Keçid linkləri

2026, 08 Yanvar, Cümə axşamı, Bakı vaxtı 23:50

Rusiya Ukraynada Qərb hərbçilərini 'qanuni hədəf' sayacağını bildirir


Rusiya Xarici İşlər Nazirliyi
Rusiya Xarici İşlər Nazirliyi

Rusiya Ukraynada Qərb ölkələrindən qüvvələrin yerləşdirilməsini qeyri-mümkün sayaraq qətiyyətlə rədd edib. Rusiya Xarici İşlər Nazirliyi (XİN) yanvarın 6-da Ukraynanın Fransa və Böyük Britaniya ilə imzaladığı Paris bəyannaməsini belə şərh edib.

"Sənəd sülh yolu ilə tənzimləmədən çox uzaq alınıb. O, davamlı sülh və təhlükəsizliyə deyil, militarizasiyanın, eskalasiyanın davam etməsinə hədəflənib", – XİN sözçüsü Mariya Zaxarova deyib. Onun sözlərinə görə, Ukrayna ərazisində Qərb ölkələrinin hərbi bölmələrinin, digər infrastrukturun yerləşdirilməsi xarici müdaxilə sayılacaq, "onlara Rusiya Silahlı Qüvvələrinin qanuni hədəfi kimi baxılacaq".

Britaniyanın "The Times" qəzeti yazıb ki, Britaniya və Fransa Ukraynaya 15 minədək hərbçi göndərmək istəyir. Bu isə ehtimal olunandan xeyli azdır. ABŞ, Avropanın bir sıra ölkələri isə bu addımı istisna ediblər.

Təhlükəsizlik təminatları Ukraynanın sülh sazişlərini imzalamaq üçün əsas şərtidir. Media daha öncə ABŞ rəsmilərinə istinadla Rusiyanın sonucda kompromis çərçivəsində buna razılaşacağına inandığını yazıb. Onların fikrincə, Moskva üçün ən əsası ərazilərə, xüsusilə Donetskə nəzarətdir.

Ukrayna prezidenti Volodimir Zelenski, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmer atəşkəsdən sonra Ukraynada çoxmillətli qüvvələrin yerləşdirilməsi ilə bağlı bəyannamə imzalayıblar.
Ukrayna prezidenti Volodimir Zelenski, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmer atəşkəsdən sonra Ukraynada çoxmillətli qüvvələrin yerləşdirilməsi ilə bağlı bəyannamə imzalayıblar.
7 yanvar

Starmer: Ukraynaya qoşun göndərilməsi parlamentdə səsverməyə çıxarılacaq

Böyük Britaniyanın Ukraynaya mümkün qüvvə göndərməsi parlamentdə səsverməyə çıxarılacaq. Bunu Böyük Britaniyanın baş naziri Kir Starmer Fransa və Ukrayna ilə imzalanmış bəyannamə barədə deyib.

Yanvarın 6-da Starmer Fransa prezidenti Emmanuel Makron və Ukrayna prezidenti Volodimir Zelenski ilə niyyət bəyannaməsi imzalayıblar, sülh əldə olunacağı halda, Ukraynaya beynəlxalq qüvvə yerləşdirməyə razılaşıblar.

Starmer parlamentdə deyib ki, qoşunların sayı Böyük Britaniyanın hazırlanmaqda olan hərbi planları çərçivəsində müəyyən ediləcək.

Baş nazirin dediyinə görə, Milad bayramı dövründə ABŞ prezidenti Donald Trampla Ukrayna üçün təhlükəsizlik zəmanətləri mövzusunda iki dəfə danışıb. O, deputatları əmin edib ki, "amerikalılarla tam müzakirə aparılmadan bu istiqamətdə hər hansı addım atılmasından söhbət getmir".

6 yanvar

Ukraynaya beynəlxalq qüvvələr yerləşdirilə bilər- bəyannamə imzalandı

Yanvarın 6-da Avropa liderləri atəşkəs rejiminə nəzarət üçün Ukraynaya 15-20 min hərbçi göndərməyi müzakirə ediblər. Bəziləri ümid edir ki, onların sayı 30 minə yaxın olacaq, - AzadlıqRadiosu "İstəklilər koalisiyası" ölkələri sammitinin yekunlarına dair bəyannamənin qaralamasına istinadən yazır.

Sammit yanvarın 6-da Parisdə baş tutub, ABŞ prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşner də iştirak ediblər.

Görüşdən sonra Polşanın baş naziri Donald Tusk bildirib ki, iştirakçılar Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında bəyannamə imzalayıblar, lakin ölkələrin konkret öhdəlikləri ora daxil edilməyib.

Bəyannamə layihəsindən belə nəticəyə gəlmək olar ki, tərəflər Rusiyanın Ukraynaya növbəti hücumu halında fəaliyyət planı barədə razılığa gəlməyiblər: sənəddə bununla bağlı "öhdəlikləri yekunlaşdırmağa razılaşıblar" deyilir.

Bir Avropa diplomatı AzadlıqRadiosuna təsdiqləyib ki, həll olunmamış məsələlərdən biri potensial yeni Rusiya hücumuna necə cavab verməkdir. "Hələ də müzakirə edirik ki, cavab atəşi açacağıq, yoxsa qaçacağıq", - o vurğulayıb.

Lakin sammitdən sonra Ukrayna prezidenti Volodimir Zelenski, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmer Ukraynaya çoxmillətli qüvvələrin yerləşdirilməsi ilə bağlı Niyyət Bəyannaməsi imzalayıblar.

"Sülh sazişi olacağı təqdirdə Ukraynaya qoşun göndərmək niyyəti haqqında bəyannamə imzaladıq. Bu, Ukraynaya uzunmüddətli dəstək vermək üçün qəti niyyətimizin əsas hissəsidir", - Starmer imzalanmadan sonra bildirib.

Amma potensial "İstəklilər koalisiyası" qüvvəsinin təmas xəttinə nə qədər yaxın yerləşdiriləcəyi aydın deyil. AzadlıqRadiosunun əlaqə saxladığı əksər avropalı rəsmilər inanırlar ki, onlar Ukrayna qoşunlarını dəstəkləmək və təlim keçmək üçün Qərbi Ukraynaya yerləşdiriləcək.

Fransa prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenskini Parisdəki Yelisey Sarayında qarşılayır.
Fransa prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenskini Parisdəki Yelisey Sarayında qarşılayır.

Ukraynanın təhlükəsizliyi üçün 'icbari öhdəliklər' vəd olunur – Paris bəyanatının layihəsi yayılıb

30 Qərb ölkəsi Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə "icbari" öhdəliklərin salınmasını istəyir. Söhbət gələcəkdə Rusiyanın silahlı hücumuna qarşı Ukraynaya dəstəkdən gedir. Yanvarın 6-da Kiyevin müttəfiqlərindən ibarət "İstəklilər koalisiyası"nın bəyannaməsinin layihəsi yayılıb.

AzadlıqRadiosunun gördüyü bəyannamə layihəsində deyilir ki, bu öhdəliklərə hərbi imkanlardan istifadə, kəşfiyyat və logistika dəstəyi, diplomatik təşəbbüslər, əlavə sanksiyaların qəbulu salına bilər.

Sənədə görə, "Ukraynanın və Avro-Atlantik kollektiv təhlükəsizliyin gələcəyinin təminatı üçün Ukraynanın özünümüdafiə bacarığı çox vacibdir".

"Koalisiya tərəfdaşları və Birləşmiş Ştatlar bu təhlükəsizlik zəmanətlərinin təminatında zəruri və sıx koordinasiya olunmuş rol oynayacaq", – bəyannamədə vurğulanır.

Sənəddə bildirilir ki, müttəfiqlərin Ukraynaya dəstəyinə ABŞ-nin rəhbərliyi ilə atəşkəsə nəzarət, Ukrayna Silahlı Qüvvələrinə dəstək, Ukrayna üçün çoxmillətli qüvvə, həmçinin "Rusiya gələcəkdə silahlı hücum edərsə, sülhün bərpası üçün Ukraynaya dəstəklə bağlı icbari öhdəliklər" daxil olacaq.

Çətin məsələlər

ABŞ prezidenti Donald Tramp ötən ilin noyabrında Zelenskiyə 28-bəndlik sülh təklifini qəbul etməsi üçün təzyiq göstərib. Bu plan daha çox rusiyayönlü təsiri bağışlayıb.

Ukrayna isə Avropa müttəfiqləri ilə 20-bəndlik planı razılaşdırıb, burada Kiyevin maraqları daha çox nəzərə alınıb, xüsusilə də təhlükəsizlik zəmanətləri və ərazi bütövlüyü məsələləri.

Ukraynanın baş danışmanı Ruslan Umerov bu yaxınlarda deyib ki, "mövqelərin böyük hissəsi, sülh planının 90 faizi artıq razılaşdırılıb, detallar üzərində iş gedir".

Bu detallar arasında ən çətin məsələlərdən biri ərazi güzəştləridir. Ukrayna təmas xəttinin dondurulmasını, yaxud Donbas vilayətinin bütünlükdə demilitarizasiya zonası elan olunmasını təklif edir.

Digər bir məsələ Zaporojye Atom Elektrik Stansiyasına nəzarətlə bağlıdır. Kiyev Ukrayna və Rusiyanın stansiyanı birgə idarə etməsi ideyasını rədd edir, ABŞ-nin oradan istehsal olunan enerjini Moskvaya satmasına üstünlük verir.

Brüsseldə çox az adam Rusiyanın bu məsələlərə razılaşacağını düşünür, axı, Kreml hələ də döyüş meydanında özünü qalib sayır.

Rusiya prezidenti Vladimir Putin son həftələrdə bir neçə dəfə bəyan edib ki, Moskva "xüsusi hərbi əməliyyat"ın məqsədlərinə ya razılaşma, ya da güc yoluyla nail olacaq.

Avropa İttifaqı bunu nəzərə alaraq yeni sanksiyalar paketi hazırlayır. Bu, dörd ilə yaxındır gedən genişmiqyaslı işğal dövründə 20-ci sanksiya paketi olacaq, yanvarın sonlarında üzv dövlətlərin təsdiqləməsi üçün təqdim ediləcəyi gözlənilir.

XS
SM
MD
LG