Bakıda həbsxanalarda saxlanan erməni məhbusların məsələsi ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Yerevana səfəri zamanı müzakirə olunub. Bunu baş nazir Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib.
"Biz bu məsələdə maksimum səssiz işləyirik. Xahiş edirəm, məndən çox detal gözləməyin. Amma deyirəm ki, bu məsələni müzakirə etmişik. Elə bir danışıq yoxdur ki, orada bu mövzuya toxunmayaq", – Paşinyan bildirib.
C.D.Vens Yerevandan Bakıya yola düşməzdən öncə də jurnalistlərə deyib ki, Azərbaycandakı erməni məhbusların məsələsi qaldırılacaq.
Amma vitse-prezidentin fevralın 10-da Bakıdakı görüşlərində bu məsələni müzakirə edib-etmədiyi bəlli deyil. O, prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatdan sonra jurnalistlərin suallarını cavablandırmayıb.
Yanvarın 14-də Bakıda saxlanılan dörd məhbus Ermənistana qaytarılıb. Ermənistan Azərbaycanda daha 19 erməni məhbusun saxlanıldığını deyir. Qarabağdakı keçmiş separatçı qurumun təmsilçiləri və onlarla mühakimə edilənlərdən ibarət 16 nəfər də bu siyahıya aid edilir. Terrorçuluq, soyqırımı, işgəncə və digər maddələrlə təqsirli bilinən həmin şəxslərdən beşinə ömürlük, 10-na 20 ildən 15 ilədək həbs cəzası kəsilib. Onlar ittihamları qəbul etməyib bəraət istəmişdilər.
Məhkəmə hökmlərindən sonra erməni məhbusların Ermənistana qaytarılmasının mümkünlüyünə gəlincə, Paşinyan deyib ki, bu hökmlər onu ağrıdıb. Baş nazir əlavə edib ki, münaqişəni bircə rıçaqla dayandırmaq mümkün deyil. Onun sözlərinə görə, bu problem dinc yolla həll oluna bilər.
Paşinyan müsahibəsində onu da deyib ki, Rusiyanın maraqlarına zərbə vurmaq Ermənistanın planlarına daxil deyil və olmayacaq.
"Heç kəs bizi Rusiyaya qarşı hərəkətlərə çəkə bilməz", – deyən Paşinyan Rusiya prezidenti və baş naziri ilə isti münasibətləri olduğunu əlavə edib. Bu haqda AzadlıqRadiosunun erməni xidməti yazır.
Rusiya baş nazirinin müavini Aleksey Overçuk bugünlərdə deyib ki, Avropa İttifaqına (Aİ) üzv olmaq qərarı erməni xalqının seçimidir. Amma Yerevan Aİ-nin xaraktercə dəyişməsini nəzərə almalıdır, bu blok getdikcə iqtisadi birlikdə hərbi-siyasi quruma çevrilir.