Keçid linkləri

2026, 26 Mart, Cümə axşamı, Bakı vaxtı 09:59

İnzibati həbsdə olan Emil Səlimdən xəbər var

Emil Səlim
Emil Səlim

AXCP Gənclər Komitəsinin inzibati qaydada həbs edilən sədri Emil Səlimin Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) yenidən Binəqədiyə, inzibati qaydada həbs olunanların saxlanma məntəqəsinə qaytarıldığı bildirilir.

AXCP-dən martın 2-si günün ikinci yarısı verilən məlumata görə, E.Səlimin atası saxlanma məntəqəsinə gedərək onun orada olmasını dəqiqləşdirib: "Atasının bildirdiyinə görə hələlik problem yoxdur".

Bu məlumatı DTX və Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.

+++

Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) açıqlamaya görə, fevralın 13-də Yasamal rayon Məhkəməsinin qərarı ilə 20 sutka inzibatı həbs alan Gənclər Komitəsi sədri Emil Səlim ilə bir həftə əlaqə saxlamaq mümkün olmayıb.

Partiyadan vurğulandığına görə, onun yaxınları E.Səlim ilə görüş ala bilmirdilər.

"Bu gün, martın 2-də atası yenidən onun saxlandığı məntəqəyə gedib və, nəhayət, oğlunun harada olması ilə bağlı məlumat ala bilib. İndi bəlli olub ki, Emil Səlimin saxta iş üzrə həbsində məqsəd nə imiş. Atasının verdiyi məlumatdan aydın olur ki, Emil Səlim inzibati həbs yerindən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) aparılıb", - partiyadan bildirilib.

Bu məlumata DTX və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

DTX-nın apardığı cinayət işi üzrə bir çox şəxslər, o cümlədə AXCP sədri Əli Kərimli hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə ittiham edilərək həbs olunub.

13 fevral

AXCP: Emil Səlimə saxta ittihamla 20 sutka inzibati həbs verilib

AXCP Gənclər Komitəsinin sədri Emil Səlimə fevralın 13-də 20 sutka inzibati həbs verildiyi bildirilir.

Partiyanın vurğuladığına görə, qərar Yasamal rayon Məhkəməsində çıxarılıb. Fəal İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında yayılması qanunla qadağan edilmiş informasiyanın yerləşdirilməsi) maddəsi ilə təqsirləndirilib.

Partiya qərarı əsasız sayır. Amma bu açıqlamaya məhkəmədən və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Azərbaycanda son vaxtlar bir sıra tənqidçi fəallar sosial şəbəkələrdə paylaşımlar etdikdən sonra sözügedən maddə üzrə təqsirləndirilərək inzibati qaydada həbs olunurlar.

+++

Fevralın 13-də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin sədri Emil Səlim saxlanıb. Bu barədə AXCP-dən bildirilib.

Bundan öncə həmin partiyadan onun təqib edildiyi ilə bağlı iddialar yayılmışdı.

Son illər AXCP-nin bir çox üzvləri vaxtaşırı inzibati qaydada həbs edilir. Hazırda partiyanın 20-dən çox fəalı da uzunmüddətli həbsdədir. Onların arasında AXCP sədri Əli Kərimli də var. Həmin şəxslər müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifarişlə həbs edildiyini açıqlayıb.

Hüquq müdafiəçilərinin hazırladığı siyahıya görə, Azərbaycan həbsxanalarında hazırda ümumilikdə 340 siyasi məhbus var. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi fəaliyyətə görə həbslərin olması ilə bağlı deyilənləri əsassız sayırlar. Onlar vurğulayırlar ki, həmin şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

XS
SM
MD
LG