Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:46

«İran gücünü bizə göstərir?»


İsrail prezidentinin Azərbaycana səfəri İranda rəsmi dairələrin qısqanclığı ilə qarşılanıb
İsrail prezidentinin Azərbaycana səfəri İranda rəsmi dairələrin qısqanclığı ilə qarşılanıb
İyunun sonunda İsrail prezidenti Şimon Peresin Azərbaycana rəsmi səfəri gözlənilir. Bu barədə razılığın Azərbaycan prezidenti İlham Əliyevin İsrail Xarici İşlər naziri Aviqdor Libermanla Praqada görüşü zamanı əldə edildiyi bildirilir. Bu səfərin gerçəkləşməsinə bir aydan da çox vaxt qalsa da, indidən onunla bağlı bəzi təxminlər eşidilməkdədir. Söhbət ilk növbədə illərlə gözlənən bir məsələdən - İsraildə Azərbaycan səfirliyinin açılmasından gedir. Keçmiş dövlət müşaviri Vəfa Quluzadə deyir ki, hələ Heydər Əliyevin sağlığında İsrail tərəfi bu məsələni bir neçə dəfə gündəliyə gətirib. Ancaq məhz İranın qısqanclığı üzündən bunun gerçəkləşdirilməsi təxirə salınıb:

- Biz heç vaxt «yox» deməmişik. Sadəcə, bunun vaxtını gözləmişik. İran istəmir, İsrail də səfirliyini açmasın, Şimon Peresi də dəvət etməsinlər. İran əgər bunu bütün ölkələrə qəbul etdirə bilirsə, biz də onunla razılaşaq. Yoxsa İranın heç kimə gücü çatmır, gücünü bizə göstərir? Bu, yaxşı deyil.

Yeri gəlmişkən, İsrail prezidentinin Azərbaycana səfəri də İranda rəsmi dairələrin qısqanclığı ilə qarşılanıb. Artıq bununla bağlı bəzi İran rəsmilərinin dilindən sərt bəyanatlar da eşidilib.

Parlamentdə İsrail-Azərbaycan dostluq qrupunun üzvü Asim Mollazadə isə düşünür ki, Azərbaycan İranın Ermənistanla münasibətlərinin yaxınlaşmasına qarışmadığı kimi, İran da bundan daralmamalıdır.

A.Mollazadə deyir ki, o da dəfələrlə parlamentdə İsraildə Azərbaycan səfirliyinin açılması məsələsini gündəliyə gətirib. Millət vəkili İsraildə səfirliyin açılması ilə kifayətlənməyib, iqtisadi baxımdan da ikitərəfli əməkdaşlığın gücləndirilməsinin tərəfdarıdır:

- Bilirsiniz ki, İsrail kənd təsərrüfatı texnologiyasının inkişafında böyük uğurlar əldə edib. Həm bu, həm də turizm və elm sahəsində əməkdaşlığa böyük ehtiyac var. Ümid edirəm ki, İsrail prezidentinin Azərbaycana səfərindən sonra bu sahədə əməkdaşlığın gücləndirilməsi ilə bağlı böyük işlər görüləcək.

Əslində, iqtisadi əməkdaşlıqla bağlı İsrailin də Azərbaycandan gözləntiləri var. İsrail Azərbaycandan neft alır. Onlar eyni zamanda Azərbaycan qazına da maraq göstərirlər.

Ancaq Azərbaycanın özündə də ikitərəfli əməkdaşlığın güclənməsini istəməyənlər var. «Cümə» məscidi dini icmasının imam camaatı İlqar İbrahimoğlu deyir ki, İsrail prezidentinin Azərbaycana səfərinə müsbət yanaşmır:

- Azərbaycan İslam Konfransının üzvüdür. İslam Konfransının üzvü olan bütün müsəlman ölkələr, həm Ermənistan, həm də İsraillə münasibətlərini işğalçı ilə olduğu kimi qurmalıdırlar. Hesab edirəm ki, bütün ölkələr bu məsələdə nümunə olmalıdırlar.

Ancaq millət vəkili Asim Mollazadə İsrailin Ermənistanla eyniləşdirilməsinin tərəfdarı deyil. Əksinə, onun fikrincə, Ermənistanın işğalçı siyasətinin bütün dünyaya çatdırılmasında İsrailin böyük xidmətləri var.
XS
SM
MD
LG