Dilbər Rusiyanın Omsk şəhərində məhkəməyəcən aylarla həbsdə saxlanılıb. Onun sözlərinə görə, həbsxana əməkdaşları onu döyüb, elektroşokla işgəncəyə məruz qoyub, hədələyiblər.
Orta Asiyadan 18 yaşlı miqrant qız narkotik qaçaqmalçılığı ittihamı ilə məhkəməsini gözləyirdi. Amma ona 15 ilədək həbs cəzası, yaxud Rusiyanın Ukraynadakı təcavüzkar müharibəsində iştirak qarşılığında azadlıq təklif olunub.
Dilbərin işi Rusiyanın Ukraynada dörd ildir gedən müharibəsinə Orta Asiyadan qadınları cəlb etməsini gündəmə gətirib. Rusiyada Orta Asiyanın keçmiş sovet respublikalarından milyonlarla miqrant yaşayır və işləyir.
Bu zonadan minlərlə kişinin Ukraynada Rusiya qüvvələrinə qoşulduğu bildirilir. Bəzilərini yüksəkmaaşlı iş vədləri ilə cəlb ediblər. Əsasən məhkumlar və saxlanılan şəxslər isə Rusiya ordusuna qoşulmağa məcbur edilib. Orta Asiyadan az sayda qadın hərbi xidmətə yazılıb, amma dəqiq sayları bəlli deyil.
"Anacan, məni bağışla"
Kimliyini qorumaq üçün adı dəyişdirilmiş Qırğızıstan vətəndaşı Dilbər də tezliklə bu qadınların sırasına qoşula bilər.
"Anacan, məni bağışla. Mənə daha uzun cəza versələr, müharibəyə gedəcəyəm. Orada mənə pul verəcəklər, bir ilə azad olacağam", – Dilbər anasına məktubunda yazıb.
O, ötən ilin oktyabrında, Qırğızıstanın Oş şəhərindən Rusiyaya köçəndən bir il sonra saxlanılıb. Omsk şəhərində dostları ilə gəzərkən narkotik ittihamı ilə həbs edilib. Özü ittihamları qəbul etmir. Hüquq müdafiəçiləri deyirlər ki, Orta Asiyadan miqrantları, o cümlədən qadınları, tez-tez saxta narkotik ittihamları ilə saxlayırlar.
Dilbərin adının çəkilməsini istəməyən bacısının sözlərinə görə, ona Ukraynada Rusiya ordusu üçün aşpaz kimi xidmət qarşılığında bir ilə 2 milyon rubl (26 min ABŞ dolları) alacağı deyilib. Bu məbləğ Rusiyada çoxları üçün böyük məbləğdir.
Bacısı deyir, həbsxana rəsmiləri birillik müqavilədən sonra Dilbərə azadlıq vəd ediblər.
Dilbərin bacısı Qırğızıstandan Omska məhkəmə iclaslarında iştirak üçün gəlib. O, Rusiya ordusuna yazılmaq təklifini qəbul etməməsi üçün bacısına dəfələrlə yalvardığını danışır.
"Ukraynaya gedən insanların sağ qayıtmadığını tez-tez eşidirik", – Dilbərin bacısı AzadlıqRadiosunun qırğız xidmətinə bildirib.
Onların atası da Rusiyada miqrant işçi olub, 2023-cü ildə Ukraynadakı müharibəyə qoşulub, hazırda itkin düşmüş sayılır.
Məhkumların, saxlanılanların müharibəyə cəlbi
Rusiyada on minlərlə məhkuma Ukraynada döyüşməyin əvəzində cəzalarının yüngülləşdirilməsi vəd olunub. Məqsəd ağır itkilərin yerini doldurmaq, canlı qüvvəni artırmaq, yeni səfərbərlik elan etməkdən yayınmaq olub.
Rusiyanın Müdafiə Nazirliyi və "Vaqner" özəl muzdlu hərbi şirkəti həbsxanalarda döyüşçü axtarıb. Cəlb olunanlar arasında yüzlərlə qadının olduğu güman edilir, həm Rusiya vətəndaşları, həm də əcnəbilər olmaqla.
Qadın məhkumlar xidmətə döyüşçü, aşpaz, təmizlikçi, tibb bacısı və feldşer kimi cəlb olunub.
Moskva yaxınlığındakı Vladimir şəhərində 12 il həbs cəzası çəkən qırğızıstanlı Gülbarçını da müharibəyə göndərmək istəyiblər. Kimliyinin qorunması üçün adı dəyişdirilən Gülbarçın 2023-cü ilin sonlarında ailəsinə məktubda yazıb ki, həbsxana rəsmiləri müharibə üçün potensial namizədlərin siyahısını tərtib ediblər.
"Müddəti uzun olanların hamısı siyahıya salınmışdı", – o yazıb, amma sənədi imzalamaqdan imtina etdiyini bildirib.
Özbəkistanda yerləşən "Ezgulik" hüquq müdafiə təşkilatının məlumatına görə, Rusiyada həbsdə olan onlarla özbək qadınının qohumlarından məktublar alıblar. Qadınlar həbsxana rəhbərliyini onları Ukraynadakı müharibəyə cəlb etməyə çalışmaqda ittiham edirlər.
Bacısı Rusiyada həbsdə olan Ümidə onlardan biridir. AzadlıqRadiosuna danışır ki, bacısından aldığı məktublar həbsxana rəhbərliyinin qadınları müharibəyə getməyə məcbur etmək üçün hansı üsullara əl atdığını üzə çıxarır: "10 gün yemək verməyərək məhkumların iradəsini qırmağa, onları müharibəyə razı salmağa çalışırlar. Bəzi qızlar müharibəyə getməmək üçün intihar ediblər".
"Cəbhədə döyüşənlər də var"
Rusiya hakimiyyəti isə qadınların xidmətini könüllü xarakterli kimi təqdim edir, döyüşə cəlb olunduqlarını inkar edir. Rəsmi məlumata görə, hazırda Rusiya Silahlı Qüvvələrində 37 mindən çox qadın xidmət edir, təxminən 270 min qadın isə orduda mülki vəzifələrdə çalışır.
Rusiyanın Müdafiə Nazirliyi, xarici vətəndaşlar da daxil, cəbhəyə göndərilən qadınların sayı ilə bağlı məlumat açıqlamayıb.
Rusiyanın müharibəyə cəlb etdiyi Orta Asiya qadınlarının əksəriyyəti yardımçı işlərdə çalışır, bəziləri sonucda döyüş əməliyyatlarına da qatılır. Bunu AzadlıqRadiosuna qırğızıstanlı immiqrasiya hüquqşünası Mirlan Toktobekov deyib.
"Qadınları aşpaz, tibb işçisi, tibb bacısı, həkim, digər vəzifələrə götürə bilərlər. Hərbi texnikanın təmiri ilə məşğul olan qruplarda çalışan qadınlar var. Cəbhədə döyüşənlər də var. Onların sayı kişilərlə müqayisədə xeyli azdır, amma belə hallar var", – o deyib.
Rusiyada məhbus hüquqları üzrə tanınmış fəal Olqa Romanova isə bildirib ki, qadın məhbuslar tez-tez tora düşürlər.
"Qadın həbsxanalarında internet yoxdur. Onlar yalnız televiziyada göstərilənləri bilirlər. Elə düşünürlər ki, tibb bacısı kimi işləyəcəklər. Hara getdiklərini başa düşmürlər", – Romanova AzadlıqRadiosuna söyləyib.
Orta Asiya ölkələrində vətəndaşların xaricdə hərbi münaqişələrdə iştirakı cinayət sayılır, uzunmüddətli həbs cəzası ilə cəzalandırıla bilər. Amma indiyədək az sayda oxşar iş məhkəmələrə çıxarılıb.