Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 09:21

Xarici siyasət budurmu?


Sürix protokolları imzalanır
Sürix protokolları imzalanır
Cüneyt Ülsevər («Hürriyet»)

Yerevanda Cansu Çamlıbelə verdiyi müsahibədə («Hürriyet»- 19.12.2009) Ermənistanın baş naziri Tiqran Torosyan belə deyib:

«Baş nazir Ərdoğan protokollarda Qarabağa dair ön şərtin olmamasını Vaşinqton səfərində etiraf etdi. Bu həqiqətə baxmayaraq, əgər Türkiyə bizim qapımızı öz şərtlərilə döyərsə, onda Ermənistanın da eyni şəkildə davranmaq üçün haqqı yaranar. Erməni tərəfi kimi bizim soyqırımı və sərhəddin açılmasını müzakirələrin başlamasının ön şərti kimi irəli sürə biləcəyimizdən bəhs edirəm. Məncə, Ərdoğan, bir tərəfdən, protokollarda Qarabağ şərtinin nəzərdə tutulmadığını qəbul etmək məcburiyyətində qaldığına görə, o biri tərəfdən sərt açıqlamalarla özü üçün bir balans yaratmağa çalışır».

KÖHNƏ SİYASƏTİMİZƏ QAYITDIQ

Yada salaq. Ciddi bir böhran yaşanandan sonra 10 oktyabr 2009-cu ildə Sürixdə xarici işlər naziri Ahmet Davutoğlu və Eduard Nalbandyan protokolları imzalayarkən, vasitəçi ölkə olan İsveçrənin xarici işlər naziri Mişelin Calmi-Reylə birlikdə ABŞ Dövlət katibi Hillari Klinton, Rusiya xarici işlər naziri Sergey Lavrov, Fransa xarici işlər naziri Bernard Kuşner, AB nazirlər şurasının sədri vəzifəsini tutan Sloveniya xarici işlər naziri Samuel Zbogar və AB-nin siyasət-təhlükəsizlik ali komissarı Havier Solana da onların arxasında ayaq üstə durdular.

ABŞ, İsveçrə, Rusiya, Fransa və Sloveniya xarici işlər nazirləri ilə AB ali komissarının qabağında protokollar ön şərtsiz şəkildə xarici işlər naziri tərəfindən Türkiyə Cümhuriyyəti adına imzalanmışdır.

Ancaq imzadan sonra Azərbaycan haqlı şəkildə reaksiya göstərən kimi «Bir millət, iki dövlət» şüarı ilə bağlı olduğumuzu yada salıb, bizi Qafqazın neft hövzələrinə bağlayan qonşumuza jest edib «Dağlıq Qarabağ» şərtini protokola daxil etdik. Daha doğrusu, köhnə siyasətimizə qayıtdıq.

O gündən bəri istər baş nazir, istərsə də xarici işlər naziri məsələ ilə bağlı sual verən ölkələrin təmsilçilərinə onların gözlədikləri cavaba uyğun olaraq, gah «Protokllarda ön şərt yoxdur», gah da «Dağlıq Qarabağ bizim ön şərtimizdir» deyirlər.

Digər tərəfdən, hamımız bilirik ki, Dağlıq Qarabağ məsələsi həll edilmədən Ermənistan ilə imzalanmış protokol qətiyyən Məclisdən keçməyəcək.

Protokolların ön şərt olmadan Məclisə gəlməsi halında sadəcə CHP və MHP reaksiya göstərməyəcək, AKP-nin millət vəkilləri də böyük çoxluqla protokollara mənfi səs verəcəkdir.

TÜRKİYƏ CÜMHURİYYƏTİ ADINDAN NİYƏ SÖZ VERİLDİ?

Xarici işlər naziri 10 oktyabr 2009-cu ildə başqa ölkələrin xarici işlər nazirlərinin qabağında Ermənistan ilə protokolları ön şərtsiz imzalayanda bu vəziyyəti çox yaxşı bilirdi.

Bəs onda dünyanın gözünün qabağında Türkiyə Cümhuriyyəti adından niyə söz verildi?

Cavabı açıq-aşkardır:

1. Obamanın, ölkəsindəki ermənilərə seçkidən əvvəl «soyqırımı» tanıyacağına dair verdiyi sözdən geri addım atması üçün Türkiyənin bu protokollara imza atması lazım idi.

2. Türkiyə, başda Rusiya olmaqla, Minsk Qrupunun Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ problemini həll edəcəyini əvvəlcədən qəbul edərək, protokola ön şərt olmadan imza atdı. Başa düşdüyünüz kimi, qonşular ilə sıfır problem - duruma və şərtlərə görə qonşulara mavi muncuq paylamaq təməlinə söykənir.

Bəs Ermənistan «biclik» edib 24 aprel «soyqırımı» anma günü»nə qədər Dağlıq Qarabağ məsələsi ilə bağlı heç bir addım atmaz və bu durumda protokollar da Türkiyə Böyük Millət Məclisindən keçməzsə, onda Obama nə hiss edər, hansı addımları atar?
XS
SM
MD
LG