Ukrayna Prezident Ofisinin keçmiş rəhbəri, korrupsiya ittihamı ilə həbs olunan Andriy Yermak üçün girov tam ödənilib və o, mayın 17-də səhər istintaq təcridxanasını tərk edib. Bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. Yermak mayın 14-də məhkəmənin qərarı ilə həbsə göndərilmişdi.
Məhkəmənin müəyyən etdiyi girov məbləği 140 milyon qrivna (təxminən 3 milyon 150 min ABŞ dolları) idi. Yermak məhkəmədə bu məbləğə malik olmadığını, lakin dostlarının köməyinə ümid etdiyini demişdi. Ertəsi gün artıq təxminən 50 milyon qrivna toplanmışdı. Yermak həftəsonunu istintaq təcridxanasında keçirib.
"Ukrainska Pravda" mənbələrə istinadən yazır ki, girovun ödənilməsi üçün təxminən 200 köçürmə həyata keçirilib, bəzi ödənişlər hətta 1 qəpik olub. Toplanan ümumi məbləğ 154 milyon qrivnanı keçib. Ukrayna milli futbol komandasının keçmiş futbolçusu və məşqçisi Sergiy Rebrov təxminən 30 milyon qrivna ödəyib.
AzadlıqRadiosunun Ukrayna xidmətinin "Sxemı" layihəsi təxminən 95 milyon qrivnanın hüquqi şəxslər tərəfindən ödənildiyini öyrənib. Məhkəmə Ekspertizası Elmi-Tədqiqat İnstitutu 30 milyon qrivna, Dneprdən olan "Stroyelektromontaj" şirkəti isə 32 milyon qrivna ödəyib.
Yermak Kiyev yaxınlığında "Dinastiya" elit kottec şəhərciyinin tikintisi zamanı 460 milyon qrivnanın (10.4 milyon dollar) leqallaşdırılması işi üzrə istintaqa cəlb olunub. İş üzrə ondan başqa daha altı şübhəli şəxs, o cümlədən keçmiş baş nazir müavini Oleksiy Çernışev var. İstintaqı müstəqil Milli Antikorrupsiya Bürosu (NABU) aparır. Büro prezident Volodimir Zelenski ilə bağlı araşdırma aparılmadığını vurğulayır. Yermak Zelenskinin "sağ əli" sayılırdı.
2020-ci ildən Ukrayna Prezident Ofisinə rəhbərlik edən Yermak 2025-ci ilin noyabrında "Energoatom" ətrafındakı korrupsiya qalmaqalı fonunda istefa verib.
İstintaq təcridxanasından çıxdıqdan sonra Yermak elektron qolbaq taxmalı, xarici və diplomatik pasportlarını təhvil verməli, iş üzrə digər fiqurantlarla ünsiyyət saxlamamalıdır. Ona Kiyev şəhərinin hüdudlarını tərk etmək qadağan olunub.