Keçid linkləri

2026, 14 May, cümə axşamı, Bakı vaxtı 15:10

3 milyon dollar girov – Kiyev məhkəməsi Yermakın həbsinə qərar verdi

Andriy Yermak məhkəmədə
Andriy Yermak məhkəmədə

Ukrayna məhkəməsi prezident Volodimir Zelenskinin vaxtilə ən nüfuzlu müşavirlərindən olmuş Andriy Yermakın həbsinə qərar verib. Onun üçün 3.2 milyon dollar girov müəyyən edilib. Yermak dəbdəbəli daşınmaz əmlak qalmaqalı ilə bağlı ittiham olunur.

2020-2025-ci illərdə Zelenskinin administrasiya rəhbəri vəzifəsində çalışmış Yermakın girovu ödəyə biləcəyi hələlik məlum deyil. Kiyev məhkəməsi mayın 14-də bu qərarı çıxarıb.

"Sizə dedim ki, məndə bu qədər pul yoxdur", - Yermak məhkəmədə bildirib. O, vəkillərinin qərardan apellyasiya şikayəti verəcəyini əlavə edib.

Yermak Zelenskinin aktyor və komediyaçı olduğu dövrlərdən yaxın tərəfdaşıdır. O, ötən ilin noyabrında istefa verib. Həmin vaxt antikorrupsiya müstəntiqləri onun və ailə üzvlərinin hava hücumundan müdafiə sistemləri üçün ayrılmış vəsaitlərin mənimsənilməsi hesabına dəbdəbəli daşınmaz əmlak aldıqlarını iddia etmişdi.

Müstəntiqlərin məlumatına görə, Zelenskinin özü bu sxemdə iştirak etməyib. Lakin qalmaqal onun imicinə zərbə vurub və Ukraynada kök salmış korrupsiya ilə bağlı uzun illərdir mövcud olan şübhələri daha da gücləndirib. Zelenski isə hakimiyyət dövründə bu problemlə mübarizə apardığını bildirirdi.

Rusiyanın təcavüzkar müharibəsi 2022-ci ilin fevralında başlayıb və artıq beşinci ilini doldurub. Müharibədən yorulan Ukrayna cəmiyyətində Zelenskinin siyasi nüfuzu zəifləyib. O, ölkədə hərbi vəziyyətin qüvvədə olması səbəbindən yeni seçkilərin keçirilməsinə müqavimət göstərir. Bununla belə, siyasi müşahidəçilər seçki keçiriləcəyi təqdirdə Zelenskiyə qarşı çıxmağa hazır ola biləcək bir neçə potensial namizədin adını çəkirlər.

Veronika Fenşuy
Veronika Fenşuy

Astroloqla məsləhətləşmələr

A.Yermakın məhkəmə prosesində daha bir utandırıcı məqam üzə çıxıb. Məlum olub ki, o, mühüm kadr qərarları verməzdən əvvəl astroloqla məsləhətləşib.

AzadlıqRadiosunun Ukrayna xidmətinin "Sxemı" layihəsinin məlumatına görə, sözügedən açıqlama mayın 12-13-də Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşmış Antikorrupsiya Prokurorluğunun (SAPO) iddiaları əsasında keçirilən məhkəmə dinləmələri zamanı səsləndirilib.

Müstəntiqlər hal-hazırda Kiyev yaxınlığındakı dəbdəbəli tikinti layihələri vasitəsilə 460 milyon qrivnanın (10.5 milyon dollar) yuyulması iddiasını araşdırırlar. Yermaka mayın 11-də bu çirkli pulların yuyulması sxemi ilə bağlı şübhəli şəxs bildirişi təqdim olunub.

SAPO prokuroru Valentina Qrebenyukun sözlərinə görə, Yermak mühüm dövlət təyinatları ilə bağlı vaxtaşırı "Veronika Fenşuy" ləqəbi ilə tanınan şəxslə məsləhətləşib.

"Həmin şəxslər sonradan vəzifələrə təyin olunublar", – Qrebenyuk bildirib. Onun dediyinə görə, Zelenskinin keçmiş sağ əli təyinatdan əvvəl namizədlərin doğum tarixlərini həmin məsləhətçiyə göndərirmiş.

Qrebenyuk Veronika Fenşuyun əslində Veronika Anikiyeviç olduğunu açıqlayıb. Anikiyeviçin "Andriy 2025" adlı şəxsə yazdığı gizli mesajlarda keçmiş aparat rəhbərini onu tənqid edən siyasətçilərə və jurnalistlərə qarşı kəskin addımlar atmağa səslədiyi bildirilir.

"Onları dayandırmasan, hakimiyyəti ələ keçirəcəklər. Vəziyyət elədir ki, ya sən qalib gələcəksən, ya da onlar", – Qrebenyukun sözlərinə görə, Anikiyeviç belə yazıb.

Yermak isə məhkəmədə hər hansı falçı və ya "peyğəmbər" ilə əlaqə saxladığını inkar edib. Ondan Anikiyeviçi tanıyıb-tanımadığı soruşulanda isə deyib: "Bir neçə Veronika tanıyıram. Soyadlarını xatırlamıram".

Veronika Anikiyeviç kimdir

"Sxemı" Anikiyeviçin Kiyevdə yaşayan 51 yaşlı bir qadın olduğunu müəyyənləşdirib. Özünü astrologiya üzrə məsləhətçi kimi təqdim edən bu şəxs rəsmi olaraq "fərdi xidmətlər göstərən sahibkar" kimi qeydiyyatdan keçib. Jurnalistlər iş axtarışı saytlarından sızdırılmış məlumatlar bazasında onun CV-sini də aşkar ediblər. Həmin sənədə əsasən, Anikiyeviç "maliyyə analizi, nəzarət və idarəetmə" istiqaməti üzrə təhsilə malikdir

Açıq mənbələr əsasında aparılan araşdırma üzə çıxarıb ki, Anikiyeviçin telefon nömrəsi başqa şəxslərin kontakt siyahısında "Veronika Məsləhətçi A.B." və "Veronika Anikiyeviç/Yermakın falçısı" kimi qeyd edilib. Bu, onun Yermakla əlaqəsini təsdiqləyən daha bir detal kimi təqdim olunur.

Yermaka şübhəli şəxs bildirişinin verilməsinə münasibət bildirən Anikiyeviç NABU və SAPO əməkdaşlarını "alçaqlar" adlandırıb və bunu "Ukraynanın kapitulyasiyasına yönəlmiş xüsusi əməliyyat" kimi qiymətləndirib.

"Sxemı" Anikiyeviçlə əlaqə saxlamağa çalışsa da, jurnalist özünü təqdim edən kimi astroloq dərhal dəstəyi asıb.

XS
SM
MD
LG