Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu (SAP) ölkənin keçmiş energetika naziri Qerman Qaluşşenkonu çirkli pulların yuyulması və cinayətkar təşkilatda iştirak ittihamları üzrə şübhəli şəxs qismində tanıyıb.
İstintaqın bildirdiyinə görə, 2021-ci ilin fevralında Böyük Britaniyanın dənizaşırı ərazisi olan Angilya adasında təxminən 100 milyon dollar investisiya cəlb etməli olan bir fond qeydiyyata alınıb. Fonda Seyşel adaları və Sent-Kits və Nevis vətəndaşı rəhbərlik edib; onun peşəkar şəkildə gəlirlərin yuyulması xidmətləri göstərdiyi bildirilir. Fondun investorları arasında Qaluşşenkonun ailəsinin də olduğu qeyd edilir. Onun keçmiş xanımı və dörd övladı Marşall adalarında yaradılmış, Sent-Kits və Nevisdə qeydiyyatdan keçmiş trasta inteqrasiya edilmiş şirkətlərin benefisiarlarıdır.
İstintaqın versiyasına görə, Qaluşşenko nazir vəzifəsində ikən "Roket" ləqəbli yaxın adamı vasitəsilə cinayətkar təşkilat energetika sektorundakı qanunsuz fəaliyyətdən 112 milyon dollardan çox nağd vəsait əldə edib. Şübhəlinin ailəsinin sərəncam verdiyi fond hesablarına 7 milyon dollardan çox vəsaitin köçürüldüyü bildirilir. Bundan başqa, azı 1 milyon İsveçrə frankı, 2 milyon avrodan artıq məbləğ nağd verilib və İsveçrədə birbaşa keçmiş nazirin ailəsinə köçürülüb.
Antikorrupsiya prokurorluğu bildirir ki, bu vəsaitlərin bir hissəsi uşaqların İsveçrədəki nüfuzlu təhsil müəssisələrində oxumasına xərclənib, eləcə də Qaluşşenkonun keçmiş xanımının hesablarına yerləşdirilib. Qalan məbləğ isə depozitə qoyulub, ailə həmin depozitdən əlavə gəlir əldə edib və onu şəxsi ehtiyaclarına xərcləyib.
15 fevral
Ukraynanın keçmiş energetika naziri ölkədən çıxmaq istərkən saxlanıb
Ukraynanın keçmiş energetika naziri Qerman Qaluşşenko fevralın 15-nə keçən gecə ölkədən çıxmaq istərkən saxlanıb. O, "Energoatom"da korrupsiya qalmaqalı ilə bağlı vəzifədən kənarlaşdırılmışdı.
Ukrayna mediasının mənbələrə istinadla yaydığı xəbəri Milli Antikorrupsiya Bürosu (NABU) təsdiqləyib.
Keçmiş nazirin "Midas" korrupsiya işi çərçivəsində saxlanıldığı rəsmən bildirilsə də, detallar açıqlanmayıb.
"Ukrainska Pravda"nın məlumatına görə, Qaluşşenko qatarın qarşısında saxlanılıb. NABU və Xüsusi Antikorrupsiya Prokurorluğu (SAP) sərhəd xidməti əməkdaşlarına sorğu göndərmişdi ki, Qaluşşenko ölkəni tərk etməyə çalışarsa, onlara informasiya verilsin.
AzadlıqRadiosunun Ukrayna xidmətinin "Sxemı" araşdırma layihəsinin mənbələrinə görə, keçmiş nazirlə bağlı Kiyevdə istintaq hərəkətləri aparılacaq, qətimkan tədbiri seçiləcək.
2025-ci il noyabrın 10-da NABU "Energoatom"da mütəşəkkil təşkilatın fəaliyyətini ifşa edib. İddialara görə, sxem iştirakçıları dövlət şirkətinin təchizatçı və podratçılarından müqavilə məbləğinin 10-15 faizini rüşvət kimi tələb ediblər; artıq göstərilmiş xidmətlər üçün ödənişləri bloklamaqla təchizatçı statusunu ləğv etməklə hədələyiblər. Sxem iştirakçılarının "Energoatom"un enerji obyektlərinin Rusiya zərbələrindən müdafiəsi üçün ayrılmış vəsaitlərinin yuyulmasında da rol oynadığı bildirilir.
NABU "Energoatom" işi üzrə beş nəfəri saxlayıb. Onların arasında indiki və keçmiş vəzifəli şəxslər var. İstintaq sxem təşkilatçısının prezident Volodimir Zelenskinin biznes tərəfdaşı və "95 Kvartal" studiyasının həmtəsisçisi Timur Mindiç olduğunu bildirib. Mindiç artıq ölkəni tərk etmişdi, sonradan jurnalistlər onun İsraildə olduğunu öyrəniblər. Zelenski onun barəsində sanksiyalar tətbiq edib.
Bu iş çərçivəsində Ukraynanın keçmiş baş nazir müavini Oleksiy Çernişov iki aylıq həbsə alınıb, keçmiş müdafiə naziri Rustem Umerov dindirilib, prezident administrasiyasının keçmiş rəhbəri Andriy Yermakın ofisində axtarış aparılıb. Bir müddət sonra Yermak istefa verib.