Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:44

«Azadlıq»ı yerləşdiyi binadan niyə çıxarırlar?


«Azadlıq» qəzetini yerləşdiyi binadan çıxarmağa bir neçə dəfə cəhdlər olub
«Azadlıq» qəzetini yerləşdiyi binadan çıxarmağa bir neçə dəfə cəhdlər olub

Bakının Xəqani küçəsindəki Müəllimləri Təkmilləşdirmə İnstitutunun binasının «Azadlıq» qəzetinə verilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin 1992-ci il tarixli sərəncamında bir sıra məqamlara aydınlıq gətirilməyib. Sənəddə göstərilməyib ki, bu bina «Azadlıq» qəzetinə icarəyə, yoxsa onun balansına verilir. Ona görə də hər iki tərəf bu sərəncamı istədiyi kimi şərh edir və kimin haqlı olduğunu indi müəyyən etmək çətindir.


Sənəddəki çatışmazlıq indi üzə çıxmayıb. On ildən çoxdur ki, zaman-zaman bu məsələ ortaya çıxır, sonra sakitləşir. Bu vaxta qədər tərəflər arasında dəfələrlə danışıqlar aparılsa da, problemin hüquqi baxımdan həll edilməməsi təəccüb doğurur.



«Əgər onlar istifadə haqqını ödəmirlərsə, necə müqavilə bağlana bilər. Biz onlara demişik ki, ziyanı ödəyin, sonra sizinlə müqavilə məsələsinə baxıla bilər»
Oktyabrın 13-də də Dövlət Əmlakının İdarə Edilməsi üzrə Komitə qəzetin həmin binadan çıxarılmasıyla bağlı iddia qaldırıb. Qurum hesab edir ki, qəzet icarə müqaviləsi olmadan həmin binadan istifadə etməklə dövlətə 30 min yeni manat məbləğində ziyan vurub. «Azadlıq» qəzetinin texniki direktoru Azər Əhmədov isə deyir ki, məhkəmə olmadan da mübahisəni yoluna qoymaq olar: «Axı biz onlara demişik ki, müqavilə bağlamağa da, həmin cəriməni ödəməyə də hazırıq. Ancaq onlar bunun əvəzində bizə xəbərdarlıq etmədən iddia qaldırıblar».

Cənab Əhmədovun sözlərinə görə, bu vaxta qədər icarə müqaviləsinin bağlanmamasına görə, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Komitə məsuliyyət daşıyır. Çünki bununla bağlı çoxsaylı müraciətləri cavabsız qalıb. Komitənin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Qulu Xəlilov isə qarşı tərəfi günahlandırır: «Əgər onlar istifadə haqqını ödəmirlərsə, necə müqavilə bağlana bilər. Biz onlara demişik ki, ziyanı ödəyin, sonra sizinlə müqavilə məsələsinə baxıla bilər».


Hər halda indi hər iki tərəfin öz arqumentləri var və «Azadlıq» qəzeti də komitəni məhkəməyə vermək istəyir. Ancaq hüquqşünas Mehman Muradlı deyir ki, əgər qəzet icarə müqaviləsinin bağlanılması üçün məhkəməyə əvvəlcədən müraciət etsəydi, bu, ona əlavə hüququ üstünlüklər verərdi. Yəni onda «Azadlıq» qəzeti müqavilə bağlanmasında əvvəlcədən maraqlı olduğunu məhkəmədə daha yaxşı əsaslandırardı.



«Bu bina böyük pullar deməkdir. Bu bina siyasi, ictimai yük deməkdir. Bir baxın görün, burada kimlər yerləşməyib»
O ki, qaldı bu məsələdə siyasi səbəblərin olub-olmamasına, həmin ünvanda «Azadlıq» qəzetindən başqa, Azərbaycan Xalq Cəbhəsi Partiyası, «Turan» İnformasiya Agentliyi və daha bir neçə qəzet, hüquq müdafiə təşkilatı da yerləşir. Yəni ünvan özü kifayət qədər siyasiləşmiş ünvandır. Ona görə də indidən bu mübahisəni siyasi motivlərlə izah edənlər var.

Oktyabrın 19-da «Azadlıq» qəzetinin redaksiyasında toplaşan bir sıra qəzet və hüquq müdafiə təşkilatlarının təmsilçiləri bəyan etdilər ki, ümumilikdə Azərbaycanda müxalif fikrə qarşı kampaniya güclənməkdədir və qəzetin bu problemi də həmin kampaniyanın tərkibi hissəsidir. «Gün Səhər» qəzetinin radaktoru Arif Əliyev dedi ki, əgər bu kampaniyaya qarşı ciddi müqavimət göstərilməsə, onda «Azadlıq» qəzeti ilə komitə arasında mübahisə qəzetin xeyrinə həll edilməyəcək: «Bu bina böyük pullar deməkdir. Bu bina siyasi, ictimai yük deməkdir. Bir baxın görün, burada kimlər yerləşməyib».


«Azadlıq» qəzetini Xəqani-33 ünvanında yerləşən binadan çıxarmağa bir neçə dəfə cəhdlər olub. Hətta 1994-cü ilin fevralında polis iki gün həmin binada axtarışlar da aparıb. Onda ölkədəki diplomatik korpusun məsələyə hədsiz marağı təzyiqlərin səngiməsinə səbəb oldu.


Şəhərin mərkəzində yerləşən bu ikimərtəbəli bina müxalifət düşərgə üçün uzun müddət ümumi ev funksiyasını yerinə yetirib. Ona görə də həmin binada yerləşən qəzet və təşkilatların oradan çıxarılması təşəbbüsləri müxalifət mətbuatında hakimiyyətin rəqib düşərgəni zəif və pərakəndə hala salmaq cəhdi kimi qiymətləndirilir.


«Azadlıq» qəzetini binadan çıxarmaq üçün başlanan növbəti cəhdin nəylə nəticələnəcəyini isə bəri başdan söyləmək çətindir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG