İranın ali rəhbəri Müctəba Xamenei Məhəmməd Baqir Zülqədrini Ali Milli Təhlükəsizlik Şurasındakı təmsilçisi vəzifəsindən azad edib. Veteran komandir Möhsün Rzayi şuranın yeni katibi təyin olunub.
Bundan əvvəl İran mediasında yayılan xəbərlərə görə, Zülqədr istefa ərizəsi təqdim edib, amma kağız üzərində şuraya rəhbərlik edən prezident Məsud Pezeşkian onun istefasını qəbul etməyib.
Əslində bu qurumun katibinin təsiri prezidentdən daha çoxdur. Amma şuranın bütün qərarları yalnız ali rəhbərin təsdiqindən sonra qüvvəyə minir.
Zülqədr avqustun 9-da İranın təhlükəsizlik rəhbəri kimi son bəyanatında Hörmüz boğazının yenidən açılması üçün ABŞ qarşısında sərt tələblər irəli sürüb. Vaşinqtonun İranı bir daha heç vaxt təhdid etməməsini, müharibənin Tehrana vurduğu ziyanı “tam ödəməsi”ni, İranın dondurulmuş aktivlərini “heç bir şərt olmadan” azad etməsini tələb edib..
Rzayi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) veteran komandiridir. Onun bu posta təyinatı İranın bundan sonra gedəcəyi yolla bağlı suallar doğurub.
Daha bir sual: İllərdir cəmiyyət onun vədlərinə, proqnozlarına lağ edirdi. İndi Rzayini ölkənin ən mühüm təhlükəsizlik qurumunun rəhbəri kimi ciddi qəbul edəcəkmi?
Satiradan hakimiyyətə
Rzayi 1980-ci illər İran-İraq müharibəsinin, SEPAH-ın ilk illərinin ən ciddi qorunan sirlərindən bəzilərini bilən komandirlərdəndir. O, uzun illər İran siyasi satirasının sevimli hədəflərindən biri olub. 71 yaşında Rzayi İslam Respublikasının təhlükəsizlik qərarlarının qəbul edildiyi mərkəzə qayıdır.
O, 1997-ci ildə hərbi formasını siyasətlə əvəzləyib, dörd dəfə prezidentliyə namizədliyini irəli sürüb. 2005-ci ildə seçkidən əvvəl namizədliyini geri götürüb, 2009, 2013 və 2021-ci illərdə məğlub olub. O, heç vaxt 3,9 milyondan çox səs toplaya bilməyib.
Ən iddialı vədlərindən biri rialı dollar və avrodan sonra regionun ən güclü valyutasına çevirmək idi. Ancaq insanların yaddaşında heç də iqtisadi kəlamları ilə qalmayıb.
2015-ci ildə deyib ki, ABŞ nə vaxtsa İrana hücum etsə, Tehran ilk həftədə azı min amerikalını əsir götürə və onların buraxılmasından ötrü adambaşına bir neçə milyard dollar tələb edə bilər: “Beləliklə, iqtisadi problemlərimizi də həll edərik”. Bu fikir illərlə zarafat mövzusuna çevrilmişdi.
Rzayi 2026-cı ilin iyulunda daha sərt danışıb. O, “paralel müharibə və danışıqlar” dövrünün başa çatdığını elan etmişdi. Onun sözlərinə görə, Vaşinqton hücumlarını davam etdirsə, İran “genişmiqyaslı hücuma və məhvetmə” mərhələsinə keçəcək.
Fərqli baxışlar
Rzayinin yeni təyinatına baxışlar fərqlidir.
Təhlükəsizlik Şurasının qətlə yetirilmiş keçmiş katibi Əli Şəmxaniyə yaxın “Nour News” bu təyinatı fraksiyalararası mübarizə deyil, institusional dəyişiklik kimi təqdim edib. Nəşr qeyd edib ki, əsas məsələ konkret şəxslər deyil, şuranın katibliyinə veriləcək səlahiyyətlərdir.
Mühafizəkar şərhçi Əli Qolhəki isə daha konkret mövqe ortaya qoyub. O, şura tarixində katibin ən sürətli dəyişdirilməsinin baş verdiyini bildirib. Yazdığına görə, Zülqədrin vəzifədən uzaqlaşdırılmasına bir aydan çoxdur başlanıb, proses keçmiş ali rəhbər ayətullah Əli Xameneinin dəfni zamanı Hörmüzdən keçən gəmilərə hücumlarla kulminasiya nöqtəsinə çatıb.
Sərt xətt tərəfdarı “Raja News” isə iddia edib ki, Zülqədrin ali rəhbərin şuradakı nümayəndəsi vəzifəsindən qəfil uzaqlaşdırılmasına atəşkəs və danışıqlar prosesi ilə paralel baxılmalıdır. Yəni, iddiaya görə, bu addım yeni ali rəhbərin İslamabad Anlaşma Memorandumunu əslində dəstəkləmədiyini təsdiqləyir.
İslahatçı siyasi təhlilçi Əhməd Zeydəbadi isə daha ehtiyatlı mövqe sərgiləyib. Onun fikrincə, həm Zülqədrin, həm də Rezayinin keçmiş fəaliyyəti və son bəyanatları nəzərə alındıqda, İranın “dolaşıq və çaşdırıcı hakimiyyət münasibətləri şəbəkəsi”ndən kənarda bu dəyişikliyin mənasını anlamaq “həqiqətən çox çətindir”.
AzadlıqRadiosunun jurnalistləri Kian Şərifi və Vahid Purustad yazırlar ki, bu fikir nəinki kənar müşahidəçilərin, hətta iranlıların özlərinin belə qərarın səbəblərindən agah olmadığını göstərir.