Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:34

Beynəlxalq təşkilatlar hökuməti mətbuata təzyiqlərə son qoymağa çağırır


Prezidentdən Sakit Zahidovun azad olunması xahiş edilir
Prezidentdən Sakit Zahidovun azad olunması xahiş edilir

Qərargahı Parisdə yerləşən Dünya Qəzetlər Assosiasiyası və Dünya Redaktorlar Forumu Azərbaycan və Özbəkistan prezidentlərinə jurnalistlərə edilən təzyiqlərlə bağlı etiraz məktubu ünvanlayıb. Həmin məktubda yaxın günlərdə bu ölkələrdə jurnalistlərin həbs olunması yada salınır və hər iki keçmiş sovet ölkəsi müstəqil və müxalifət mətbuatına edilən təzyiqlərə son qoymağa çağırılır. Həm Azərbaycan, həm də Özbəkistan prezidentlərinə ünvanlanan məktubda söz azadlığı ilə bağlı beynəlxalq standartlara hörmətlə yanaşmaq tələb edilir. Ötən 18 ayda Azərbaycanda bir neçə müxalifət jurnalistinin güclü təzyiqlərə məruz qaldığı və əsassız ittihamlarla həbs olunduğu qeyd edilən müraciətdə 2005-ci ilin martında Bakıda qətlə yetirilən «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun istintaqına da diqqət çəkilir. Yaxın günlərədə narkotik maddədən istifadə ittihamı ilə 3 il azadlıqdan məhrum edilən «Azadlıq» qəzetinin əməkdaşı Sakit Zahidovun həbsinin isə daha çox siyasi motivlərlə bağlı olduğu bildirilir.


Hər iki təşkilat prezident İlham Əliyevdən Sakit Zahidovun azad olunmasını və onu alçaldan bütün ittihamların götürülməsini xahiş edir.


Prezident Aparatında İctimai-Siyasi Şöbənin müdiri Əli Həsənov isə deyir ki, hələ ki, belə bir müraciət almayıblar. Cənab Həsənova görə, aldıqları oxşar məktubların əksəriyyəti subyektiv xarakter daşıyır. Amma mətbuatla bağlı müxtəlif beynəlxalq təşkilatların Azərbaycan prezidentinə ünvanladığı müraci ə tlərin heç biri cavabsız qalmır.


Parisdə yerləşən Dünya Qəzetlər Assosiasiyası mətbuat azadlığını müdafiə edən qəzet sənayesi üzrə qlobal təşkilatdır. Qurumda 18 min qəzet, 73 milli qəzet assosiasiyası təmsil olunur. Dünya Redaktorlar Forumu isə Dünya Qəzet Assosiasiyana daxil olan redaktorların birliyidir.


XS
SM
MD
LG