Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 15:44

Prezidentlərin görüşlərindən nə gözlənilir?


Moskvada keçiriləcək üç prezidentin görüşünü bütün tərəflər, o cümlədən də Amerika müdafiə edir
Moskvada keçiriləcək üç prezidentin görüşünü bütün tərəflər, o cümlədən də Amerika müdafiə edir
Rusiyanın Qarabağ danışıqlarında bu dəfəki təşəbbüsü münaqişənin həllinə dair danışıqların gedişini yaxından izləyən müşahidəçilərdə çox böyük ümidlər yaratmayıb. Hərçənd ki, Rusiya və Ermənistandan görüşdən əvvəl səsələnən bəyanatlarda bu danışıqların həlledici ola biləcəyi barədə fikirlər səslənirdi. Radiomuzun təhlilçisi Liz Fuller qeyd edir ki, doğrudur, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair razılaşmanın ilkin konturları artıq mövcuddur.

ATƏT-in Minsk Qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrlərinin hazırladıqları və «Madrid prinsipləri» adlanan bu sənəd 2007-ci ilin noyabrında Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlərinə təqdim edilib.

2006-cı ilin iyununda isə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair «Baza prinsipləri» adlanan sənəd hazırlanb. Həmin prinsiplərdə Ermənistan qüvvələri Azərbaycanın Dağlıq Qarabağın ətrafındakı ərazilərdən, o cümlədən Kəlbəcər və Ermənistanla Dağlıq Qarabağı birləşdirən strateji dəhliz olan Laçından çıxarılması nəzərdə tutulurdu.

Bundan başqa, sənəddə əsasən işğal altında olan ərazilərin silahsızlaşdırılması, beynəlxalq sülhümühafizə qüvvələrinin bölgəyə yerləşdirilməsi, minaların təmizlənməsi, yenidənqurma işlərinin görülməsi, məcburi köçkünlərin öz evlərinə qayıtmalarının sürətləndirilməsi və yekunda statusa dair Dağlıq Qarabağ əhalıisi arasında referendum keçirilməlidir.

«Russkaya gazeta» Rusiyanın Xarici İşlər naziri Sergey Lavrova istinadla oktyabrın 7-də yazırdı ki, tərəflər razılaşmaya yaxındırlar. «Madrid prinsipləri»nin yalnız bir-iki razılaşdırmamış məqamı qalıb. Lavrov əlavə edib ki, əsas fikir ayrılığı gələcək Laçın dəhlizi üstündədir.

İkinci problemli məsələ isə Qarabağın gələcək statusudur. Azərbaycan prezidenti oktyabrın 24-də özünün andiçmə mərasimindəki çıxışında Qarabağın heç zaman müstəqil olmayacağını, Azərbaycanın bunu heç vaxt, nə beş il, nə 20, nə 50 il sonra tanımayacağını bildirib.

Onun ermənistanlı həmkarı Serj Sarkisyan da oktyabrında 27-də Qarabağda keçirilən hərbi təlimləri izləməyə gedərkən münaqişənin həllinin mümkün olduğunu deyib. Amma bəzi şərtlərlə. Şərtlər də ondan ibarətdir ki, gərək Azərbaycan Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququnu tanısın, Dağlıq Qarabağla Ermənistan arasında quru sərhədlər olsun və Dağlıq Qarabağ xalqının təhlükəsizliyinə beynəlxalq təminat verilsin.

Yerevandakı təhlilçi Riçard Qiraqosyan bildirir ki, prezidentləri görüşdürmək təşəbbüsü Medvedevin olsa da, bu münaqişənin həllində ABŞ-la Rusiya əməkdaşlıq edə biləcəklərini nümayiş etdirirlər:

- ABŞ və Rusiyanın əməkdaşlıq etməyə, birgə işləməyə meydanları var. Həm Rusiya, həm də ABŞ hesab edir ki, bölgədə yeni gərginliyin, düşmənçiliyin alovlanmasının, xüsusilə də Azərbaycanın münaqişəni hərbi yolla həll etmək cəhdinin qarşısını almalıdırlar.

Liz Fuller yazır ki, bu baxımdan ola bilər ki, Moskvaya görüşü təşkil etmək onun real nəticələrindən daha çox lazımdır.

Onun verdiyi məlumata görə, indi söz-söhbət daha çox bölgənin gələcək statusu üzərində deyil, Laçın dəhlizi və Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərinə sülhümühafizə qüvvələrinin necə yerləşdirilməsi üzərində gedir. Bəzi təhlilçilər deyirlər ki, Rusiya özünün 58-ci ordusunun bu funksiyanı daşımasında təkid edə bilər.

Amma oktyabrın 31-də çap olunan «Iravunk-De Facto» Ermənistanın Müdafiə naziri Seyran Ohanyana istinadla bildirir ki, hər hansı sülhümühafizə qüvvələri 100 faiz ruslardan ibarət olmayacaq.

Ermənistanda belə narahatlıqlar da var ki, Sarkisyan heç nə almadan işğal altında olan Azərbaycan ərazilərindən erməni hərbi qüvvələrinin çıxarılması kimi ciddi güzəştlərə məcbur edilə bilər. Daşnaksütyün Partiyası oktyabrın 31-də xüsusi bəyanat yayaraq bildirib ki, əgər Sarkisyan «milli maraqlara» xəyanət edərək bu əraziləri təhvil versə, hökumət koalisiyasından çıxacaq. Bundan bir gün əvvəl, oktyabrın 30-da da Ermənistanın bir qrup qabaqcıl ziyalısı və ictimai şəxsi Milli Təşəbbüs Birliyi adlı hərəkat yaradıblar. Onlar bəyan ediblər ki, Azərbaycana hər hansı ərazi güzəştini fəal şəkildə rədd edəcəklər.

Azərbaycanda politoloq Rasim Musabəyov isə noyabrın 2-də Moskvada keçiriləcək üç prezidentin görüşündən yalnız 40 faiz ehtimalla əvvəlki görüşlərdən fərqli bir nəticə gözləyir:

- Mən 40 faiz ehtimalla bir nəticə gözləyirəm. Bu, kifayət qədər böyük faizdir. Görüşün nəticəsindən sensasiyalı bəyanat gözləmirəm. Ən yaxşı halda görüşdən çıxıb deyə bilərlər ki, bəli, xeyli irəlilədik. Doğrudan da razılaşma əldə etmək mümkündür. Xarici İşlər nazirlərinə tapşırmışıq ki, sənəd şəklində bir şey hazırlasınlar. Hətta, bunun özü də bir uğurdur.

Rasim Musabəyov hesab edir ki, indiki mərhələdə Rusiya Qafqazda sülhün yaranmasında maraqlı kimi görünsə də, istənilən halda, Moskva gələcəkdə də bu münaqişədən öz mənafeyi üçün istifadə etməyə imkan saxlayacaq. Onun fikrincə, Qarabağ danışıqlarında indi əldə edilə biləcək ən yaxşı nəticə münaqişənin müharibə yolu ilə həlli ehtimalının gündəlikdən çıxarılması ola bilər.

Beynəlxalq Böhran Qrupunun Avropa Proqramının direktoru Sabin Freyzer isə hesab edir ki, indi hər iki ölkənin rəhbərinin ciddi Qarabağ danışıqları aparmasına münbit şərait var. Çünki Azərbaycanda və Ermənistanda prezident seçkiləri başa çatıb, yaxın gələcəkdə bu ölkələrin heç birində seçki yoxdur. Amma Sabin Freyzer Rusiyanın indiki cəhdlərinin müsbət olduğunu desə də düşünür ki, münaqişənin həllinə dair istənilən həll variantının hazırlanması Rusiya, ABŞ və Avropa Birliyinin sıx əməkdaşlığını tələb edəcək:

- Rusiyanın münaqişənin həllinə yeni təşəbbüslər, yeni impulslar verdiyini demək mənə çətindir. Məncə, Qarabağ münaqişəsinin hər hansı həlli Minsk Qrupuda çox sıx əməkdaşlıq tələb edəcək. Daha dəqiq desək, Rusiya, Avropa Birliyi və Amerikanın sıx əməkdalığı lazım olacaq. Əlbəttə, Rusiyanın öz cəhdlərini artırması yaxşıdır. Amma dediyim kimi, məncə, bu cəhdlər Rusiya, ABŞ və Avropa Birliyi arasında gərək bölüşdürülsün.

Sabin Freyzer kimi Türkiyədə də Qarabağ danışıqlarını izləyən mütəxəssilər Moskvanın budəfəki təşəbbüsünün real nəticələrinin olmasına o qədər də ümidli deyillər. Türkiyə Xarici İşlər Nazirliyində Qafqaz və Orta Asiya İdarəsinin keçmiş rəisi və Türkiyənin BMT-dəki keçmiş təmsilçisi Candan Azər hesab edir ki, Rusiyanı Qarabağ münaqişəsinin həllində fəallaşmağa məcbur edən səbəb onun Gürcüstandakı addımlarıdır. Moskva aydın görür ki, onun Gürcüstana qarşı tədbirləri əksinə, Amerikanın Gürcüstana təsirini daha da artırdı. Ona görə də indi Moskva çalışır ki, Azərbaycanla Ermənistan arasında münaqişədən istifadə edib hansısa formada Qafqazda öz təsir imkanının daha etibarlı təmin edə bilsin:

- Gürcüstanda olan hadisədən Rusiya narahat olub. Amerikanın oraya təsiri imkanı əvvəlkindən artıb. Ona görə də burada bir sülh təmininə çalışır. Rusiyanın nə qədər tərəfsiz olacağını, Azərbaycanın mənafeyini nə qədər qoruyacağını indidən demək çox çətindir.

Hələlik, noyabrın 2-də Moskvada keçiriləcək üç prezidentin görüşünü bütün tərəflər, o cümlədən də Amerika müdafiə edir. Dövlət Departamentinin sözçüsü Şon Makkormak bildirib ki, ölkəsi Moskvanın Azərbaycan və Ermənistan prezidentlərinin görüşün təşkil etməsini müdafiə edir.
XS
SM
MD
LG