Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:11

Gəmi karvanına hücumla bağlı istintaq komissiyası yaradıldı


Mayın 30-da baş verənləri komissiya araşdıracaq
Mayın 30-da baş verənləri komissiya araşdıracaq
İyunun 14-ü İsrail Qəzzaya beynəlxalq yardım aparan gəmi karvanına hücumla bağlı istintaq komissiyası yaratdığını bəyan edib. Komissiyaya İsrail Ali Məhkəməsinin təqaüddə olan hakimi Yakov Turkel başçılıq edəcək.

Araşdırmada iki beynəlxalq müşahidəçi - İrlandiyadan olan Nobel mükafatı laureatı lord Vilyam Devid Timbl və Kanadanın keçmiş hərbi prokuroru Ken Uotkin də var.

İsrailin bu qərarı yardım gəmisinə hücumla bağlı istintaqın aparılması tələbi ilə beynəlxalq təzyiqin artdığı vaxta təsadüf edir. Lakin komissiyanın yaradılma şərtləri tam müstəqil beynəlxalq istintaq aparılmasını tələb edən Türkiyəni razı salmayıb. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu:

BİZ BEYNƏLXALQ İSTİNTAQIN APARILMASINDA İSRAR EDİRİK


«Beynəlxalq sularda dinc adamlara hücum edən bir ölkənin müstəqil araşdırma aparacağına inamımız yoxdur. Biz beynəlxalq istintaqın aparılmasında israr edirik. İsrailin birtərəfli istintaq aparmasının bizim üçün heç bir əhəmiyyəti yoxdur. Əgər beynəlxalq istintaq komissiyası yaradılmasa, Türkiyənin tələblərinə əhəmiyyət verilməsə, Türkiyənin İsraillə münasibətlərini nəzərdən keçirmək haqqı var. Kim nə deyirsə, desin, vətəndaşlarını itirən Türkiyədir».

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu
İsrailin baş naziri Benyamin Netanyahu isə bəyan edib ki, işin müstəsna xarakteri nəzərə alınaraq komissiyaya iki xarici ekspert də müşahidəçi qismində dəvət olunub:

İNANIRAM Kİ…

«İnanıram ki, komissiyanın işinin nəticələri bir daha sübut edəcək ki, İsrailin məqsədi və ölkənin müdafiə qüvvələrinin hərəkəti sırf müdafiə xarakterli olub, beynəlxalq standartlara uyğundur. İnanıram ki, komissiyanın yaradılması ilə bağlı hökumətin qərarı İsrailin qanuni, şəffaf və tam məsuliyyətlə hərəkət etdiyini bütün dünyaya göstərəcək».

Lakin Devid Timbl və Ken Uotkin komissiyanın işinin gedişində və nəticələrin müəyyən edilməsi zamanı səsvermə hüququna malik olmayacaqlar. Onların həmçinin İsrailin milli təhlükəsizliyinə xələl gətirə biləcək sənədlərə avtomatik çıxışı olmayacaq. Bundan başqa, komissiya üzvləri insidentdə iştirak etmiş əsgərləri birbaşa sorğu-sual edə bilməyəcəklər. Onlar həmin əsgərlərin yalnız İsrailin hərbi müstəntiqlərinə verdikləri ifadələrə əsaslana biləcəklər.

İRƏLİYƏ DOĞRU MÜHÜM ADDIM

Bütün bunlara baxmayaraq, İsrailin yaxın müttəfiqi olan ABŞ Təl-Əvivin bu qərarını irəliyə doğru mühüm addım kim qiymətləndirir. ABŞ-ın BMT-dəki səfiri Süzan Rayts:

«Biz lap əvvəldən bildirmişdik ki, İsrailin etibarlı və tərəfsiz istintaq aparmaq niyyətinə və qabiliyyətinin olduğuna inanırıq. Biz ötən bir neçə həftə ərzində belə bir istintaqın hansı formatda təşkil edilməsi ilə bağlı İsraillə çox sıx işləmişik».

DAHA BÖYÜK BİR PROBLEM

Başqa bir problem üç ildir İsrailin Qəzzanı blokadada saxlamasıdır
Yardım donanmasına hücumla bağlı yaranmış gərginlik başqa, daha böyük bir problemə dünyanın diqqətini cəlb edib. Bu problem üç ildir İsrailin Qəzzanı blokadada saxlamasıdır. ABŞ prezidenti Obama da bu blokadanın davam edə bilməyəcəyini bildirib. Avropa Birliyi xarici işlər nazirləri isə Lüksemburqdakı toplantıda bəyanat yayıblar. Bildiriblər ki, Qəzzanın blokadası qəbuledilməz və səmərəsizdir. Beynəlxalq Qızıl Xaç Komitəsi isə blokadanın Cenevrə konvensiyasına zidd olduğunu bildirib. Təşkilat bildirir ki, Qəzzanın bütün mülki əhalisi məsuliyyət daşımadığı hərəkətə görə cəzalandırılır.

İsrail isə bildirib ki, Qəzzadakı «Həmas» rejiminə xaricdən silahların ötürülməsinin qarşısını almaq üçün blokada zəruridir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG