Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:04

İsrail prezidenti Bakıya niyə gəlir?


İyunun axırında İsrail prezidenti Şimon Peres Bakıya gələcək
İyunun axırında İsrail prezidenti Şimon Peres Bakıya gələcək
«Yerusəlim post»: İranın şimal qonşusunun İsrail prezidentini rəsmi səfərə dəvət etməsi Bakıyla Tel-əviv arasında strateji əməkdaşlıqdan xəbər verir.

Bəlkə də bəziləri bilmir ki, İsrailin istifadə etdiyi neftin 20 faizini Azərbaycan verir. Bu da təsadüfi deyil, indiyəcən iki ölkə arasında münasibətlər çox reklam edilməyib.
Amma dünən İsrailin «Yerusəlim post» qəzetində dərc olunan məqalə belə adlanır:

İSRAİL-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ YENİ MƏRHƏLƏDƏ

Qəzet nəyi nəzərdə tutur? Mayın 6-da Praqada İsrailin yeni Xarici İşlər naziri Liberman Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Onlar iyunun axırında İsrail prezidenti Şimon Peresin Bakıya səfəri ilə bağlı razılığa gəliblər.

Bu, Peresin post-sovet məkanının müsəlman ölkələrə səfərinin bir hissəsi olacaq. Qəzet yazır ki, bu, «ən yüksək səviyyədə və dərin ehtiramla» baş tutacaq.

«Yerusəlim post» yazır ki, İranın molla rejiminin atom silahı düzəltməyə çalışdığı, Fars körfəzi regionunu və İsrailə təhlükə yaratdığı bir vaxtda İranın şimal qonşusunun İsrail prezidentini rəsmi səfərə dəvət etməsi iki ölkə arasında strateji əməkdaşlıqdan xəbər verir.

Yazıda deyilir ki, İsrail post-sovet məkanındakı müsəlman dövlətləri ilə əlaqələri sıxlaşdırmağa çalışır. Bu baxımdan

İSRAİLİN AZƏRBAYCANLA MÜNASİBƏTLƏRİ BİR NÜMUNƏDİR

Həmçinin Qazaxıstanla.

İsraillə Azərbaycan arasında əlaqələr 1992-ci ildə, Azərbaycan müstəqillik əldə edəndən az sonra yaranıb. 1997-ci ildə Baş nazir Benyamin Netanyahu Çindən qayıdanda Azərbaycan da baş çəkmişdi.

İndiki Xarici İşlər naziri Liberman özü keçmiş sovet ölkəsi olan Moldovadan İsrailə köçmüş yəhudilərdəndir. Qəzet yazır ki, hələ Strateji Əlaqələr Nazirliyinə rəhbərlik etdiyi vaxtlarda (2006-2008) Liberman Şərqi Avropa, Qafqaz və Orta Asiya dövlətləri ilə yaxın münasibətlər qurulması siyasəti yürüdürdü.

O, Azərbaycanla əlaqələrin qurulmasına xüsusi fikir verirdi. Çünki bu ölkə strateji bir regionda - Xəzər dənizinin qərb sahilində yerləşir. Liberman özü 2007-ci ildə Azərbaycana səfər etmişdi, Praqadakı görüşdən sonra yaxın gələcəkdə yenə Bakıya gəlməyi düşünür.

«Yerusəlim post» yazır ki, neft ixracından başqa, Azərbaycanın öz qazını Türkiyə vasitəsilə Hayfaya nəql etmək planı var. Azərbaycandan İsrailə olan ixracın həcmi 3,5 milyard dollara çatıb.

İSRAİL SİLANLARI AZƏRBAYCAN ORDUSUNDA

Bundan başqa, tərəflər kənd təsərrüfatı, səhiyyə və yüksək texnologiyalar sahəsində də sıx əməkdaşlıq etməyi düşünürlər.

Məqalədə deyilir ki, bunun üçün İsrailin Azərbaycandakı səfirliyi bir sıra tədbirlər təşkil edib. Məsələn, mayda Bakıda İsrail-Azərbaycan forumu keçirilib, tədbirə İsrailin Kənd Təsərrüfatı naziri Şalom Simhon də gəlib.

Tel-əviv isə mayın 18-də Azərbaycanın 20-dən çox şirkətinin nümayəndəsini və İqtisadi İnkişaf Nazirliyinin rəsmilərini qəbul edib. Bunun nəticəsi olaraq İsrailin İxrac İnstitutu və Azərbaycanın İxrac və Sərmayələrin Həvəsləndirilməsi Fondu arasında əməkdaşlıq sazişi bağlanıb.

İsraildə keçiriləcək «Aqritek-2009» Beynəlxalq Kənd Təsərrüfatı sərgisində Azərbaycanın Kənd Təsərrüfatı nazirinin müavini başda olmaqla nümayəndə heyəti iştirak edəcək.

İsrail mətbuatı bir müddət qabaq yazmışdı ki, Azərbaycan İsraildən yüz milyonlarla dollar həcmində silah-sursat və hərbi avadanlıq, o cümlədən, minaatan, radioəlaqə vasitələri alacaq.

«Yerusəlim post» bunu da iki ölkə arasında münasibətlərin strateji xarakter almasına misal çəkir. Qəzet hesab edir ki, Azərbaycanın İsraillə əlaqələri genişləndirmək istəyi Rusiyadan və İrandan asılı olmamaq və Qərbləşmək cəhdlərilə bağlıdır.

PERESİN BAKIYA SƏFƏRİ TEHRANI QICIQLANDIRIB

Qəzet qeyd edir ki, İsrail post-sovet məkanının müsəlman ölkələri ilə ona görə yaxın münasibətlər qurmağa çalışır ki, həmin ölkələrdəki vəziyyət Yaxın Şərqə təsir etmək xüsusiyyətinə malikdir. Qonşuluq, bir də həmin ölkələrdə yaşayanların əsasən müsəlman olmalarına görə.

Qəzet vurğulayır ki, Xəzər regionu radikalizmin və nüvə silahının yayılması üçün münbit zəminə çevrilib. Bundan başqa, bölgənin təbii ehtiyatlarla zənginliyi bu ölkələrlə əməkdaşlığı zəruri edir.

Qəzet Azərbaycan mətbuatına istinadla yazır ki, İsrail prezidentinin Bakıya gözlənilən səfəri artıq İranda narahatlıqla qarşılanıb. Mayın 21-də İran ordusunun qərargah rəisi Həsən Firudabadi Azərbaycanı hədələyib, deyib ki, İsrail prezidentinin səfəri yanlış addım olardı.

O əlavə edib ki, bu səfər İran-Azərbaycan münasibətləri baxımından dostyana bir addım deyil.
XS
SM
MD
LG