Xamenei İranda hərbi komandanlıq strukturunu yenidən qurur

Tehranda Müctəba Xamenei və onu müşayiət edən hərbi komandanların əks olunduğu bilbord.

İranın ali rəhbəri Müctəba Xamenei 48 saat ərzində hərbi və təhlükəsizlik sahəsində altı yüksək vəzifəyə təyinatı rəsmiləşdirib. Bu, beş aylıq müvəqqəti idarəetmə dövrünün başa çatması kimi qiymətləndirilir.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Baqiri 2025-ci ilin iyununda 12 günlük müharibənin ilk günlərində öldürülüb. Onun yerinə Əbdürrəhim Musəvi təyin olunsa da, bu vəzifədə bircə yay qala bilib. Fevralın 28-də ali rəhbər Əli Xameneinin öldürüldüyü zərbədə o da həlak olub. Sonrakı beş ay ərzində İran Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi olmayıb. Koordinasiya funksiyasını "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahı icra edib, onda bu qurumun rəhbəri Əli Abdullahi idi.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlığının taleyi də oxşar olub: SEPAH komandanı Hüseyn Salami 12 günlük müharibədə öldürülüb. Onun varisi Məhəmməd Pakpur ilin əvvəlində 40 günlük müharibə zamanı Musəvi ilə birlikdə həlak olub. O vaxtdan Əhməd Vahidi SEPAH-a müvəqqəti rəhbərlik edib. Xamenei avqustun 10-da verdiyi fərmanla onun təyinatını rəsmiləşdirib və Vahidi general-mayor rütbəsinə yüksəldilib.

Əhməd Vahidi

İnteqrasiya

AzadlıqRadiosunun jurnalisti Kian Şərifi yazır ki, yeni fərmanlar sadəcə yeni şəxsləri vəzifələrə gətirmir, həm də müharibə şəraitində yaradılmış müvəqqəti sistemə son qoyur.

Fərmanda o da vurğulanır ki, Silahlı Qüvvələrin Baş Qərargahı ilə "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının inteqrasiyası tamamlanmalıdır. Yeni ali rəhbər bu birləşməni atasının başladığı strategiyanın davamı kimi təqdim edir.

"Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahına yeni komandanın təyin edilməməsi bu postun başqa struktura birləşdirilə biləcəyini göstərir. Yəni, söhbət strukturun mərkəzləşdirilməsindən gedə bilər.

"Xatəm əl-Ənbiya" Baş Qərargaha birləşdirilsə, bu, İranın müharibə dövründəki koordinasiya mexanizminin vahid komandanlıq altında mərkəzləşdirilməsi demək olacaq. Bununla da, Əli Xameneinin dövründəki qismən paralel struktur aradan qalxacaq.

Taibin qayıdışı

Medianın diqqətindən kənarda qalan təyinatlardan biri isə Hüseyn Taibin "Bəsic" yarımhərbi qüvvələrinin komandanı təyin edilməsidir. Baxmayaraq ki, bu təyinatın ölkə üçün çəkisi daha böyükdür.

Hüseyn Taib

Taib Abdullahi və ya Vahidi kimi müharibə vaxtı boşluğu dolduran şəxs deyil. Bu, bir qayıdışdır. Taib karyerasına Kəşfiyyat Nazirliyində başlayıb, sonradan oradan uzaqlaşdırılıb. Sonradan SEPAH daxilində paralel kəşfiyyat strukturu - SEPAH Kəşfiyyat Təşkilatını qurub, 2022-ci ilin ortalarında vəzifədən çıxarılanadək ona rəhbərlik edib.

Taiblə bağlı fərmanda "xalq kəşfiyyat şəbəkəsi"nin gücləndirilməsi və "hər bir iranlı bir "Bəsic" üzvüdür" şüarının həyata keçirilməsinə çağırış var.

Digər beş təyinat hərbi rəhbərliklə bağlıdır. Bu təyinat isə yeni ali rəhbərin əhaliyə nəzarət və daxili təhdidlərin idarə olunmasında kimə etibar etdiyini göstərir.

Parisdə yaşayan təhlilçi Rza Əlicani AzadlıqRadiosunun "Radio Fərda" xidmətinə deyib ki, təyinatlar daha çox Xameneinin öz hakimiyyətini "işə salması və nümayiş etdirməsi" məqsədi daşıyır, nəinki real istiqamət dəyişikliyini. Belə ki, vəzifələrə təyin olunanların çoxu İslam Respublikasının icra strukturlarında çalışıblar. Bu isə xarici siyasətdə eyni hərbi yanaşmanın, ölkə daxilində eyni təhlükəsizlik məntiqinin təkrarlandığını göstərir.

Əlicani Taib və Möhsün Rzayinin təyinatlarını siyasi və təhlükəsizlik baxımından "iflasa uğramış" simaların yenidən ön plana çıxarılması kimi qiymətləndirib. O, daxili təhlükəsizlik baxımından çox şeyin dəyişmədiyini deyir: Taibin rəhbəri olmadığı dövrdə eyni qurum yanvar etirazları vaxtı minlərlə insanı öldürüb.

Təhlilçinin fikrincə, bu kadr dəyişiklikləri nə daxili, nə də xarici siyasət baxımından ciddi siyasi məna daşıyır. Onun proqnozuna görə, sonucda sistemin mənafeyi müəyyən dərəcədə ideologiyanı üstələyəcək, bunun bədəlini isə adi iranlılar öz cibləri və həyatları ilə ödəyəcəklər.