Xəbərlər
ABŞ Milli Müdafiə Aktında Ukrayna və Avropaya dəstək nəzərdə tutulub
Dekabrın 17-də ABŞ Senatı 901 milyard dollarlıq hərbi büdcəni təsdiqləyib. Ağ ev prezident Donald Trampın sənədi imzalayacağını bildirib. Ötən həftə layihə Nümayəndələr Palatasından keçmişdi.
2026-cı il maliyyə ili üçün Milli Müdafiə Aktı (NDAA) bu ilin əvvəlində Konqresin iki palatasında qəbul olunmuş layihələr arasında kompromis sayılır. Hərbçilərin maaşlarında 4 faizlik artım, hərbi avadanlıq alışı, Çin və Rusiya ilə rəqabətliliyin gücləndirilməsi nəzərdə tutulub.
NDAA-da Avropada təhlükəsizliyə dəstəklə bağlı bir neçə müddəa var və bu, Trampla respublikaçılar arasında ziddiyyəti üzə çıxarır. Bu ayın əvvəlində Ağ evin yaydığı Milli Təhlükəsizlik Strategiyasında Rusiyaya daha isti münasibət sərgilənir, ABŞ-nin Avropa ilə əlaqələrinə yenidən baxılır.
Sənəddə Ukraynaya 800 milyon dollarlıq yardım yer alıb, iki il ərzində hər il üçün 400 milyon dollar.
Həmçinin Baltik Təhlükəsizlik Təşəbbüsünə səlahiyyət verilir, Latviya, Litva və Estoniyanın müdafiəsinə 175 milyon dollar ayrılması planlaşdırılır. Müdafiə Departamentinin Avropada ABŞ qüvvələrinin sayını 76 mindən aşağı salmasına məhdudiyyət qoyulur.
Konqres 60 ildən çoxdur hər il NDAA-nı qəbul edir.
Daha bir detal: sənəddə ABŞ Dövlət Departamentinin adının Müharibə Departamentinə dəyişdirilməsi üçün vəsait nəzərdə tutulmayıb. Tramp bunu istəsə də, Konqresin təsdiqi olmadan gerçəkləşdirə bilməz.
'Bibiheybət' Gəmi Təmiri Zavodu bağlanır?
"Bibiheybət" Gəmi Təmiri Zavodunun (GTZ) işçilərinin fəaliyyətdə olan digər zavodlara köçürülməsi nəzərdə tutulur.
Bu barədə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) dekabrın 17-də yaydığı məlumatda deyilir.
Qurum bildirir ki, aparılan qiymətləndirməyə uyğun olaraq, köhnə gəmilərin istismardan çıxarılması səbəbi ilə balansda olan gəmi sayının əvvəlki illərə nisbətən aşağı düşəcəyi gözlənilir: "Optimal gəmi sayı üçün tələb olunan təmir işlərinin həcmi ASCO-nun strukturunda olan gəmi təmiri zavodlarının da optimallaşdırılmasını zəruri edir... Təhlil və qiymətləndirmələr nəticəsində gəmi təmiri tələbatının qarşılanması üçün iki zavodun kifayət edəcəyi müəyyən olunub".
Açıqlamaya görə, "Bibiheybət" GTZ-nin təmir portfelinin Bakı Gəmiqayırma Zavoduna (BGZ) köçürülməsi qərara alınıb.
Fəaliyyəti davam edəcək digər bir müəssisə isə "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodudur.
"Bibiheybət" GTZ işçilərinin sayı açıqlanmır. Məsələyə müəssisənin rəhbərliyindən münasibət almaq mümkün olmayıb.
Zavodda işlədiklərini bildirən, amma adının çəkilməsini istəməyən bəzi şəxslər isə narahatlıqlarını gizlətmirlər. Onların vurğulamasına görə, zavodun bağlanması nəticəsində iş yerlərini itirəcəklərindən narahatdırlar. "Burada işləyənlərin bir çoxunun üstündə kredit borcu var. İşimizi itirsək, krediti kim qaytaracaq", - onlardan biri sual edib.
Daha 7 ölkə vətəndaşlarının ABŞ-yə girişi yasaqlandı
ABŞ prezidenti Donald Tramp daha 7 ölkə vətəndaşlarının bu ölkəyə girişini qadağan edib. Ağ ev bəyanatında bunu həmin ölkələrdə yoxlama prosedurlarında kəskin çatışmazlıqlarla izah edib. Məqsədin Birləşmiş Ştatları milli təhlükəsizliyə təhdidlərdən qorumaq olduğu bildirilib.
Dekabrın 16-da açıqlanan qadağa Burkina-Faso, Mali, Niger, Cənubi Sudan, Suriya və Fələstin administrasiyasının verdiyi səyahət sənədlərini daşıyan vətəndaşlara aiddir. Laos və Syerra-Leone vətəndaşlarına daha öncə qismən məhdudiyyətlər tətbiq olunurdu, indi bu, tam qadağa formasını alacaq.
Genişləndirilmiş qadağa yanvarın 1-dən qüvvəyə minir.
"Reuters" yazır ki, Tramp noyabrda Suriya prezidenti Əhməd əş-Şaraa ilə görüşəndə Suriyanın uğurlu olması üçün əlindən gələni edəcəyini demişdi. Əş-Şaraa keçmiş "əl-Qaidə" komandiridir, bu yaxınlaradək Vaşinqton onu xarici terrorçu kimi sanksiya siyahısına salmışdı.
Ağ ev Suriyanın da siyahıya salınmasını bu ölkədən gələnlərin viza müddətindən artıq qalması göstəricisinin yuxarı olması ilə izah edib.
D.Tramp iyunda 12 ölkə vətəndaşlarının ABŞ-yə girişini yasaqlamışdı və bu qadağa qüvvədə qalır.
Nigeriya daxil olmaqla daha 15 ölkəyə isə qismən məhdudiyyətlər tətbiq olunacaq.
Aylıq 106 manatlıq məhsul istehsalı ilə necə dolanasan?
Hökumət və parlament təmsilçilərinin açıqlamasına görə, kənd təsərrüfatında 1.8 milyon nəfərə yaxın və ya ölkə üzrə məşğul əhalinin 35 faizindən çoxu çalışır.
"Aqrar sahənin Ümumi Daxili Məhsulda (ÜDM) payı cəmi 6 faiz ətrafındadır. Belə ki, keçən il kənd təsərrüfatında adambaşına 1271 manatlıq, aylıq hesabla isə adambaşına 106 manatlıq məhsul istehsal olunub. Bunlar aqrar sahədə əmək məhsuldarlığının çox aşağı olduğunu göstərir", - bunu Milli Məclisin dekabrın 16-da keçirilən iclasında deputat Əli Məsimli deyib.
Ekspertlər də hesab edir ki, adına pay torpağı olanların məşğul əhali kimi göstərilməsi düz deyil. Onların fikrincə, əgər bu göstərilməsə, onda ölkədə işsizlərin sayının rəsmi elan edildiyindən (239.3 min nəfər ) çox olduğu üzə çıxacaq.
Ötən il kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 12 milyard 995.2 milyon manat təşkil edib.
2025-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul 1.1 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 0.4 , bitkiçilik məhsulları istehsalı 1.9 faiz artıb.
ABŞ sanksiya altında olan tankerlər üçün Venesuela limanlarını bağlayır
Dekabrın 16-da ABŞ prezidenti Donald Tramp sanksiyaya düşən neft tankerlərinin Venesuelaya giriş və çıxışına qadağa qoyduğunu elan edib. "Reuters" Vaşinqtonun Nikolas Maduro hökumətinə təzyiqi artırdığını yazır.
Bu tədbirin necə həyata keçiriləcəyi, Sahil Qvardiyasına üz tutub-tutmayacağı aydın deyil. Administrasiya minlərlə hərbçini, 20-dən çox hərbi gəmini regiona göndərib.
Venesuela hökuməti isə bəyanatında Trampın "gülünc" təhdidini rədd edib.
Dekabrın 17-də Asiya bazarında neft 1 faiz bahalanıb. "Brent" xam neftinin fyuçersləri 70 sent artaraq bareli 59.62 dollar olub. "Qərbi Texas" neftinin bareli isə 56 dollara çatıb.
Neft bazarı iştirakçıları qiymət artımını Venesuelanın ixracında potensial azalma ilə izah edirlər. Amma, eyni zamanda, Trampın blokadanı necə gerçəkləşdirəcəyini, bunun sanksiya altında olmayan gəmilərə də aid olub-olmayacağını gözləyirlər.
Venesueladan neft daşıyan gəmilərin çoxu sanksiya altındadır. Bəzi şirkətlərə isə sanksiya qoyulmayıb. ABŞ-nin "Chevron CVX.N" şirkəti Venesuela neftini öz gəmiləri ilə daşıyır. Venesuela xam neftinin ən böyük alıcısı isə Çindir, idxalının 4 faizə qədərini bu neft təşkil edir.
ABŞ-nin iki rəsmisi "Reuters"ə deyib ki, yeni qayda tam tətbiq edilərsə, Maduroya böyük təsir göstərər.
Trampın Maduroya təzyiq kampaniyasına regionda hərbi iştirakı artırmaq daxildir. Sakit Okeanda və Karib dənizində gəmilərə 20-dən çox zərbə endirilib və azı 90 nəfər öldürülüb.
ABŞ prezidenti bu Cənubi Amerika ölkəsinə tezliklə quru zərbələrin də başlanacağını bildirir.
'Gürcü legionu' Ukrayna Könüllü Ordusunun tərkibinə salınıb
"Gürcü milli legionu" rəsmən Ukrayna Könüllü Ordusunun (UKO) tərkibinə salınıb. Bu barədə UKO komandanı Dmitro Yaroş açıqlama verib. Onun dediyinə görə, legionun komandiri Mamuka Mamulaşviliyə "qardaşlıq, birlik və ümumi mübarizə rəmzi olan" döyüş bayrağı təqdim olunub.
Xəbəri "Exo Kavkaza" yayıb.
Keçmiş deputat D.Yaroş sosial şəbəkədə Mamuka ilə 2014-cü ildən Rusiya qüvvələrinə qarşı birgə döyüşdüyünü yazıb.
M.Mamulaşvili isə "Gürcü legionu"nun müharibənin əvvəlindən Ukraynanı müdafiə edən ilk xarici döyüş bölmələrindən biri olduğunu, ukraynalı könüllülərlə çiyin-çiyinə savaşdığını qeyd edib.
Medianın daha öncə yazdığına görə, Ukrayna hakimiyyəti bütün beynəlmiləl legionların ləğvi, onların şəxsi heyətinin hücum bölmələrinə daxil edilməsinə qərar verib. Legionların bəzi üzvləri bu qərarın Ukrayna ordusuna xarici könüllülərin axınını ciddi azaldacağını, hətta tamamilə dayandıra biləcəyini deyiblər.
"Gürcü milli legionu" Ukrayna ordusunun tərəfində döyüşən könüllü silahlı birləşmədir. Onun tərkibində əsasən silahlı münaqişələrdə iştirak təcrübəsi olan keçmiş gürcü hərbçilər yer alıb. Rusiya "Gürcü legionu"nu terror təşkilatı kimi tanıyıb. M.Mamulaşvilini 23 il qiyabi həbsə məhkum ediblər.
Ukraynanın "Sağ sektor" təşkilatının (Rusiyada ekstremist kimi tanınıb və qadağan edilib) keçmiş lideri, keçmiş deputat D.Yaroş 2021-ci ildə Ukrayna Silahlı Qüvvələrinin baş komandanının müşaviri təyin edilib. Rusiyada kremyönlü mediada Yaroş ümumi isimə çevrilib, onu Ukraynada "banderaçı" millətçilərin üstünlük təşkil etməsi iddiaları kontekstində yada salırlar.
Belarusda məhkəmə Avropa Şurasının saytını 'ekstremist' sayıb, beş gün sonra qərarı ləğv edib
Dekabrın 10-da Minsk şəhərinin Partizanski rayon məhkəməsi Avropa Şurasının rəsmi saytının "ekstremist" kimi tanınması ilə bağlı öz qərarını ləğv edib. Xəbəri "Vyasna" hüquq müdafiə mərkəzi yayıb.
Elə həmin məhkəmə dekabrın 5-də Avropa Şurasının saytının "ekstremist" kimi tanınması barədə qərar çıxarmışdı.
2020-ci ildə Belarus hakimiyyəti etirazçılara qarşı genişmiqyaslı repressiyalara başlayandan Avropa İttifaqı (Aİ) Aleksandr Lukaşenko rejiminə sərt sanksiyalar tətbiq edib. Repressiya dalğası minlərlə insanın həbsi ilə nəticələnib. "Vyasna" 2020-ci ildən bəri 7 min 840-dan çox şəxsin siyasi motivli işlər üzrə məhkum edildiyini bildirir.
Rusiya Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra sanksiyaların ikinci dalğası başlanıb. Belarus ordusu rəsmən Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak etmir, amma Lukaşenko ölkə ərazisini Rusiya qoşunlarının keçidi, müvəqqəti yerləşməsi üçün açıb. 2024-cü ilin sentyabrında Avropa Parlamenti Lukaşenkonun Rusiyanın Ukraynaya qarşı təcavüzündə və uşaqların aparılmasında iştirakını pisləyib, Haaqa Beynəlxalq Cinayət Məhkəməsini onun barəsində həbs orderi verməyə çağırıb.
Rəsmi işsizlərin sayı 24 mindən çox artıb
2025-ci il dekabrın 1-nə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 239.3 min nəfər olub. Onların 51.5 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 494.3 manat olub.
Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) aylıq hesabatında bildirilir.
DSK-nın aylıq hesabatlarının təhlili göstərir ki, son bir ildə Azərbaycanda rəsmi işsizlərin sayı 24 min nəfərdən çox artıb.
2024-cü il dekabrın 1-də ölkədə qeydiyyata alınmış işsizlərin sayı 215.1 min nəfər olub. Onda isə onların 47.5 faizini qadınlar təşkil edirdi.
Amma müstəqil iqtisadçılar deyir ki, bu rəqəmlər ölkədə real işsizlər ordusunu əhatə etmir. Onların fikrincə, Azərbaycanda işsiz kimi qeydiyyata düşmək iş tapmaqdan daha çətindir.
Elə DSK əlavə edir ki, 2025-ci il dekabrın 1-də ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 383.2 min nəfər olub, onlardan 5 milyon 104.5 min nəfərini məşğul əhali təşkil edib.
Cari il noyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 782.4 min nəfər olub. Həm rəsmilər, həm də ekspertlər vurğulayır ki, yerdə qalan 3 milyon insandan bir qismi qeyri-formal çalışır. Amma gələn ildən dövlət qeyri-formal çalışanların icbari tibbi sığorta ödənişlərini qarsalamayacaq.
Aİ 'Valday' üzvlərinə, 'rusofillər hərəkatı'na sanksiyalar tətbiq edib
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiya siyahılarını genişləndirib. Blok ölkələrinin xarici işlər nazirləri dekabrın 15-də iclasda belə bir qərar veriblər.
"Kölgə donanması" adlanan strukturda rolu olan beş fiziki və dörd hüquqi şəxsə sanksiyalar tətbiq edilib. Aİ onların Rusiya neft ticarətinə məhdudiyyətlərdən yan keçməklə kömək etdiyini deyir. Azərbaycan vətəndaşları Tələt Səfərov və Etibar Eyyub, Pakistan və Kanada vətəndaşı Murtaza Əli Lahani, eləcə də BƏƏ və Vyetnam şirkətləri sanksiya siyahısına salınıb. Siyahıya kölgə donanmasına aid daha 40 gəmi də əlavə olunub.
Aİ Şurası sanksiya siyahısındakı 12 fiziki və iki hüquqi şəxsin Rusiyanın hibrid əməliyyatlarında, o cümlədən dezinformasiya ilə bağlı fəaliyyətlərdə iştirak etdiyini bildirir. Sanksiyaya məruz qalanlar arasında "Valday" Beynəlxalq Diskussiya Klubunun ekspertləri də var. "Rossiya v qlobalnoy politike" jurnalının baş redaktoru Fyodor Lukyanov, Rusiya Milli Tədqiqat Universiteti – Ali İqtisad Məktəbinin Kompleks Avropa və Beynəlxalq Tədqiqatlar Mərkəzinin direktor müavini Dmitri Suslov, MQİMO-nun Beynəlxalq münasibətlər fakültəsinin dekanı Andrey Suşentsov, "Valday" klubunun proqram direktoru İvan Timofeyev və klubun Direktorlar Şurasının sədri Andrey Bıstritski siyahıda yer alıb.
İnternetdə rusiyayönlü narrativlər yayan bəzi şəxslər də sanksiya siyahısındadır. ABŞ və Rusiya vətəndaşı, Florida ştatında keçmiş şerif köməkçisi Con Duqan, QRU-nun zabitləri olduğu bildirilən Vladislav Borovkov, Dmitri Qoloşubov və Denis Denisenko, rusiyapərəst mövqeli ukraynalı jurnalist Diana Pançenko, isveçrəli keçmiş zabit Jak Bo, fransalı keçmiş zabit Ksavye Moro siyahıdadır.
Rusiya Silahlı Qüvvələrinin radioelektron mübarizə üzrə 142-ci batalyonu və müxtəlif ölkələrdən rusiyayönlü fiqurları birləşdirən "Beynəlxalq rusofillər hərəkatı" da sanksiya siyahısına salınıb.
Bu, sayca 20-ci sanksiya paketi deyil. Bu paket hələ hazırlanma mərhələsindədir.
AXCP üzvünün 3 aylıq həbs edildiyi bildirilir
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) İmişli rayon şöbəsinin dekabrın 12-də saxlanan fəalı, ikinci qrup əlil (Qarabağ müharibəsində xəsarət alıb) Vüqar Qədirlinin həbs edildiyi deyilir.
AXCP-dən verilən məlumata görə, qanunsuz silah saxlamada ittiham edilən V.Qədirli barəsində dekabrın 13-də Nərimanov rayon Məhkəməsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Partiyadan hesab edirlər ki, "bu hadisə də AXCP-yə qarşı aparılan repressiya siyasətində növbəti qanunsuzluqdur".
Məsələyə Nərimanov rayon Məhkəməsi və başqa aidiyyəti rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
+++
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) İmişli rayon şöbəsinin fəalı, ikinci qrup əlil (Qarabağ müharibəsində xəsarət alıb) Vüqar Qədirlinin bu gün, dekabrın 12-də rayon ərazisində işlədiyi kafedə, sonradan yaşadığı evində polisin axtarış apardığı bildirilir.
Partiyadan yayılan məlumata görə, axtarış başa çatdıqdan sonra V.Qədirlini onlar özləri ilə aparıblar.
Məlumata Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Müxalifətdə olan AXCP-nin sədr Əli Kərimli də daxil 20-yə qədər fəalı hazırda həbsdədir. Partiya müxtəlif ittihamlarla üzləşən bu şəxslərin həbsini siyasi sayır. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı fikirləri əsassız sayırlar. Onların vurğulamasına görə, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Yerli hüquq müdafiəçilərinə görə, hazırda Azərbaycan həbsxanalarında 400-ə yaxın siyasi məhbus var.
DTX həbs edilən başçı ilə bağlı açıqlama yaydı
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bu il oktyabrın 30-da həbs edilən keçmiş Balakən rayon İcra Hakimiyyəti başçısı İslam Rzayev ilə bağlı açıqlama yayıb.
Açıqlamaya görə, İ.Rzayevin icra başçısı çalışdığı dövrdə (2011-2025) dövlət büdcəsindən işsiz, aztəminatlı şəxslərə, habelə rayon ərazisində təmir-tikinti, abadlıq-quruculuq işlərinə ayrılmış maliyyə vəsaitlərini mənimsəməsinə, vəzifəli şəxslərdən və iş adamlarından rüşvət almasına şübhə yaranıb: "İslam Rzayev saxlanılaraq Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə məsuliyyətə cəlb olunub, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir".
Bu açıqlamaya İ.Rzayevdən və ya onun vəkilindən münasibət almaq mümkün olmayıb. Həmin ittihamlarla şəxsə 12 ilə qədər həbs cəzası verilə bilər.
Xatırlatma
Azərbaycanda icra başçılarının həbs dalğası, əsasən, 2019-cu ilin dekabrından başlayıb. Həmin vaxt Yevlax və Ağstafa rayonlarında DTX oxşar əməliyyatlar keçirmişdi. Ardınca bu proses Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayonlarında davam edib. Onlar mənimsəmə, vəzifə səlahiyyətini aşma və başqa ittihamlarla həbs ediliblər. Bəziləri tam, bəziləri də qismən ittihamları rədd edib.
Azərbaycana daha çox pul Rusiyadan gəlir, Türkiyəyə gedir
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən 850 milyon dollar pul köçürülüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0.2 faiz çoxdur.
AZƏRTAC-ın xəbərinə görə, bunu dekabrın 15-də Mərkəzi Bankın (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Yerli saytların məlumatına görə, mətbuat konfransında vurğulanıb ki, hesabat dövründə Azərbaycana daxil olan pul baratlarının əsas hissəsi Rusiyanın payına düşüb və bu ölkədən 344 mln. ABŞ dolları vəsait köçürülüb.
Ekspertlər düşünür ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra Azərbaycanın şimal qonşusunda iqtisadi vəziyyət ağırlaşıb. Onların fikrincə, ona görə Azərbaycan əsilli iş adamları oradakı vəsaitləri çıxararaq Azərbaycana gətirirlər. Ekspertlər habelə vurğulayırlar ki, üstəlik, son bir ildə Azərbaycan əsilli iş adamlarına Rusiyada münasibət pisləşib.
Amma bəzi iqtisadçılar da diqqəti o məqama çəkirlər ki, Rusiya bu siyahıda birinci yerdə olsa da bu ölkədən köçürülmələrin özündə azalma var. Bununla belə onlar da bunu Azərbaycanın şimal qonşusunda vəziyyətin pisləşməsi ilə izah edirlər.
Onlar vurğulayırlar ki, son illər Rusiyadan ən yüksək daxilolma müharibənin başlandığı ildə - 2022-ci ildə baş verib.
Pul daha çox Türkiyəyə gedir
Mətbuat konfransında eyni zamanda bildirilib ki, ölkədən köçürülən pul baratlarının həcmi 361 mln. ABŞ dolları səviyyəsində formalaşıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.5 faiz azdır.
Vurğulanıb ki, hesabat dövründə Azərbaycandan xaricə köçürülən pul baratlarının ən böyük hissəsi Türkiyəyə yönəldilib və bu ölkəyə 104 mln. ABŞ dolları köçürülüb.
Ekspertlər qeyd edirlər ki, son illər Azərbaycan vətəndaşlarının Türkiyədə daşınmaz əmlak alması diqqət çəkir.
Əli Kərimlinin həbsdə olan mühafizəçisinə əlavə ittiham verilib
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbsdə olan mühafizəçisi Novruz Tağıyevə qarşı yeni ittiham irəli sürüldüyü bildirilir.
Partiyadan vurğulanır ki, o, vəsiqə və ya digər rəsmi sənədi saxtalaşdırma və ya qanunsuz hazırlama, satmaqda təqsirləndirilir. Partiyadan onun azadlıqda olarkən Ə.Kərimlinin ictimai əsaslarla mühafizəçi olduğunu vurğulayırlar.
N.Tağıyev bu il mayın 20-dən həbsdədir. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə suçlanır.
Ev alqı-satqısında vasitəçiliklə məşğul olan N.Tağıyev mənzil satışı adı ilə Nicat adlı şəxsdən 71 min manat almaqda təqsirləndirilir.
N.Tağıyev özünü təqsirli bilmir. Onun sözlərinə görə, həbsindən bir neçə gün öncə Nicat adlı şəxs ev almaq istəyini dilə gətirib və ev tapılandan sonra beh kimi min manat verib: "Behi də ev sahibinə verdik. Bir gün sonra Nicat qaynı kimi təqdim olunan adamla ofisə gəldi. Əlində də ətir və bağlama vardı. Dedi ki, evə görə təşəkkür edirəm. Guya onlardan 71 min pul almışam. Kim alqı-satqısız adama 71 min pul verər?!".
Partiyadan bildirilib ki, Tağıyevi 1 saylı İstintaq Təcridxanasından Yasamal rayon Polis İdarəsinə gətiriblər. Açıqlamaya görə, artıq bir həftəyə yaxındır ki, idarədə saxlanılan Tağıyevə ailəsi ilə görüşə icazə verilmir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) və başqa rəsmi qurumlarla danışıb şikayətlərə münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Müxalifətdə olan AXCP-nin, sədr Əli Kərimli də daxil, 20-dək fəalı hazırda həbsdədir. Partiya müxtəlif ittihamlarla üzləşən bu şəxslərin həbsini siyasi sayır. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı fikirləri "əsassız" adlandırırlar. Onların vurğulamasına görə, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Yerli hüquq müdafiəçilərinə görə, hazırda Azərbaycan həbsxanalarında 400-ə yaxın siyasi məhbus var.
Xalq Cəbhəsi üzvü həbsdə ölüb
Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvü Elbəyi Kərimli dekabrın 12-də saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsində ölüb.
AXCP-dən açıqlanıb ki, E.Kərimli həbsxananın tibbi məntəqəsində özünə qəsd edib. Amma partiyadan buna səbəb bildirilməyib.
Ədliyyə Nazirliyindən isə APA-ya deyilib ki, E.Kərimlinin ölüm faktı ilə əlaqədar Xəzər rayon Prokurorluğunda araşdırma aparılır.
Məsələni onun yaxınları ilə dəqiqləşdirmək mümkün olmayıb.
Onun saxlandığı cəzaçəkmə müəssisəsində isə hadisənin dünən, dekabrın 12-də baş verdiyi vurğulanır.
Bu ilin iyulunda, onda 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsində (tubzon) həbs cəzası çəkən E.Kərimlinin cərimə kamerasına (karser) salındığı bildirilmişdi. Bununla bağlı iyulun 13-də "Azadlıq" qəzetinin vebsaytında məlumat yayılmışdı. Məlumatda iddia edilir ki, Kərimli cəzaçəkmə müəssisəsinə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən gələn nümayəndələrin önündə tənqidi çıxış edib, şərlənərək həbs olunduğunu deyib, bundan sonra isə o döyülüb və karserə salınıb. Onun cərimə kamerasına nə vaxt və nə qədər müddətə salındığı haqda məlumat verilmirdi.
Həmin iddialara Penitensiar Xidmətdən münasibət almaq mümkün olmamışdı. Amma bu qurumdan bundan əvvəl oxşar şikayətlərlə bağlı vurğulanıb ki, onlar məhbuslarla qanun çərçivəsində davranırlar.
AXCP-dən Kərimlinin 2023-cü ilin avqustunda keçmiş prezident Heydər Əliyevin heykəlinə "Stalin" yazdıqdan sonra narkotik ittihamı ilə həbs olunduğu bildirilib. 2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi ona satış məqsədilə külli miqdarda narkotik saxlama maddəsi ilə 6 il həbs cəzası verib. Sonradan Ali Məhkəmə onun hökmündən satış məqsədini çıxararaq cəzasını 5 ilə endirib.
Xatırlatma
Müxalifətdə olan AXCP-nin, sədr Əli Kərimli də daxil, 20-dək fəalı hazırda həbsdədir. Partiya müxtəlif ittihamlarla üzləşən bu şəxslərin həbsini siyasi sayır. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı fikirləri əsassız sayırlar. Onların vurğulamasına görə, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Yerli hüquq müdafiəçilərinə görə, hazırda Azərbaycan həbsxanalarında 400-ə yaxın siyasi məhbus var.
Ukrayna Xəzərdə Rusiyanın iki yük gəmisinin vurulduğunu bildirir
Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri Xəzərdə "Kompozitor Raxmaninov" və "Askar-Sarıca" adlı yük gəmilərinin vurulduğunu bəyan edib.
Mətbuat üçün açıqlamada həmin gəmilərin hərbi texnika və silah daşıdığı bildirilir. Hücum zamanı onların göyərtəsində silah və ya hərbi texnikanın olub-olmadığı bilinmir.
"Kompozitor Raxmaninov" və "Askar-Sarıca"nın hərbi məqsədlər üçün istifadə edildiyi, İranla Rusiya arasında hərbi yüklər daşıdığına görə ABŞ sanksiyaları altında olduqları bildirilir.
Rusiya bu məlumatı hələlik şərh etməyib.
Ukraynanın 'Lukoil'un Xəzərdə platformasını vurduğu bildirilir
Ukrayna Təhlükəsizlik Xidmətinin "Alfa" xüsusi əməliyyatlar mərkəzi Rusiyanın "Lukoil" şirkətinin neftçıxarma platformasına dron zərbələri endirdiyi bildirilir. Bu haqda AzadlıqRadiosunun Ukrayna xidməti, "RBK-Ukraina" və "Ukrainska Pravda" xüsusi xidmət orqanlarındakı mənbələrə istinadla məlumat yayıblar.
Bunun Xəzərdə Rusiyaya məxsus neft hasilatı infrastrukturuna ilk zərbə olduğu vurğulanır. Mənbələrə görə, dəniz platformasına azı dörd dəqiq zərbə endirilib. Hücum nəticəsində 20-dən çox quyudan neft və qaz hasilatının dayandırıldığı bildirilir.
Amma bu məlumatlar müstəqil təsdiqlənməyib.
ASTRA Telegram kanalı Rusiyanın Fövqəladə Hallar Nazirliyindəki mənbəyə istinadən yazır ki, bir neçə dron "Filanovski" yatağında yerləşən LSP-1 stasionar platformasına hücum edib. Bu platforma quyuların qazılması, işlənməsi və neft hasilatı üçün istifadə olunur.
"Lukoil" saytında "Filanovski"nin Xəzərin Rusiya sektorunun dibində ən böyük neft yatağı olduğu yazılıb. Yatağın operatoru "Lukoil-Nijnevoljskneft" şirkətidir. İlkin çıxarıla bilən ehtiyatlar 129 milyon ton neft, 30 milyard kubmetr qaz olaraq qiymətləndirilir. İxrac Xəzər Boru Kəməri Konsorsiumu (CPC) vasitəsilə gerçəkləşdirilib. CPC-yə sanksiyalar tətbiq olunmayıb.
Hücumların nə zaman gerçəkləşdiyi dəqiq bilinmir. Rusiya hakimiyyəti bu məlumatları şərh etməyib.
Dekabrın 11-də səhər Rusiya Müdafiə Nazirliyi 12 region üzərində 287 Ukrayna dronunun vurulduğunu açıqlayıb.