-
Türkiyədən Suriyaya keçmək istəyərkən saxlanılan Azərbaycan vətəndaşlarının adları bəlli olub.
APA-nın verdiyi məlumata görə, saxlanılan şəxslər 23 yaşlı Simnarə Paşayeva, onun 10 aylıq qızı Məryəm Paşayeva, 18 yaşlı Aynur Musayeva və 24 yaşlı Abdul Əlimətovdur.
Məlumata görə, azyaşlı uşağı ilə birlikdə Suriyaya getmək istəyən S. Paşayevanın əri Araz Paşayev hazırda «İslam Dövləti» silahlı qruplaşması tərkibində vuruşur.
İstanbuldakı baş konsul Həsən Zeynalov APA-ya açıqlamasında saxlanılanların yaxın günlərdə Azərbaycana deportasiya olunacaqlarını deyib: «Hazırda həmin şəxslərin izahatı alınır. Bu işlər başa çatandan sonra onların hamısı Azərbaycana deportasiya olunacaq».
«İslam Dövləti» qruplaşmasına qoşulmaq üçün Suriyaya keçməyə cəhd etdikləri iddia olunan 4 Azərbaycan vətəndaşı Türkiyənin Kilis bölgəsində saxlanılıb.
Məlumata görə, Kilis polisi ümumilikdə 22 nəfərdən ibarət olan qrupun rayonun Suriya ilə sərhəd Aşağı Bəylərbəyi kəndindən sərhədi keçməyə cəhd göstərməsi barədə məlumat alıb. Saxlanılanların pasportları yoxlanılarkən, onlardan 4-ün azərbaycanlı ailənin üzvləri olduqları ortaya çıxıb.
Saxlanılanlar deportasiya edilmək üçün rayon polis idarəsinin xaricilərlə iş şöbəsinə təhvil veriliblər.