Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 09:05

Əslində pulsuz olan dializ neçəyə başa gəlir?


Gəncə şəhərində yerləşən Hemodializ şöbəsi
Gəncə şəhərində yerləşən Hemodializ şöbəsi
«Anamın böyrək ağrısı var, dializ elətdirmək lazımdır. Pulsuz olmalıdır, amma xəstəxanada hər dializə 70 manat pul istəyirlər. Həftəyə 210 manat aya 630 manat edir. Bu böyük hadisələrə gəlib çıxa bilər də, insan ölümünə səbəb ola bilər».

QƏRB BÖLGƏSİNDƏ BÖYRƏK ÇATIŞMAZLIĞINDAN ƏZİYYƏT ÇƏKƏN XƏSTƏLƏR AZ DEYİL


Samux sakini Rüfətin anası kəskin böyrək çatışmazlığından əziyyət çəkir. Həftədə azı 2 dəfə dializ qəbul etməlidir. Lakin onlardan bir seans üçün Gəncə şəhərində yerləşən Hemodializ şöbəsində 70 manat pul istəyirlər. Səriyyə xanım imkan olmadığından dializə gedə bilmir və hər gün vəziyyəti ağırlaşır. Qərb bölgəsində böyrək çatışmazlığından əziyyət çəkən xəstələr az deyil. Onlardan biri də Gəncə sakini 46 yaşlı Aygün Hüseynovadır. O həftədə 3 dəfə süni böyrək aparatına qoşulur. Lakin bu, ona evindəki bütün əşyaları satmağa başa gəlir.

«Həftədə dializə 3 dəfə gedirəm. Bədənimizə yığılan suları çəkirlər. Su mənim böyürlərimə, kürəyimə yığılır, ona görə də nəfəsim darıxır, boğuluram. Sidik cövhəri və sair məni çox incidir. Bizi yaşadan dializdir. 10 gün dializ dayansa, elə bil ki, bütün xəstələr məhv olub. Mən pulla dializ almışam. 40 manat da verirdim, 30 manat da. Evin hər şeyini satmışıq. Gəbə, qab, servis hər şeyi satmışıq dializə vermək üçün».

XƏSTƏLİYİN ƏN SON MƏRHƏLƏSİ

Gəncədə Kardioloji Dispanserdə dializ şöbəsi fəaliyyət göstərir ki, burada 59 xəstə var. Bu barədə şöbənin həkimi Hikmət Sadıqov məlumat verir.

«Hemodializ qan təmizləmə deməkdir. Bədəndə olan əlavə maddələr qandan təmizlənir. 4008 nömrəli frenzenius aparatı ilə. Şöbədə böyrəyindən narahatçılığı olanların şlanqlar bədənindən ixrac olunmadığından orqanizmdə qalır və biz burda həmin xəstələr aparata qoşmaqla maddələri ixrac edirik».

Kəskin böyrək çatışmazlığı 4 mərhələ üzrə özünü büruzə verir ki, ən son mərhələ terminal mərhələdir. Hikmət Sadıqov deyir ki, qərb bölgəsindəki xəstələrin əksəriyyəti terminal mərhələdədir. Yəni xroniki böyrək çatışmazlığına düçardır. Həkimin sözlərinə görə, bu xəstələr mütləq dializ qəbul etməlidirlər və xəstələrdən fərqli olaraq deyir ki, şöbədə dializ qəbulu tam ödənişsizdir:

«Xəstələr azı həftədə 2 dəfə dializ qəbul etməlidirlər. Bizim xəstələr 3 dəfə qəbul edirlər. Qeydiyyatda 59 xəstə var. Onlar nazirlikdə qeydiyyatdan keçiblər və onların ləvazimatları ödənilir dövlət tərəfindən və dializ verilir tam ödənişsiz. Bizim xəstəxana pulsuz qulluq edir, tam ödənişsizdir».

ƏKSƏR XƏSTƏLƏR İMKANLARDAN YARARLANA BİLMİR


Tibb elmləri doktoru, professor Adil Qeybulla isə deyir ki, dializ qəbulu ilə bağlı ölkədə böyük problemlər var və bunun üçün tədbirlər planı hazırlanması zəruridir.

«Dializə olan ehtiyacla imkanlar arasında xeyli fərq var. Ehtiyac daha çox var. Təəssüflər olsun ki, əksər xəstələr imkanlardan yararlana bilmir. Dializə məhkum olanlar əsasən əmək qabiliyyətini itirmiş insanlardır. Onların sosial təminatı üçün tədbirlər planı hazırlanmalıdır. Özəl klinikalarda ödənişlidir, amma dövlət klinikalarında ödənişsizdir. Mütləq ödənişsiz olmalıdır. Qanuni deyil».

Rüfətin anası Səhiyyə Nazirliyində pulsuz dializ siyahısına düşmək üçün dəfələrlə nazirliyə gedib. Hesablayıblar ki, növbədə çox adam var, təxminən 3 aydan sonra onlara növbə çata bilər. Səriyyə xanım isə fasiləsiz olaraq həftədə 3 dəfə dializ qəbul etməsə ölə bilər.
XS
SM
MD
LG