Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 10:32

Sürix razılaşmasının Bakı əks-sədası


Türkiyə və Ermənistan arasında imzalanmış protokollar, bu sənədlərin Dağlıq qarabağ münaqişəsinin tənzimlənməsinə təsiri ilə bağlı Azərbaycan politoloqların fikirləri haçalanır. Onlardan bəziləri bu addımı Azərbaycanın xeyrinə, bəziləri isə ziyanına qiymətləndirir.

Poliqoloq İLQAR MƏMMƏDOV:

“Protokolların imzalanması həm Azərbaycan, həm də Türkiyənin uzunmüddətli tarixi maraqlarına tam cavab verir və hesab edirəm ki, bu sənədlərin imzalanması Türkiyə diplomatiyasının böyük uğurudur.

İmzalanma mərasimi zamanı Rusiya, Birləşmiş Ştatlar və Fransanın xarici işlər nazirləri – bunlar ATƏT-in Minsk qrupunun həmsədr ölkələridir – imza atan tərəflərin arxasında dayanmışdılar. Həmsədr ölkələrin nümayəndələrinin mərasimdə bu formatda iştirakı bir daha onu göstərir ki, Türkiyə Ermənistan yaxınlaşması prosesi rəsmi olmasa da qeyri-rəsmi Dağlıq Qarabağ məsələsində irəliləyişə bağlıdır.

Düşünürəm ki, Azərbaycan bundan sonra da Türkiyə ilə xarici siyasətin koordinasiyasını davam etdirməlidir. Heç də vacib deyil ki, birgə məqsədlərə nail olmaq üçün Türkiyə ilə Azərbaycan həmişə eyni mövqedən çıxış etsinlər. Hərdən ortaq məqsədlərə nail olmaq üçün bu iki ölkənin fərqli mövqedən çıxış etməsi vacibdir. Bu heç də o demək deyil ki, Azərbaycanla Türkiyə arasında dərin uçurum yaranacaq. Bundan sonra da xarici siyasətdə bütün addımlar Türkiyə ilə razılaşdırılmalıdır.

Politoloq MÜBARİZ ƏHMƏDOĞLU:

“Azərbaycan prizmasından baxanda bu protokollar Azərbaycanın maraqlarına, Azərbaycanla Türkiyə arasındakı münasibətlərə ziddir. Protokolların imzalanmasının əsas məqsədi Türkiyə ilə Ermənistan arasındakı sərhədlərin açılması deyil, əsas hədəf Türkiyə, bu ölkə ilə Azərbaycan arasındakı münasibətlərə zərbə vurmaqdır. Elə düşünürəm ki, Ermənistana Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini yubatmaq lazım idi. Çünki son dövrlər bu istiqamətdə görülməmiş aktivlik var idi, 13 ay ərzində 7 dəfə Azərbaycanla Ermənistan prezidentləri görüşmüşdü. Digər tərəfdən bu sənədlər regionu yenidən geosiyasi proseslərin obyektinə çevirir. Və bütün bunlar Azərbaycan üçün yaxşı heç nə vəd etmir. Çünki bugünədək regionda sabitlik idi, bu da Azərbaycanın maraqlarına cavab verirdi.

Bu sənədlər həm də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə çox pis təsir göstərəcək. Azərbaycan bütün dünyaya sübut etmişdi ki, bizim bir nömrəli strateji müttəfiqimiz var və bu, Türkiyədir. İndi isə Rusiya, ABŞ və İran ayrı-ayrılıqda Azərbaycana təklif edəcəklər ki, onunla strateji müttəfiq olmağa hazırdırlar. Amma hər üçü bu məsələnin arxasında Dağlıq Qarabağla bağlı özlərinin tənzimləyici rollarını göstərəcəklər. Və bu üç maraqlar toqquşarsa Ermənistanın arzu etdiyi bir məqsədə gətirib çıxaracaq, hamı usanıb yorulub Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində bir pauza elan edəcəklər.

Azərbaycan tərəfi Türkiyənin addımının vurduğu ziyanı dəqiq hesablamalıdır. Nəzərə almalıdır ki, bundan sonra Ermənistan Türkiyəyə təzyiqi hədsiz arta bilər. Azərbaycan Türkiyə ilə münasibətdə sığortalayıcı addımlar atmalıdır ki, Ermənistandan zərbə gəlməsin.

Siyasi şərhçi AZƏR RƏŞİDOĞLU:

“Prokokolların imzalanacağı gözlənilən idi. Son anadək gərginliyin yaşanması da göstərirdi ki, Rusiya təzyiqini davam etdirir. Bu ərəfədə Ermənistanda kütləvi etiraz aksiyalarının keçirilməsi isə onu göstərir ki, böyük ehtimalla Ermənistan parlamentində bu sənədlər ratifikasiya olunmayacaq. Ermənistan Türkiyə sərhədlərinin açılması yaxın gələcəkdə Ermənistanın Rusiyanın forpostluğundan azad olunması, Rusiyanın regiondan geri çəkilməsi demək olardı, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində də müəyyən müsbət irəlilyiş ola bilərdi. Ona görə də Rusiya hər vəchlə buna mane olacaq. Bundan başqa Sərkisyan tarixi bir gediş edib və indi onun rəqibləri emosional gərginlikdən istifadə edib ona qarşı birləşiblər.

Bununla yanaşı mən düşünürəm ki, sənədlərin imzalanması Dağlıq Qarabağ münasişəsinin tənzimlənməsinə müsbət təsir göstərə bilər, ən azından 5 rayonun qaytarılmasından söhbət gedə bilər. Əgər 5 rayon qaytarılacaq və status məsələsi sonraya qalacaqsa, bu artıq Azərbaycanın müyyən mənada uğurudur. Ancaq bir daha vurğulamaq istərdim ki, burada Rusiya amilini nəzərdən qaçırmaq olmaz. Rusiya münaqişənin heç olmazsa dondurulmuş vəziyyətdə qalmasını istəyir. Odur ki, onlar gərginlik yaratmağa nail olacaqlar. Güman edirəm ki, Ermənistan parlamentində sənədlərin ratifikasiyası və onun tərkibində 5 rayonun qaytarılması məsələsi olarsa, Ermənistanda yaxın zamanda dövlət çevrilişi ola bilər və bu zaman Rusiya yönümlü qüvvələr hakimiyyəti tamamilə öz əllərinə keçirə bilərlər.

Əlbəttə ki, protokolların imzalanması ilə ilk baxışdan Azərbaycanın maraqlarına zərbə vurulub və ictimai rəydə gərginlik hökm sürür. Amma zənnimcə Azərbaycan bir qədər gözləmə mövqeyi tutmalıdır. Çünki vəziyyətin necə inkişaf edəcəyini indidən demək çox çətindir. Hələ ki istər Türkiyə, istərsə də Ermənistan daxilində narazılıqlar bu iki ölkənin hakimiyyətinə yönəlib. Azərbaycan o zərbələri öz üzərinə götürməməlidir, vəziyyətin necə inkişaf edəcəyini izləməlidir”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG