Zelenski fevralın 24-də seçki və referendum planı açıqlamaq fikri olmadığını deyir

V.Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski deyir ki, fevralın 24-də Rusiyanın təcavüzkar müharibəsinin dördüncü ildönümündə prezident seçkisi və referendum planı açıqlamaq fikri yoxdur. Bu haqda Britaniyanın "The Financial Times" qəzeti yazmışdı.

"Fevralın 24-də elan etmək niyyəti haqda ilk dəfə eşidirəm. İlk dəfə "The Financial Times"dan eşitmişəm, ikinci dəfə də sizdən eşidirəm. İkincisi, mən seçki haqda çox danışmışam, biz o zaman seçki keçirəcəyik ki, uyğun təhlükəsizlik zəmanətləri olsun", – Zelenski jurnalistlərə deyib.

Ukrayna prezidentinin sözlərinə görə, seçki mövzusunu Kiyevin müttəfiqləri tez-tez qaldırır, Ukrayna tərəfi yox. O, səsvermə keçirilməsi üçün əsas şərtin təhlükəsizlik olduğunu vurğulayıb.

Mayın 15-də mümkün seçki ilə bağlı suala cavabında isə Zelenski deyib ki, amerikalı həmkarların təklif edəcəyi istənilən qrafiklə işləməyə hazırdırlar: "Amma əgər biz referendum məsələsi qaldırırıqsa, bundan ötrü atəşkəs olmalıdır, çünki strukturuna görə referendum da seçki kimidir".

Zelenski onu da əlavə edib ki, Vaşinqton Kiyevi təhlükəsizlik zəmanətlərindən imtina etməklə hədələmir və bunu seçki keçirilməsi ilə əlaqələndirmir.

Ukrayna qanunvericiliyi hərbi vəziyyətdə seçki keçirilməsini qadağan edir. Müharibə səbəbindən 2023-cü ildə Ali Radaya, 2024-cü ildə isə prezident seçkiləri keçirilməyib.

ABŞ prezidenti Donald Tramp daha öncə deyib ki, Ukraynada seçki keçirməyin "vaxtı çatıb". Zelenski isə cavabında bildirib ki, ABŞ və Avropa təhlükəsizlik zəmanəti verərsə, 60-90 gün ərzində seçki keçirə bilər.

Rusiya prezidenti Vladimir Putin də deyib ki, Rusiya seçki günü zərbə endirməmək barədə düşünməyə hazırdır.

Rusiya Ukraynaya ballistik raket və dron zərbələri endirib

Rusiya qüvvələri fevralın 12-nə keçən gecə Kiyevə və Ukraynanın digər şəhərlərinə ballistik raket və dron zərbələri endirib.

Kiyevdə şəxsi evə ballistik raket zərbəsindən azı iki nəfər xəsarət alıb, biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Cənubdakı Odessa şəhərinə zərbə mülki və kritik infrastruktura ziyan vurub, azı bir nəfər xəsarət alıb.

Dnepropetrovsk vilayətində iki uşaq yaralanıb.

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa zərbələri pisləyib, Rusiyanın yüzlərlə dron və ballistik raketlə enerji sistemini hədəfə aldığını bildirib.

Rusiya isə Volqoqrad vilayətinə raket zərbəsinin qarşısını aldığını deyib. Amma yerə düşən qalıqlar hərbi obyektdə yanğına, qonşu kənddə evakuasiyaya səbəb olub.