Yerin çökməsi və gəncin ölümü ilə bağlı məhkəmə bitdi: 3 il cəza

Cümşüd Cümşüdlü

İl yarım öncə Bakının Nərimanov rayonunda — "Baksol yolu" adlanan ərazidə yerin çökməsi nəticəsində ölümlə bağlı məhkəmə araşdırmaları yekunlaşıb. O vaxt 28 yaşlı Cümşüd Cümşüdlü kanalizasiya kanalına düşərək həyatını itirmişdi. Bu hadisəyə görə Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov 3 il azadlıqdan məhrum edilib. Noyabrın 19-da Nərimanov rayon Məhkəməsində ona hökm oxunub.

Hakim Gültəkin Əsədovanın sədrliyi ilə çıxarılan hökmə əsasən, A.Cümşüdov Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq — ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib.

Cinayət işinin materiallarında göstərilib ki, olayın yaşandığı kanal Bakı Su Kanal İdarəsinin balansındadır və bu qurum tərəfindən istismar olunur. Oradakı təmir işləri zamanı ərazi lentlə əhatələnməli, xəbərdarlıq nişanları qoyulmalı idi.

56 yaşlı A.Cümşüdov bu cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qanuna görə, ehtiyatsızlıqdan törədilən cinayətlərə görə 5 ilədək azadlıqdan məhrumetmə təyin olunduqda, məhkum cəzasını məntəqə tipli müəssisədə çəkir.

A.Cümşüdov isə özünü qətiyyən təqsirli saymır. O, məhkəmədəki ifadəsində bu hadisəyə heç bir aidiyyəti olmadığını deyib. Onun sözlərinə görə, hadisə vaxtı artıq orada işləmirdi və bunu təsdiqləyən rəsmi əmr də var.

Prokuror onun 5 il azadlıqdan məhrum edilməsini istəmişdi.

2025-ci il iyunun 26-da Ələsgər Qayıbov küçəsi, 20/90 ünvanının qarşısında C.Cümşüdlü dayandığı vaxt qəfildən yer çöküb və o, kanalizasiya sularının axdığı kanala düşüb. Onun meyiti iki gün sonra Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarından tapılıb.