Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

R.Çeyni: «ABŞ Azərbaycanın təhlükəsizliyində dərindən maraqlıdır»


ABŞ-ın vitse-prezidenti Dik Çeyni Bakıda - 3 sentyabr 2008
ABŞ-ın vitse-prezidenti Dik Çeyni Bakıda - 3 sentyabr 2008
"ABŞ Qafqaz bölgəsindəki müttəfiqlərinin əmin-amalığında və rifahında dərindən marqladır". ABŞ-ın vitse-prezidenti Dik Çeyni Azərbaycan prezidenti İlham Əliyevlə danışqlarından sonra jurnalistlərə belə deyib.

Vitse-prezident qeyd edib ki, sülh və təhlükəsizliyin əsasında sərhədlərə hörmət prinsipi dayanır, bildirib ki, indi həmin prihnsip bu regionda təhlükə altındadır.

“Amerika Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam dəstəkləyir. Qarabağ probleminin danışıqlar yolu ilə və Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həllini istyəyir. Bu problemin həlli Azərbaycanın təhlükəsizliyi və sabitliyi üçün çox vacibdir. Biz həmçinin Azərbaycanın Qərblə enerji sahəsində bazar iqtisadiyyatı prinsipləri əsasında və aşkarlıq şəraitində əməkdaşlığını yüksək qiymətləndiririk” – deyə Dik Çeyni vurğulayıb.

O həmçinin əlavə edib ki, Amerika Azərbaycan xalqının demokratiya, qanunun aliliyi və insan haqlarına əməl olunması uğrunda cəhdlərini dəstəkləyir.

Görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev Amerikanın regiondakı neft layihələrinin gerçəkləşməsinə göstərdiyi dəstəyi xatırladıb. Bildirib ki, sonradan bu dəstək müxətlif sahələrdə, o cümlədən təhlükəsizlik və müdafiə sahələrində də inkişaf edib.

Regiondakı münaqişələrin indiki vəziyyətinə toxunan prezident İlham Əliyev deyib: “Qarabağ münaqişəsinin həlli bizim üçün çox mühümdür. ABŞ hər iki tərəfə bu münaqişənin həlli yolunu tapmağa kömək edir. Azərbaycan Qarabağ münaqişəsinin, eləcə də regiondakı başqa münaqişələrin sülh yolu ilə, beynəlxalq qanunlar və ölkələrin ərazi toxunulmazlığı prinsipi əsasında həllini istəyir”.

Azərbaycan prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 3-də Rusiya prezidenti Dmitri Medvedev də prezident İlham Əliyevə zəng edib. Məlumatda deyilir ki, prezidentlər telefon söhbətində ölkələr arasında əlaqələrin indiki vəziyyətini, beynəlxalq hadisələri, regiondakı vəziyyəti və tərəfləri maraqlarındıran başqa məsələləri müzakirə edib.



«ABŞ Qafqaz bölgəsindəki müttəfiqlərinin əmin-amalığında və rifahında dərindən marqladır». ABŞ-ın vitse-prezidenti Dik Çeyni Azərbaycan prezidenti İlham Əliyevlə danışqlarından sonra jurnalistlərə belə deyib.

«Bizim bugünkü görüşümüz Rusiyanın bu yaxınlarda Gürcüstana etdiyi hərbi müdaxilə fonunda baş tutub», - deyə Çeyni bildirib:

«Prezident Buş məni Azərbaycan xalqına və bütün regiona aydın ismarıcla göndərib: ABŞ-ın dərin və möhkəm maraqları vardır ki, sizin rifahınız və təhlükəsizliyiniz təmin olunsun».

D.Çeyni əlavə edib ki, ABŞ enerji resurslarının ixracı üçün əlavə marşrutların olması istiqamətində Azərbacanla əməkdaşlıq etməkdə maraqlıdır:

«ABŞ əmindir ki, biz Avropa ölkələri və Türkiyə, eləcə də Qafqaz və Mərkəzi Asiya dövlətləri ilə birlikdə işləməliyik ki, enerji resurslarının ixracı üçün əlavə marşrutlar olsun və onlar sərbəst şəkildə nəql edilsin».


Axşam saatlarında Zuğulbadakı prezident iqamətgahında İlham Əliyevlə Dik Çeyni arasında görüş keçirilib.

«Turan» agentliyi görüşün bir saatdan çox davam etdiyini bildirir.

Danışıqlarda hər iki tərəfdən nümayəndə heyətləri iştirak edib.

Görüşlə bağlı hər hansı rəsmi məlumat açıqlanmayıb.

***

ABŞ-ın vitse-prezidenti Dik Çeyni sentyabrın 3-də Bakıda BP və «Chevron» şirkətlərinin yerli nümayəndələri ilə görüşüb.
ABŞ-ın Bakıdakı səfirliyindən «Azadlıq» radiosuna verilən məlumata görə, görüşlərdə Azərbaycanda, ümumilikdə Xəzər regionunda enerji sahəsində vəziyyət, Rusiyanın Gürcüstanda son hərbi əməliyyatları müzakirə edilib.
«Tərəflər enerji sahəsindəki vəziyyəti qiymətləndiriblər. Neft şirkətləri bu kontekstdə üzləşdikləri çətinlikləri Dik Çeyniyə çatdırıblar», -deyə ABŞ səfirliyindən bildiriblər.
Dik Çeyni ABŞ səfirliyində də olub, səfirlik əməkdaşları ilə görüşüb.
ABŞ vitse-prezidentinin Bakını sabah tərk edəcəyi, Gürcüstana gedəcəyi gözlənilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG