
Fələstinə yardım gəmisinin keçmiş girovları - Azərbaycan vətəndaşları Qaraoğlan Quliyev və Məhərrəm Orucovun İsraildə gördükləri, yaşadıqları…
Şahnaz Bəylərqızı:
- Qaraoğlan bəy, hadisə barədə danışın bizə.
Qaraoğlan Quliyev:
- Fələstinə yardım aparan yük gəmisində matros idim. Bundan başqa, 3 sərnişin gəmisi var idi. Gəmilər İsrailin sərhədinə yaxınlaşmamış bu ölkənin dəniz qoşunlarının əsgərləri tərəfindən gəmiyə hücum oldu. 700-dən çox sərnişini olan «Mavi Marmara» gəmisini atəşə tutdular. Gəmiyə vertolyotdan əsgər endirdilər. Gəmini tutdular.
Şahnaz Bəylərqızı:
- İsrail səfiri deyib ki, İsrail əsgərlərini təxribata çəkənlər olub. Siz nə deyə bilərsiz?
Qaraoğlan Quliyev:
- O gəmilərin heç birində silah yox idi.
Şahnaz Bəylərqızı:
- Sizin gəmidə necə oldu hadisə?
Qaraoğlan Quliyev:
- «Marmara» gəmisi alındıqdan sonra əsgərlər vertolyotla bizim gəmiyə keçdilər. Gəmini Asdod limanına sürdürdülər.
Şahnaz Bəylərqızı:
- Sizinlə necə davranırdılar?
Qaraoğlan Quliyev:
- Əsir kimi. Əlimizi, qolumuzu bağlamasalar da, silahla başımızın üstündə durmuşdular. Onların icazəsi olmadan tərpənə bilməzdik.
Şahnaz Bəylərqızı:
- Sərnişinlər arasında panika vardı?
Qaraoğlan Quliyev:
- Narahatlıq o idi ki, «Marmara» gəmisində ölüm olmuşdu. Onunla əlaqədar narahatlıq var idi.
Şahnaz Bəylərqızı:
- Sonra sizi hara apardılar?
Qaraoğlan Quliyev:
- Bizi ayırdılar. Mən və kapitan köməkçisi Məhərrəmi aeroport yaxınlığında türmədə saxladılar.
Şahnaz Bəylərqızı:
- Bəs orada sizinlə necə davranırdılar?
Qaraoğlan Quliyev:
- İstədiyimiz suala cavab ala bilmirdik, gündə bir dəfə siqaret çəkməyə icazə verirdilər ya da heç vermirdilər.
Şahnaz Bəylərqızı:
- Sizinlə əsir olan türk vətəndaşları mətbuata demişdilər ki, onlara susamasınlar deyə, içərisində dərman olan içki veriblər. Siz belə bir şey hiss etdinizmi?
Qaraoğlan Quliyev:
- Biz olduğumuz türmədə belə şeyə rast gəlmədik. Ayrı-ayrı türmələrdə idik.
Şahnaz Bəylərqızı:
- Siz neçə nəfər idiniz orada?
Qaraoğlan Quliyev:
- Yunan sərnişinləri mənim yanımdaydı. Bir gün onlarla oldum. Onların konsulluğu bir gündə onları azad etdi. Ondan sonra kapitan köməkçisi Məhərrəm Orucovu mən olduğum otağa gətirdilər. İkimiz bir otaqda olduq.
Şahnaz Bəylərqızı:
- Neçə gün qaldız orada?
Qaraoğlan Quliyev:
- Altı gün. Ayın 31-dən 6-a qədər. Bir həftə türmədə qaldıq.
Şahnaz Bəylərqızı:
- Sizə nəsə deyirdilərmi ki, sizi buraxacağıq?
Qaraoğlan Quliyev:
- Gəmidən enən zaman yoxlama, sorğu-sual apardılar. Onda sordular ki, vətəninizə qayıtmaq istəyirsiz? Biz də dedik ki, İsrailə gəlməmişik ki, vətənimizə qayıdacağıq. Gedəcəyimiz barədə bizə bildirmirdilər. Bir həftə ərzində ailəmizlə əlaqə yaratmağa imkan vermədilər.
Şahnaz Bəylərqızı:
- Sizinlə kimsə maraqlındımı?
Qaraoğlan Quliyev:
- Yox. Belə bir şey mən görmədim. Azərbaycan tərəfdən heç kim. Yunan səfirliyindən gələndə, biz xahiş etdik. Onlar dedilər ki, yardım edəcəyik.
Şahnaz Bəylərqızı:
- Narahat deyildinizmi ki, sizinlə maraqlanan yoxdur?
Qaraoğlan Quliyev:
- Narahatlığımız vardı. Amma əlimiz çatmırdı. Bir adama dərdimizi deyə bilmirdik. Evdən daha çox narahat idik.
Şahnaz Bəylərqızı:
- Gedəndə evdə bilirdilər hara gedirsiz?
Qaraoğlan Quliyev:
Gəmidə neçə ildi işləyirəm. Gedib müqavilə ilə işləyib qayıdırdım. Belə olmurdu ki. Evdən bilirdilər ki, yardım gəmisində işləyirəm. Gözümün qabağında öz qaçqınlığımız durmuşdu. Amma oradakı insanlara yardımı çatdıra bilmədik.
Şahnaz Bəylərqızı:
- Belə bir təşəbbüs olsa, yenə təkrar həmin gəmidə gedərsizmi?
Qaraoğlan Quliyev:
- Canla-başla. Bu səfər tam yerinə çatdırmaqla.
Şahnaz Bəylərqızı:
- İndi sizin həmkarınızla söhbət edim. Məhərrəm Orucov «Dəfnə» gəmisinin kapitan köməkçisi olub. Sizin gördüyünüz nə oldu həmin günlərdə?
Məhərrəm Orucov:
- Biz insanlıq üçün getmişdik. Biz başqa heç nə düşünmürdük. Amma istəyimizə çata bilmədik. Mən beyləqanlı olsam da, Qarabağı görmüşdüm. İnsanlıq naminə getmişdim. Gəmi heyətinin bir amalı vardı - Qəzzaya yetişmək. Bizim üçün millət, din, irq deyilən bir şey yoxdur. Harada insanlıq var, biz ordayıq.
Şahnaz Bəylərqızı:
- Təxribat versiyasına münasibətiniz?
Məhərrəm Orucov:
- Yox. Gəmidə kimsə kimsəni təxribata çəkməyib. Biz hər şeyi aydın görürdük. Orada adi adamlar idi. Deputatlar, iş adamları idi. Onlar özlərinə sığışdırar ki, hansısa bir əsgərə hücum eləsin? Bu, İsrail dövlətinin qurduğu oyunlardan biridir bəlkə. Bizim silahımız yox idi kiməsə təsir edək.
Şahnaz Bəylərqızı:
- Yola çıxarkən belə şeyləri düşünmüşdünüzmü?
Məhərrəm Orucov:
- Bəli, bunun hamısını gözə alıb getmişdik... İslam üçün getmişdik. Bir müsəlmanın o vəziyyətdə olmasını heç bir müsəlman özünə sığışdıra bilməz. Heç bir dövlətin başqasının gəmisinə girməyə ixtiyarı yoxdur. İsrail qanunları pozdu. Onlar bilmirdilər gəmilərdə kamera var. Bilsəydilər, bunları etməzdilər. Bütün dünya bizi görürdü o an. Kimin qanunu pozduğunu da görürdü.
Şahnaz Bəylərqızı:
- Belə bir səfər olsa, yenidən gedəcəksiz?
Məhərrəm Orucov:
- Bəli. Harada insanlıq var, biz ordayıq.
/ Hazırladı: Kamran Mahmudov /