov hesab edir ki, əslində hakim klan olduqca gəlirli biznes sahələrini sadəcə olaraq Lujkov və xanımın əlindən almağa çalışır.

Korrupsiya ittihamları isə onlar müqavimət göstərdikləri üçün ortaya atılır:

- Məncə, burda söhbət ağlasığmaz məbləğlərdə korrupsiyanın, Moskva Büdcəsindən böyük məbləğlərdə pulların necə oğurlandığının ortaya çıxarılmasından getmir.

Görünür, onlar sadəcə olaraq qurbanlıq qoyun axtarırlar. Guya bank işçiləri rəhbərlərini aldadıblar, ya nə isə.

Şəxsən mən əminəm ki, Lujkov və Moskvanın başqa rəhbərləri, o cümlədən də Rusiya Mərkəzi Bankının rəhbərlərinin bu əməliyyatlardan xəbərləri olub.

Amma indi onlar kimlərisə qurbanlıq qoyun kimi istifadə etmək istəyirlər.
Lujkov xanımı Baturina ilə Moskvada Rusiya prezidentinin təşkil etdiyi at yarışını izləyir, 22 iyul 2006

Bu da o deməkdir ki, əslində real istintaqdan, yüksək səviyyələrə gedib çıxan günahkarların cəzalandırılmasından söhbət getmir.

Başqa bir müxalifət lideri Leonid Qozman da hesab edir ki, Lujkov və Baturinaya qarşı təqiblərin real məqsədi əslində yalnız onların sərvətlərini əllərindən almaq cəhdidir:

- İstisna deyil ki, bu araşdırmalar əslində başqa məqsədləri güdür. Ola bilər, Lujkovdan nələrisə ya çox ucuz, ya da heç nəyə almaq istəyirlər. O da vermək istəmir. Buna görə deyirlər ki, vermirsən, onda türməyə gedəcəksən, sən də getməsən, dostların gedəcək.

ARTIQ BATURİNANIN ŞİRKƏTİNƏ MÜŞTƏRİLƏR DƏ VAR


Beynəlxalq maliyyə böhranına görə daşınmaz əmlak bazarında qiymətlərin kəskin düşməsinə baxmayaraq, Baturinanın İnteko şirkəti hələ də sərmayəçilər üçün olduqca cəlbedicidir.

Siyasi təhlilçi Stanislav Belkovski “The Moscow Times” qəzetinə bildirib ki, Kremlə yaxın olan oliqarxlar Oleq Deripaska və Vasili Anisimov İnteko şirkətinə sahib olmağa çalışır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG