Keçid linkləri

2026, 04 Fevral, çərşənbə, Bakı vaxtı 04:34

Kanalizasiyaya düşüb ölən gəncin anası şikayətçi olmaması üçün hədələndiyini deyir

Cümşüd Cümşüdlü
Cümşüd Cümşüdlü

Bakının Nərimanov rayonu, "Baksol yolu" adlanan ərazidə dayandığı yerin çökməsi nəticəsində kanalizasiya kanalına düşərək həyatını itirən Cümşüd Cümşüdlünün anası deyir ki, şikayətçi olmaması üçün təhdid edilir. Fəridə Abbasova bunu fevralın 3-də oğlunun ölümüylə bağlı məhkəmə iclasında deyib.

Bu ölüm olayına görə səhlənkarlıqda suçlanaraq cinayət məsuliyyətinə cəlb olunmuş Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun işinə Nərimanov rayon Məhkəməsində baxılır. Mərhum C.Cümşüdlünün anası bu məhkəmə prosesində zərərçəkmişin hüquqi varisi qismində tanınıb.

F.Abbasova deyir ki, qaynı Vidadi Abbasov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində (ADSEA) rəhbər vəzifədə çalışır. Mediaya açıqlama verilib, məsələ ictimailəşdiriləndən sonra təhqirlərə məruz qaldığını deyən zərərçəkmiş hətta qaynı oğlunun onu hədələdiyini, şikayətini geri götürməyi tələb etdiyini söyləyib.

Həyat yoldaşının dörd il öncə vəfat etdiyini söyləyən F.Abbasova olaya görə məsuliyyət daşıyan qurumun nümayəndələrinin ona başsağlığı da vermədiklərini, ancaq qaynının yanına getdiklərini sözlərinə əlavə edib: "Oğlumun dəfnindən sonra iş yoldaşları qaynımın bağına gəlib, orada yeyib-içib, guya oğlumun üç mərasimini keçirirlər. Mən iştirak etmədim. Mənə dedilər ki, "boş yerə əziyyət çəkirsən, gəl, şikayət etmə, sənə kömək edək, yoxsa onsuz da yazığın birini tutacaqlar". Onların qaynımla əlbir olduqlarını düşünürəm".

F.Abbasova şikayətçi olduğunu vurğulayıb.

Bu iddialara V.Abbasov və oğlunun münasibəti bəlli deyil.

"Çöküntü olan ərazi isə olduğu kimi qaldı"

Fevralın 3-də məhkəmədə təqsirləndirilən A.Cümşüdov da sualları cavablandırıb. Onun dediyinə görə, olayın yaşandığı ərazidə çökmə təxminən bir ay öncə - mayın 14-də olubmuş və həmin vaxt hadisə yerindən təxminən bir kilometr kənarda bərpa işləri görürmüş: "Bizə çökmə haqda məlumat verildi, o əraziyə yollandıq. Ərazini lentlədik, qadağanedici xəbərdarlıq nişanları qoyduq. Amma orada iş görülməsi barədə rəhbərlik bizə göstəriş verməyib. İyunun 4-də bir kilometr kənardakı işlərimizi yekunlaşdırdıq. Bizə dedilər ki, orada görməli olduğunuz iş yoxdur. Biz də getdik. Çöküntü olan ərazi isə olduğu kimi qaldı. Ora ilə bağlı bizə heç bir əmr gəlməyib, material verilməyib. Biz orada necə iş görə bilərdik?".

A.Cümşüdov əlavə edib ki, ətrafdakı obyektləri işlədən sahibkarlar çökmə olan əraziyə quraşdırılmış məhəccər və xəbərdarlıq işarələrini söküblər. Çökmə olan yerə böyük faner taxtalar qoyublarmış: "Onun da üstünə təmir materialları yığıblar. Bu ağırlığa davam gətirməyib, yol çöküb".

Təqsirləndirilən şəxs yaşananlara görə ərazidəki sahibkarları günahlandırıb. O vurğulayıb ki, bu olayda zərrə qədər günahı olsaydı, istənilən cəzanı çəkməyə hazır idi.

Bu hadisə ilə bağlı məhkəmə araşdırmaları fevralın 17-də davam edəcək.

Xatırlatma

Ötən il iyunun 26-da Ələsgər Qayıbov küçəsi, 20/90 ünvanının qarşısında C.Cümşüdlü dayandığı vaxt qəfildən yer çöküb və çirkab sularının axdığı kanala düşüb. Onun meyiti iki gün sonra Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularını arıtma anbarından tapılıb.

Cinayət işinin materiallarında göstərilib ki, olayın yaşandığı kanal Bakı Su Kanal İdarəsinin balansındadır və bu qurum tərəfindən istismar olunur.

Təqsirləndirilən A.Cümşüdova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsiylə ittiham verilib.

A.Cümşüdov özünü təqsirli bilmir, hadisəyə heç bir aidiyyəti olmadığını söyləyir. O hadisə baş verəndə artıq həmin ərazidə çalışmadığını, başqa əraziyə göndərildiyini və bunu təsdiqləyən əmrin də olduğunu bildirir.

XS
SM
MD
LG