Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:04

İranda Azərbaycan prezidentini kim gözləyirmiş?


İki prezidentin İranda azərbaycanlıların milli-mədəni haqları barədə danışıb- danışmadığı məlum deyil
İki prezidentin İranda azərbaycanlıların milli-mədəni haqları barədə danışıb- danışmadığı məlum deyil
«İlham bəyin Tehrana gəlməsi bizim üçün çox sevindiricidir. Biz İranla Azərbaycan arasında əlaqələrin genişlənməsinə çox sevinirik. Bu, çox yaxşıdır».

Bu sözləri deyən Tehranın Elmi Sənət Universitetinin elektrik mühəndisliyi fakültəsinin tələbəsi, 27 yaşlı Yasir Zafəridir. O deyir ki, Azərbaycan prezidentinin İrana səfərini burdakı azərbaycanlılar çoxdan gözləyirmiş.

Azərbaycanlıların milli-mədəni hüquqları və tələbə haqları üçün fəallardan olan Yasiri narahat edən bir məqam var:

«Əgər İlham Əliyev ağayi Xamneyi ilə görüşsə, ikisi də türk ola-ola dilmanc vasitəsilə danışacaqlar. Çünki azərbaycanlılara və türklərə İranda belə bir baxış var, burda azərbaycanlılara xor baxırlar, istəyirlər onlar türklüklərini yaddan çıxarsınlar».

İlham Əliyevin Tehrana səfərinin ilk günündə - martın 10-da o, İranın dini lideri Xamneyi ilə görüşməyib. Azərbaycan prezidenti iranlı həmkarı Mahmud Əhmədinejadla təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşüb, ikitərəfli münasibətləri müzakirə ediblər, fikir mübadiləsi aparıblar.

İki prezidentin İranda azərbaycanlıların milli-mədəni haqları barədə danışıb- danışmadığı məlum deyil. Amma Yasir Zafəri deyir ki, Azərbaycan dövlətinin başçısı İranda azərbaycanlıların hüquqlarının pozulmasından, onlarla fəalın öz dilində məktəb tələb etdiyinə, milli mahnıları oxuduğuna görə, həbsə atılmasından xəbərdar olmalıdır.

Politoloq İlqar Məmmədov da hesab edir ki, İranda azərbaycanlıların basqılarla üzləşməsi iki ölkə arasındakı əsas problemlərdən biridir. Amma ekspert Bakı ilə Tehran arasındakı gərginliyin əsas təzahürünü İranın Azərbaycan ərazisinə yayımlarında axtarmağı məsləhət görür:

«İranın Azərbaycana yaydığı telekanallarda Azərbaycan əleyhinə təbliğat aparılır».

İ.Məmmədov deyir ki, Türkiyənin son zamanlar Amerika və İsrail əleyhinə manevrlər fonunda İranla güclənən dostluğu Azərbaycanın xarici siyasətində heç nəyi dəyişmir:

«Çünki Azərbaycanın xarici siyasətinə İran və Türkiyə deyil, Rusiya təsir edir».

O, iki ölkə arasında münasibətləri belə xarakterizə edir:

«Dostluq münasibətləri deyil, sadəcə, tərəflər bir-birinə dözürlər».

Rəsmi məlumatlara görə isə iki ölkə başçısı bir-birilə ölkələrarası dostluq barədə danışıblar.

Görüşdə ölkələr arasında ikitərəfli əlaqələrin inkişaf səviyyəsindən məmnunluq ifadə edilib, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın yaxşı perspektivləri olduğu bildirilib. İranla Azərbaycanın müxtəlif bölgələri, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişaf etdiyi vurğulanıb, qeyd olunub ki, bu münasibətlərin daha da genişlənməsi üçün yaxşı imkanlar var.

İki ölkə arasında iqtisadiyyat və energetika sahələrində həyata keçirilən konkret layihələrin əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti vurğulanıb. Müxtəlif sahələri əhatə edən yeddi sənəd imzalanıb.

Tərəflər ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı saziş, poçt məsələləri, turizm, statistika, eləcə də kitabxanalar arasında və mədəni irs sahələrində əməkdaşlığa dair anlaşma memorandumları imzalayıblar.
Azərbaycan və İran hökumətləri arasında iqtisadiyyat və ticarət üzrə əhatəli əməkdaşlığa dair protokol da bu səfərin nəticələrindəndir.

Yasir Zafəri də deyir ki, İranla Azərbaycan arasında iqtisadi əlaqələr nə qədər möhkəm olsa, bir o qədər yaxşıdır:

«İrandakı azərbaycanlılarla o taydakı azərbaycanlılar arasında nə qədər ticarət olsa, bir o qədər də get-gəl olar. Bu da mənim fikrimcə, yaxşıdır».

Azərbaycan prezidenti İrana İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün gedib. Bir sıra region dövlətlərinin başçıları, o cümlədən, Türkiyə prezidenti Abdullah Gül zirvə görüşünə qatılmaq üçün Tehrandadırlar.
XS
SM
MD
LG