Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:27

BMT: İslam Dövləti bəşəriyyətə qarşı cinayətlər törədib


Suriyanın Raqqa əyaləti, 30 iyun, 2014-cü il.
Suriyanın Raqqa əyaləti, 30 iyun, 2014-cü il.

-

BMT müstəntiqləri bildiriblər ki, İslam Dövlətinin (İD) komandirləri Suriyanın şimal-şərqində baş kəsmək, daşqalaq etmək və mülkiləri və əsirləri güllələməklə kütləvi miqyasda törədilmiş hərbi cinayətlər üçün məsuliyyət daşıyırlar.

Reuters agentliyinin məlumatında deyilir ki, BMT-nin 300 nəfərdən alınmış ifadələr əsasında hazırlanmış hesabatı dünya ölkələrini İD komandirlərini hərbi və bəşəriyyətə qarşı cinayətlərə görə Beynəlxalq Cinayət Məhkəməsi qarşısınagətirməyə çağırır.

“Hərbi hücumlarının ardınca ələ keçirdikləri əsirləri və mülkiləri kütləvi şəkildə öldürməklə İD üzvləri icrası icbari olan beynəlxalq insan haqları qanunlarını açıqcasına pozmuş, kütləvi miqyasda müharibə qətlləri cinayətləri törətmişlər” – deyilir hesabatda.

Hesabatda bu da bildirilir ki, əcnəbi döyüşçülər qruplaşmanın sıralarına doluşmuş və onun rəhbər strukturunda hegemon mövqe tutmuşlar.

BMT-nin ayrı bir hesabatında Suriya və İraqa 15 min əcnəbi döyüşçünün səfər etdiyi bildirilir.

Fərdi cinayət məsuluyyəti

“İD komandanları bu hərbi cinayətləri törədərkən şüurlu hərəkət etmişlər…Buna görə də fərdi qaydada cinayət məsuliyyəti daşıyırlar” – deyilir BMT hesabatında.

Sənəddə qrupun lideri Abu Bakr al-Baghdadi-nin təşkilatda “mütləq gücə” malik olduğu təsdiqlənir.

BMT-nin palata yığınçağına sədrlik etmiş Paulo Pinheiro mətbuat konfransında deyib ki, hesabatdakı yeni faktlar üzrə adlar hərbi cinayət şübhəlilərinin məxfi siyahısına əlavə ediləcək.

Hesabatda vurğulanır ki, sentyabrda ABŞ-ın rəhbərliyi ilə hava zərbələri kampaniyası başlanandan bəri İD döyüşçüləri mülkilərin ev və fermalarına sığınıblar və bu, dinc əhali arasındakı itkilərin çoxalmasına səbəb olub.

Qanlı çarmıxlar, nizələrdəki başlar

Sənəddə deyilir ki, həm də İŞİD kimi tanınan İslam Dövləti təşkilatı 600 min insanı ərzaq və tibbi yardım təchizatından məhrum edib, özünün “mənəviyyat polisi” vasitəsilə İslamın radikal interpretasiyasını bərqərar edir.

Faktlardan bəziləri siqaret çəkilməsi və ya oğurluğa görə şallaqlanmaların və amputasiyaların icra olunduğunu göstərir. Məsələn, Deyr əl-Zor məntəqəsində bir həkim qadın hər iki cinsdən olan xəstələri qəbul etdiyinə görə boynu vurulub.

“İŞİD Suriyanın şimal-şərqi boyunca şəhərlərin və kəndlərin mərkəzi ictimai meydanlarında kişilərin, qadınların və uşaqların başlarını kəsib, onları güllələyib və daşqalaq etdirib” – deyilir BMT sənədində.

BMT-nin hesabatında bildirilir ki, İD uşaqları valideynlərindən xəbərçilik etməyə məcbur edir, qadınları icazəsiz olaraq kişilərlə təmasda olmağa görə daşa basdırır, xristianları, kürdləri və başqa azlıqları ya İslamı qəbul etməyə, ya da cizyə vergisi ödəməyə məcbur edir.

“Şahidlər çarmıxa çəkilmiş insan cəsədlərindən hələ də qan axdığı, parklardakı məhəccərlər boyu düzülmüş nizələrə insan başlarının taxıldığı barədə ifadələr veriblər” – deyilir hesabatda.

Hesabatda həmçinin Raqqa əyalətindəki Tabqa hərbi-hava bazasında əsir götürülmüş 200 əsgərin və Deyr əl-Zordakı əl-Şeytat tayfası üzvlərinin qətliam edildiyi bildirlir.

Və İD-in məğlubiyyətləri…

Döyüş meydanlarından alınan ən son məlumatlarda xəbər verilir ki, İraqda hökumət qoşunları Baici şəhərindəki neftayırma kompleksini İD-in əlindən geri alıblar.

Bu arada ölkənin şimalındakı kürd hərbi birləşmələrinin də sıraları seyrələn İD üzərinə əks-hücumlarının başlandığı xəbər verilir.

Bağdad hökuməti bəyan edib ki, onun qoşunları strateji Baici şəhərini və oradakı nəhəng neftayırma kompleksini geri almaqla İD-in ötən iyun ayından başlanan müzəffər yürüşünü dayandırıblar.

Kürd peşmərgə genelrallarından Najat Ali Baicidən 100 kilometr şimalda olan Maxmur şəhərində deyib ki, İD hazırda öz döyüşçülərini silah-sursat, habelə su və ərzaqla təchiz etməkdə böyük çətinliklərlə üzləşib.

Dəclə çayının yaxınlığında yerləşən 12 min nəfərlik Maxmur şəhəri İslam Dövləti tərəfindən zəbt edilmişdi, lakin indi yenidən kürd qüvvələrin nəzarətindədir.

Bununla belə, ABŞ hərbi komandanlığı İD-in hələ məğlubiyyətdən uzaq olduğu qənaətindədir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG