Keçid linkləri

Təcili xəbərlər
2023, 03 Fevral, Cümə, Bakı vaxtı 04:06

Azərbaycan xəbərləri

Nazirlər daha bir dəfə görüşdülər

Azərbaycan, Ermənistan və Rusiyanın Xarici Işlər nazirləri yanvarın 24-də Moskvada görüşüblər. Görüşdən sonra jurnalistlərə məlumat verilməyib. Ermənistanın Xarici İşlər Nazirliyindən AzadliqRadiosunun erməni xidmətinə qısaca onu deyiblər ki, “nazirlər Qarabağ münaqişəsinin nimzalnmasına dair gündəlikdə olan məslələri müzakirə ediblər.”

Bu görüşdən əvvəl “ITAR-TASS” agentliyi xəbər verirdi ki, nazirlər Elmar Məmmədyarov, Eduard Nalbandyan və Sergey Lavrov ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfərini müzakirə edəcəklər. Qarabağ münaqişəsinin həlli üçün aparılan danıçıqlara vasitəçilik edən həmsədrlərin bu səfəri fevral ayına planlaşdırlır.

ABŞ, Rusiya və Fransanı təmsil edən həmsədrlər münaqişənin həlli üçün ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyinetmə prinsiplərini uzlaşdırmaq istədiklərini deyirlər.

Bütün xəbərləri izləyin

Orxan Baxışlıya 30 sutka verilib

Orxan Baxışlı

Orxan Baxışlıya 30 sutka inzibati həbs verilib. Bu barədə "Turan"a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Nazirlikdən qeyd edilib ki, o, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə günahlandırılıb.

İşin detallarını isə, hələlik, öyrənmək mümkün olmayıb.

Orxan Baxışlı saxlanıb

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Orxan Baxışlı bu gün, fevralın 2-də saxlanıb.

Fəalın anası Kəmalə Rəhimli AzadlıqRadiosuna bildirib ki, oğlu səhər işə getmək üçün evdən çıxıb, amma bundan sonra ondan hər hansı xəbər almaq mümkün olmayıb: "İşə gəlib çıxmayıb, telefonuna da zəng çatmır. Ola bilsin ki, saxlanılıb. Dünən Bəxtiyar Hacıyevin məhkəməsində müsahibə verərkən onu qıraqdan polis əməkdaşı çəkirdi".

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev də "Turan"a bildirib ki, Baxışlı saxlanılıb, araşdırma aparılır. Amma nazirlik əməkdaşı saxlanmanın səbəbini izah etməyib.

AXCP Gənclər Komitəsinin üzvü O.Baxışlı 2018-ci il mayın 6-da da saxlanmışdı. O, Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə 6 il azadlıqdan məhrum edilmişdi. Sonradan Ali Məhkəmə satış məqsədini ittihamdan xaric edib, maddəni 234.1-ə tövsif edərək cəzanı da 3 ilə endirmişdi. Baxışlı həbsini siyasi sayır və bunu fəaliyyəti ilə əlaqələndirirdi. O, 2021-ci ilin martında prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb.

Xatırlatma

Harvard Universitetinin məzunu olan ictimai fəal Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün həbs edib. Sonra həbs müddəti artırılıb. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. İnsident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib. Hacıyev də həbsini siyasi sayır. O, 2011-ci ilin martında da həbs edilmişdi. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi. Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb. O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilirdi.

AXCP iclas üçün yer istəyib...

AXCP 6-cı qrultayını keçirdi
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin iclası üçün yerlə bağlı müraciətinə müsbət cavab verməyib.

Partiyadan AzadlıqRadiosuna bildirilib ki, iclasın keçirilməsi üçün müvafiq zalın ayrılması ilə bağlı müraciətə şöbə müdiri Elmin İmanovun imzası ilə cavab verilib: "Məktubda bildirilir ki, "qapalı məkanda hər hansı bir tədbirin keçirilməsi qanuna müvafiq olaraq BŞİH tərəfindən tənzimlənmir". Halbuki, Bakı şəhərində dövlətə aid olan bütün daşınmaz əmlakların sahibi istisnasız olaraq BŞİH-dır".

AXCP-dən o da qeyd olunub ki, bundan əvvəlki illərdə də iki dəfə icra hakimiyyətinə eyniməzmunlu müraciətdən sonra analoji cavablar alıblar: "Geniş etiraz kampaniyasından sonra məhz BŞİH-nin tapşırığı ilə bizə münasib yer verildi və biz həmin məkanda partiyanın qurultayını və Ali Məclisin genişləndirilmiş sessiyasını keçirdik. Biz budəfəki imtinanı partiyamıza qərəz kimi qiymətləndiririk".

AXCP-nin hazırda öz qərargahı yoxdur.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, ölkədə bütün siyasi partiyalara fəaliyyət üçün imkanlar yaradıldığını bildirirlər.

Xatırlatma

AXCP Azərbaycan Xalq Cəbhəsinin (AXC) varisidir. 1989-cu il iyulun 16-da yaradılan həmin təşkilat Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən bir il sonra, 1992-ci ildə həmin təşkilatın sədri Əbülfəz Elçibəy ölkə prezidenti seçilib. Amma bir il sonra silahlı itaətsizlikdən sonra Elçibəy paytaxt Bakını tərk edərək doğulduğu Kələki kəndinə gedib. Azərbaycanda 1993-cü ildə növbədənkənar keçirilən prezident seçkisinin qalibi isə Heydər Əliyev olub.

AXC 1995-ci ildə partiyaya çevrilib. Hazırda müxalifət düşərgəsində təmsil olunur.

Ombudsman Səbinə Əliyeva Bəxtiyar Hacıyevə baş çəkib

Ombudsman Səbinə Əliyeva

Ombudsman Səbinə Əliyeva Bəxtiyar Hacıyevə baş çəkib. Amma görüşün detalları hələlik, açıqlanmayıb

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin anası Solida Mövlayeva bugün, fevralın 1-də Ombudsman Aparatında olub.

Solida Mövlayeva bildirib ki, ombudsman Səbinə Əliyeva ilə görüşmək istəyir. Onun dediyinə görə, əvvəlcə onu ümumi şöbədən İbrahim Abdullayev qəbul edib:

"Bildirdim ki, oğlum artıq 24-cü gündür aclıq aksiyası keçirir, onun səhhəti gündən-günə pisləşir. Dedim ki, ona görə çox nigaranam. Bəxtiyarın qanunsuz həbsi barədə qısa məlumat verdim".

Mövlayeva əlavə edib ki, qurumdan oğlunun vəziyyəti ilə ciddi maraqlanmağı və ombudsmanın özünün ona baş çəkməsini xahiş edib:

"Onlar da öz növbəsində bu barədə ombudsmana məlumat çatdıracaqlarını və qısa müddət sonra bizə cavab verəcəklərini dedilər".

Bir qədər sonra Ombudsman Aparatından “Turan” Agentliyinə bildirilib ki, axşam saatlarında Ombudsman Səbinə Əliyeva Bəxtiyar Hacıyevə baş çəkib.

Bir gün sonra - fevralın 2-də həmin görüşlə bağlı Ombudsman Aparatının yaydığı açıqlamada da qeyd edilib ki, Səbinə Əliyeva və Milli Preventiv Qrupunun (MPQ) üzvləri yemək qəbulundan imtina etməsi ilə bağlı məlumatlar yayılmış Bəxtiyar Hacıyevi də fərdi qaydada qəbul ediblər: "Onun səhhəti ilə maraqlanılıb, hüquqlarının təmini məsələsi yerində araşdırılıb, müraciəti dinlənilib. Başçəkmələr çərçivəsində keçirilmiş görüşlərdə MPQ-nin psixoloq və həkim üzvləri də iştirak ediblər".

Bəxtiyar Hacıyev yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsində yenidən aclıq aksiyasına başladığı haqqında məlumat vermişdi.

Bundan öncə Hacıyev ötən il dekabrın 15-də aclıq aksiyasına başladığını açıqlamış, dekabrın 28-də onu dayandırmışdı.

Yanvarın 13-də isə Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb. Əvvəl ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xırda xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi başlanmışdı. Yanvarın 13-də 221.1-ci maddə 221.2.2 (İctimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) ilə əvəzlənib.

Əvvəlki ittihamla ona 1, bundan sonra isə 3 ilə qədər həbs cəzası verilə bilər.

Xatırlatma

Ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevi 1 ay 20 gün həbs edib.Sonra həbs müddəti artırılıb. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur.

Həmin insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib.

Harvard Universitetinin məzunu olan Hacıyev 2011-ci ilin martında da həbs edilmişdi.Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi. Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilirdi.

Naxçıvanın Penitensiar Xidmətinin rəisi tutulub

Səbail Rayon Məhkəməsi

Naxçıvan Muxtar Respublikasının (MR) Ədliyyə nazirin müavini - Penitensiar Xidmətin rəisi Tofiq Həsənovun həbs edildiyi bildirilir.

"Turan"ın məlumatına görə, onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətində həbs-qətimkan tədbiri seçilib.

Bakının Səbail Rayon Məhkəməsindən bildiriblər ki, qərar yanvarın 27-də qəbul edilib. O, Cinayət Məcəlləsinin 179.2.2, 179.2.2, 179.2.4 (Mənimsəmə və ya israf etmə) və 311.3.2, 311.3.3-cü (Rüşvət alma) maddələri ilə ittiham olunur.

Amma bu məlumatlara, orada səslənən ittihamlara, hələlik, T.Həsənov və onun yaxınlarından münasibət almaq mümkün olmayıb.

T.Həsənov 2016-cı ildə Naxçıvanın Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qərarı ilə həmin vəzifəyə təyin edilmişdi.

Ötən il dekabrın 21-də V.Talıbovun özü Naxçıvanın Ali Məclisinin sədri vəzifəsindən istefa verib. Həmin ərəfədə və ondan sonra isə Naxçıvanda bir sıra vəzifəli şəxslər mənimsəmə ittihamı ilə həbs ediliblər. Üstəlik, muxtar respublikada güc strukturlarının rəhbər şəxsləri də dəyişdirilib. Habelə, Prezident İlham Əliyev özünün Naxçıvan Muxtar Respublikasında xüsusi nümayəndəsini də təyin edib.

Azərbaycan və İsrail müdafiə nazirləri danışıb

Zakir Həsənov/Yoav Qallant

Fevralın 1-də Azərbaycan Müdafiə naziri Zakir Həsənovla İsrail Müdafiə naziri Yoav Qallantın telefon danışığı olub.

Azərbaycan Müdafiə Nazirliyinin (MN) məlumatına görə, təşəbbüs İsrail tərəfindən gəlib.

MN bildirir ki, danışıq zamanı tərəflər regional təhlükəsizlik məsələlərini, eləcə də iki ölkə arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra İsraildən müxtəlif dönəmlərdə silahlar alıb.

Elçin Quliyev də Yoav Qallantla danışıb

Fevralın 1-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyev də İsrailin müdafiə naziri Yoav Qallantla telefonla danışıb.

Azərbaycan DSX-nın məlumatına görə, telefon danışığında iki ölkə arasında təhlükəsizlik və sərhəd mühafizəsi sahəsində əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb

Mərkəzi Bank

Azərbaycan Mərkəzi Bankı (AMB) bu il ilk dəfə uçot dərəcəsini artırıb. Bununla bağlı AMB fevralın 1-də məlumat yayıb.

Məlumatda bildirilir ki, İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8.5-ə qaldırılıb. Faiz dəhlizinin aşağı həddi 0.5 bənd artırılaraq 6.75-ə, yuxarı həddi isə 0.25 faiz artırılaraq 9.5-ə çatdırılıb.

"Bu qərar daxili, xarici mühitdə inflyasiyaya artırıcı və azaldıcı amillərin dinamikası nəzərə alınmaqla verilib", - AMB bildirir.

AMB hesab edir ki, 2022-ci ilin IV rübündən başlayaraq ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya tədricən azalmağa başlayıb: "Beynəlxalq konyunkturun tədiyə balansı baxımından Azərbaycan üçün əlverişli qalması, habelə ölkənin strateji valyuta ehtiyatlarının artması qiymət sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini gücləndirir. Son proqnozlar da 2023-cü ildə cari hesabın profisitli olacağını gözləməyə əsas verir".

AMB onu da əlavə edib ki, bununla belə, inflyasiya mühiti ilə bağlı qeyri-müəyyənliklər yüksək olaraq qalır.

Mərkəzi Bankın faiz dəhlizinin parametrləri barədə növbəti qərarı martın 29-da ictimaiyyətə açıqlanacaq.

‘Azərişıq’da saxlanan cəbhəçiyə 30 sutka verildiyi deyilir

Elnur Həsənov

Yanvarın 31-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Həsənovun Yasamal Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs edildiyi bildirilir.

AXCP-dən verilən məlumata görə, o xuliqanlıq (İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi ) və polisə tabe olmamaqda ( 535.1-ci maddəsi) ilə ittiham edilib.

Partiyadan əlavə edilib ki, Həsənov yanvarın 31-də “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin (ASC) ofisində saxlanılıb və oradan məhkəməyə aparılıb.

AXCP-dən o da vurğulanıb ki, Həsənov yanvarın 29-da 85 yaşlı nənəsinin evində işığın borca görə kəsilməsi səbəbindən “Azərişıq” ASC-nin Sabunçu rayon idarəsinə gedib:

"Nənəsi İkinci Dünya Müharibəsi veteranının dul qadınıdır. O, hakimiyyəti tənqid edib. Ona vəd ediblər ki, nənəsinin evində elektrik enerjisi bərpa ediləcək, amma bunu etməyiblər".

AXCP-dən deyiblər ki, bugün, yanvarın 31-də Həsənov “Azərişıq” ASC-nin baş ofisinə gedib və orada onu mülki geyimli iki şəxs saxlayıb.

“Görünür, Həsənov sosial şəbəkələrdə hakimiyyətin ünvanına kəskin tənqidi status yazdıqdan sonra onu izləməyə başlayıblar”, - Azərbaycan Xalq Cəbhəsi Partiyasından bildiriblər.

Partiyadan Bunu deyiblər ki, Elnur Həsənov İkinci Qarabağ Müharibəsində həlak olan Teymur Mahal oğlu Həsənovun qardaşıdır.

Bu açıqlamaya, hələlik, Azərbaycan Daxili İşlər Nazirliyi, “ Azərışıq” ASC , Yasamal Rayon Məhkəməsi və başqa rəsmi aidiyyatı qurumlardan münasibət almaq mümkün olmayıb.

Amma rəsmilər bir qayda olaraq bildirirlər ki, ölkədə heç kim tənqidlərinə görə, təqib edilmir.

Metro və avtobuslarda gediş haqqı bahalaşdı

Milyonlar xərclənən "BakuBus"lar depoda istifadəsiz qalıb - EKSKLÜZİV görüntülər
Gözlə

No media source currently available

0:00 0:04:27 0:00

Metro və marşrut avtobuslarında gediş haqqı bahalaşdı. Bununla bağlı bu gün, yanvarın 31-də Tarif (qiymət) Şurası qərar verib.

Qurumun yaydığı məlumatda bildirilir ki, iclasda daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb.

Qərarla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik müəyyən edilib. Hazırda bu, 30 qəpikdir: "Ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik (hazırda 35 qəpik), şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0.40-1.00 manat (hazırda 30-90 qəpik arası) təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik müəyyən olunub (əvvəlki tarif 2.4 qəpik)".

Qurumun məlumatına görə, müraciətlərdə qeyd edilib ki, sonuncu tənzimləmədən (2018) ötən müddətdə ehtiyat hissələrinin idxal qiymətinin və təmir xərclərinin artması sərnişindaşımada maya dəyərinə ciddi təsir edib.

Qərarlar fevralın 3-dən qüvvəyə minir.

N.Bəydəmirli
N.Bəydəmirli

'Qiymət artımını hökumət alovlandırır'

İqtisadçı, işadamı, keçmiş deputat Nazim Bəydəmirli AzadlıqRadiosuna Tarif Şurasının son qərarı ilə bağlı bildirib ki, qiymət artımı hər zaman vətəndaşlara izah edilməlidir: "Biz başqa ölkələrdə əgər qiymət bahalaşmasını müşahidə ediriksə, bununla bağlı hökumətin müxtəlif izahlarını, dövlət və özəl şirkətlərin audit yoxlamalarını görürük. Maya dəyərinin nə qədər olması ilə bağlı fikirlər səsləndirilir və əsaslandırılır".

Onun sözlərinə görə, Azərbaycanda, bir qayda olaraq, dövlət iqtisadiyyata çox ciddi müdaxilə edir: "Hər zaman da zəncirvarı qiymət artımını hökumət alovlandırır. Adətən maya dəyərinin şişirdilməsi o sahəni idarə edənlərin səriştəsizliyindən, yaxud müxtəlif maliyyə mexanizmlərindən keçir. Dünyada sərnişindaşımanı, əsasən, özəl və ya bələdiyyəyə tabe olan şirkətlər həyata keçirir. Niyə Azərbaycanda satınalmalar dövlət büdcəsi hesabına əsaslandırılmamış baha olur? Başqa ölkələrdə həmin satınalmalar ən azı 50 faiz ucuza başa gəlir".

Onun fikrincə, dövlət büdcəsi hesabına şəxsi biznesi inkişafı etdirmək tendensiyası var: "Əlavə yükü də hər zaman vətəndaşın belinə yükləyirlər".

Rəsulzadənin 139 yaşı…

Bu gün Rəsulzadənin doğum günüdür
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00

Yanvarın 31-i Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından Məhəmməd Əmin Rəsulzadənin 139-cu doğum günüdür.

M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakı şəhərinin ətrafındakı Novxanı kəndində doğulub. O, gənc yaşlarından siyasi proseslərə qoşulub və müxtəlif siyasi qurumların yaradılmasında iştirak edib. M.Ə.Rəsulzadə Müsavat Partiyasının (AXC dönəmində parlamentdə nisbi çoxluğa malik partiya) da qurucularından olub.

Çar Rusiyası imperiyasının dağılması ilə 1918-ci ildə Şərqdə ilk respublikanın-AXC-nin yaradılmasında iştirak edib.

1920-ci il aprelin 28-də bolşevik Rusiyası Azərbaycanı yenidən işğal edib. M.Ə.Rəsulzadə Azərbaycanın işğalına açıq etiraz edənlərdən olub. O, həbs edilib, daha sonra Moskvaya aparılıb, Moskvadan isə mühacirətə gedib. Onun ailəsi repressiyaya məruz qalıb.

M.Ə.Rəsulzadə mühacirətdə olsa da, ömrünün sonuna kimi müstəqil Azərbaycan uğrunda mübarizəsini davam etdirib. 1955-ci il martın 6-da Türkiyə paytaxtı Ankarada vəfat edib.

1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini bərpa edib.

'Rəsulzadəni tarixdən silmək istəyirlər' - Bakıda sorğu
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilmişdi. Həmin il bu münasibətlə ölkədə bir sıra rəsmi tədbirlər də keçirildi. Amma buna qədər - 1993-cü ildə Azərbaycanda hakimiyyət dəyişikliyindən sonra (Heydər Əliyevin hakimiyyəti illərində) M.Ə.Rəsulzadənin Bakı Dövlət Universitetindən və başqa bəzi yerlərdən büstləri götürülüb.

Azərbaycan Xalq Cəbhəsi və Müsavat kimi müxalifət partiyaları ölkədə M.Ə.Rəsulzadəyə qısqanc münasibət olduğunu deyirlər. Hakimiyyət rəsmiləri isə belə tənqidləri qəbul etmirlər.

Azərbaycan və Macarıstan arasında sənədlər imzalanıb

Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə məhdud tərkibdə görüşü. 30 yanvar 2023

Yanvarın 30-da Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə görüşü olub.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Macarıstan sənədləri imzalanıb.

Əliyev və Orban iki ölkə arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıblar. Bu iki ölkə arasında 9 il əvvəl də eyni adda bəyannamə imzalanmışdı.

Yanvarın 30-da iki ölkə arasında habelə təbii qaz və bir sıra başqa sahələr üzrə də əməkdaşlığa dair sənədlərin imzalanması həyata keçirilib.

Sənədlərin detalları, hələlik, açıqlanmır.

Prezident Əliyev dünən, yanvarın 29-da Macarıstana səfər edib.

Gömrük işçiləri həbs edilib

Dövlət Gömrük Komitəsi

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsində (DGK) əməliyyat keçirir. Baş Prokurorluğun Mətbuat xidmətindən məlumatı təsdiq ediblər.

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları saxlanıb. Bu barədə yanvarın 26-da Baş Prokurorluq məlumat yayıb.

Məlumata görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsi ilə birgə əməliyyat-axtarış tədbirləri keçirib.

Bildirilir ki, DGK-nin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Gömrük dəyərləndirilməsi və risklərin idarə olunması şöbəsinin əməkdaşı Şahin İskəndərovun ölkəyə gətirilmiş avtomobillərə görə ödəniləcək rüsum və digər xərclərin azaldılması əvəzində rüşvət almasına əsaslı şübhələr yaranıb:

“Habelə Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun əməkdaşı Cavid Məmmədovun postda yoxlama tədbirlərinin səthi və sürətli aparılması müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib”.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işləri başlanıb:

“Şahin İskəndərovla Cavid Məmmədova Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələrilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.

Hələlik, rəsmi açıqlamaya həbs edilən şəxslər və onların yaxınlarından münasibət almaq mümkün olmayıb.

Gömrükdə təyinatlar olmuşdu…

Ötən ilin sonu, dekabrın 27-də DGK-da iki sədr müavini vəzifədən kənarlaşdırılmışdı. Bununla bağlı Prezident İlham Əliyev sərəncamlar imzalamışdı. Söhbət Əsgər Abdullayev İqbal Babayevdən gedir. Prezidentin digər sərəncamı ilə isə Natiq Şirinov bu qurumda sədr müavini vəzifəsinə təyin edilib.

İyulun 15-də İ.Əliyev Səfər Mehdiyevin DGK sədri vəzifəsindən azad edilməsi haqda da sərəncam imzalamışdı. Hazırda bu qurumda sədr vəzifəsini birinci müavin Şahin Bağırov icra edir.

DGK-nın saytında bu qurumda birinci müavinlər daxil, ümumilikdə altı müavin postu olduğu bildirilir.

Əvvəlki həbs…

Hazırda DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi olmuş Məsum Rəsulov həbsdədir. Onun Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edildiyi bildirilir. Amma Rəsulovun özünün və ya vəkillərinin ittihamlara münasibəti bəlli deyil.

Balıqçılarla polis arasında narazılıq yaranıb

Sosial şəbəkədə videosu yayılan balıqçı: 'Ay Allah, bunlara insaf ver, ac qalmışam'
Gözlə

No media source currently available

0:00 0:04:33 0:00

Son günlər Masallı rayonunun Təzəkənd kəndinin sakinləri ilə polis əməkdaşları arasında insident baş verdiyi deyilir.

Adının açıqlanmasını istəməyən şəxsin "Turan"a bildirməsinə görə, kəndin sakinləri, əsasən, ovçuluq və balıqçılıqla məşğul olurlar: "Polis onlara mane olub, xəsarət alanlar olub".

Bu gün, yanvarın 26-da isə Lənkəran rayonunun Nərimanabad qəsəbəsinin ərazisində da oxşar olaylar yaşandığı deyilir. Yerli sakinlərdən biri bildirib ki, Təzəkənd Masallı rayonunun kəndi olsa da, bəzi sakinləri Lənkəranın dəniz ərazisində ov edirlər: "Bu gün, yanvarın 26-da Lənkəranın dənizə çıxış hissəsi olan Nərimanabad qəsəbəsinə yüzlərlə maskalı, kaskalı polis yeridilib. Saxlanılanlar Lənkəran rayon Liman şəhər polis bölməsinə daşınır. Olay Nərimanabad qəsəbəsi ərazisində olsa da, Təzəkənd sakinləri ilə polis arasında baş verib. Polis kəndin giriş və çıxışını bağlayıb".

DİN-dən izah…

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan isə "Turan"a bildirib ki, Masallının Təzəkənd kəndinin sakinləri Qızılağac Milli Parkında qanunsuz ovçuluq etməyə çalışıblar: "Parkın əməkdaşları tərəfindən onlara xəbərdarlıq edilməsinə baxmayaraq, onlar buna məhəl qoymayıblar. Əraziyə dəvət olunan polis əməkdaşları tərəfindən onlarla izahedici söhbət aparılıb, onlar ərazidən uzaqlaşdırılıblar".

Məlumata görə, hazırda Lənkəran Şəhər Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Nazirlikdən yanvarın 26-da deyilən ərazidə hər hansı insidentin baş vermədiyi bildirilib.

Naxçıvanın keçmiş nazirinə rədd cavabı verildi

V.Talıbov və Ə.Əhmədov

Ali Məhkəmədə 17 il Naxçıvan Muxtar Respublikasının (MR) Daxili İşlər naziri olmuş Əhməd Əhmədovun şikayətinə baxılıb. O iddia edirdi ki, vaxtilə problemlərlə üzləşib, 11 il azadlıqdan məhrum edilməsi haqda hökmdən vaxtında Ali Məhkəməyə şikayət verə bilməyib.

Ali Məhkəməyə kassasiya şikayəti verməkdən ötrü qanunda konkret müddət nəzərdə tutulub. Müddəti ötürən Əhmədov bunun üzrlü səbəbdən baş verdiyini, maneələrlə üzləşdiyini, səhhətində problemlər yarandığını vurğulayaraq müddətin bərpasını istəyirdi. O, ərizəsində göstərib ki, uzun müddətdir Müalicə Müəssisəsində saxlanılır.

Yanvarın 25-də Ali Məhkəmədə onun ərizəsinə baxan hakimlər keçmiş nazirə "yox" cavabı verib. Ələsgər Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası Əhmədovun göstərdiyi səbəblərin üzrlü olmadığı qənaətinə gəlib.

Sabiq nazirin vəkili bundan sonra Ali Məhkəmənin Plenumuna müraciət etmək niyyətindədir.

2000-2017-ci illərdə Naxçıvan MR Daxili İşlər naziri vəzifəsində çalışmış Əhməd Əhmədov 2020-ci ilin əvvəlində Bakıda həbs olunub. Lakin onun mühakiməsi Naxçıvanda həyata keçirilib. Xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətalma və s. ittihamlarla sabiq nazir haqqında 11 il azadlıqdan məhrumetmə hökmü çıxarılıb. Apellyasiya instansiyası da bu hökmü qüvvədə saxlayıb. O, özünü təqsirli bilmir.

Əhmədovun adı zaman-zaman insan haqlarının pozulması, işgəncələrlə bağlı müxtəlif hadisələrdə hallanıb.

Bəxtiyar Hacıyevin vəziyyətinin getdikcə ağırlaşdığı bildirilir

Bəxtiyar Hacıyev

Həbsinə etiraz olaraq 17 gündür aclıq aksiyası keçirdiyi bildirilən ictimai fəal Bəxtiyar Hacıyevin səhhətinin getdikcə ağırlaşdığı deyilir.

Yanvarın 25-də vəkillər Nemət KərimliRövşanə Rəhimli onunla görüşüblər.

Kərimlinin Azadlıq Radiosuna bildirməsinə görə, Hacıyevin vəziyyəti əvvəlki günlərlə müqayisədə daha ağır görünür:

“Bəxtiyar Hacıyev ayağa qalxanda müvazinətini itirir və az qalır yıxılsın. Təcridxana həkimi deyib ki, bu, beyinin qanla kifayət qədər təmin olunmaması ilə əlaqədar ola bilər”.

Onun sözlərinə görə, Hacıyev MRT (maqnit rezonans tomoqrafiya) və KT (kompüter tomoqrafiya) müayinələrinin aparılması xahişilə Penitensiar Xidmətə müraciət etsə də, hələlik cavab almayıb.

Hacıyev istintaq təcridxanasının tibb-sanitariya hissəsində saxlanılır.

Bu açıqlamya, hələlik, Penitensira Xidmət və başqa müvafiq qurumlardan münasibət almaq mümkün olmayıb.

Hacıyev yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsində yenidən aclıq aksiyasına başladığı haqqında məlumat vermişdi.

Bundan öncə Hacıyev dekabrın 15-də aclıq aksiyasına başladığını açıqlamış, dekabrın 28-də onu dayandırmışdı.

Yanvarın 13-də isə Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb. Əvvəl ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xırda xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi başlanmışdı.

Yanvarın 13-də 221.1-ci maddə 221.2.2 (İctimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) ilə əvəzlənib.

Əvvəlki ittihamla gəncə fəala 1, bundan sonra isə 3 ilə qədər həbs cəzası verilə bilər.

Xatırlatma

Ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Həmin insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib.

Harvard Universitetinin məzunu olan Hacıyev 2011-ci ilin martında da həbs edilmişdi. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi.

Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilirdi.

Başqa bir cəbhəçinin də həbs edildiyi deyilir

AXCP fəalları ziyarət zamanı polis kordonlarının olmasından narazılıqlarını bildiriblər.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Rövşən Səfərovun inzibati qaydada həbs olunduğu bildirilir.

Partiyadan AzadlıqRadiosuna deyilib ki, fəal yanvarın 22-də yoxa çıxıb və yalnız 36 saatdan sonra onun inzibati qaydada 30 sutka müddətinə həbs olunduğu bilinib: "Rövşən bəyin atası Birinci Qarabağ müharibəsində həlak olub. Amma 20 Yanvar faciəsinin 33-cü il dönümündə onun da qarşısını kəsib saatlarla Şəhidlər Xiyabanına buraxmayıblar. O, elə sonradan həbs olunmuş Anar Hüseynovla birgə buna etiraz etdiyi üçün iki gün sonra onu da şərləyib həbs ediblər".

AXCP-dən əlavə ediblər ki, R.Səfərov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə həbs olunub. Onlar fəalın həbsini siyasi hesab edirlər.

R.Səfərovun həbsi ilə bağlı deyilənlərə isə Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi həbslərlə bağlı deyilənləri qəbul etmirlər.

20 Yanvar günü saxlanan cəbhəçiyə 30 sutka…

Yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı (AXCP) Anar Hüseynovun 30 sutka inzibati həbs cəzası aldığı bildirilir.

AXCP-dən Azadlıq Radiosuna verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535-ci maddələri (Polisin qanuni tələbinə tabe olmamaq) ilə ittiham olunan Anar Hüseynov barədə qərar Səbail Rayon Məhkəməsində çxıarılıb.

Partiyadan deyilib ki, cəbhəçini tədbir bitəndən sonra Nazirlər Kabinetinin binası qarşısında mülki geyimli şəxslər saxlayıblar.

AXCP-nin açıqlamasına görə, Anar Hüseynov ziyarətə qatılmazdan əvvəl maşınını Müsavat Partiyasının qarşısında saxlayıb:

"Anar Hüseynov saxlanılandan sonra yaxın qohumu, cəbhəçi Niyaməddin İsmayılov onun maşını evinə aparıb. Ancaq 2 saat sonra mülki geyimli polislər Niyaməddin İsmayılovu və maşını aparıblar. Maşını metronun "Koroğlu" stansiyasının yaxınlığındakı cərimə meydançasına aparıblar. Niyaməddin İsmayılovu da 2 saat Bakı Baş Polis İdarısində saxladıqdan sonra sərbəst buraxıblar. Amma maşın hələ cərimə meydançasındadır".

Partiyadan deyilib ki, yanvarın 23-də vəkil Nemət Kərimli ilə Anar Hüseynovun müdafiəsi üçün müqavilə imzalanacaq.

DİN-dən açıqlama

Bu fikrlərə, hələlik, Daxili İşlər Nazirliyi (DİN) və başqa rəsmi aidiyyatı qurumlardan münasibət almaq mümkün olmayıb.

Amma iki gün əvvəl, DİN-ə istinadən yerli saytlarda belə iddia səslənmişdi ki, yanvarın 20-də Şəhidlər Xiyabanında bir qrup şəxs ziyarətçilər üçün əvvəlcədən təşkil olunmuş növbəlilik prinsipini pozmaqla orada qarışıqlıq yaratmağa cəhd göstərib.
DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov APA-nın sorğusuna cavab olaraq bildirib ki, cəhdin qarşısı alınıb, onlardan biri - Anar Hüseynov polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə saxlanılıb və inzibati qaydada həbs olunub.

Müxalifətçilər ziyarətlərinə problem yaradıldığını deyirlər

Müsavat Partiyası, Milli Şura və bu quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvlərinin Bakıda Şəhidlər Xiyabanın ziyarətinə maneə yaradıldığı bildirilir. Bu barədə Müsavat və AXCP-dən məlumat verilib.

AXCP-dən qeyd olunub ki, ərazidə olan polis əməkdaşları onlara 1 saat ərzində dezinfeksiya işləri aparılacağını söyləyib: "Ziyarətimiz saat 15:00-a planlaşdırılıb. Buna görə də bizə maneçilik törətmək məqsədilə burada olan bəzi polis əməkdaşları 1 saatlıq dezinfeksiya işləri aparıldığını, bəziləri isə, ümumiyyətlə, ziyarətin bitdiyini deyirlər".

Müsavat Partiyasından da eyni şikayəti bildiriblər: "Bir neçə saatdır dezinfeksiya bəhanəsi ilə heç kimi ziyarətə buraxmırdılar, "1 saat sonra buraxacağıq" deyirdilər. İndi də polis elan edir ki, 16:30-da buraxılacaq. Belə oyunlarla camaatı neçə ildir o qədər bezdirdilər ki, artıq ziyarətə çox az adam gəlir".

Rusiya ordusu əleyhinə şüar səslənib

Bir qədər sonra (saat 16 radələrində) yenidən ziyarətə imkan verildiyi bildirilib. Amma AXCP fəalları ziyarət zamanı polis kordonlarının olmasından narazılıqlarını bildiriblər. Onlar deyiblər ki, artıq dezinfeksiya bəhanəsi aradan qalxsa da, qabaqda adamların, sıxlığın olmadığına baxmayaraq, tez-tez onları dayandırıb 10-15 dəqiqə saxlayırlar.

AXCP üzvləri yolda "Rusiya ordusu Azərbaycandan çıxarılsın" və başqa şüarlar da səsləndiriblər.

Onlardan öncə Prezident İlham Əliyev də Xiyabanı ziyarət edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

DİN təkzib edir

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə "Turan"a bu deyilənləri təkzib edib. O bildirib ki, Şəhidlər Xiyabanına keçidə məhdudiyyət tətbiq olunmayıb. "Sıxlıq yaranmaması üçün tədbirlər görülür".

Bakı. Yanvar 1990
Bakı. Yanvar 1990

20 Yanvar faciəsinin 33 ili tamam olur

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş qırğından 33 il keçir.

Artıq hər il yanvarın 20-də Azərbaycanın paytaxtı Bakıda və əyalətlərdə həmin faciədə həlak olanlar anılır. Səhər saatlarından hökumət, dövlət nümayəndələri, siyasətçilər, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar 20 Yanvar faciəsində həlak olanların dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edirlər.

33 il öncə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ Silahlı Qüvvələri Bakıda qırğın törədib. Bu hadisələr nəticəsində 130-dan çox şəxsin həlak olduğu, 700-dən çoxunun yaralandığı, mindən çox insanın isə həbs edildiyi bildirilir.

O vaxtdan hər il yanvarın 20-də həmin hadisələrdə həlak olanlar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizlər kimi xatırlanırlar.

O dövrdə gəmi kapitanı olmuş Kərəm Məmmədovun 20 Yanvar xatirələri
Gözlə

No media source currently available

0:00 0:02:55 0:00

Jurnalistin xanımı etiraz aksiyası keçirib

Məlahət Zeynallı

Yanvarın 24-də "Xural" saytının həbsdə olan rəhbəri Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı Baş Prokurorluğun İstintaq İdarəsinin binası qarşısında etiraz aksiyası keçirib. O, jurnalistin həbsdə olduğu müddətdə ailəsi ilə görüşə və zənglərinə məhdudiyyətə etiraz etdiyini bildirib: "Əvəz Zeynallı dövləti cinayət törətməyib və ailəsi ilə görüşüb əlaqə saxlamaq onun doğal hüququdur".

M.Zeynallı bütün sivil variantlara əl atdığını qeyd edib: "Prezidentə müraciət etdim, ondan sonra Əvəz Zeynallı, mən ombudsmana müraciət etdik, dedilər ki, mümkün qədər kömək edəcəyik. Düşünürdüm ki, prezidentə müraciətdən sonra bu qadağalar aradan qalxacaq, çünki Əvəz Zeynallının həbsi qanunsuzdur və ailəsi ilə görüşünün qarşısının alınması təzyiq üsullardan biridir".

Jurnalistin həyat yoldaşı yenə Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə, Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Eyvazova müraciət edərək əri ilə telefon danışığı və görüşə icazə verilməsini istəyib.

M.Zeynallı həmçinin qeyd edib ki, axtarış zamanı evlərindən müəyyən vəsait götürülüb. O, bunun qızlarının təhsil haqqı üçün nəzərdə tutulan vəsait olduğunu deyərək onun onlara qaytarılması ilə bağlı göstəriş verilməsini istəyib.

Onun sözlərinə görə, Ə.Zeynallının səhhətində də ciddi problemlər var: "Saxlandığı təcridxananın tibbi müəssisəsində ona zəruri göz əməliyyatının aparılmaması üçün müxtəlif bəhanələr gətirilir və heç kəs məsuliyyəti öz üzərinə götürmək istəmir".

Onun bu açıqlamalarına, hələlik, Baş Prokurorluq, başqa rəsmi və aidiyyəti qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

Ə.Zeynallı ötən ilin sentyabrında rüşvət ittihamı ilə saxlanıb, haqqında həbs-qətimkan tədbiri seçilib. O, ittihamı qəbul etmir.

Ə.Zeynallı bundan da əvvəl - 2011-ci ildə yenə rüşvət ittihamı ilə saxlanmış və 9 il həbs cəzası almışdı. Amma onda da ittihamı qurama sayan jurnalist 2014-cü ilin sonunda prezidentin əfv sərəncamı ilə vaxtından əvvəl azadlığa çıxmışdı.

Azərbaycan redaktorlara görə təzminat ödəyəcək

Ə.Zeynallı

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) yanvarın 19-da Azərbaycandan göndərilmiş bir neçə şikayət üzrə qərarlarını elan edib. AİHM onlardan iki jurnalistin şikayətlərini əsaslı sayıb.

Hüquqşünas Xalid Ağalıyevin verdiyi məlumata görə, məhkəmə "Xural" qəzetinin həbsdə olan baş redaktoru "Əvəz Zeynallı Azərbaycana qarşı" işində ərizəçinin ifadə azadlığı hüququna müdaxilə olunduğu qərarına gəlib: "Məhkəmə işi 2010-cu ildə "Xural" qəzetinin iki məqaləyə görə mülki qaydada cərimə edilməsinin ifadə azadlığı hüququna zidd olması iddiası ilə bağlı idi".

X.Ağalıyev qeyd edib ki, mübahisəli "İlham Əliyev "Xural"ın prezidenti deyil?!" və "Mətbu qəssab" məqalələrində bir sıra məsələlərlə yanaşı, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun hazırda mənimsəmə ittihamı ilə həbsdə olan icraçı direktoru Vüqar Səfərli də tənqid olunmuşdu: "Vüqar Səfərli şərəf və ləyaqətinin aşağılanması əsası ilə məqalələrdən məhkəməyə şikayət etmiş, məhkəmələr "Xural" qəzetini 5 min manat cərimələmişdilər".

Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər və xərc əvəzi 6 min avro ödəməlidir.

Ə.Zeynallı hazırda həbsdədir. O, ötən ilin sentyabrında rüşvət ittihamı ilə saxlanıb, haqqında həbs-qətimkan tədbiri seçilib. O, ittihamı qəbul etmir. O, bundan da əvvəl - 2011-ci ildə yenə rüşvət ittihamı ilə saxlanmış və 9 il həbs cəzası almışdı. Amma onda da ittihamı qurama sayan jurnalist 2014-cü ilin sonunda prezidentin əfv sərəncamı ilə vaxtından əvvəl azadlığa çıxmışdı.

Q.Zahid
Q.Zahid

Qənimət Zahid işi

Hüquqşünasın sözlərinə görə, "Azadlıq" qəzetinin baş redaktoru "Qənimət Zahid Azərbaycana qarşı" işində ərizəçinin ədalətli məhkəmə araşdırması hüququnun (maddə 6.1) pozulduğuna qərar verilib: "Bu məhkəmə işi ərizəçinin 2007-ci ildə xuliqanlıq ittihamı ilə azadlıqdan məhrum edilməsi ilə bağlı idi".

O bildirib ki, yerli məhkəmələr ərizəçini təqsirli bilib, barəsində 4 il müddətinə azadlıqdan məhrum etmə hökmü çıxarıblar: "Ərizəçi ardınca 2010-cu ildə Azərbaycan prezidenti tərəfindən əfv edilib. Avropa Məhkəməsi bu işdə ərizəçinin ədalətli məhkəmə araşdırması hüququnun (maddə 6.1) pozulduğuna qərar verdi. Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər və xərc əvəzi 6 min avro ödəməlidir".

Hələlik, AİHM qərarlarına rəsmi qurumlardan və başqa maraqlı şəxslərdən münasibət almaq mümkün olmayıb.

İlham Əliyev Davosa gedib

Yanvarın 17-də Azərbaycan prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfər edib.

Bu barədə ölkənin rəsmi saytları məlumat yayıb.

Bir gün əvvəl, yanvarın 16-da Davosda Dünya İqtisadi Forumu başlayıb. Yanvarın 20-dək davam edəcək Foruma bir çox beynəlxalq təşkilatların, iş dünyasının nümayəndələri dövlət və hökumət başçıları qatılıb.

Dünya İqtisadi Forumu bu il “Parçalanmış dünyada əməkdaşlıq” mövzusu altında təşkil olunub.

Yanvarın 17-dən etibarən liderlərin çıxışları və panel müzakirələri başlayıb.

Artıq Davosda illik ənənə halını alan Dünya İqtisadi Forumu ötən əsrin 70-ci illərindən etibarən keçirilir.

Bakıda 3 təşkilat qaldığı ofisi boşaldır

Bakıda 3 təşkilat qaldığı ofisi boşaldır
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00

Yanvarın 15-də Azərbaycanda fəaliyyət göstərən İctimai Siyasət İnstitutu, Hüquqi Təşəbbüslər Mərkəzi və "Müdafiə Xətti" Təşkilatının paytaxt Bakıda yerləşdikləri "Kaspian Plaza"nı tərk etdikləri bildirilir.

Bu barədə Azadlıq Radiosuna "Müdafiə Xətti" Təşkilatının həmtəsisçisi Zaur Əkbər açıqlama verib:

“ “Caspian Plaza”nın rəhbərliyi adından yanvarın 11-də bizə bildirildi ki, yanvarın sonunadək ofisi tərk etməliyik. Sonra isə yanvarın 15-ni dedilər”.


Amma o, "Kaspian Plaza"nın rəhbərliyini qınamayıb. Zaur Əkbər bunu hakimiyyətin təzyiqi ilə izah edib.

Onun sözlərinə görə, hələ d ekabrın 30-da gənc fəal Bəxtiyar Hacıyevin həbsi ilə bağlı "Kaspian Plaza"da mətbuat konfransı keçirmək istəyiblər, amma oradan deyilib ki, buna icazə verməyəcəklər:

“Həmin vaxt polis də gəldiyindən, mətbuat konfransını Müsavat Partiyasının qərargahında keçirdik".

Z.Əkbər bəhs etdiyi 3 təşkilat haqqında bunları deyib:

"Bəxtiyar Hacıyevin rəhbərlik etdiyi İctimai Siyasət İnstitut, Ziya Quliyevin Hüquqi Təşəbbüslər Mərkəzi və həmtəsisçisi olduğum Müdafiə Xətti Təşkilatı. Bəxtiyar Hacıyev 2015-ci ildən ofisi kirayəyə götürüb, mənimlə Ziya Quliyev 2017-ci ildən burdayıq. 2020-ci ildən isə Müdafiə Xətti Təşkilatı mərkəzdə yer götürdü".

Zaur Əkbər "Kaspian Plaza" ilə müqaviləni Bəxtiyar Hacıyevin bağladığını, ancaq hansı müddətə olduğunu bilmədiyini söyləyib:

"Vəkil vasitəsilə Bəxtiyar bəyə məlumat göndərmişik, vəkil hələ onunla görüşmədiyindən bir şey deyə bilməyəcəm".

O deyib ki, bu gün, yanvarın 15-də axşama doğru ofisi təhvil verəcəklər.
Zaur Əkbər hazırda əşyalarını daşıdıqlarını vurğulayıb.

Amma, hələlik, bütün bu deyilənlərə "Kaspian Plaza"nın rəhbərliyinin və rəsmi qurumların münasibətini almaq mümkün olmayıb.
Rəsmilər bir qayda olaraq vətəndaş cəmiyyətinin təmsilçilərinə təzyiqlərin edilməsi ilə bağlı şikayətləri əsaslı saymırlar.

Yeri gəlmişkən iki gün öncə, yanvarın 13-də həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb. Vəkil Elçin Sadıqov bildirib ki, əvvəl B.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221.1 (xırda xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi başlanmışdı. Onun deməsinə görə, yanvarın 13-də 221.1-ci maddə 221.2.2 (İctimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) ilə əvəzlənib.Vəkil bildirib ki, müdafiə tərəfi əvvəlki və yeni ittihamla razı deyil.

Əvvəlki ittihamla gəncə fəala 1, bundan sonra isə 3 ilə qədər həbs cəzası verilə bilər.

Xatırlatma

Ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi ictimai fəal B.Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Həmin insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib.

Harvard Universitetinin məzunu olan Hacıyev 2011-ci ilin martında da həbs edilmişdi. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi. Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilirdi.

Azərbaycan və Almaniya prezidentləri Laçın dəhlizindən danışıblar

Almaniya və Azərbaycan prezidentləri Frank-Valter Ştaynmayer (solda) və İlham Əliyev (Arxiv fotosu)

Yanvarın 13-də Almaniya prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, söhbət zamanı prezidentlər Azərbaycan-Almaniya əlaqələrinin mövcud vəziyyətindən məmnunluqlarını bildiriblər və əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Açıqlamaya görə, regional təhlükəsizlik məsələlərinə toxunan Frank-Valter Ştaynmayer Almaniyanın Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bilavasitə iştirakı ilə aparılan Azərbaycan-Ermənistan arasında danışıqları dəstəklədiyini vurğulayıb.

Prezident İlham Əliyev də Azərbaycanın həmin üçtərəfli format çərçivəsində aparılan müzakirələr prosesinə sadiqliyini ifadə edib.

Eyni zamanda, telefon söhbətində Xankəndi-Laçın yolundakı vəziyyət müzakirə olunub.

Məlumata görə, Azərbaycan dövlət başçısı bildirib ki, “Ermənistanın yolun blokada şəraitində olması barədə iddiaları yalandır”.

Onun vurğulamasına görə, yolda Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə və eləcə də digər humanitar yüklərin sərbəst hərəkəti təmin olunur.

Qarabağ erməniləri internet, telefon və işığın kəsildiyini deyirlər
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00

Laçın dəhlizində

Ötən il dekabrın 12-dən bir çox Azərbaycan vətəndaşları Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizində növbəli aksiya keçirir.

Ermənistan tərəfi Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.

Rəsmi Bakı isə bildirir ki, aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər. Aksiyaçılar Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirlər.

Bakı Qarabağdakı separatçı rejimi və Ermənistanı Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməkdə ittiham edib.

Qarabağda tanınmayan qurumun “dövlət naziri” kimi təqdim olunan Ruben Vardanyan isə AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna söyləyib ki, ‘bu ekoloji yox, siyasi məsələdir’.

Avropa İttifaqının vasitəçiliyi

2021-ci ilin dekabrından Azərbaycan və Ermənistan arasında sülh danışıqları, əsasən, Avropa İttifaqının vasitəçiliyi ilə aparılırdı. Lakin ötən ilin sonlarından bu proses dayanıb.

Azərbaycan rəsmiləri buna səbəb kimi Ermənistanın bu danışıqlarda Fransa prezidentinin iştirakını istəməsini göstərib.

Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən son görüşdə Fransa prezidenti də iştirak etmişdi.

Azərbaycan rəsmiləri hesab edirlər ki, Fransa bu məsələdə bitərəf yox, Ermənistanın mövqeyindən çıxış edir.

Hərçənd Fransa rəsmiləri hesab edirlər ki, onlar iki ölkə arasında sülhün bərqərar olmasında maraqlıdırlar.

Paşinyan: "Vəziyyəti daha da çətinləşdirən bəyanatlardan qaçmalıyıq"
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Maaş və müavinətlər artırıldı

İlham Əliyev

Prezident İlham Əliyevin yanvarın 13-də imzaladığı sərəncam ilə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları bu il yanvarın 1-dən orta hesabla 15 faiz artırılıb.

Bununla bağlı siyahıda əvvəlcə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, Aparatı, Gəncə bölməsinin Aparatı qeyd edilir. Daha sonra isə bir sıra başqa təşkilatlar gəlir.

Dövlət başçısının başqa bir sərəncamı ilə bir sıra təqaüd və müavinətlərdə də artım baş verib. Bəzi kateqoriyalarda bu, təqribən 10, bəzilərində isə 50 faizdir.

Habelə, prezidentin başqa bir sərəncamı ilə tələbə və doktorantların təqaüdləri də artırılıb. Onlarda artım ümumilikdə 10-15 civarinda gözlənilir. Bu artımlar ümumilikdə 150 minədək doktorant və tələbəni əhatə edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, ümumilikdə bu il sosial ödənişlərdə artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1.9 milyon vətəndaşı əhatə edir.

Aclıq edən Bəxtiyar Hacıyevdən yeni xəbər var

Bakhtiyar Hajiyev

Bakı İstintaq Təcridxanasında saxlanan ictimai fəal Bəxtiyar Hacıyevin vəziyyətinin pisləşdiyi bildirilir.

Bu barədə yanvarın 12-də onunla görüşən vəkil Fəxrəddin Mehdiyev məlumat verib.

Vəkilin sözlərinə görə, 4-cü gündür aclıq aksiyası keçirdiyini bildirən Hacıyevin qan təzyiqinin aşaığı düşdüyü, nəbzinin zəiflədiyi deyilir:

"Bəxtiyar bəy 1 kiloqram çəki itirib. Ümumi götürəndə bundan öncə 14 gün aclıq edib və indi səhhətində dəyişkiliklər əvvəlki aclığın davamı kimi özünü biruzə verir. Mənimlə söhbət zamanı artıq baş gicəllənmə halları var idi. Artıq narahatedici hallar başlayıb".

Penitensiar Xidmətindən “Turan” Agentliyinə Hacıyevin aclığı davam etdirməsi haqqında məlumatı təsdiq ediblər:

"O, təcridxananın sanitar-tibb hissəsinə köçürülüb, həkim nəzarəti altındadır".

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsində yenidən aclıq aksiyasına başladığı haqqında məlumat vermişdi.

Bundan öncə Hacıyev dekabrın 15-də aclıq aksiyasına başladığını açıqlamış, dekabrın 28-də onu dayandırmışdı. Fəal ittihamları qəbul etmir, həbsini qanunsuz sayır.

Xatırlatma

Ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib.

O xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Həmin insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib. O, ittihamları qəbul etmir.

Harvard Universitetinin məzunu olan Hacıyev 2011-ci ilin martında da həbs edilmişdi.

Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi. Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilirdi.

Azərbaycan hökuməti 34 min avro təzminat ödəyəcək

Anar Məmmədli:"Soruşdu ki, "Google" kimdir?"
Gözlə

No media source currently available

0:00 0:03:57 0:00

Yanvarın 12-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı dörd yeni qərar elan edib. Məhkəmə Azərbaycanı 34 min 500 avro cərimələyib.

SMDT Azərbaycana qarşı…

Qərarların biri Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) ilə bağlıdır. Təşkilatın təsisçiləri Anar Məmmədli, Bəşir Süleymanlı Suliddin Əsgərov 2009-cu ildə SMDT-nin dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət ediblər. Lakin məsələ müsbət həll olunmadığından ərizəçilər AİHM qarşısında birləşmək azadlığı hüquqlarına müdaxilə ilə bağlı iddia qaldırıblar.

Hüquqşünas Xalid Ağalıyevin AzadlıqRadiosuna verdiyi məlumata görə, AİHM bu işdə ərizəçilərin birləşmək (11-ci maddə) hüququna müdaxilənin baş verdiyinə, habelə, fərdi şikayət etmək hüququna (34-cü maddə) hörmət göstərilmədiyinə qərar verib: "Qərara əsasən, hökumət ərizəçilərə mənəvi zərər əvəzi 4 min 500 avro, tərcümə məsrəflərinə görə 200 avro, ərizəçilərin hüquqi təmsilçisi İntiqam Əliyevə də 500 avro ödəməlidir".

Hüquqşünasın vurğulamasına görə, digər qərarlar mülkiyyət, ədalətli məhkəmə araşdırması və ayrıseçkiliyin yolverilməzliyi şikayətləri ilə bağlı olub.

Qərarlara Azərbaycanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Seçkilərin Monitorinq Mərkəzi (SMM) əsasında yaradılmışdı.

Xatırlatma

AİHM iki il əvvəl SMM ilə də bağlı qərarını açıqlamışdı. Həmin qərarda isə SMM-nin qeydiyyata alınmasından imtina, daha sonra isə qeydiyyatının ləğv edilməsi pozuntu kimi dəyərləndirilib. Məhkəmənin qərarına əsasən, hökumət ərizəçilərə mənəvi zərər əvəzi 4 min 500, hüquq xərclərinə görə 1 min 500, digər məsrəflərə görə 600 avro təzminat ödəməli idi.

Onda ərizəçilərdən Anar Məmmədli AİHM-nin qərarını gecikmiş hesab etmişdi: "Seçkilərin Monitorinq Mərkəzinin qeydiyyatının ləğvi 2008-ci ildə baş verib. Biz çox təəssüf edirik ki, qərar bu qədər yubandı. Üstündən 10 ildən artıqdır ki, vaxt keçdi. Bu müddət ərzində Seçkilərin Monitorinq Mərkəzinin əsasında SMDT (Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi) yarandı. Onun da qeydiyyatı hökumət tərəfindən alınmayıb".

'Sədərək'dəki yanğına görə tutulan var

'Sədərək' Ticarət Mərkəzində yanğın
Gözlə

No media source currently available

0:00 0:00:08 0:00

Yanvarın 8-də Qaradağ rayonunda yerləşən "Sədərək" ticarət mərkəzində baş verən yanğınla bağlı bir nəfər saxlanıb.

Bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında bildirilir.

Rəsmi açıqlamaya görə, ilkin araşdırma zamanı ticarət mərkəzinin 15-16-cı sıralarında ümumilikdə 800 kvadratmetr sahədə yerləşən 27 mağazanı Bakı şəhər sakini Əfqan Abdullayevin qəsdən yandırmasına əsaslı şübhələr yaranıb: "Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 186.2.1 (külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 186.2.2-ci (yandırmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanıb. İş üzrə Əfqan Abdullayev şübhəli şəxs qismində tutulub".

Atası təkzib edir

İttihama Ə.Abdullayevin özündən, hələlik, münasibət almaq mümkün olmayıb. Amma onun atası Səməd Abdullayev AzadlıqRadiosuna bildirib ki, oğluna qarşı irəli sürülən ittihamla razılaşmırlar.

Atası vurğulayıb ki, həmin ticarət mərkəzində oğlunun da mağazası var və onun öz mağazasını yandırması haqqında iddianı absurd sayırlar.

'Sədərək'də malları yanan sahibkar
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00

'Sədərək'də 20 mağaza yanıb

Yanvarın 8-də "Sədərək" ticarət mərkəzində baş verən yanğında 20 mağaza ziyan çəkib.

Bu barədə yanvarın 9-da Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumatda bildirilir: "Yanğın nəticəsində ümumi sahəsi təxminən 10 ha olan "Sədərək" ticarət mərkəzinin ərazisində "Şirniyyat" bazarında ümumi sahəsi 1700m² olan bir-birinə bitişik 20 müxtəlif təyinatlı mağaza 800m² sahədə yanıb".

Açıqlamaya görə, ticarət mərkəzinin böyük hissəsi yanğından mühafizə olunub:

"Hadisə nəticəsində 4 nəfər tüstüdən yüngül zəhərlənib, 1 nəfər yüngül bədən xəsarəti alıb. Hadisə ilə əlaqədar araşdırma aparılır".

'Sədərək'də yenə yanğın olub

Yanvarın 8-i saat 18:20 radələrində Bakının ən böyük ticarət mərkəzində - "Sədərək"də yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının söndürülməsinə 30 texnika və 130 yanğınsöndürən cəlb olunub.

Geniş ərazini əhatə edən yanğınla mübarizə bir neçə saat davam edib.

Yanğının hansı səbəbdən baş verdiyi barədə məlumat verilmir.

Son illər "Sədərək" ticarət mərkəzində bir neçə dəfə yanğın baş verib. Sonuncu yanğın ötən il iyulun 16-da olub. Onda yanğının qısa qapanmadan baş verdiyi açıqlanmış və bir sıra mağazalara ziyan dəydiyi vurğulanmışdı.

Prezident İsrailə səfir təyin etdi

Muxtar Məmmədov

Muxtar Məmmədov Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Ötən ilin noyabrında Azərbaycan Milli Məclisi İsraildə səfirliyin açılması ilə bağlı layihəni qəbul etmişdi.

Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edib. Bundan bir il sonra İsrailin Azərbaycanda səfirliyi açılıb. Amma aradan keçən 30 ildə Azərbaycanın İsraildə səfirliyi açılmamışdı.

Muxtar Məmmədov haqqında…

Muxtar Məmmədov 1983-cü ildə Bakıda doğulub.

2000-2004-cü illərdə Bakı Dövlət Universitetində "Beynəlxalq münasibətlər" ixtisası üzrə bakalavriat, 2006-2007-ci illərdə Belçikanın Avropa Kollecində "Avropaşünaslıq" ixtisası üzrə magistratura təhsili alıb.

2005-2013-cü illərdə Xarici İşlər Nazirliyində, o cümlədən 2009-2013-cü illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb.

2013-2021-ci illərdə Təhsil Nazirliyində sektor müdiri, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri və aparatın rəhbəri vəzifələrində çalışıb.

2021-ci ilin aprelindən indiyədək elm və təhsil nazirinin müavini vəzifəsində çalışırdı.

Davamı

XS
SM
MD
LG