Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:17

Pentaqonun İnternet həvəsi aranı qatıb


Pentaqonun mənzil qərargahı
Pentaqonun mənzil qərargahı
ABŞ Müdafiə Departamentinin internetlə bağlı təşəbbüsü ekspertlərin müzakirəsinə səbəb olub - Pentaqon həddini aşmır ki?

10.1 milyon dollarlıq layihə Trans Regional Veb Təşəbbüsü (TRVT) adlanır. Məqsəd bir neçə dildə veb-saytlar açmaqdır - rus, çin, fars, gürcü, erməni və Azərbaycan dillərində. Veb-səhifələrdə ABŞ siyasətinə dəstək qazanmaq üçün xəbərlər və təhlillər yerləşdiriləcək. Bir il ərzində 12 dildə səhifə açılmalıdır. Xəbəri eurasianet.org portalı yayıb.

Müşahidəçilərin fikrincə, təşəbbüs nəzəri baxımdan yaxşıdır. Ancaq sual çıxır ki, Pentaqonun, onun layihəsini reallaşdıracaq qurumların lazımlı informasiyanı yığmaq təcrübəsi varmı?

Xüsusilə də Amerika hərbi qüvvələrinə qarşı düşmən hisslərin, superdövlətin gücdən istifadə edəcəyinə şübhələr olan regionlarda. Bir çox ekspertlər düşünür ki, ABŞ hökumətinin maliyyələşdirdiyi media orqanları – «Amerikanın Səsi» və AzadlıqRadiosu bu məqsədlərə çata bilər, bunun üçün imkan və bacarığı var.

«Təşəbbüs pis deyil. Ancaq Pentaqonun bundan əvvəlki cəhdləri uğursuz olub, məncə bu dəfəkini də eyni aqibət gözləyir. İnandırıcı görünmür ki, Pentaqon bu xəbər orqanlarına (veb saytlara) redaktə azadlığı, ABŞ-ın səhv addımlarını işıqlandırmağa imkan versin», bunu hərbi təhlilçi və bloqqer Coşua Foust deyir.

Əgər yeni saytlar rusdilli ölkələrdə skeptik oxucular arasında inam qazanmaq istəyirsə, redaktə azadlığı mühüm məsələdir.

««Azadlıq» və «Amerikanın Səsi»nin verdiyi xəbərlərin keyfiyyətindən söhbət düşəndə, adamlar elə də ciddi maraq toqquşması görmürlər. Baxmayaraq ki, hər iki radionu Amerika hökuməti maliyyələşdirir. Hər ikisinin redaktə siyasəti illərdir ki, siyasi baxımdan azaddır», Foust əlavə edir.

AzadlıqRadiosunun (RFE/RL) rəhbər işçilərindən biri Müdafiə Departamentinin təşəbbüsünə soyuq reaksiya verib, deyib ki, Amerika hərbisi yaxşı olar «jurnalistikanı jurnalistlərin öhdəsinə buraxsın». Radionun işçisi onu da deyib ki, Pentaqon «repressiv ölkələrdə veb saytlara təzyiqin qarşısını alacaq bir texnologiya hazırlaya bilsəydi», Amerika siyasətinə daha yaxşı xidmət etmiş olardı.

Eurasianet yazır ki, veb-təşəbbüsünə ABŞ Xüsusi Əməliyyatlar Komandanlığı nəzarət edəcək. Hüquq ekspertlərinin sayta dediyinə görə, Pentaqonun veb təşəbbüsü Amerikanın ictimai siyasətinə ziyan vura bilər. Bu təşəbbüsün həm də hüquqi əsası zəifdir.

Ekspertlər deyirlər ki, Pentaqonun İnternet təşəbbüsü Müdafiə Departamenti ilə Dövlət Departamentinin missiyalarını qarışdırır. Belə ki, Pentaqonun missiyası təsir etmək, departamentin missiyası münasibət, dialoq yaratmaqdır. Bu vəzifələrin qarışdırılması Dövlət Departamentinin işinə kölgə sala bilər. Burda da sual yaranır ki, Müdafiə Departamentinin missiyası harada bitir?

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG