Ukraynada prezident seçkiləri və Rusiya ilə istənilən sülh sazişi üzrə referendum planlaşdırılır. "The Financial Times" yazır ki, Tramp administrasiyası Kiyevə hər iki səsvermənin mayın 15-dək keçirilməsi üçün təzyiq edir, əks halda, ABŞ-nin təklif etdiyi təhlükəsizlik zəmanətləri verilməyə bilər.
Ukrayna və Qərb rəsmiləri, məsələ ilə tanış digər şəxslərin dediyinə görə, Ağ ev Kiyevə Ukrayna və Rusiya arasında sülh danışıqlarının yazda bitməsi üçün güclü təsir göstərir. ABŞ-nin iyunun sonunacan müharibəni başa çatmasından ötrü bütün sənədlərin imzalanmasını istəyir.
"Onlar iyunadək hər şeyi etmək istəyirlər... Yəni müharibə bitsin. Aydın qrafik istəyirlər", – Ukrayna prezidenti ötən cümə jurnalistlərə demişdi.
Zelenski indiyədək ölkənin hərbi vəziyyətdə olduğunu əsas gətirərək seçki keçirməyin mümkün olmadığını deyirdi.
FT-nin Ukrayna və Avropa rəsmilərinə istinadla yazdığına görə, Zelenski fevralın 24-də prezident seçkisi və referendum keçirmək planını elan etməyi planlaşdırır. Həmin gün Rusiyanın təcavüzkar müharibəsinin 4 ili tamam olacaq.
Qəzet Zelenski administrasiyasından, ABŞ-nin Kiyevdəki səfirliyindən şərh ala bilməyib.
Sülh sazişi əldə olunarmı?
Ukrayna və Qərb rəsmiləri isə qrafikin, ABŞ-nin ultimatumunun qüvvədə qalmasının bir sıra faktorlardan asılı olduğunu deyirlər. Ən əsası Rusiya prezidenti Vladimir Putinlə sülh sazişi yönündə proqres əldə olunmalıdır.
Qəzet yazır ki, Kiyevin planı Zelenskinin özünün yenidən seçilmək ehtimalını gücləndirmək niyyətini göstərir. O, həm də Trampı əmin etmək istəyir ki, sülh sazişi əldə olunarsa, Kiyev onu yubatmayacaq.
Zelenskiyə ictimai dəstək yetərincə olsa da, rəy sorğuları dörd il öncə ilə müqayisədə dəstəyin azaldığını üzə çıxarıb. Buna müharibədən yorğunluq, prezidentin yaxın ətrafındakı korrupsiya qalmaqalları təsirini göstərib.
Zelenski Ukraynanın ABŞ ilə təhlükəsizlik zəmanətləri üzrə razılaşma əldə etdiyini, onu imzalamağa hazır olduğunu deyib. Amma ABŞ prezidenti bu zəmanətləri sülh sazişinin əldə olunması ilə şərtləndirib.
Rusiya Ukraynadan Donbasdan qüvvələrini tamamilə çıxarmağı tələb edir. Zelenski indiyədək ərazi güzəştə getməyəcəyini deyib.