Vəkil: 'Məni faktiki olaraq iradəm əleyhinə girov saxladılar'

Nazim Musayev

Vəkil Nazim Musayev 16 saylı Cəzaçəkmə Müəssisəsində təzyiqlə üzləşdiyini, müəssisə əməkdaşlarının onu zorla bir otaqda saxladığını, sənədlərinin əlindən alındığını deyir. Onun sözlərinə görə, bütün bunlar iyulun 28-də hüquqlarını müdafiə etdiyi Elmir Sadıqov ilə görüşdən sonra yaşanıb.

Vəkil müvəkkilinin son bir ay ərzində davamlı cərimə kamerasında (kars) saxlanması ilə bağlı məlumatları araşdırmaqdan ötrü cəzaçəkmə müəssisəsinə gedib. E.Sadıqov iyunun 20-də ora köçürülüb. Ötən müddətdə onun iki dəfə cərimə kamerasına salındığı bildirilir.

"İki nəfər məni saxladı, çantamı aldı"

N.Musayev AzadlıqRadiosuna deyib ki, bir saata yaxın görüş zamanı müvəkkili ona başına gələnləri danışıb, qeydlər götürüb: "Elmir Sadıqov ona qarşı qanunsuzluqlardan danışdı. Dediklərini qeyd edirdim ki, araşdırım. Görüşdən sonra vəkil otağından çıxanda qapının arxasındakı iki nəfər məni saxladı, çantamı aldı. İçindəki sənədləri götürdü. Halbuki, mən müəssisəyə daxil olanda özüm də, çantam da yoxlanmışdım. Etiraz etdim, vəkilin konfidensial sənədlərinin yoxlanmasının qanunsuz olduğunu dedim, əhəmiyyət verilmədi".

Müdafiəçinin dediyinə görə, onu məcburi şəkildə otaqda saxlayıb, qapını da bağlayıblar, çantadakı sənədləri bir-bir yoxlamağa başlayıblar. E.Sadıqovun danışdıqları əsasında yazdığı qeydlərdən ibarət vərəqləri götürüb cəzaçəkmə müəssisəsinin rəisinə aparıblar.

Vəkil deyir ki, onu otaqdan buraxan kimi özü də rəis İlham Baxşəliyevin kabinetinə gedib. Elə həmin vaxt görüb ki, qeydlərindən ibarət vərəqləri polkovnik Baxşəliyevə gətirdilər: "Baxşəliyev həmin vərəqləri elə mənim yanımda cırıb atdı. Ardınca da əməkdaşa dedi ki, "müəllimi yola salın, getsin". Beləliklə, faktiki məni iradəm əleyhinə girov saxladılar".

N.Musayev başına gələnlərlə bağlı ədliyyə naziri Fərid Əhmədov, Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidova şikayət edib. Müdafiəçinin istəyi budur ki, polkovnik Baxşəliyev və tabeliyindəki əməkdaşların hərəkətlərinə hüquqi qiymət verilsin.

Elmir Sadıqov

"Müddət bitən kimi yenidən cəza verilib"

E.Sadıqov Almaniyada yaşayan bloqer Tural Sadıqlının əmisidir. Bloqerin atası Əlövsət Sadıqlı deyir ki, qardaşına saxta ittihamla 2 il 6 ay həbs cəzası kəsilib. Amma həbsdə də onu rahat buraxmırlar. Onun sözlərinə görə, hökmdə E.Sadıqovun ümumi rejimdə saxlanması nəzərdə tutulsa da, buna imkan vermirlər.

E.Sadıqov haqqında Cinayət Məcəlləsinin 228.1 (qanunsuz silah saxlama) maddəsi ilə çıxarılmış hökm qüvvəyə minəndən sonra o, 14 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Qardaşı bildirib ki, müəssisəyə gələn kimi onu birbaşa karsa salıblar. Ardınca daha iki dəfə kars cəzası verilib və "daxili intizam qaydalarını pozması" əsası ilə həbsxana rejiminə köçürülməsi üçün müəssisə rəhbərliyi məhkəməyə təqdimat göndərib. Məhkəmə də E.Sadıqovun beş aylıq həbsxana rejiminə köçürülməsinə qərar verib.

Ə.Sadıqlı deyir ki, qardaşının beş aylıq həbsxana cəzası bir ay öncə bitib və o, 16 saylı Cəzaçəkmə Müəssisəsinə gətirilib: "Təəssüf ki, "daxili rejim qaydalarının pozulması" ilə bağlı qondarma ittihamlar əsasında karser cəzaları eynilə burada da təkrar olunmaqdadır. Qardaşım burada 14 günlük karantin müddətini karserdə keçirib. Bu müddət bitən kimi ona yenidən cəza verilib və o, təkrarən karserə salınıb".

Qardaşı hesab edir ki, E.Sadıqovun yenidən həbsxana rejiminə köçürülməsinə zəmin hazırlanır. Ə.Sadıqlı istisna etmir ki, yaşananlar oğlu T.Sadıqlıya məxsus "Azad söz" internet kanalında Penitensiar Xidmət rəhbərliyinin ünvanına səslənən tənqidlərlə bağlıdır.

Ə.Sadıqlı və vəkil N.Musayevin dedikləri ilə bağlı Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb. Lakin qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən AzadlıqRadiosuna bundan öncəki açıqlamalarda bildirilib ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərin qanunla nəzərdə tutulan bütün hüquqları təmin olunur.

AİHM-in qərarları

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanda penitensiar müəssisələrdə (istintaq təcridxanası, cəzaçəkmə müəssisələri, həbsxana) vəkillərin axtarışa məruz qalması, sənədlərinin müsadirəsi ilə bağlı bir neçə qərar çıxarıb. Vəkillər Elçin Sadıqovun Bakı İstintaq Təcridxanasında, Fariz Namazlının isə Qobustan həbsxanasında axtarışa məruz qalması, sənədlərinin alınması vəkillik hüquqlarının pozulması kimi qiymətləndirilib, bu pozuntuya görə onlara kompensasiya ödənilməsinə qərar verilib. Penitensiar müəssisələr vəkillərin üzərində axtarış aparılmasını daxili qaydalar və təhlükəsizlik ilə əlaqələndiriblər.

Avropa Məhkəməsi isə qərarında yazır ki, bu cür müdaxilə qanunsuzluğun qarşısını almaq kimi qanuni məqsəd daşısa belə, demokratik cəmiyyətdə zəruri hesab edilə bilməz. Vəkilin üzərindəki sənədlərin müsadirəsi vəkil-müvəkkil münasibətlərinin məxfiliyi hüququnun pozulmasıdır və bu ünsiyyət gücləndirilmiş hüquqi qoruma altındadır.