'Hürriyyət'in baş redaktoru: 'Məni Ramiz Mehdiyevə görə həbs ediblər, özü çöldə gəzir...'

Sizin brauzer HTML5-i dəstəkləmir

'Hürriyyət TV'nin rəhbəri niyə saxlanılıb?

"Hürriyyət" qəzetinin və HurriyyetTV internet kanalının həbsdə olan baş redaktoru Vüqar Məmmədov (Tofiqoğlu) deyir ki, onu Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə əlaqələndirməyə çalışıblar. Amma sübut tapmayanda başqa ittihamla həbs ediblər. V.Məmmədov bu sözləri mayın 4-də öz məhkəməsində çıxış edərkən dilə gətirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində "Hürriyyət" baş redaktorunun işi üzrə məhkəmə prosesi başlanıb. Bu işə Elmin Rüstəmovun sədrlik etdiyi hakimlər kollegiyası baxır. V.Məmmədova Cinayət Məcəlləsinin 182.2.2-ci və 182.2.4-cü (hədə-qorxu ilə tələbetmə - təkrar və xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələriylə ittiham verilib.

Məhkəmənin mayın 4-də keçirilən hazırlıq iclasında V.Məmmədovun vəkili Aqil Layıc müvəkkili haqqında cinayət işinə xitam verilməsini və ya heç olmasa, hökm çıxarılanadək onun ev dustaqlığına buraxılmasını istəyib.

Müdafiəçi bildirib ki, hansısa hüquqi şəxslərin müraciəti əsasında fiziki şəxsə hədə-qorxu ilə tələbetmə ittihamıyla cinayət işi başlanması aşkar qanunsuzluqdur. Hədə-qorxu ilə tələbetmə cinayətlərində hansısa şirkət zərərçəkmiş ola bilməz.

Hüquqlarını qoruduğu şəxsin ev dustaqlığına buraxılmasına gəlincə, A.Layıc V.Məmmədovun cəmiyyətdə tanınan şəxs kimi məhkəmədən yayınmaq niyyətinin olmadığını vurğulayıb.

Bu cinayət işi üzrə "Veysəloğlu", "Azərlotereya" və "Azərsun" şirkətləri zərərçəkmiş qismində tanınıb. V.Məmmədovun hədə-qorxu ilə bu şirkətlərdən pul istədiyi iddia olunur. Onun özü məhkəməyə hazırlıq iclasında deyib ki, ittihamda yazılanlar yalandır. Sifarişlə həbs olunduğuna diqqət çəkən baş redaktorun dediyinə görə, onu Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə bağlı cinayət işiylə əlaqələndirməyə çalışıblar: "Hamı bilir ki, mən Ramiz Mehdiyev işinə görə həbs olunmuşdum. Sonradan gördülər ki, mənim ona heç bir aidiyyətim yoxdur, başqa bir maddə ilə saxta ittiham verdilər. Ramiz Mehdiyevin özü çöldədir, məni onunla əlaqələndirib tutublar".

V.Məmmədov əlavə edib ki, bir neçə il öncə cinayət işində adları keçən şirkətlərlə işgüzar əlaqələri olub. Onun sözlərinə görə, əgər şirkətlərin narazılığı olsaydı, həmin vaxt şikayət edərdilər.

Hakimlər V.Məmmədov haqqında cinayət işinə xitam verilməsi, yaxud da onun ev dustaqlığına buraxılması haqda vəsatətlərin heç birini təmin etməyiblər.

Məhkəməyə üç şirkətdən ikisinin – "Veysəloğlu" və "Azərsun"un nümayəndələri qatılıb.

V.Məmmədov atı aydan çoxdur ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır. Məhkəmənin hazırlıq iclasında qərar verilib ki, o, Penitensiar Xidmətin Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına köçürülsün.

"Hürriyyət" baş redaktorunun işi üzrə məhkəmə baxışı mayın 18-nə təyin olunub.

Xatırlatma

Ötən il oktyabrın 29-da DTX əməkdaşları "Hürriyyət"in redaksiyasında axtarış apararaq baş redaktor Vüqar Məmmədovu və başqa əməkdaşları saxlayıblar. Digər əməkdaşlar sonradan buraxılsa da, V.Məmmədov haqqında həbs-qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinə əsaslanan ittiham irəli sürülüb.

V.Məmmədovun suçlandığı maddələrdə 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulub.

Baş redaktor özünü təqsirli bilmir, jurnalist fəaliyyətinə görə cəzalandırıldığını düşünür.

O, 2023-cü ilin iyununda HurriyyetTV-nin efirində yasaqlanmış məlumatın yayılmasında günahlandırılaraq 1 ay həbsdə qalmışdı.