Keçid linkləri

2026, 11 Mart, çərşənbə, Bakı vaxtı 02:58

Peskov: 'Ukrayna ordusu Donbasdan çıxmalıdır'

Putin yanvarın 22-də Moskvada Amerika elçilərini qəbul edib.
Putin yanvarın 22-də Moskvada Amerika elçilərini qəbul edib.

Kremlin sözçüsü Dmitri Peskov Əbu-Dabi danışıqlarından öncə deyib ki, Moskvanın mövqeyi çoxdan bəllidir, Ukrayna ordusu Donbası bütünlükdə tərk etməlidir: "Bu çox vacib bir şərtdir".

Amma o, danışıqların detalları barədə danışmayıb.

Donetskə zərbədən dörd nəfər həlak olub

Rusiya Ukraynanın Donetsk vilayətində Kramatorsk rayonunun Çerkasskoye kəndinə zərbə endirib, dörd nəfər ölüb. Məlumatı Donetsk vilayət prokurorluğu yayıb.

"Qeraņ-2" dronlarının zərbəsi yanvarın 22-də gecə gerçəkləşdirilib. İki şəxsi ev dağıdılıb. Ölənlər arasında 5 yaşlı uşaq və onun atası var. Rusiya zərbəni şərh etməyib.

Rusiya zərbələrindən sonra Ukraynanın əksər ərazilərində, o cümlədən Kiyevdə elektrik təchizatında çətinlik yaranıb. Energetika naziri Denis Şmiqal enerji sisteminin 2022-ci ilin noyabrındakı böhrandan bəri ən ağır durumda olduğunu bildirib.

Bir çox bölgədə, o cümlədən Kiyevdə elektrik verilişində qəfil fasilələr tətbiq edilir, evlərə elektrik enerjisi gündə bir neçə saatlıq verilir. Yanvarın 20-də Rusiya bombardmanından sonra Kiyevdə təxminən 2 min çoxmənzilli bina istiliksiz qalıb.

Volodimir Zelenski
Volodimir Zelenski

Əbu-Dabidə Donbasdan danışacaqlar

Ukrayna prezidenti Volodimir Zelenski deyir ki, Donbas açar məsələdir və yanvarın 23-də Əbu-Dabidə üçtərəfli görüşdə müzakirə olunacaq. Görüşdə Kiyev, Moskva və Vaşinqtonun təmsilçiləri iştirak edəcək. Xəbəri AzadlıqRadiosunun Ukrayna xidməti yayıb.

"Donbas – açar məsələdir. Bu gün və sabah Əbu-Dabidə onu müzakirə edəcəklər, üç tərəfin onu necə görməsindən danışacaqlar", – Zelenski jurnalistlərə deyib.

Əbu-Dabidəki danışıqlara Ukraynanın nümayəndə heyətinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Ümerov başçılıq edəcək. Zelenski danışıqların texniki səviyyədə keçiriləcəyini bildirib.

"Rusiyalılar kompromislərə hazır olmalıdır. Hamı hazır olmalıdır, təkcə Ukrayna yox. Nəticə necə olacaq, görəcəyik", – o əlavə edib.

Zelenskinin sözlərinə görə, Davosda Donald Tramp ilə görüşündə Ukraynanın hava hücumlarından müdafiəsi və təhlükəsizlik təminatları müzakirə edilib. O, təhlükəsizlik təminatları ilə bağlı razılaşmanın imzalanmağa hazır olduğunu bildirib. "Xeyli müxtəlif texniki detallar olacaq, bu sənəd əsasında əlavə sənədlər ortaya çıxacaq. Amma əsas təhlükəsizlik təminatları haqqında müqavilə mövcuddur", – Zelenski "Suspilne"yə açıqlamasında deyib. Onun sözlərinə görə, növbəti addımlar Trampın müəyyən edəcəyi tarixdən, eləcə də ABŞ Konqresində və Ukrayna Ali Radasında sənədin ratifikasiyasından asılı olacaq.

ABŞ prezidenti Donald Tramp isə deyib ki, Zelenski razılaşma bağlamaq istəyir və "bütün parametrlər bəllidir". "The Financial Times" yazır ki, görüşdə Zelenski Trampın Ukraynaya əlavə dəstək üçün öhdəlik götürməsinə çalışıb (bu sənədlər amerikalı rəsmilərlə razılaşdırılıb), amma müzakirə tamamlanmayıb və sənədlər imzalanmayıb.

22 yanvar

Putin Kremldə ABŞ prezidentinin nümayəndələri ilə görüşüb

Yanvarın 22-si axşam Rusiya prezidenti Vladimir Putin Kremldə ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşner ilə görüşüb.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, görüşün əsas nəticəsi Moskva, Kiyev və Vaşinqton nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə işçi qrupun üçtərəfli iclasının keçirilməsinin razılaşdırılması olub. Həmin görüş bu gün, yanvarın 23-nə planlaşdırılıb. Rusiya nümayəndə heyətinə admiral İqor Kostyukov rəhbərlik edəcək. Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev də orada olacaq, o, Uitkoffla danışıqlar aparacaq.

Uşakovun vurğulamasına görə, "ərazi məsələsini Ankoricdə razılaşdırılmış formulaya uyğun çözmədən uzunmüddətli həll yoluna ümid etməyə dəyməz".

Stiv Uitkoff
Stiv Uitkoff

Uitkoff: Ukrayna sülh danışıqlarında 'bircə məsələ' qalır

ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff yanvarın 22-də Davosda Dünya İqtisadi Forumunda Ukrayna sülh təşəbbüsləri haqda optimist danışıb. O, səhər yeməyində deyib ki, "artıq sona çatmışıq. Əslində, nikbinəm".

Bu arada danışıqlar bir daha sürət yığmağa başlayıb. ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski Davosda görüşməlidirlər. Uitkoff isə günün sonuna yaxın Moskvaya yola düşür.

"Bunu artıq bir məsələyə endirmişik, bu məsələni müzakirə etdik, deməli, həll edilə bilər. Beləliklə, hər iki tərəf bunu həll etmək istəyirsə, bunu həll edəcəyik", – Uitkoff bildirib.

O, konkret hansı məsələnin çətinlik yaratdığını deməyib. Amma bir gün öncə prezident Tramp sülh danışıqlarının çətinliklərini dilə gətirmişdi: "Çox vaxt Rusiya ilə bir razılaşma əldə edirik, Rusiya hazırdır, amma prezident Zelenski bunu etmir. O, Oval Ofisdə olanda gördünüz, məmnun deyildim. Sonra prezident Zelenski razılaşmaq istəyir, amma Putin istəmir".

Yanvarın 17-18-də Ukrayna təmsilçiləri Mayamidə ABŞ nümayəndələri ilə görüşüb. Onların 800 milyard dollara qədər iqtisadi yardımı müzakirə etdikləri bildirilir.

19 yanvar

ABŞ-Ukrayna danışıqları razılaşmasız bitib

Floridada iki günlük danışıqlarda Ukraynanı təmsil edən Rustem Umerov yanvarın 18-də sosial mediada yazıb ki, "ədalətli və davamlı sülh əldə etmək, Ukraynanın təhlükəsizlik təminatlarını və növbəti addımları razılaşdırmaq üçün işi davam etdirəcəyik".

Umerov Ukraynanın əsas tələblərindən birinin ABŞ və Avropadan təhlükəsizlik təminatları olduğunu vurğulayıb.

Umerov danışıqları "məzmunlu" adlandırıb, iqtisadi inkişaf və rifah planının müzakirə edildiyini bildirib. ABŞ-ni danışıqlarda prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və prezident Donald Trampın kürəkəni Cared Kuşner təmsil edir.

Tramp 2025-ci ilin noyabrında Ukrayna prezidenti Volodimir Zelenskiyə çoxlarının Rusiyanın xeyrinə saydığı 28 maddəlik sülh təklifini qəbul etməsi üçün təzyiq göstərib. Ukrayna isə Avropa tərəfdaşları – Böyük Britaniya, Fransa və Almaniya ilə alternativ plan hazırlamağa çalışıb. Onların təklif etdiyi 20 maddəlik planda Ukrayna üçün təhlükəsizlik təminatları, ərazi bütövlüyü nəzərə alınıb.

Tramp bugünlərdə Zelenskinin sülh müqaviləsini Rusiya prezidenti Vladimir Putindən daha çox əngəllədiyini iddia edib. Zelenski isə bu ittihamı rədd edib.

"Aydındır ki, ABŞ müharibəni sabah bitirmək istəyir. Biz isə bu müharibəni bu gün bitirmək istəyirik. Hər ikimiz buna maraq göstəririk. Və başa düşürük ki, müharibənin sona çatmamasının səbəbi Rusiyadır", - o deyib.

XS
SM
MD
LG