Keçid linkləri

2026, 03 İyul, cümə, Bakı vaxtı 13:51

Namizəd Səfərov: 'İradə olsa, saxtakarlıq üzə çıxar'

Namizəd Səfərov
Namizəd Səfərov

Vəkillər Kollegiyasının keçmiş üzvü, həbsdə olan hüquqşünas Namizəd Səfərov deyir ki, pul alıb aldatdığı iddia edilən qadınla nə telefonla danışıb, nə də görüşüb. O, zərərçəkmiş qismində tanınan Günel Əfəndiyevanı heç tanımadığını söyləyir. Təqsirləndirilən hüquqşünas iyulun 2-dəki məhkəməsində bu barədə danışıb.

Dələduzluq ittihamı ilə 7 aydır həbsdə olan N.Səfərovun 72 yaşı var. O, xəstəxanada işə düzəltmək adıyla 53 min manat alıb G.Əfəndiyevanı aldatmaqda təqsirləndirilir. İyulun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu ittihamı elan edərkən N.Səfərov özünü təqsirli bilmədiyini deyib və cinayət işinin materiallarında yazılanların heç bir əsası olmadığını vurğulayıb. Üstəlik, məhkəmədə bir sıra vəsatətlər də qaldıraraq deyib ki, həmin məsələlər araşdırılsa, təqsirsizliyi də sübutlarla ortaya çıxar: "Əgər istək, iradə olsa, bu ittihamın saxta olduğunu üzə çıxarmaq çətin deyil".

N.Səfərovun qaldırdığı vəsatətlər arasında saxlanıldığına şahid olanların dindirilməsi, ərazidəki videokamera görüntülərinə baxılması, ötən ilin martından dekabrınadək zərərçəkmiş kimi tanınan Əfəndiyevanın mobil anten dairələri ilə bağlı bilgilərin alınması və s. məsələlər vardı. Onun sözlərinə görə, mobil telefon lokasiyası araşdırılsa, onların heç vaxt görüşmədiyi sübuta yetiriləcək və beləcə, G.Əfəndiyevanın 53 min manat verməsi haqda ittiham yalan olduğu üzə çıxacaq.

Hüquqşünas sözlərinə bunu da əlavə edib ki, onun saxlanmasından sonra Əfəndiyevadan şikayətin alınması da bu işin absurd və qurama olduğunu sübut edir.

N.Səfərov hökm çıxarılanadək ev dustaqlığına buraxılması barədə də vəsatət qaldırıb. Yaşını, sağlamlığındakı problemləri əsas gətirən hüquqşünas məhkəmədən yayınmaq niyyətinin olmadığını vurğulayıb. Prokuror, ardınca məhkəmə də onun həbsdən buraxılması istəyini rədd edib.

Mahirə Kərimovanın sədr olduğu hakimlər kollegiyası vəsatətlərin heç birini təmin etməyərək qaldırılmış vəsatətlərin çoxunu baxılmamış saxlayıb.

N.Səfərovun məhkəməsi iyulun 30-da davam edəcək.

Xatırlatma

Namizəd Səfərov ötən il dekabrın 9-dan həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulub.

Hüquqşünas ittihamı rədd edir, təqsirsiz olduğunu deyir. O, siyasi baxışlarına və tənqidi fikirlərinə görə cəzalandırıldığına diqqət çəkir.

N.Səfərov Milli Şuranın üzvü olub, ancaq 2020-ci ildə bu qurumdan istefa verib. Son zamanlardasa xaricdəki mühacirlərin formalaşdırdığı Azərbaycan Xalq Parlamentinin üzvü idi.

Hüquqşünas ayrı-ayrı illərdə deputatlığa və prezidentliyə namizədliyini də irəli sürüb.

Hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, indi Azərbaycanda 328 nəfər siyasi məhbus var.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması barədə deyilənlərlə razılaşmır və vurğulayırlar ki, adları siyasi məhbus siyahısında yer alan şəxslər törətdikləri cinayətə görə mühakimə ediliblər.

XS
SM
MD
LG