Xəbərlər
Azərbaycanın 9 vətəndaşı Almaniyadan geri qaytarılıb
Dünən, fevralın 19-da Azərbaycan vətəndaşı olan 9 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib.
Dövlət Miqrasiya Xidmətinin bununla bağlı fevralın 20-də yayılan məlumatında bildirilir ki, bu, "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş (2014-cü ildə imzalanıb) çərçivəsində gerçəkləşib.
Almaniyadan Azərbaycana qaytarılan şəxslərin adları açıqlanmır.
Rəsmi məlumatlara görə, 2020-2025-cü illər ərzində 16 ölkədən 2 min 235-dən çox şəxsin readmissiyası həyata keçirilib.
Son dörd il ərzində Avropa ölkələrindən (əsasən, Almaniyadan) Azərbaycana readmissiya edilən şəxslərdən, azı, beş nəfərin narkotik və başqa ittihamlarla həbsi diqqət çəkib. Onlar həbslərini mühacirətdə olarkən Azərbaycanla bağlı etiraz aksiyalarında fəallıqları ilə izah ediblər. Amma rəsmilər, bir qayda olaraq, insanların ölkədə tənqidi mövqelərinə görə əsassız yerə təqib olunmaları ilə bağlı deyilənləri qəbul etmirlər.
Readmissiya –dövlətin digər ölkələrin ərazisinə qanunsuz daxil olan şəxsləri geri qəbul etməsidir.
Bu saziş vətəndaşını geri qəbul edən ölkənin üzərinə bəlli öhdəliklər qoyur. Həmin şəxslərin əsassız təqibi yolverilməz sayılır və hökumət onların üzləşdiyi problemlərin həllinə dəstək verməlidir. Amma Azərbaycanda bununla bağlı şikayətlər var.
Qubada da neft-qaz axtaracaqlar...
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Gran Tierra Energy Inc." şirkəti arasında Quba–Xəzəryanı regionunda yerləşən qurudakı perspektiv sahə üzrə Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb.
Bu barədə fevralın 19-da SOCAR məlumat yayıb.
Sazişin şərtlərinə əsasən, layihənin operatoru qismində çıxış edəcək "Gran Tierra Energy Inc." (Kanada) 65 faiz iştirak payına malik olacaq. Geoloji kəşfiyyat iş proqramına qravimetrik məlumatların toplanması, 3D seysmik tədqiqatların aparılması və müqavilə sahəsinin karbohidrogen potensialının üzə çıxarılmasına yönəlmiş kəşfiyyat quyularının qazılması daxildir.
Sazişi Milli Məclis ratifikasiya etdikdən sonra qüvvəyə minəcək.
Xatırlatma
SOCAR tək ölkə daxilində yox, xaricidə də fəaliyyət göstərir. Şirkət ötən ay Kot-d'İvuarda yerləşən "Baleine" neft-qaz yatağının işlənməsi layihəsində 10 faiz iştirak payının alınması ilə bağlı "Eni S.p.A." şirkəti ilə saziş imzalamışdı.
Azərbaycanın neft hasilatı azalıb, qaz çoxalıb. 2025-ci ildə Azərbaycanda 27.7 milyon ton neft (- 4.8 faiz), 51.5 milyard kubmetr təbii qaz (+ 2.4 faiz) hasil edilib.
Azərbaycanın neft-qaz gəlirlərində azalma var. Ölkənin neft-qaz sektoruna daxil olan mallar üzrə ixracı 2026-cı ilin yanvarında 2025-ci ilin eyni ayı ilə müqayisədə dəyər ifadəsi ilə 825 milyon 222 min dollar və ya 29.5 faiz azalaraq 1 milyard 967 milyon 456 min dollara düşüb. Bu azalma, əsasən, neftlə bağlıdır. Həm ölkədə neft hasilatı azalır, həm də "qara qızıl"ın qiymətində son bir ildə ucuzlaşma var. Ölkənin ixracının 85 faizi neft və qazın payına düşür.
Son 10-12 ildə hökumət qarşısına qeyri-neft sektorunu inkişaf etdirməyi məqsəd qoyduğunu bildirsə də, açıqlanan rəqəmlərə görə, bu sahədə böyük irəliləyişlər əldə edilməyib.
Rusiya Avropa ölkələrindən Navalnının zəhərlənməsinə sübut tələb edir
Moskvanı Kremlin tənqidçisi Aleksey Navalnını qurbağa toksini ilə zəhərləməkdə günahlandıran Avropa ölkələri bununla bağlı konkret məlumatlar təqdim etməlidirlər. Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova fevralın 18-də deyib.
Avropanın beş ölkəsi - Böyük Britaniya, Fransa, Almaniya, İsveç və Niderland fevralın 14-də bu haqda bəyanat yayıblar. Onların bildirdiyinə görə, Navalnının cəsədindən götürülmüş bionümunələrdə epibatidin maddəsi aşkarlanıb. Bu maddə Cənubi Amerikada yaşayan zəhərli qurbağalarda rast gəlinir, Rusiyada təbii şəkildə mövcud deyil. Avropa ölkələri bildiriblər ki, Moskvanın bu zəhəri tətbiq etməyə "imkan, motiv və fürsəti" olub.
"Rusiyaya bütün ittihamlar "böyük ehtimalla" tipli idi. Heç bir konkret detal yox idi. Bu, sadəcə Münxen Təhlükəsizlik Konfransının açılışında səsləndirilmək, Epşteyn sənədlərini kölgədə qoymaq məqsədli bəyanat idi", – Zaxarova brifinqdə bildirib.
"Bu məsələ ilə bağlı konkret məlumatlar təqdim etmələrini tələb edirik", – o əlavə edib.
14 fevral
Avropa ölkələri: Navalnı ekzotik qurbağa zəhəri ilə öldürülüb
Rusiyalı mərhum müxalifətçi Aleksey Navalnı 2024-cü ildə həbsxanada epibatidindən zəhərlənmə nəticəsində ölüb. Bu barədə fevralın 14-də Avropanın beş ölkəsi – Böyük Britaniya, İsveç, Fransa, Almaniya və Niderlandın xarici işlər nazirlikləri bəyanat yayıb.
Epabitidin Cənubi Amerikada ağacqurbağalarının dərisindən əldə edilir. Bu qurbağalar dünyanın ən zəhərli məxluqlarından sayılırlar.
Avropa ölkələri Navalnının biomaterialını tədqiq edərək bu qənaətə gəliblər. Bu zəhər iflic və nəfəs çatışmazlığına səbəb olur.
Bəyanatda deyilir ki, onlar Navalnının məhz epabitidinlə öldürülməsindən əmindirlər. "Navalnı həbsxanada ölüb, bu isə o deməkdir ki, Rusiya hakimiyyətinin müxalifətçini zəhərləmək üçün vasitələri, motivi və imkanları olub", – bəyanatda deyilir və Rusiyanın Kimyəvi Silahlar Konvensiyasını dəfələrlə pozduğuna görə məsuliyyətə cəlbinin vacibliyi vurğulanır.
Rəsmi Moskva daha öncə zəhərlənməyə dair iddiaları rədd edib, Navalnının təbii səbəblərdən öldüyünü bildirib.
Navalnının xanımı Yuliya Navalnaya bu bəyanatdan sonra tvitində yazıb ki, "İlk gündən ərimin zəhərlənməsindən əmin idim, indi isə buna sübut var: Putin Alekseyi kimyəvi silahla öldürüb".
Navalnaya Rusiya prezidenti Vladimir Putini "qatil" adlandırıb, onun cinayətlərə görə məsuliyyətə cəlb edilməli olduğunu deyib.
Antikorrupsiya fəalı olan Navalnı ekstremizm ittihamı ilə 19 il həbsə məhkum edilmişdi. Özü və tərəfdarları ittihamı siyasi motivli sayırdı. O, 2021-ci ilin yanvarında Almaniyadan Rusiyaya qayıdarkən saxlanılmışdı. Almaniyada isə müxalifətçi sinir qazı zəhərlənməsindən müalicə olunmuşdu və bunu Putinin razılığı ilə Rusiya təhlükəsizlik agentlərinin gerçəkləşdirdiyi sui-qəsd cəhdi sayırdı.
ANAMA əməkdaşı minaya düşüb
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Vasif Çobanovun xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşdüyü bildirilir.
Bu barədə AZƏRTAC-a ANAMA-dan məlumat verilib.
Bildirilib ki, hadisə işğaldan azad edilmiş Xocalı rayonunun Muxtar kəndi ərazisində fevralın 18-də baş verib: "Hadisə nəticəsində əməkdaş sol əlindən və üz nahiyəsindən müxtəlif xəsarətlər alıb".
Əlavə edildiyinə görə, Çobanov rayon mərkəzi xəstəxanasına təxliyə olunub: "Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur".
Məsələyə zərərçəkənin özü və yaxınlarından münasibət almaq mümkün olmayıb.
Azərbaycanın rəsmi qurumlarının bildirməsinə görə, 10 noyabr sazişindən sonra ölkənin 70-dən çox vətəndaşı minaya düşərək həlak olub, 350 civarında şəxs isə müxtəlif xəsarət alıblar. Onlar habelə əvvəl qeyd edirdilər ki, Ermənistan işğaldan azad olunan ərazilərdə minaların xəritəsini vermir. Amma sonra Azərbaycanda saxlanılan Ermənistan hərbçilərindən bəzilərinin geri təhvil verilməsi əvəzi işğaldan azad edilən bir sıra rayonların minalanmış ərazilərin xəritələrinin alındığı bildirildi. Hərçənd sonra da Azərbaycan rəsmiləri bu xəritələrin böyük ölçüdə reallığı əks etdirmədiyini vurğuladılar. Buna cavab olaraq da Ermənistan baş naziri dedi ki, onlar əllərində olan bütün xəritələri Azərbaycana veriblər.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib. Elə bundan sonra da Qarabağdan erməni əhali köç edib.
Ötən ilin avqustunda Vaşinqtonda prezident Donald Trampın vasitəçiliyi ilə 30 ildən çox münaqişədə olan Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Paraflanan mətində tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır.
Vüqar Qurbanov TƏBİB-in sədri vəzifəsindən azad edilib
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının qərarı ilə Vüqar Qurbanov bu qurumun icraçı direktoru vəzifəsindən azad edilib.
Bu barədə ölkənin yerli saytları TƏBİB-in özünə istinadla məlumat yayıblar.
Bildirilib ki, Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in icraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.
Qərara V.Qurbanovun özündən ayrıca münasibət almaq mümkün olmayıb. O, 2022-ci ildən bu vəzifəni tuturdu.
Anar İsrafilov kimdir?
A.İsrafilov TƏBİB-də icraçı direktorun müavinidir. Azərbaycan Tibb Universitetində "pediatriya" ixtisası, eləcə də Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi üzrə təhsil alıb.
2006-2022-ci illərdə Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Səhiyyə nazirinin köməkçisi, Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri kimi fəaliyyət göstərib.
TƏBİB
2018-ci ildə prezidentin fərmanına əsasən yaradılıb. Publik hüquqi şəxs olan TƏBİB-in əsas məqsədi dövlət tibb müəssisələrini idarə etmək və icbari tibbi sığorta çərçivəsində xidmət keyfiyyətini artırmaqdır. Yaradılarkən Səhiyyə Nazirliyinin bəzi səlahiyyətləri ona verilib.
Xatırlatma
Son illər TƏBİB rəhbərliyinin fəaliyyəti ilə bağlı bir sıra şikayətlər eşidilib. Elə bu ilin yanvarında işdən çıxarıldıqlarını bildirən bir qrup stomatoloq TƏBİB-in inzibati binasının qarşısında etiraz aksiyası keçirmişdilər. TƏBİB-dən şikayətlərə cavab olaraq şəffaflıq tədbirləri və optimallaşmadan bəhs etmişdilər.
Əliyev Münxendə Zelenski ilə görüşüb
Azərbaycan prezidenti İlham Əliyevin fevralın 14-də Münxendə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşü olub.
AZƏRTAC-ın xəbərinə görə, söhbət zamanı iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
V.Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyə, xüsusilə ukraynalı uşaqlara olan diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.
Azərbaycan və Ukrayna prezidentləri iki ölkə arasında ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi apardılar.
Fevralın 13-də Münxen Təhlükəsizlik Konfransı işə başlayıb.
Xatırlatma
2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. Ondan 8 il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı tutmuşdu. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı. Yeni müharibədən sonra Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib. Amma Azərbaycan bu sanksiyalara qoşulmur. Bununla belə, rəsmi Bakı Ukraynaya humanitar yardım göstərdiyini və onun ərazi bütövlüyünü tanıdığını açıqlayıb.
Münxendə 250 min iranlı nümayişə çıxıb
Fevralın 14-də Münxendə 250 min iranlının iştirakıyla nümayiş keçirilib. Bunu AzadlıqRadiosuna Almaniya polisi bildirib.
Hələ də etirazçıların Münxenə axışdığı, metro stansiyalarında İran bayraqlarının göründüyü, şüarlar eşidildiyi xəbər verilir.
Münxen aksiyasının İranın sonuncu şahının oğlu Rza Pəhləvinin çağırışı ilə keçirildiyi bildirilir. Los Anceles və Torontada da nümayişlər gözlənilir.
Pəhləvinin də Münxenə nümayişə gəldiyi deyilir.
“Onların, bizim bədəl ödədiyimizi, bu gənclərin hər gün öldüyünü demək çox kədərlidir. Qan tökülür, çox kədərlidir”, – Milandan gəlmiş Atena adlı qadın radioya deyib. O, Tehranda, İranın digər şəhərlərində qohumları, dostları olduğunu əlavə edib.
ABŞ prezidenti Donald Tramp İranda etirazçılara dəstək bildirmiş, onları qorumaq üçün müdaxilə edə biləcəyini demişdi. Hazırda ABŞ və İran arasında danışıqlar gedir.
Pəhləvi fevralın 14-də mətbuat konfransında Trampı hərəkətə keçməyə çağırıb.
Bir gün öncə isə Ukrayna prezidenti Volodimir Zelenski İranın keçmiş vəliəhd şahzadəsi ilə görüşüb.
ABŞ İranda etirazçıları dəstəkləsə də, Pəhləvini, yaxud mühacirətdə yaşayan hər hansı liderə dəstək bildirməyib.
AXCP: Emil Səlimə saxta ittihamla 20 sutka inzibati həbs verilib
AXCP Gənclər Komitəsinin sədri Emil Səlimə fevralın 13-də 20 sutka inzibati həbs verildiyi bildirilir.
Partiyanın vurğuladığına görə, qərar Yasamal rayon Məhkəməsində çıxarılıb. Fəal İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında yayılması qanunla qadağan edilmiş informasiyanın yerləşdirilməsi) maddəsi ilə təqsirləndirilib.
Partiya qərarı əsasız sayır. Amma bu açıqlamaya məhkəmədən və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Azərbaycanda son vaxtlar bir sıra tənqidçi fəallar sosial şəbəkələrdə paylaşımlar etdikdən sonra sözügedən maddə üzrə təqsirləndirilərək inzibati qaydada həbs olunurlar.
+++
Fevralın 13-də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin sədri Emil Səlim saxlanıb. Bu barədə AXCP-dən bildirilib.
Bundan öncə həmin partiyadan onun təqib edildiyi ilə bağlı iddialar yayılmışdı.
Bu məlumatlara Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Son illər AXCP-nin bir çox üzvləri vaxtaşırı inzibati qaydada həbs edilir. Hazırda partiyanın 20-dən çox fəalı da uzunmüddətli həbsdədir. Onların arasında AXCP sədri Əli Kərimli də var. Həmin şəxslər müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifarişlə həbs edildiyini açıqlayıb.
Hüquq müdafiəçilərinin hazırladığı siyahıya görə, Azərbaycan həbsxanalarında hazırda ümumilikdə 340 siyasi məhbus var. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi fəaliyyətə görə həbslərin olması ilə bağlı deyilənləri əsassız sayırlar. Onlar vurğulayırlar ki, həmin şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Ata Abdullayev azadlığa buraxılıb
Həbsdə olan Ata Abdullayevin azadlığa buraxıldığı bildirilir.
Yerli saytların məlumatına görə, bununla bağlı fevralın 13-də Xəzər rayon Məhkəməsi qərar verib.
A.Abdullayev vaxtından öncə azadlığa buraxılmaq üçün Xəzər rayon Məhkəməsinə müraciət etmişdi.
Məhkəmənin çıxardığı qərara əsasən, onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi vurğulanır.
Hələlik, A.Abdullayevin özü ilə danışmaq mümkün olmayıb.
Özünü bloqer kimi təqdim edən A.Abdullayev 2021-ci ilin martında həbs edilmişdi. O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü il 7 il azadlıqdan məhrum olunmuşdu. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlamışdı.
O, özü ittihamı qəbul etmirdi.
İndiyədək müxtəlif qalmaqallarda adı keçən A.Abdullayevin daha əvvəl də bir sıra məsələlərlə bağlı mühakimə edildiyi bildirilir.
İlham Əliyev Almaniyaya gedib
Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün fevralın 13-də Almaniya Federativ Respublikasına gedib.
Fevralın 13-də 62-ci Münxen Təhlükəsizlik Konfransı (MSC 2026) işə başlayıb.
Dünyada təhlükəsizlik məsələlərinin müzakirə olunduğu bu konfransda 60 dövlət, hökumət başçısı, 120 ölkədən 200-dən çox nazir, habelə beynəlxalq qurumlardan 40-dan çox rəsmi şəxsin iştirak etdiyi bildirilir.
Bir neçə gün əvvəl yayımlanan "Münxen Təhlükəsizlik Hesabatı – 2026"da dünyanın, eləcə də beynəlxalq təşkilatların təhlükəli bir dövrə qədəm qoyduğu qeyd edilir.
Konfrans fevralın 15-də başa çatacaq.
Qeyri-neft-qaz sektorunda vergi 90 milyon manata yaxın artıb. Səbəblər...
Son bir ildə Azərbaycanda ölkə büdcəsinə vergi daxilolmaları 9.27 faiz azalıb.
Rəsmi rəqəmlərə görə, bu ilin yanvarında Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2 milyard 50.3 milyon manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 209.6 milyon manat və ya 9.27 faiz azdır.
Əvəzində ayrıca qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 88.9 milyon manat və ya 6.5 faiz artıb. Yanvarda bu sektordan daxilolmalar 1 milyard 467.1 milyon manat təşkil edib, büdcəyə proqnozdan əlavə 42.1 milyon manat ödənilib.
Vergilərin 71.6 faizi qeyri-neft-qaz, 28.4 faizi isə neft-qaz sektorunun payına düşüb. Ötən il isə bu nisbət fərqli idi – müvafiq olaraq, 61 və 39 faiz.
Xatırlatma
Son illər Azərbaycanda bir sıra sahələrdə vergi və rüsumlar artırılıb. Üstəlik, bu ildən etibarən 7 illik güzəşt ləğv edilərək özəl sektorda çalışan şəxslər gəlir vergisinə cəlb olunublar.
Ekspertlər bunun biznes və vətəndaşların güzəranına mümkün mənfi təsirlərindən narahatdırlar. Onlar deyir ki, bu il maaş və pensiyalarda artım vergi, rüsum, cərimə artımlarına adekvat deyil.
Neft-qaz sektorunda vergi daxilolmalarının azalmasına gəldikdə isə, ekspertlər xatırladırlar ki, son bir ildə həm neft hasilatı azalıb, həm də "qara qızıl"ın qiymətində ucuzlaşma baş verib.
Yanacaq 5-10 faiz bahalaşıb, inflyasiya cəmi 1 faiz yüksəlib?
2026-cı ilin yanvarında 2025-ci ilin yanvarına nisbətən inflyasiya 5.7 faiz təşkil edib.
Dövlət Statistika Komitəsi (DSK) vurğulayır ki, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə bu 7.1 faiz, qeyri-qida məhsulları üzrə 3.5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 5.6 faiz olub.
İnflyasiya 2026-cı ilin yanvarında əvvəlki aya nisbətən 1.5 faiz təşkil edib.
Tarif Şurasının qərarı ilə yanvarın 1-dən Aİ-92 markalı benzinin 1 litri 5 qəpik (5 faiz), dizelin 1 litri isə 10 qəpik (10 faiz) bahalaşıb.
DSK-nın açıqladığı rəqəmlərə, bir qayda olaraq, müstəqil ekspertlər şübhə ilə yanaşırlar. Onların fikrincə, Azərbaycanda DSK SSRİ dönəmində olduğu kimi fəaliyyət göstərir, rəqəmləri hökumətin maraqlarına uyğunlaşdırır. Qurumda belə fikirləri qəbul etmirlər.
DSK ötən il inflyasiyanın 5.2 faiz olduğunu demişdi. Müstəqil iqtisadçılara görə isə, ötən il inflyasiya ikirəqəmli olub.
Üstəlik, müstəqil iqtisadçılar hesab edirlər ki, bu ilin əvvəlində benzinin 5, dizel yanacağının 10 faiz artdığı, vergi və rüsumların yüksəldiyi halda aylıq inflyasiyanın cəmi 1.5 faiz göstərilməsi heç inandırıcı deyil.
Ərdoğan mübahisəli prokuroru yeni ədliyyə naziri təyin etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 11-də İstanbulun baş prokuroru Akın Gürleki yeni ədliyyə naziri təyin edib. Gürlek ölkənin son bələdiyyə seçkilərində birinci olmuş partiyasına qarşı genişmiqyaslı tədbirlərə rəhbərlik etdiyindən bu qərar tənqidçilərin kəskin reaksiyasına səbəb olub.
Gürlek 2024-cü ildə baş prokuror təyin olunmuşdu. Cümhuriyyət Xalq Partiyasına (CHP) qarşı bir sıra həbslər və ittihamlar onun vəzifədə olduğu müddətə düşüb, İstanbulun hazırda həbsdə olan keçmiş meri Əkrəm İmamoğlu ilə bağlı istintaq aparılıb. CHP-nin yüzlərlə partiya üzvü, vəzifəli şəxs saxlanılıb. Bu addımlar, əsasən, siyasi sayılsa da, hökumət bu iddiaları rədd edir.
CHP sədr müavini Gül Çiftçi X sosial şəbəkəsində yazıb ki, "Gürlekin təyinatı onun partiyamıza qarşı apardığı əməliyyatlara görə açıq mükafatdır".
Gürlek ədliyyə naziri postunda Yılmaz Tunçu əvəzləyəcək. Bu, 2023-cü ilin ortalarında keçirilən son seçkilərdən bəri ilk kabinet dəyişikliyidir.
Ərdoğan həmçinin Ərzurum vilayətinin qubernatoru Mustafa Çiftçini daxili işlər naziri təyin edib. O, bu vəzifədə Ali Yerlikayanı əvəz edib.
Rəşad İsmayılov bir il əvvəl boşalan nazir postunu tutdu
Rəşad İsmayılov Azərbaycanın ekologiya və təbii sərvətlər naziri təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı bu gün, fevralın 10-da Sərəncam imzalayıb.
R.İsmayılov bu təyinata qədər ekologiya və təbii sərvətlər nazirinin birinci müavini olub.
Onun sələfi Muxtar Babayev isə ötən il fevralın 5-də vəzifəsindən azad edilərək Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub.
M.Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsini 2018-ci il aprelin 23-dən tuturdu.
Gürcüstan da Münxen Təhlükəsizlik Konfransına dəvət olunub
"Gürcü Arzusu" hökuməti fevralın 13-15-də keçiriləcək Münxen Təhlükəsizlik Konfransına dəvət alıb. Bu barədə fevralın 10-da Gürcüstanın baş naziri İrakli Kobaxidze məlumat verib.
Kobaxidzenin sözlərinə görə, o, konfransa qatılmayacaq, ölkəni xarici işlər naziri Maka Boçorişvili təmsil edə bilər.
Bu il konfransa 50 ölkənin liderləri və hökumət başçıları qatılacaq. ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio rəhbərlik edəcək.
Ötən il Gürcüstan hökuməti Münxen Təhlükəsizlik Konfransında iştirak etməyib, "Gürcü Arzusu"na dəvət göndərilməyib. 2024-cü ildə isə ölkənin beşinci prezidenti Salome Zurabişvili konfransda fəaliyyətdə olan prezident statusunda iştirak edib, hökuməti isə xarici işlər naziri təmsil edib.