Avropa İttifaqına (Aİ) mümkün üzvlük qərarı erməni xalqının seçimidir. Amma Yerevan Aİ-nin dəyişən xarakterini, iqtisadi blokdan hərbi-siyasi bloka çevrildiyini nəzərə almalıdır. Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
"Ermənilər hazırda Rusiya Federasiyasına qarşı çox aqressiv mövqedə olan hərbi-siyasi bloka qoşulmağa hazırdırlarmı? Ermənilər bu sualı da özlərinə verməli olacaqlar", – Overçuk deyib.
O, Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların, belə imkan yaranarsa, uzun illər çəkəcəyini, Yerevanın Aİ ilə Avrasiya İqtisadi Birliyi arasında seçim etməli olacağını vurğulayıb.
A.Overçuk ötən il bir neçə dəfə Ermənistana Aİ-yə qoşulmaq cəhdləri ilə bağlı xəbərdarlıq edib. O, iki inteqrasiya birliyinə eyni vaxtda üzvlüyün bir-birinə uyğun gəlmədiyini deyib.
Baş nazir Nikol Paşinyan isə Ermənistanın Aİ üzvlüyünə yönəlik səyləri gücləndirmək niyyətini açıq bəyan edib.
18 dekabr
Overçuk yenə Yerevanda olub, bir həftə öncə xəbərdar etmişdi
Dekabrın 17-də Rusiya baş nazirinin müavini Aleksey Overçuk Yerevana səfər edib. O, Rusiya-Ermənistan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının növbəti iclasına qatılıb. AzadlıqRadiosunun erməni xidməti bu səfərdən bir həftə öncə Overçukun Ermənistana Avropa İttifaqına (Aİ) qoşulmaq cəhdləri ilə bağlı xəbərdarlıq etdiyini yada salır.
Ermənistan hökumətinin məlumatına görə, Overçuk və erməni həmkarı Mher Qriqoryanın həmsədrlik etdiyi komissiya iki ölkə arasında ticarət, iqtisadi, mədəni və humanitar münasibətləri nəzərdən keçirib, ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın inkişafı üçün növbəti addımları müəyyənləşdirib. Bəyanatda əlavə detallar verilməyib.
Rusiya tərəfi də görüşlə bağlı eyni məzmunlu açıqlama yayıb.
Overçuk dekabrın 11-də jurnalistlərə demişdi ki, Rusiya-Ermənistan ticarət dövriyyəsi bu il təxminən iki dəfə azalaraq 6 milyard dollara düşə bilər. Onun sözlərinə görə, Moskva - Yerevan gərginliyi fonunda Rusiya şirkətləri Ermənistanla işləməyə ehtiyatlı yanaşırlar.
Təhlilçilərin fikrincə, ikitərəfli ticarətdə kəskin azalmanın əsas səbəbi Ermənistanın Rusiyadan qızıl və almazın dünya bazarlarına ixracı üçün tranzit rolunu dayandırması ilə bağlıdır. Amma Rusiya hələ də Ermənistanın ən vacib ticarət tərəfdaşı olaraq qalır. Bu ilin birinci yarısında ölkənin xarici ticarət dövriyyəsinin 35 faizdən çoxu Rusiyanın payına düşüb, Aİ-nin payı isə 12 faiz olub. Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvüdür ki, bu da ona Rusiya bazarına gömrüksüz çıxış imkanı verir.
"Fikrimizcə, iki inteqrasiya birliyinə eyni vaxtda üzvlük bir-birinə uyğun gəlmir. Müəyyən bir mərhələdə Ermənistan xalqı seçim etməli olacaq", – Overçuk deyib.
Rusiya baş nazirinin müavini oxşar xəbərdarlığı Yerevana avqust səfərindən sonra da səsləndirib. Amma baş nazir Nikol Paşinyan sentyabrda Ermənistanın Avropa İttifaqına üzvlüyünə yönəlik səyləri gücləndirmək niyyətini açıq bəyan edib.